"Keçən günlər
barəsində daha tez-tez düşünürəm"
II HİSSƏ
Bakıda mənim üçün adət etmədiyim,
adət edə biləcəyimi də güman etmədiyim bir həyat
başladı
Kənddə məni pis
qarşılamadılar… Ən yaxşı anam
qarşıladı. Dünyanın ən böyük
dilçisi, ədəbiyyatşünası, tarixçisi (və
ictimai xadimi!) saydığım, on yaşımda itirdiyim atamı
əvəz etməyə çalışan (və əvəz
edən!) anam… Kim gəldisə, süfrə açdı… Bir
də onda gördüm ki, imtahan verən, Universitetə
qəbul olan mən yox anam imiş. Məndən çox onu təbrik
edirdilər…
Bakıda mənim
üçün adət etmədiyim, adət edə biləcəyimi
də güman etmədiyim bir həyat başladı.
Yaxşı ki, məndən altı yaş böyük bir
dayım var imiş… Vaqif dayı… Bir il onunla kirayədə
qaldım, bir ildən sonra güc-bəla ilə Universitetin
yataqxanasında yer ala bildim…Ümumiyyətlə,
yataqxanada yer almaq əzabı hər il takrarlanırdı.
İmtahanları kifayət qədər uğurla verib kəndə
qayıtdıqdan bir az sonra daha çox onu
düşünürdüm ki, yataqxanada yer ala biləcəm
ya yox?.. Çünki orderi birillik verirdilər…
Elə tələbələr
vardı ki, hətta kənddən gəlsələr belə,
məişət işlərini, görürdüm ki,
çox münasib bir şəkildə qaydaya salır, özlərini
xeyli rahat hiss edirlər. Əlbəttə, burada maddi imkan da az
rol oynamırdı, ancaq o qədər imkanı olmayanlar
içərisində də məişət
bacarığı olanlar vardı ki, özlərinə bir
gün ağlayırdılar. Mənimsə Universitetdən kənar
həyatım, demək olar ki, yox idi… Məişət
qayğılarını bir təhər yola verir, bu barədə
heç düşünməməyə
çalışırdım.
…Aclıq da olurdu, müxtəlif xarakterli maddi,
ya mənəvi gərginlik də… Ancaq oxuduğumuz romanlardan
da bilirdik ki, bütün bunlar keçicidir, mübarizə
aparmaq, həyatda layiq olduğun yeri tutmaq lazımdır.
Müəllimlər hər dərsdə Mir Cəlal
müəllimdən sitat gətirirdilər…
…Elə ilk günlərdən adını
eşidib özünü görmədiyimiz çox görkəmli
müəllim-professorlardan dərs almağa başladıq:
Abbas Zamanov, Mir Cəlal,Vaqif Vəliyev, Ağamusa Axundov…
Böyük yazıçı, ədəbiyyatşünas Mir
Cəlalı, təbii ki, daha yaxşı
tanıyırdıq, bədii əsərlərinin çoxunu,
elmi əsərlərinin isə bir hissəsini oxumuşdum. «Bir gəncin manifesti»ni bilməyən yox idi… Mir Cəlal
müəllim ahıllaşmışdı, bir cümləni
demək üçün xeyli fikirləşir, ancaq elə
cümlə deyirdi ki, saatlarla fikirləşib o səviyyədə
demək çətin idi. Ədəbiyyatşünaslığın
ən mürəkkəb məsələlərindən
elə sadə bir dildə danışırdı ki, «modern
terminologiya»nın əsiri olmağa hazırlaşan bizlər
tərəddüd içərisində qalırdıq.
Auditoriyada asta addımlarla o başa-bu başa gəzinir,
mühazirə deyir, hərdən də tələbələrdən
birinin qolundan tutub adını soruşur, suallar verirdi. Bir dəfə
mənə yaxınlaşdı, ayağa durdum, sual elədi
ki, «müsbət qəhrəman nədir?» Cavab verdim ki, «həyatdakı
müsbət insanların bədii ədəbiyyatdakı
obrazına müsbət qəhrəman deyilir». Məmnunluqla
gülümsəyib «bə müsbət insan nədi?» deyə
soruşdu. Bir az fikirləşib dedim ki, «Mir Cəlal müəllim,
onu bilmirəm»… Sonuncu sualı bir-iki nəfərə də
verdi, ancaq cavab ala bilmədi. Auditoriyanın
qarşısına keçib əlini belinə qoydu, ahəstə
səslə «cəmiyyəti irəli aparan, ictimai tərəqqiyə
xidmət edən insana müsbət insan deyilir» – dedi.
