“Qarabağ yadıma düşəndə
“Sarı gəlin”i çalıram, bütün əsəbim
keçir”
Rəşadət Qədirov:
“Bu sənəti gizlin-gizlin ustamın əlinə baxaraq
öyrəndim”
Müsahibimiz Rəşadət Qədirov əsasən
tütək, zurna, balaban kimi milli musiqi alətlərimizi
hazırlamaqla məşğuldur. Amma bununla yanaşı taxta
üzərində də bacarığını
nümayiş etdirir. Sandıqçalar, Quran qabları, məscidlərin
və yaxud hər hansı bir tarixi binaların maketlərini də
hazırlayır. Saz, kamança, tar kimi digər milli musiqi alətlərimizin
də suvenerlərini düzəldir. Bununla yanaşı hazırladığı
musiqi alətlərində ifa etməyi də bacarır. Elə
müsahibə zamanı bizim üçün tütək və
zurnada “Sarı gəlin” musiqisini ifa etdi. Həqiqətən də
öz milli musiqi alətlərimizdə ifa olunan milli
mahnılarımızın yerini heç nə tuta bilməz.
Müsahibimiz deyir ki, elə özü düzəltdiyi musiqi
alətləri ilə toylara da gedib. Rəşadət bəylə
olan müsahibəni sizlərə təqdim edirik.
“Hələ lap balaca yaşlarımda tütək
alıb çalırdım”
Əslən Cəbrayıllı olduğunu
söyləyən müsahibimiz Rəşadət Qədirov
bildirdi ki, musiqiyə lap uşaq vaxtlarından marağı
olub: “Hələ lap balaca yaşlarımda tütək alıb
çalırdım. Rəsm çəkməyə də
meyilim var idi. Lakin sonra elə oldu ki, qəbir
daşlarının düzəldilməsi sahəsində rəssam
kimi işlədim. Amma o sahə mənə sağlamlıq cəhətdən
əl vermədiyi üçün işi buraxmalı oldum.
Çünki o işin tozu çox olurdu, bu isə mənə
sağlamlıq cəhətdən ziyanlı idi. Ona görə
də bu işdən ayrıldım və artıq 8 ildir ki,
indiki işlə məşğul oluram”.
“Qəbir daşlarındakı rəssamlıq
işimdən sonra bu sahəyə meyilləndim”
Hazırda tütək, balaban, zurna kimi milli
musiqi alətlərimizi düzəldib satır, eyni zamanda həm
də musiqiçi kimi fəaliyyət göstərir: “Qəbir daşlarındakı rəssamlıq
işimdən sonra da bu sahəyə meyilləndim.
Çünki bildiyim, bələd olduğum bir sahəyə
keçmək istədim. İndi həm bu işlə məşğul
oluram, həm də musiqiçi kimi toylara gedirəm.
Klarnet və zurnada ifa edirəm. Gəlirim çox olmasa da,
dolanmağa yetir, buna da şükür. Hazırda
qışdır deyə o qədər də toy yoxdur. Ancaq bu
işlə məşğul oluram. Əsas toylarımız yay
aylarında olur. Demək olar ki, bekar qalmıram. Toy olmayanda isə
bu işimlə məşğul oluram”.
“Bəzi turistlərin uşaqlarına milli alətləri
çalmağı öyrətmişəm”
Müsahibimiz deyir ki, alıcıları əsasən
turistlər olur. O, bildirdi ki, xaricilərə məhsulunu
satıb pul qazanmaqla kifayətlənmir: “Xaricilərin
marağı daha çoxdur, həvəs göstərib
alırlar. Yerlilər də əsasən, tütək
alırlar. Xaricilərə bunları satmaqla kifayətlənmirəm.
Həm musiqi alətlərimiz barədə məlumat verirəm.
Bəzi turistlərin uşaqlarına milli alətləri
çalmağı öyrətmişəm. Xaricilərin
çoxu tütəyi, zurnanı göstərib, ermənilərə
məxsus alət olduğunu deyirlər. Amma mən onlara izah
edirəm ki, bunlar hamısı bizə məxsus alətlərdir,
sadəcə ermənilər oğurlamaqla məşğuldurlar.
Turistlərin o cür düşünməsinə səbəb
məlumatların onlara yalnış formada
çatmasıdır. Biz də bir Azərbaycan vətəndaşı
olaraq borcumuzu yerinə yetirməli, doğru məlumatı verməliyik
ki, alətlərimizin ölkəmizə məxsus olduğunu
bilsinlər”.
“Toylara gedəndə hazırladığım
tütəklə gedirəm”
Deyir ki, ümumi götürəndə
hazırladığı musiqi alətləri satılır:
“Demək olar ki, yaxşı naxışlı işlərimin
hamısını satmışam. Burda qalanlar isə
naxışı az olanlardır. Əl işlərimi əsasən
sərgilərə təqdim edirəm, sərgilərdə də
müəyyən qədər satış olur. Evdə əl
işlərimin satışı olmur. Bəzən arada musiqi
alətləri mağazası bir-iki dənə əl işimi
alır. O da demək olar ki, çox az olur. Bu musiqi alətləri
toylarda çox istifadə olnmur deyə, alan çox deyil.
Toylara gedəndə hazırladığım tütəklə
gedirəm, ifa edirəm. İnsanlar da həvəslə
baxır. Toylarda istifadə olunsa, tələb də çox
olar. Bunlar bizim milli alətlərimizdir”.
