“Aktyorluq sənəti ömür qısaldan sənətdir”

Cəfər Namiq Kamal: “Bəzi aktyorlar yalnız səsi ilə oynayır, cürbəcür səslər çıxarır, amma ürəyini və beynini işlətmirlər

«İstedadsız adamlar hər yerə tez yol tapırlar»

Bu həftə “Şənbə qonağı” rubrikasının qonağı sevilən xalq artisti Cəfər Namiq Kamaldır. Xalq artisti “Şirinbala bal yığır”da Rəcəb, “Bir parça Vətəndə” Elçi, “Şəhidlər”də aparıcı, “Rüstəm və Zöhrab”da Qasid kimi bir çox obrazları ilə sevildi və tanındı. Müsahibimiz olan xalq artisti yaradıcılığı və ilk dəfə olaraq ailəsi haqqında məlumat verdi.- Cəfər müəllim, Sizi “Qatarın altına atılan qadın” tamaşasında gördük. Başqa hansı tamaşalarda iştirak edirsiniz?

- Bəli, Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasında iştirak etdim, rejissoru Mehriban Ələkbərzadədir. Bundan başqa, “Sənətkarın taleyi”ndə, “Xanuma”da, Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasında oynayıram. Hazırda isə Rəhman Əlizadənin “Laləli düzən” əsərinin tamaşasının hazırlığı gedir.

- Özünüzü rejissor kimi də sınamaq istəyirsinizmi?

- Yox. İstəmirəm. Çünki öz işimiz o qədər çox olur ki, başqa işə vaxtımız qalmır. Rejissorluq asan iş deyil, o tamaşada hər şeyə nəzarət edir. Keyfiyyətsiz tamaşa hazırlandıqda iki-üç aydan sonra repertuardan çıxarılır. Yəni rejissorluq böyük bir peşədir və mənim o sənətdə gözüm yoxdur. Aktyor sənəti çox çətin sənətdir. Onlar həyatda olmayan insanı, xarakteri yaradıb, səhnədə üç saat gəzdirirlər. Obrazın iç dünyasını, danışığını, geyimini tapırlar. Əlbəttə, professional aktyordan danışıram, əldəqayırma, süniilərdən yox. Aktyorluq böyük bir peşə olmaqla yanaşı, insana Allah tərəfindən verilən vergidir. Gərək bunu hiss edəsən. Biri var, plastilindən nəsə düzəldirsən, biri də var, ürəyi döyünən, beyni işləyən, sənin xarakterinə, yaşına, dünyagörüşünə yad bir insan yaradırsan. Həmişə deyirəm ki, aktyorluq sənəti ömür qısaldan sənətdir. Camaat kimi öz dərdini, ailəsini çəkə bilmir. Aktyor ayda 10-12 insanın dərdini daxilindən keçirir. Keçmiş aktyorlarımız 90-100 yaş yaşayırdılar, amma indi 60-65 yaşdan yuxarı yaşamırlar. Aktyorların beyin işlətmək zamanı gələndən sonra onların ömrü qısaldı.

- Qeyd etdiniz ki, elə obrazlar olur ki, dünyagörüşünüzə uyğun gəlmir. O zaman obrazınızın öhdəsindən necə gəlirsiniz və ora dəyişiklik etmək istəyirsinizmi?

- Aktyorun xarakteri dəyişməyə ixtiyarı yoxdur. Əsərdə necə tələb olunursa, o cür də oynamalıdır. Amma aktyora xarakterin yaxşı alınması üçün kömək etmək lazımdır. Obrazı canlandırarkən o insanı tapmaq lazımdır ki, yaxşı alınsın. Hətta obrazın yerişinə qədər fikir verməlisən, hər şeyi analiz etməlisən. Yalnız mətni əzbərləməklə, cansız, ürəyi döyünməyən bir robort yarada bilərsən. Onu da tamaşaçı tez unudur. Amma obrazını canlı yaradanda illər keçsə də, unudulmur, daim insanların yaddaşında yaşayır. Küçədə gedəndə insanlar mənə yaxınlaşıb, əvvəllər çəkildiyim televiziya tamaşalarımdan da danışırlar. Yəni, yaxşı obraz yaddaşlarda qalır və heç vaxt unudulmur. Aktyorun da xoşbəxtliyi tamaşaçının yaddaşına həkk olunmasındadır.