Tələbələrə kurs işi
mövzuları paylamışdı – hər dərsin birinci, ya
ikinci hissəsində bir-iki nəfəri qaldırıb
soruşurdu ki, «sənin əsərinin mövzusu nədi?»
Hamının üzündə təbəssüm əmələ
gəlirdi, bizim cızmaqaralarımıza «əsər» deməsi,
özü də belə böyük yazıçı- ədəbiyyatşünasın,
əlbəttə, qəribə idi.
Bir dəfə də lap arxada əyləşmiş
tələbələrdən birinin qolundan tutub asta-asta
yazı taxtasının qarşısına gətirdi. Ona bir-iki sual verdi, heç bir suala cavab verə bilməyən
tələbə pərtliyini gizlətmək üçün
xəfifcə gülümsəməyə başladı. Mir Cəlal
müəllim onu yazı taxtasının yanında qoyub yenidən
arxaya getdi, həmin tələbənin parta
yoldaşını qaldırıb astadan soruşdu ki, «sənin
yoldaşın əvamdı?..» Mir Cəlal müəllim «əvam»
tələbənin yanına qayıdana qədər verdiyi
ritorik sualı tələbələr bir-birinə ötürə-ötürə
həmin tələbənin özünə çatdırmışdılar…
Mir Cəlal müəllim artıq
ahıllaşsa da, vaxtilə yetişdirdiyi istedadlı tələbələri
– Vaqif Vəliyev, Firidun Hüseynov, Təhsin Mütəllimov,
Cəlal Abdullayev, Xalid Əlimirzəyev… bizə dərs dedilər.
Onlar, demək olar ki, hər dərsdə Mir Cəlal
müəllimdən sitat gətirirdilər…
Azərbaycan (indiki Bakı) Dövlət
Universiteti filologiya fakültəsinin birinci kurs tələbəsi
idim.
…Mənim ixtisas olaraq ədəbiyyatşünaslığı,
ya dilçiliyi seçmək tərəddüdlərimə
son verən, yəqin ki, professor Ağamusa Axundov oldu.
Müasir
Azərbaycan dilinin fonetikasından mühazirə gedirdi…
Professor Ağamusa Axundov özünəməxsus romantik bir
intonasiya ilə auditoriyaya müraciət elədi:
- Sait nəyə
deyilir?
Az-çox hazırlığı olan hər bir orta məktəb
şagirdinin yaxşı bilməli olduğu bu sualı
eşidəndə tələbələr yer-yerdən əllərini
qaldırdılar. Və belə məlum oldu ki, auditoriyada bu sualın
cavabını bilməyən bircə nəfər də
yoxdur… Professor üç-dörd tələbənin verdiyi
«ağız boşluğunda heç bir maneəyə rast gəlmədən
tələffüz olunan danışıq səslərinə
sait deyilir» cavabını təmkinlə dinləyib hər dəfə
«daha kim deyər?» deyə soruşdu.
Mən
gördüm ki, sualı bildiklərinə tamamilə əmin
olan tələbə yoldaşlarımın əvvəlki
inamı tədricən azalır, həvəslə əl
qaldıranlar əllərini aşağı salırlar… Azərbaycan dilçiliyində xüsusi nüfuzu
olan müəllimimizin diqqətini cəlb etmək məqamı
çatmışdı. Əlimi qaldırıb:
-
Ağız və boğaz boşluğunda heç bir maneəyə
rast gəlmədən tələffüz olunan… - demişdim
ki, Ağamusa müəllim məni saxladı:
- Tamamilə
dorğrudur. Çünki «h» səsi ağız
boşluğunda yox, boğaz boşluğunda maneə ilə
qarşılaşır…- dedi.
Sonra isə
aramla saitin «universitet tərifi»ni dedi:
«Ağız və boğaz boşluğunda məneəyə
rast gəlmədən tələffüz olunan, heca əmələ
gətirən, musiqili tona malik danışıq səslərinə
sait deyilir».
