“Heç vaxt teatr aktrisası olmaq istəməmişəm”

 

“Mən çox istəyərdim ki, səhnədə gülüm, amma tamaşaçı mənim vəziyyətimə ağlasın”

“Hər filmdə çəkilən aktyor və aktrisa deyil, onlar sadəcə oyun oynayırlar”

 

Bu gün sizlərə təqdim edəcəyim müsahibim yaradıcılığı və canlandırdığı obrazları ilə tamaşaçıların könlünə yol tapan və uşaqdan böyüyə hər kəsin sevimlisi olan Günel Məmmədovadır. Onu Gənc Tamaşaçılar Teatrının siması da adlandırmaq mümkündür. Bir zamanlar teatrın əksər baş rollarının qəhrəmanı olan, indi isə efirləri bəzəyən aktrisadan teatrdakı fəaliyyətinin durğunluğunu xəbər aldıq.

 

- Gənc Tamaşaçılar Teatrında hazırda vəziyyət necədir, yeni tamaşalar varmı? Və siz bu tamaşalarda rol alacaqsınızmı?

- Hazırda Gənc Tamaşaçılar Teatrında vəziyyət qənaətbəxşdir. 3 ildir ki, teatrda səhnələşdirilən tamaşalarda rol almıram. Düzdür, aprel döyüşlərinə həsr olunmuş “Yarımçıq qalmış” adlı  tamaşada obrazım oldu. Tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov idi.  Çox möhtəşəm bir tamaşa oldu, hətta o tamaşanı teatrşünaslar ilin sonunda “İlin ən səmimi tamaşası” adlandırdılar.  Açığı bundan sonra yeni tamaşalarda rol alacağımı da bilmirəm.

 

- Sizi tanıyandan ancaq Gənc Tamaşaçılar Teatrında çalışırsınız. Başqa teatrlardan təklif gəlmir, yoxsa özünüz istəmirsiniz?

- Əlbəttə, başqa teatrlardan təkliflər gəlir. Gənc Tamaşaçılar Teatrında ilk addımlarımı Maqbet müəllim, daha sonra professor İsrafil İsrafilov  görüb bəyənmiş və bir neçə dəfə dəvət etmişdi. Sadəcə həmin vaxt müəyyən səbəblərə görə gedə bilmədim. O zaman teatra təzə gəlmişdim. Bundan başqa məni sənətə Azərbaycan respublikasının xalq artisti Rafiq Əliyev gətirmişdi. Mən həmişə müsahibələrimdə də demişəm ki, heç vaxt teatr aktrisası olmaq istəməmişəm. Kino aktrisası və ya aparıcı olacağımı düşünürdüm. Amma ilk tamaşam uğurlu oldu, tamaşaçılarla ünsiyyət qurmaq, canlı ifa başqa bir hissdir. Bu hissi heç nə əvəz edə bilməz. Bəlkə də ilk tamaşamın uğuru məni Gənc Tamaşaçılar Teatrından getməyə qoymur.

 

 - Sonuncu dəfə “Yarımçıq qalmış” tamaşası ilə izləyiciləri ağlatdınız, bundan əvvəl “Hasarın o üzü “ tamaşası ilə ağladırdınız. Deyəsən ağlamağa meylli aktrisasınız…

 - Əslində ağlamağa meylli deyiləm. Amma həyatın problemləri, çətinlikləri var. Hətta, bəzən heç nədən insanları ağladırsan, özün kövrəlib ağlayırsan. “Yarımçıq qalmış” tamaşası indiyə kimi oynadığım bütün tamaşalardan daha çox əziz və doğmadır. Obrazımın psixoloji, daxili vəziyyəti aktrisanı istər-istəməz ağlamağa məcbur edir. Bu tamaşada əslində rejissorun tapşırığı var idi ki, səhnədə ağlamayın. O tamaşa tam fərqli bir tamaşa idi, onun abu-havası çox ağır idi. O qədər ağır idi ki, məşqlərdə mənim monoloqumda “Hardasan? Mən səni görmək istəyirəm…” mərhələsini biz keçə bilmirdik. Premyeraya bir-iki gün qalmış tam olaraq məşqi axıra çatdıra bildik. Mən indiyə qədər orada nə baş verdiyini bilmirəm. Orda oynayan bütün aktyor və aktrisalar eyni halda idilər. Tamaşa insanın ürəyindən o qədər vururdu ki… Əsas odur, rollarda ağlayaq, həyatda ağlamayaq. Hesab edirəm ki, bir aktyor özü ağlamadan tamaşaçıları ağladırsa, əsl aktyorluq elə budur. Amma əfsuslar olsun ki, bunu bacarmıram. Mən ümumiyyətlə, səhnədə də, filmdə də ağlamağın əleyhinəyəm. Ağlamağa nə var ki, bir az emosional yaddaşımızı işə salacağıq, obrazın içinə dalacağıq. Amma mən çox istəyərdim ki, mən səhnədə gülüm və tamaşaçı mənim vəziyyətimə ağlasın.

