“Yavaş-yavaş
dostluğumuz məhəbbətə çevrildi"
Almaz Mustafayeva: “70 illik
yubileyimdə kollektivlə tamaşa oynamaq istəyirəm”
“Həyat yoldaşım rəssam olub, Azərbaycanda
birinci və yeganə modelyer idi. Məşhur bir rus modelyerin tələbəsi
idi. Başqa bir rəssam tanışımız bizi təsadüfən
küçədə tanış etdi, dost olduq. Məndən
səkkiz yaş böyük idi, Moskvada oxuyub gəlmişdi. O
vaxtı operada hər gün tamaşalar olurdu, bir yerdə
tetarta gedirdik. Yavaş-yavaş dostluğumuz məhəbbətə
çevrildi. Məni dəhşət çox sevirdi, onun
üçün bir sözüm kifayət idi, ikinci dəfə
demirdim. Amma onu çox tez itirdim”. Bu sözləri bizimlə
söhbətində Gənc Tamaşaçılar
teatrının Əməkdar artisti Almaz Mustafayeva dedi. Almaz
xanımla uşaqlıq illərindən söhbət
açdıq.
“Hər zaman deyirdi ki, sənin səsin avropa səsidir”
A.Mustafayeva 1949-cu il oktyabr ayının 1-də
Ağdam şəhərində anadan olub. Deyir ki, əslən
Şuşadandırlar. Rayonda doğulsa da 2-3 yaşlarından
Bakıda yaşayıb: “Bibimin uşaqları
böyüyüb evlənmişdilər, tək olduğu
üçün məni qızlığa
götürmüşdü, evdar qadın idi. Məktəbə
gedənə qədər onunla yaşamışam. Daha sonra
bibimin öz nəvələri oldu, həm də məktəbə
getdiyim üçün gərək öz ailəmlə
yaşayadım. Ailəmiz də Bakıda yaşayıb, bir
bacım, bir qardaşım olub. Uşaqlıqdan
oxuyub oynamağı çox sevirdim. Çox gözəl səsim
var idi, indi o səsdən heç nə
qalmayıb(Gülür). Əfsər müəllimin xorunda
oxuyurdum, hər zaman deyirdi ki, sənin səsin avropa səsidir,
xalq mahnılarına uyğunlaşmayan səsdir. 29 nömrəli
məktəbdə təhsil almışam, məktəbdə
tədbirlər olan kimi oxuyurdum, şeir söyləyirdim,
oynayırdım. Düzdür, yaşım artdıqca başa
düşdüm ki, şeir söyləmək başqa bir sənətdir.
Ona görə bunu məktəb illərindən sonra davam
etdirmədim”.
“Məni
“Sehirli xalat” filminə dəvət etdilər”
Qızlar xora gedən zaman müsahibimizi də özləri
ilə aparıblar. Foyeyə çıxan zaman rejissor Nazim Zeynalov
yaxınlaşıb onu uşaq verilişlərinə dəvət
edib: “Dedi ki, televiziyada çıxış etmək istəyirsən?
Dedim, hə istəyirəm, amma evdəkilərdən icazə
almalıyam. Evə gəlib anamdan icazə aldım. “Gecəniz
xeyirə qalsın balalar” verilişi həftənin
üç günü azərbaycan, üç günü isə
rus dilində gedirdi. Elə bu verilişlə televiziyaya
çıxdım, o vaxtı uşaq verilişləri
çox idi. Daha sonra “Qaranquş”, “Piri bababnın
nağılları, “Tonqal”
verilişlərində çıxış etdim.
İstirahət günləri radioda “Xoruz baba” səhər
verilişi var idi. Mən, rəhmətlik Yaşar, radioada
diktor işləyən Sevil uşaq obrazlarını oxuyurduq.
“Sehirli xalat” filmini çəkəndə məktəbə gəlmişdilər,
məni dəvət etdilər. Elə o vaxtdan həyatım sənətimə
bağlandı”.
“Hamı deyir ki, uşaq obrazlarını məndən
yaxşı dublyajda səsləndirən yoxdur”
A.Mustafayeva deyir ki, onların vaxtında
uşaqların boş vaxtı çox olurmuş: “Yuri Qaqarin
adına pionerlər sarayında baletə gedirdim, həmçinin
xora, televiziyaya və kinostudiyada dublyaja gedirdim. Diksiyam Əlisəttar
Atakişiyevin o qədər xoşuna gəlmişdi ki, məni
dublyaj şöbəsinə apardı. Dedi əvvəllər
uşaq rollarını aktrisalar səsləndirirdi, bundan sonra
sən səsləndirəcəksən. Elə o vaxtdan,
60-cı illərdən bu yana dublyajla məşğul idim.