«Doktorluğu
otuz iki yaşında müdafiə edib mənim rekordumu təkrar
edəsən»…
Namizədlik dissertasiyasının ilk variantında
professor Həsrət Həsənovu möhkəm tənqid eləmişdim. Çünki
qeyri-müəyyən şəxsli cümlə ilə müəyyən
şəxsli cümlə arasında nəzəri olaraq ona qədər
fərq göstərildiyi halda, nümunə verəndə həmin
cümlələri fərqləndirə bilməmişdi.
Tofiq müəllim əvvəl bir söz demədi… Sonra
görüşəndə sözarası dedi ki, Həsrət
müəllimi çox sərt tənqid eləmisən, bir az yumşalt… Yumşaltdım… Bir müddət
də keçdi… Görüşlərimizdən
birində məsləhət gördü ki, Həsrətlə
bağlı tənqidi ümumiyyətlə çıxart, yaz
ki, bu mövzuda o da tədqiqat aparıb, xətrinə dəyməyək,
eşitmişəm, özünü yaxşı hiss eləmir.
Doktorluq dissertasiyamın müdafiəsi 1991-ci ilin
dekabrının axırlarında Azərbaycan EA Dilçilik
İnstitutunda oldu. O zaman Ağamusa müəllim İnstitutun direktoru,
müdafiə şurasının da sədri idi. Və təbii
ki, onun razılığı olmasaydı, vaxt uzana bilərdi…
Müdafiədən sonra məni təbrik elədi,
qucaqlaşdıq, köhnə kişilər kimi… Dedi ki,
çox istəyirdim ki, doktorluğu otuz iki yaşında
müdafiə edib mənim rekordumu təkrar edəsən…
Sonralar hər
yeni kitabı çıxanda mənə təxminən belə
bir avtoqrafla bağışlayırdı: «Mənim təkrarım
(və inkişafım) olan Nizamiyə»… Mən də
bundan həm ləzzət alır, həm də qürur
duyurdum. Və hərdən deyirdim ki, Ağamusa müəllim,
«təkrar» kifayətdir…
«İstedadlı
adamın səhvini kəndir edib onun boğazına keçirmək
olmaz»…
1987-ci
ilin yayında Qazaxda kəndimizdə oturub akademiyadakı
işimin artıq bir-iki aya bitəcəyi, harada nə iş
tapacağım barədə düşünürdüm ki, Nəriman
Həsənzadədən teleqram gəldi. Məni tənqid və
ədəbiyyatşünaslıq şöbəsinə
müdir dəvət edirdi… Kənddən necə
çıxdığım, Bakıya necə gəldiyim
yadımda deyil, onda gördüm ki, redaksiyada, baş redaktorun
kabinetindəyəm. Və dərhal işə
başladım… Sonralar öyrəndim ki, mənim
bu təyinatım Nəriman müəllim üçün o qədər
də asan başa gəlməyib. Hətta İsmayıl
Şıxlını da yola gətirməyə məcbur olub…
…Maraqlı
hadisələrdən biri də tanınmış müəlliflərin
öz şeirlərini Davud Nəsibin rəhbərlik etdiyi
şöbəyə yox, birbaşa Nəriman müəllimə
təqdim etmələri idi. Böyük poetik
zövqü olan baş redaktorun saatlarca orta səviyyəli
şeirləri (və şairləri!) dinləməyə məcbur
olmasını görmək ağır idi. Nəriman
müəllimin, bir, iki, üç yox, daha çox şeirini
oxumağı israrla tələb edən tanınmış bir
şairə «ayə, məni niyə öldürürsən?» deməsi yadımdadır… İnsanlarla
münasibətdə mədəniyyətə ən çox
üstünlük verən baş redaktorun yorulanda «bu şairlər
olmasaydı, daha yaxşı qəzet buraxardıq» deməsini
də tamamilə təbii saymaq olardı.