“Gərək adamın özünün
içində istək olsun”
Rəşadət bəy deyir ki, işi
ustanın əlinə baxaraq, çoxunu gizlin-gizlin öyrənib:
“Təhsil almamışam, amma müəllim yanına gedib
öyrənmişəm. Usta Kamal adlı müəllimim
vardı, onun yanına ifa etməyi öyrənməyə
gedirdim. Amma o həm də alətləri düzəltməyi
bacarırdı. Bu sənəti elə gizlin-gizlin ustamın əlinə
baxaraq öyrəndim. İndi məndən öyrənmək
istəyənlər olur. Maraq çoxdur, gəlib necə
hazırladığımı soruşurlar. Həvəsi
olanlara öyrədirəm. Əsasən, uşaqlar maraq
göstərirlər. Öz oğluma da öyrətmək istədim,
amma həvəsinin olmadığını hiss etdim, onu sənəti
öyrənməyə məcbur etmək istəmədim. Gərək
adamın özünün içində istək olsun. Əgər
nə vaxtsa oğlumun öz istəyi olarsa, könüllü
şəkildə öyrənmək istəyərsə, bax o
zaman sevə-sevə ona öyrədərəm”.
“Qabiliyyətim itib-batmır…”
Rəşadət bəy musiqi alətləri ilə
yanaşı, taxta üzərində oyma işlər də
hazırlayır: “ Mənim rəsm çəkmək qabiliyyətim
olduğu üçün paralel olaraq taxta üzərində
oyma işlər də edirəm. Sandıqçalar, Quran
qabları, məscidlərin və tarixi binaların maketləri
hazırlayıram. Milli qəhrəmanımız Mübariz
İbrahimovun da taxta üzərində şəklini işləmişəm.
Tar, saz, kamança kimi milli musiqi alətlərimizin də
suvenirlərini düzəldirəm. Həm öz qabiliyyətim
itib-batmır, həm də gələn müştərilər
üçün çeşidli nəsə təqdim edirəm”.
“Əgər tələsik işləsəm istədiyim
keyfiyyəti əldə edə bilmərəm”
Müsahibimiz deyir ki, bu işlərin
hazırlanması ustadan səbir tələb edir: “Məsələn,
tütək, balaban və zurnanı düzəltməyə
1-2 saat vaxtım gedir, amma ondan əvvəl materialların
qurudulub hazırlanması prosesi var ki, bunlar çox vaxt aparır. Hardasa
bir-iki gün çəkir. Sandıqçanın, Quran
qabının və s. hazırlanması 4-5 saat vaxt aparır.
Bu işdə səbirlə işləmək lazımdır.
Çünki iş incəlik tələb edir. Əgər tələsik
işləsəm istədiyim keyfiyyəti əldə edə
bilmərəm. Xırda bir səhv edəndə bəzən
hazırladığım məhsulu korlayıram. Bəzən
alınmır, xarab olur, mən də atıram gedir. Daha sonra
isə yenisini hazırlayıram. Bütün bunların
hazırlanması elə də asan başa gəlmir”.
“Qarabağ yadıma düşəndə
“Sarı gəlin”i çalıram”
Deyir ki, məşğul olduğu iş
insanın fikrini problemlərdən bir müddətlik də
olsa, uzaqlaşdırır: “Bu işlə məşğul
olmaq insanın fikrini yayındırır. Əsəbi olanda
musiqilər ifa edərək əsəblərimi sakitləşdirirəm.
Qarabağdan olduğum üçün bəzən oralar,
uşaqlıq illərim yadıma düşür. O dövrləri
xatırlayıram, həmin illərə qayıdıram.
Qarabağ yadıma düşəndə “Sarı gəlin”i
çalıram və bütün əsəbim keçir”.
“Çox vaxt qızardılmış dəmir əlimə
dəyib yandırır”
R.Qədirov deyir ki, müştərilər onun
gördüyü işin dəyərini bilməyəndə
ona pis təsir edir: “Bəzən müştəri
gördüyüm işin dəyərini bilmir, deyir ki, bunun
maya dəyəri az, qiyməti isə bahadır. Mən də
onlara başa salıram ki, bunların üzərində nə
qədər əziyyət çəkirəm. İşin
hazırlanma prosesi çətindir. Qazda düzəldirəm,
dəmiri qızardıram, deşirəm, yiyə ilə yiyələyirəm.
Çox vaxt qızardılmış dəmir əlimə dəyib
yandırır. İki gündən bir qaza 20-30 manat pul verirəm.
Əziyyəti xərcindən çoxdur. Bir tütəyin
qiyməti 5-10 manat olur. Balabanın qiyməti isə 80 manat,
zurnanın qiyməti isə bunlardan bir az çoxdur, 100
manatdır. Hazırlanma əziyyətinə və xərcinə
görə qiymətlər arasında fərqlər
mövcuddur. Maya dəyəri ilə
yanaşı, orda çəkilən insan əziyyəti də
var. Ən əsas buna qiymət vermək lazımdır”.
“İnternetdə videoya baxıb, xaricilərin
musiqi alətini hazırlamağı öyrənmişəm”
Müsahibimiz deyir ki, yenilikləri sevir: “Öz
işimi görməklə yanaşı, öyrənməyə,
nə isə yenilik etməyə meyilli adamam. Məsələn,
internetdə videoya baxıb, xaricilərin bir musiqi alətini
hazırlamağı öyrənmişəm. İspanlara məxsus
nəfəs alətidir, ona da maraq olur, alırlar. Taxta üzərində
oyma işləyərkən isə əsasən tarixi şəxsiyyətlərimizə
üstünlük verirəm.
Belə işlərim çox olub. Milli qəhrəmanımız
Mübariz İbrahimovun, dahi şairimiz Nizami Gəncəvinin,
prezidentimiz İlham Əliyevin adlarını çəkə
bilərəm. Taxta üzərində onların şəkillərini
işləmişəm. Demək olar ki, işlədiyim şəkillərin
hamısı taxta üzərində olur”.
Könül Asimqızı
Bakı
xəbər.- 2018.- 9 fevral.- S.7.