Hamı deyir ki, uşaq obrazlarını məndən
yaxşı dublyajda yazan yoxdur (Gülürük). Artıq məşğul
olmuram, həm ehtiyac duymuram, həm də vaxtı olmur, çətindir”.
“O günlərimin hər günü bir xatirədir”
“Cücələrim” ansamblında böyük
bir kollektivin içində olan müsahibimiz deyir ki, bu ansamblda Zabitə Məmmədova,
Suğra Bağırzadə də oxuyub: “Amma o dövrün
uşaqlarından axırıncı dəfə mahnını
səhnədə mən oxumuşdum. O vaxtı fanoqramma yox
idi, canlı oxuyurduq. Orkestr, gözəl dərnəklər
var idi. O qədər boş vaxtımız olurdu
ki, konsertlərə gedirdik, əyləncəyə
vaxtımız qalırdı. Hər yay bizi Nabrana
aparırdılar, çadırlar qurulurdu, orda
yaşayırdıq. Çüki dərnəklər çox
idi, hamısı on günlük gəlib qalırdı, amma
“Cücələrim” ansamblı ən vacib dərnək
olduğu üçün bütün yayı orda
qalırdıq, günlərimiz çox maraqlı və əyləncəli
keçirdi. O günlərimin hər günü bir xatirədir”.
“Əsəri götürmədilər, amma məni
teatra qəbul etdilər”
A.Mustafayeva bildirir ki, onuncu sinfi bitirənə
yaxın atası gəlib bir elan gördüyünü deyib,
Azərbaycan Kinostudiyasında Adil İsgəndərov
üç illik kino-aktyorluq kursu açıb: “Ora
imtahan verdim, imtahanı Cənnət Səlimova
götürürdü. Oxudum, oynadım, məni çox bəyəndi
və qəbul etdi. İkinci kursu bitirəndə Cənnət
xanım Əkrəm Əylisli ilə birlikdə “Mənim nəğməkar
bibim” əsərini hazırlayırdı. Əvvəl bu
tamaşanı Sumqayıtda qoymaq istəyirdilər, lakin
sonra belə qərara gəldilər ki, Gənc
Tamaşaçılar Teatrında qoysunlar. O
vaxtı senzura var idi, Bədii Şura vardı, teatrında
senzuradan kənar heç bir əsər oynanılmazdı.
Dedilər ki, əsərdəki Mədinə obrazının
üzərində işləmək lazımdır, əsəri
götürmədilər, amma məni teatra qəbul etdilər.
Xalq artistləri Yusif Vəliyev, Hüseynağa Sadıqov,
Süleyman Ələsgərov, Firəngiz Şərifova ilə
birlikdə dublyajda çox olurduq. Bundan əvvəl həmişə
mənə deyirdilər ki, teatra gəl. Yusif Vəliyevdən
bir dəfə küsmüşdüm. Mənə dedi ki, əsl
“tyuzun” malısan. Rus dilini o vaxtı yaxşı bilmirdim, ona
görə də bu mal sözü mənə xoş gəlmədi,
ağladım. Dedim sizin məni təhqir etməyə nə
ixtiyarınız var. Dedi, yox ay qızım, mən sənə
pis söz demədim, öpüb-qucaqladı məni. Çox
gözəl gülüşü vardı, xırdalıqlarla
gülürdü. Dedi, mən sənə pis söz demədim.
Daha sonralar rus dilini öyrəndikcə başa
düşdüm ki, uşaq rollarını yaxşı oynayan
aktrisa olar demək istəyirmiş. İllər keçəndən
sonra çox yaxın dost olduq, onun həyat
yoldaşını da kinostudiyadan tanıyırdım,
yaxın idik”.
“Saqqızımı oğurladı və məni
teatra gətirdi”
Böyük sənətkarlarla eyni səhnəni
bölüşən müsahibimiz deyir ki, indiki cavanların bəxtinə
o aktyorlarla oynamaq düşmədi: “Firəngiz xanım
yaşda böyük olsa da rəfiqəm idi, məni teatra onun
yoldaşı Bala Qasımov gətirmişdi. Kinostudiyada
işləmək istəyirdim, məni dilə tutdu. Dedi sənin
teatrda perspektivin var, beləcə mənim saqqızımı
oğurladı və teatra gətirdi. Firəngiz xanımın
axırıncı gününə kimi həftədə
iki-üç dəfə gedib ona baş çəkirdim.
Osman Hacıbəyovla da dost idik, həmişə deyirdi ki, sənin
yaxşı zövqün var. Təzə nəsə alanda
teatra gətirib mənimlə məsləhətləşirdi.
