Ölkəmiz bu il idman sahəsində
böyük nailiyyətlər qazanıb
Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin sədr müavini Rauf Əliyev www.yap.org.az
saytına müsahibə verib:
- Rauf müəllim, 2018-ci il başa çatmaq
üzrədir. Bu il idman sahəsində əldə edilən
nailiyyətləri necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, ölkəmizdə
bütün sahələrdə olduğu kimi idman sahəsində
də böyük uğurlar qazanılır. Azərbaycanda
idman siyasətinin düzgün qurulduğunu bu sahədə
qazanılmış uğurlu nəticələr təsdiqləyir.
Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar
təşkil olunur, idmançılarımız hər il
müxtəlif idman növləri üzrə keçirilən
Avropa və dünya çempionatlarında uğurlu nəticələr
göstərirlər. Dövlət başçısı
İlham Əliyevin bu yarışları izləməsi,
dövlətimizin idmançılarımıza mənəvi və
maddi dəstək verməsi, onları ruhlandırması da
vacib məqam kimi vurğulanmalıdır.
Dekabrın 13-də Milli Olimpiya Komitəsində
2018-ci ilin idman yekunlarına həsr olunan mərasim
keçirilib. Tədbirdə bu il idman sahəsində
qazanılan uğurlar vurğulanıb, eləcə də
yarışlarda yüksək nəticələr göstərmiş
idmançılara, idman ustalarına mükafatlar təqdim
olunub. Mərasimdə çıxış edən Azərbaycan
Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev
bildirib ki, ölkəmizdə gözəl gənc nəsil
yetişir. Dövlətimizin başçısı qeyd edib:
“Gənclər arasında keçirilmiş beynəlxalq
yarışlarda da biz gözəl nəticələr göstəririk.
Gənc nəslin yetişməsi nəticəsində biz bu
uğurları əldə edirik. Biz Rio Olimpiya Oyunlarında 18
medal qazanmışıq. Bu medalları qazanan həmin o gənclərdir
ki, beş-altı il bundan əvvəl yeniyetmələrin
yarışlarında iştirak ediblər. Biz medalların
sayına görə Rioda 14-cü yerə qalxa bilmişdik. Bu,
tarixi nailiyyətdir. Bunu təkrarlamaq çox çətin
olacaq. Onu da qeyd etməliyəm ki, növbəti
Yay Olimpiya Oyunlarına hazırlıq gələn il həlledici
mərhələyə qədəm qoyacaq. Əlbəttə,
biz çox ciddi hazırlaşmalıyıq ki, ölkəmizi
Olimpiya Oyunlarında ləyaqətlə təmsil edək”.
Uğurlu idman siyasətinin nəticəsi olaraq
Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən
ciddi tərəfdaş, idmançılarımız isə əsas
rəqib kimi qəbul olunurlar. Azərbaycanın
qısa müddətdə idman sahəsində əldə
etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının
diqqətindən yayınmayıb, məhz onların istəyi
ilə son illərdə ölkəmizdə
saysız-hesabsız mötəbər beynəlxalq turnirlər,
dünya və Avropa çempionatları keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə
idmanın inkişafına olan qayğı tək olimpiya idman
növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə
edir. Aidiyyəti dövlət orqanları bu
cür idman növləri ilə məşğul olan
idmançılarımızın beynəlxalq
yarışlarda iştirakını daim maliyyələşdirir,
onları gələcək qələbələrə ruhlandırmaq
üçün müxtəlif stimullaşdırıcı tədbirlər
görürlər. Bunun nəticəsidir
ki, Azərbaycan idmançıları
ağırlıqqaldırmanın yalnız peşəkarların
məşğul olduğu pauerliftinq növü, peşəkar
boks, kikboksinq, qaydasız döyüş və digər idman
növlərində ən yüksək nailiyyətlərə
imza atırlar.
- Sizcə, idman sahəsində qazanılan
uğurların əsasında hansı amillər dayanır?