Nəriman
müəllimin bir sözü də vardı: «İstedadlı
adamın səhvini kəndir edib onun boğazına keçirmək
olmaz»…
Etiraf edim
ki, Nəriman Həsənzadə baş redaktorluqdan
çıxdıqdan sonra onun yaratdığı sağlam
işguzar mühit yerində qalsa da, bir az
qəribsədim. Və yeni baş redaktor, ilhamlı şair
Cabir Novruzun təkidinə baxmayaraq, yalnız bir neçə
ay davam gətirdim…
Hüseyn
Arifin apardığı intriqalar daha çox sənət
idealı ilə əlaqədar idi
Hüseyn
Arif laübalı adam olsa da, onunla hər
hansı mövzuda (xüsusilə ədəbiyyatdan)
mübahisə etmək çətin idi. Gözləmədiyin
halda ən modern terminologiya, ən müasir məntiqlə
üzərinə hücuma keçir, səni tərk-silah
edirdi. Moskvada oxumuş, dünya ədəbiyyatını
müəyyən səviyyədə mənimsəmiş,
görünür, təbiətindəki «kəndli
diplomatiyası»nı bir az da orada
inkişaf etdirmişdi. Bakıya qayıdanda isə
o zamankı yazıçı mühitində, məhz həmin
qabiliyyət hesabına, kifayət qədər sərbəst hərəkət
edə bilmiş, bir sıra əsaslı intriqaların hətta
qəhrəmanlarından olmuşdu. Lakin o əqədə
də böyük vəzifə həvəsində
olmadığına görə, Hüseyn Arifin
apardığı intriqalar daha çox sənət idealı
ilə əlaqədar idi. Hərdən bir
yerliçilik zəminində münaqişələrə də
girirmiş, lakin deyilənlərin əksinə olaraq, mənə
elə gəlirdi ki, qağada elə bir yerliçilik hissi
yoxdur. O, doğulub böyüdüyü torpağı
sevir, həmin diyarın etnoqrafiyasını özündə əks
etdirirdi – buna yerliçilik deyirdilər, S.Vurğunu
özünün ustadı sayırdı – buna yerliçilik
deyirdilər, yaradıcılıq enerjisini xalqdan, xalq ədəbiyyatından
götürürdü – buna yerliçilik deyirdilər.
… Bir dəfə qağa Aşıqlar Birliyinin
qurultayını keçirir. Ancaq nümayəndələrin
çoxunu Salyandan çağırır. Qazax,
Göyçə, Borçalı aşıqlarını
«unudur». Soruşurlar ki, bu, nə deməkdir, Qazax,
Göyçə, Borçalı aşığı olan yerdə,
özün də bilirsən ki, Salyan aşığı bir şey
deyil… Qağa tövrünü dəyişmədən:
-
Axmaq-axmaq danışmayın, Qazax aşığı
balıq, kürümü gətirəcək,
qaça-qaça gələcək üstümə ki,
Aşıq Ələsgərdən sonra mənəm… Bəs mən dünyanın müxtəlif yerlərindən
çağırdığım qonaqları nəynən yola
salacam. İngilis, alman, fransız nə bilir Ədalət
kimdi, Kamandar kimdi, onlar bircə qağanı (özünü
nəzərdə tuturdu – N.C.) tanıyırlar… Bakıya
da mənə görə gəlirlər.
«…bu
nömrədə Kamran Bağırovun hekayəsi gedəsi
oldu, sizinki gələn nömrə gedər…»
Dördüncü gün qəzetə yazı göndərəndə
fikirləşirdi ki, beşinci gün
çıxmalıdır. Və buna haqqı da vardı… Bir dəfə Nəriman müəllimə həmin
qaydada hekayə göndərir, beşinci gün görür
ki, çıxmadı. Zəng edib
narazılığını bildirir. Nəriman müəllim
üzr istəyib deyir ki, gələn nömrədə
çıxacaq… Ancaq gələn nömrə
Kamran Bağırovun hansı plenumdasa etdiyi məruzə olur.
Və bunu qətiyyən nəzərə almayan İsmayıl
müəllim yenidən zəng edir…Dünyagörmüş,
müdrik bir insanın onu başa düşmək istəmədiyini
görən Nəriman müəllim küskün bir bir təmkinlə
«İsmayıl qağa, bu nömrədə Kamran
Bağırovun hekayəsi gedəsi oldu, sizinki gələn
nömrə gedər…»
… Mən İsa Hüseynovu birinci dəfə 80-ci illərin
sonlarında «Ədəbiyyat və incəsənət» qəzetində
işləyərkən gördüm. Tənqid
və ədəbiyyatşünaslıq şöbəsində
müdir idim. Başımı
aşağı salıb nə isə yazırdım. Bir
nəfər içəri girib salam verdi.