 

 - Günel xanım, müasir dövrün “Sarı gəlin” i olmaq necə hissdir?

- Çox əla bir hissdir. Mən uşaqlıqdan sarışın idim. Azərbaycanlılara oxşamıram, məni  avropalılara bənzədirlər.  Uşaqlıqdan mənə “Sarı gəlin” deyirlər. Mən də uşaq vaxtımdan sanki bu rolu mənimsəmişdim, deyirdim ki, gün gələcək bir gün bu obrazı canlandıracam. Bu rolu  oynamaq üçün təklif alanda çox sevindim. Əslində türklərlə azərbaycanlıların illər öncə “Dağ qartalı” adlı layihəsi olmalı idi. Orda sarı gəlin obrazını mənə həvalə etmişdilər. Və mən buna çox sevinmişdim. Lakin həmin layihə alınmadı. Daha sonra bu obrazı səhnədə oynamaq mənə qismət oldu. Bu layihə Gənclər və İdman Nazirliyinin idi, rəhbəri Günay xanım idi. Günay xanım Nicat Kazımova dedi ki, bu rolu Günel oynasın. O da mənə təklif etdi, mən də çox sevindim. Belə bir layihədə oynamağım mənə bir avantaj oldu.

 

- Tamaşa zamanı ekstremal hallar necə yaşandımı?

- Orada hovuzun suyu buz kimi soyuq idi və mən hovuza tullanmalı idim. Düzdür, həmin tamaşadan sonra xeyli müalicə aldım (gülür). Amma əsas olan nəticə idi, belə bir uğurlu layihənin içində olduğum üçün şanslı idim. Əfsuslar olsun ki, o tamaşa bir dəfə oldu. Tamaşaçılar sonra yazdılar ki, biz çox istəyirik ki, o tamaşa yenidən olsun. Görək qismət olsa yenə də oynayaram...

 

- Ancaq deyəsən bu sizi o qədər də məmnun etməyib. Saçlarınızı qara rənginə boyamısınız…

- Yox, əslində qara deyil (gülür). Saçımın çox qəribə bir rəngi var, ucları saralır. Saçlarım həmişə sarı olub, bir az fərqlilik olsun deyə bir az tündləşdirdim. Dəyişiklik olsun istədim, eyni rəng olanda sıxılıram. Düzdür, uzunluğuna dəymirəm, çünki uzun saçları çox sevirəm. Filmlər, fenlər, saç rəngləri saçlarımızı bərbad günə qoyur. Məncə, saç hər bir qadının ən gözəl aksessuarıdır. Ona görə də yaxşı qulluq etmək lazımdır. Amma düzünü desəm belə işlərdə bir az tənbələm (gülür).

 

- Əvvəllər sizi Gənc Tamaşaçılar Teatrının repertuarında bir çox tamaşalardan baş rolların və əsas obrazların qəhrəmanı kimi görürdük. Ancaq son zamanlar isə çox nadir hallarda baş rollarda çıxış edirsiniz. Bunun səbəbi nədir?

- Əslində bunun səbəbini Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdan soruşsanız daha yaxşı olar.

 

- “Laləli Saray” serialında əsas obrazlardan birini canlandırdığınız halda birdən birə yoxa çıxdınız. Bu nə ilə əlaqədardır?

- Həmin serialdan özüm çıxdım, çünki elə lazım idi. Bəzi səbəblər var idi. O səbəblərdən biri həmin vaxtı Gənc Tamaşaçılar Teatrında yeni ilə hazırlığın getməsi ilə əlaqədar idi, çatdıra bilmirdim. Yaşar Əhmədovdan xahiş etdim ki, məni çıxardın, o da sağ olsun çıxartdı. Belə deyək də, çıxmalı idim və çıxdım.