- Qeyd etmək lazımdır ki, idman
insanları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən
güclü edir. Gənc və müstəqil Azərbaycanda bu
gün idman cəmiyyətin ayrılmaz hissəsinə
çevrilib. Fəxrlə qeyd etmək lazımdır ki, bu
gün Azərbaycan dünyada idman ölkəsi kimi
tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini
tutub. Sözsüz ki, bu uğurların təməli
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu öndər
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan
inkişaf dövrünə qədəm qoyub. Ümummilli lider
ölkəmizdə sağlam gənc nəslin yetişməsində
və uğurlarımızın təbliğində
idmanın rolunu həmişə yüksək qiymətləndirib.
Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli
Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. Eləcə də respublikanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu sahənin
inkişafına xüsusi diqqət göstərir. Azərbaycanda idmanın inkişafı dövlət
siyasətinin əsasını təşkil edir.
İnsanların fiziki və mənəvi tərbiyəsində
əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və
idman dövlətin xüsusi diqqət və qayğısı
ilə əhatə olunub.
Bu qayğı idmanın inkişafına
böyük təkan verməklə yanaşı, minlərlə
yeniyetmə və gəncin sağlam ruhda tərbiyə
olunmasına şərait yaradır. Fərəhli haldır
ki, respublikamızda idman bölmələrinə axın
kütləvi xarakter alıb. Respublikamızın əksər
regionlarında müasir standartlara cavab verən, hər cür
şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar
tikilərək idmançıların istifadəsinə
verilib. Yüksək səviyyəli idman infrastrukturunun
yaradılması ilə bu kütləvilik daha da geniş
vüsət alıb. Azərbaycanda idmana olan
münasibət başqa ölkələrə nümunə
kimi göstərilir. Ölkəmizin nüfuzlu idman
yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi,
təmsilçilərimizin mötəbər yarışlarda
medallar qazanması respublikamızı dünyada inkişaf
etmiş idman ölkəsi kimi tanıdıb.
- İdman sahəsinin inkişafı həm də
bütövlükdə ölkəmizin dinamik
inkişafının mühüm tərkib hissəsidir...
- Təbii ki, idman sahəsində qazanılan
nailiyyətlər həm də dövlətin ümumi
inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən
vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb
edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı
idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman
komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq
miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi
bir vəhdət təşkil edərək idman sahəsindəki
uğurlarımızın əsasında dayanır. İdman
ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin
ölkəmizin inkişafına xidmət edən siyasi xətti
idmanımızın daha da inkişafına böyük
töhfələr verəcək.
İdmançılarımızın hər dəfə
beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər,
bayrağımızı ucaltmaları dövlətimizə
şərəf gətirən amillərdir. Azərbaycan
Respublikası bu gün öz tarixinin çox şərəfli,
böyük irəliləyişlər, inkişaf və tərəqqi
dövrünü yaşamaqdadır. Ulu öndərin milli
maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli
inkişaf strategiyası bu gün Onun layiqli varisi - Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən inamla davam
etdirilir. Təbii ki, idmana dövlət başçısı
cənab İlham Əliyevin diqqəti idmançıları
yeni qələbələrə səsləyir. Dekabrın 13-də
keçirilən mərasimdə Prezident İlham Əliyev qeyd
edib: “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir.
İdmançılara hər zaman yüksək qiymət
verilir, diqqət göstərilir. Mən 21 ildir
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə
çalışmışam ki, idmançılara
qayğı, diqqət göstərim, onların problemlərini
həll edim, onların gözəl
çıxışları üçün şərait
yaradım. Əlbəttə ki, hər bir nəticə, hər
bir uğur gərək qiymətləndirilsin. Ənənəvi
olaraq, biz ilin sonunda idmançıları yüksək
dövlət mükafatları ilə, pul mükafatları ilə
və mənzillərlə mükafatlandırırıq”.