Başımı qaldırmadan salamını alıb dedim ki, əyləşin,
buyurun, eşidirəm… Gələn adam, yəqin
ki, məşğul olduğumu, ona lazımi diqqət göstərmədiyimi
görüb «sağ ol, gedirəm» dedi. «Gedirəm»
sözünü eşidəndə başımı qaldırdım…
Qarşımda İsa Hüseynov
dayanmışdı, sifətində mülayim bir təbəssüm
var idi.
Bilmirəm
oturduğum yerdən necə qalxdım, necə
üzrxahlıq elədim, o əyləşdi, ya əyləşmədi…
Yadımda qalan odur ki, İsa müəllim gəldiyi
kimi də getmişdi, stolun üstündə bir-iki səhifəlik
yazısı qalmışdı.
…Yavaş-yavaş
xatırladım ki, bu yazını yazmağını ondan mənim
özüm telefonla xahiş etmişdim. «Yeni il»
sorğusuna cavab idi.
Və elə
yazmışdı ki, bu halında Azərbaycanın heç
bir mətbuat orqanında gedə bilməzdi…
Qəzetin
baş redaktoru, Nəriman Həsənzadə ilə məsləhətləşəndən
sonra İsa müəllimə zəng edib dedim ki, icazə
verin yazınızı bir az (!) redaktə
edək. Güldü. Dedi ki, mən onu
çap olunmaq üçün yazmamışam. Sən dedin
yaz, mən də yazdım…
Qapıları
taybatay «xalq»ın üzünə açdım...
Dekan olan kimi birinci növbədə, qapıları
taybatay «xalq»ın üzünə açdım. Əslində,
başqa cür də mümkün deyildi. Sənin müəllimin
olmuş görkəmli alimlərə necə «rəhbərlik»
etmək olardı?..
Xırda
münaqişələr də oldu, incikliklər də… Ancaq sonda hər şey sülhlə qurtardı.
Nə az, nə çox, düz yeddi il dekan oldum. Bu
müddətdə üç rektor dəyişdi: Murtuz Ələsgərov,
Misir Mərdanov, Abel Məhərrəmov. Hər
üçünün öz idarəçilik, rəhbərlik
üslubu var idi. Və təbii ki, dekanlıqlar
Universitetin «mətbəx»i olduğuna görə rektorlar bütün
işlərini dekanlarla əlaqələndirməli, dekanlar isə
rektorun iş üslübüna uyğunlaşmalı idilər...
Günlərin
bir günü tədris ilinin əvvəlində Universitetin
tanınmış bir professoru məndən xahiş etdi ki,
işi Tələbə Qəbulu Komissiyasında
«dolaşıq düşmüş» bir qızın dərslərdə
iştirakına icazə verim. Belə şeylər
olurdu. Bir də görürdün ki, Komissiya hansısa
texniki səhv ucbatından qəbul siyahısına adı
düşməyən bir nəfərin əmrini dərs
başlayandan bir-iki ay sonra göndərdi… Xahişdə
məqsəd o idi ki, uşaq dərsləri dinləsin,
yoldaşlarından geri qalmasın. Yeri gəlmişkən,
filologiya fakültəsində belə bir ənənə də
vardı ki, hətta tələbə olmayanlar belə icazə
alıb böyük alimlərin mühazirəsində sərbəst
dinləyici kimi iştirak edə bilərdilər… Mən də razılaşdım, müavinimi
çağırıb tapşırdım ki, bu xanım dərslərdə
otursun, əmri gələndən sonra adını jurnala
yazarsınız.
Qış sessiyasının qızğın vaxtında
məni rektorluğa çağırıb dedilər ki,
böyük bir cinayət eləmisiz. Qəbul əmri olmayan
uşağı tələbələr siyahısına daxil
edib oxudursuz. Güldüm, dedim ki, elə şey ola bilməz. Sən demə olubmuş…
Müavinimdən
soruşdum ki, bu nə məsələdir?..
Dedi, qəbul əmrini gətirib göstərdilər, mən
də adını yazdım jurnala… Əmri
axtarıb tapa bilmədi. Və məlum oldu ki,
fağırı aldadıblar…
Onu müavinlikdən çıxartdılar. Və mənə
də töhmət verdilər. Demokratiyanın belə-belə
fəsadları da olurdu…
(ardı var)
Üç
nöqtə.- 2018.- 20 fevral.- S.14