Hüseynağa müəllim çox nadir aktyorlardan idi. Səni
tamaşaya çıxarırdı, sözləri bilməsən
də səni tamaşada elə idarə edirdi ki, heç kimin
ruhu da incimirdi. Çox gözəl insan idi, cavanlara kömək
edirdi. Hazırda burdakı cavan oğlanlar onun məktəbinin
verdiyi çörəyini yeyirlər”.
“Yavaş-yavaş dostluğumuz məhəbbətə
çevrildi”
Həyat yoldaşı ilə küçədə
təsadüfən rastlaşdıqlarını deyən
A.Mustafayeva bildirdi ki, həyat yoldaşım rəssam olub, o
vaxtı Azərbaycanda birinci və yeganə modelyer imiş: “Məşhur
bir rus modelyerin tələbəsi idi. Başqa bir rəssam
tanışımız bizi təsadüfən küçədə
tanış etdi, dost olduq. Məndən səkkiz yaş
böyük idi, Moskvada oxuyub gəlmişdi. O vaxtı operada hər
gün tamaşalar olurdu, bir yerdə tetarta gedirdik.
Yavaş-yavaş dostluğumuz məhəbbətə
çevrildi. Məni dəhşət çox sevirdi, onun
üçün bir sözüm kifayət idi, ikinci dəfə
demirdim. Oturub televizora baxırdıq, misal üçün
balıq göstərirdilər, deyirdim, nə gözəldir.
Səhər tezdən o balıq evə gəlirdi. Bax belə
bir insan idi, birlikdə çox xoşbəxt idik. Amma təəssüf
ki çox tez, 53 yaşında rəhmətə getdi, nə
edək həyatdır. Çox gözəl balaları
qalıb, böyük oğlum atasının
davamçısıdır, rəssamdır. Hazırda burda
teatrda işləyir. Onun həyat yoldaşı opera müğənnisidir,
Musiqili Teatrda solistdir, çox gözəl səsə malik bir
xanımdır. Kiçik oğlum da rejissordur, hərçənd
mən rejissor olmağını istəmirdim, amma qismət belə
imiş. Subaydır, evlənmək sözünü yanında
deyən kimi, deyir ki, mənim adımı hallandırma.
Üç nəvəm var, ikisi oğlan, biri qızdır.
Böyük nəvəmə yoldaşımın adını
qoymuşam”.
“Mətbəxi çox sevirəm, bir saata 4
xörək bişirə bilərəm”
A.Musatafayeva deyir ki, mətbəxi çox sevir
və çox gözəl əl qabiliyyəti var: “Mətbəxdə
iş görmürəm deyən xanımlarımız riyakarlıq
edirlər. Çünki hər bir qız uşağı
gözünün qabağında anası var,
biş-düş edən zaman nəsə kömək ediblər.
“Oy mən heç nə bacarmıram, mənim
üçün mətbəx yoxdur”- deyənlər yalan deyirlər.
Hər bir xanım biş-düşü bilməlidir və
bilir də. 80-90-cı illərdə evdə sifariş qəbul
edir, tort bişirib satırdım. Qazanc əldə edib,
uşaqlarımı dolandırırdım. Mətbəxi
çox sevirəm, bir saata 4 xörək bişirə bilərəm.
Çox gözəl ºirniyyatlar bişirirəm, əl
qabiliyyətim yaxşıdır. Böyük oğlumun ad
günündə həmişə çiyələkli tort
bişirirdim, artıq hamı öyrəşmişdi. Bir dəfə
başqa tort bişirdim, tort süfrəyə gələndə
oğlumun yoldaşları dedi ki, biz çiyələkli tort
istəyirdik. Əvvəllər yoldaşım sağ olanda
onunla birlikdə tikiş işləri də edirdim, bunu da
bacarırdım”.
“70 illik yubileyimdə kollektivlə tamaşa
oynamaq istəyirəm”
A.Mustafayevanın sözlərinə görə,
bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının
90 illik yubileyi olub teatrın aktyorlarına fəxri adlar,
mükafatlar veriblər: “Hər birini təbrik edirəm,
uğurları bol olsun, cavanlarımıza tez-tez fəxri adlar,
mükafatlar versinlər. Çünki o stimuldur. Cavanlar teatra
səhər girib axşam çıxırlar, zəhmətləri
çoxdur. Olmayanlar üçün də qismət olsun. Gələn
il mənim 70 yaşım tamam olur, teatrımızın rəhbərinə
bir əsər vermişəm, başqa bir əsər də
var. 70 illik yubileyimdə kollektivlər birlikdə tamaşa
oynamaq istəyirəm. Ümid edirəm ki, bu arzum
reallaşar”.
Könül Oruc
Üç
nöqtə .- 2018.- 28 dekabr.- S.-12.