- Rauf müəllim, sizcə, yaradılan
infrastruktur, şəraitlə yanaşı, ölkəmizdə
idmanın kütləviliyinin təminatında bu sahənin
inkişafı ilə bağlı qəbul olunan Dövlət
proqramlarının, qanunvericiliyin rolu hansı səviyyədədir?
- Ümumiyyətlə, bir faktı mütləq
şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan
dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə
əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır.
O cümlədən də idman sahəsindəki qələbələr,
nəticələr də məhz konsepsiyaların, uzun dövr
üçün hazırlanan proqramların nəticəsində
əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın
inkişafı dövlət siyasətidir və bu
inkişafı müəyyən edən bütün amillər
Azərbaycanda var. Prezident İlham Əliyevin şəxsi səyi
sayəsində bölgələrdə gənclərin
sağlam şəkildə yetişdirilməsi, ölkəmizin
genefondunun - gənclərimizin sağlam ruhda böyüməsi
üçün əsaslı addımlar atılır. Digər
tərəfdən, hər bir istiqamət kimi idmanın
inkişafı da ölkə qanunları çərçivəsində
tənzimlənir. Bu gün ölkəmizdə idman təkcə
yeniyetmə və gənclər arasında deyil, həm də
yaşlılar, əlillər, məktəbəqədər,
ibtidai məktəb səviyyəsində də inkişaf
etdirilir. “Bədən tərbiyəsi və idman haqqında”
Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə
inkişafını, həm də bu inkişafın
sistematikliyini təmin edir. Qanunda da göstərilir
ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi
bədən tərbiyəsi və idmanın hüquqi
bazasını, bədən tərbiyəsi və idmanın
inkişafının təmin etdirilməsini, yüksək dərəcəli
idmançıların hazırlanması üçün
bədən tərbiyəsi-idman təşkilatlarını,
uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir.
Yəni, bu sahədə nailiyyət əldə olunması
üçün bütün imkanlar yaradılır. O cümlədən
bu gün bütün idman təşkilatları
üçün bərabər imkanlar yaradılıb və
bütün idman sahələri inkişaf etdirilir. Bu
özü-özlüyündə həm də sistematikliyi, davamlılığı
təmin edir.
Dekabrın 13-də keçirilən mərasimdə
Prezident İlham Əliyev idman infrastrukturunun
yaradılmasının əhəmiyyətini vurğulayaraq
qeyd edib: “Bilirsiniz ki, idman infrastrukturunun yaradılması
işində böyük uğurlar əldə edilib. Ancaq
rayonlarda 44 Olimpiya İdman Mərkəzi tikilib və fəaliyyət
göstərir. Bu il bir mərkəz tikilib, gələn il isə
üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə
tutulur. Beləliklə, onların sayı 47-yə
çatacaqdır”.
Təbii ki, nəzərə alsaq ki, idmanla
peşəkar səviyyədə məşğul olan
insanların əksəriyyəti gənclərdir, idmana
qayğı, idmanın kütləviliyi həm də gənclərin
inkişaf etdirilməsi sahəsində görülən
işdir. Bu baxımdan, ölkəmizdə gənclərin
inkişafına həsr olunan Dövlət proqramlarında,
konsepsiyalarda idmanın inkişafı məsələsi də
prioritet olaraq müəyyənləşdirilir. Gənclər
arasında maarifləndirici təbliğatın
aparılması, idmana cəlb olunması bu məsələdə
əsas xətt sayılır. Əsas məqsəd gənclərin
sağlamlığının qorunması və buna xidmət
edən təşviqedici və maarifləndirmə tədbirlərinin
keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm
də sağlam gələcək deməkdir.
Bütövlükdə, ölkə rəhbərliyinin
qayğısı ilə həyata keçirilən bu tədbirlər
bir daha onu deməyə əsas verir ki, ölkəmizdə
idmanın inkişafı gələcək illərdə də
yüksək səviyyədə təmin olunacaq.
Üç
nöqtə.- 2018.-19 dekabr.- S.6.