 

- Son zamanlar film sənayesi sürətlə inkişaf edib. Belə olan halda çəkilən yerli filmlərdə eyni simaları görürük. Ancaq siz onların içində yoxsunuz. Komediya janrı sizə maraqlı gəlmir, yoxsa özünüzü bu filmlərdə görümürsünüz?

- Çox yaralı bir mövzuya toxundunuz, bu məsələ məni çox narahat edir.  Bəli, çəkilən filmlər çoxdur, amma bu inkişaf deyil. Son baxdığım filmlər arasında “Pərdə 2” və “Sonuncu güllə” ni qeyd etmək istərdim ki, bəli bu həqiqətən də filmdir. Qalan filmlərə də pis demirəm, lakin bu mənim subyektiv fikrimdir. İncəsənət aləmi, film sektorunda ələnməli insanlar çoxdur. Ümumiyyətlə bu sahədə üç tip insan var, professionallar, qeyri-peşəkarlar və həvəskarlar. Son illər baxdığım filmlərin əksəriyyətində qeyri-peşəkarlar və həvəskarlar çəkilir və çəkir. Hər filmdə çəkilən aktyor və aktrisa deyil, onlar sadəcə oyun oynayırlar. Peşəkarlıq tam başqa bir şeydir. Əgər söhbət peşəkardan gedirsə, eyni simaların filmlərə tez-tez çəkilməsinə pis baxmıram. Mən 5-6 ildir mənfi rollara çəkilirəm. Çünki rejissorlar düşünür ki, aktyor elə bu rolu bacarırsa, həmin rolu ona verək. Rol bölgüsünü dəyişdirməkdən bir az çəkinirlər. Əsl aktyor və aktrisa üçün janr söhbəti ola bilməz. Aktyor və aktrisa plastilindir. Lazım olanda tragediya da, faciə də, komediya da oynaya bilərlər. Yəni, istənilən janrda oynamağa aktyor borcludur. Təəssüf ki, mən baxdığım filmlərin çoxunda peşəkar aktyor və aktrisaların üçüncü-dördüncü plana atıldığını görürəm. Amma mən rejissor olsaydım çəkdiyim filmdə bir dənə də olsa qeyri-peşəkar aktyor olmazdı. Bu işi görürəmsə adıma layiq olmalıdır. Ona görə də filmlərin əksəriyyəti uğursuz olur, kinoteatrlardan qaldırılır. Bu dəhşətli bir şeydir. Komediya janrı mənə həddindən artıq çox maraqlı gəlir. Mənə bir neçə təkliflər gəlib, onun  içində baş rolda, ikinci baş rol da olub. Lakin müəyyən səbəblərə  görə razı olmamışam. Çünki mən istəmirəm ki, mənim oynadığım obraz özünü gülünc vəziyyətə qoysun. Situasiyanın özü komediya olmalıdır. Mən orda sifət edərək, beldən aşağı zarafatlar edərək güldürməyi insan olaraq sevmirəm. Türklərdə və ruslarda bunu çox incə şəkildə, işarə edərək göstərirlər. Bizdə isə incə formada yox, çox kobud şəkildə edirlər. Teatrda ilk rolum elə komediya olub. Çoxları məni tragedik aktrisa kimi tanıyırlar, amma yaxşı, maraqlı komediya janrını oynamağı çox istərdim. Əgər hər hansı bir rolu, obrazı mən oynaya bilmirəmsə, deməli aktrisa deyiləm.

 

- Məşhurların özəl həyatı hər zaman maraq dairəsində olub, sizinki də həmçinin. Sizin “Hə” nizin verilməsindən xəbərdarıq. Bəs toy nə zaman olacaq?

- Mən heç vaxt şəxsi həyatım barəsində danışmamışam. Bəli, “Həri”im olmuşdu, əslində mən onu da yayımlamağı düşünməmişdim. Şəkilləri “Facebook”da öz şəxsi səhifəmdə paylaşmışdım, bir də gördüm jurnalist  dostlar paylaşıb, yazıblar. Amma toy olmayacaq.  Münasibətlərimiz alınmadı.

Üç noqtə.- 2018.- 21 fevral.- S.12.