- Necə düşünürsünüz, aktyor olaraq tamaşaçının qəlbində istədiyiniz kimi qalmağı bacarmısınızmı?

- Tamaşaçılar obrazlarımı yaddaşlarında saxlayıblarsa, deməli bacarmışam. Sən onu yaxşı ifa etməsən yaddaşlarda qalmazsan. Yalançı oynasaydım, o dəqiqə unudardılar.

- Hər obrazı qəlbən yaşamaq çətindir axı...

- Bəli. Çox çətindir. Amma normal aktyorlardan söhbət gedir. Bəzi aktyorlar yalnız səsi ilə oynayır, cürbəcür səslər çıxarır, amma ürəyini və beynini işlətmir. Sünii, səthi tamaşalar heç vaxt yadda qalmır. Biri var, aktyor kimi tanınasan, biri də var, seviləsən. Elə insanlar var ki, bəlkə də heç atasını o qədər sevmir, hansısa bir aktyoru obrazına, roluna görə çox sevir. Aktyor sənəti sehrli sənətdir, tanımadığın insanlar da sənə doğması kimi yanaşırlar. Elə insanlar var ki, sən tanımırsan, amma onlar səni gəncliyindən tanıyırlar. Maraqlı sənətdir, amma qeyd etdiyim kimi, həm də çətindir.

- Bəzi aktyorların süni oynadığını vurğuladınız. Bu gün elə aktyorlar çoxdur?

- Hər dövrdə elə aktyorlar olub, indi də var, gələcəkdə də olacaq. İstedadsız adamlar hər yerə tez yol tapırlar. Belə bir yaxşı söz var: “İstedadlı adamalara kömək etmək lazımdır, istedadsız özü qabağa gedəcək”. İstedadlı insanlar bir az utanır, sıxılır, özünü abırsız yerə qoya bilmirlər. Ona görə onlara kömək etmək lazımdır.

- Bu fikrin hələ də aktualığını itirmədiyi qənaətindəsiniz?

- Bəli. Hər dövrdə belə olur. İstedadlı adam paxıl olmur və həmişə yanında istedadlı adamın olmasını istəyər. Ətrafımda istedadlı insan olanda ruhlanıram. Halım olmasa da, elə tamaşa oynayıram ki, iki gün özümə gələ bilmirəm. Yoxsa ətrafım soyuq buz kimi olanda mən də qeyri-ixtiyari sönürəm. Teatr tamaşaçısı ən xoşbəxt insandır ki, az bir miqdarda pul verir, bilet alır və 200 nəfər ona qulluq edir. Səhnə arxasında yüzlərlə insan işləyir, texniki işlər görürlər, zalda onlara quluq edirlər, eləcə də aktyorlar. Aktyorlar tamaşaçı üçün oynayırlar və candan keçirlər ki, tamaşaçılar zövq alsınlar. 

- Niyə televiziyalara çox çıxmırsınız?

- Televiziyalardan dəvət edirlər, amma sənətlə bağlı olan verilişilərə çıxmaq istəyirəm. Dəvət edənlər gündəlik problemlər haqqında söhbət edəcəyimizi deyirlər. Məni aktyor kimi dəvət etmək istəyirsənsə, sənətimdəm danışmaq istəyirəm. Müğənni mahnı oxuyur, bəs, aktyor niyə qeybət etməlidir? Ona görə də, verilişlərə getmirəm.

- Sənətlə bağlı verilişlər yoxdur ki?

- Bayramlarda dəvət edirlər, onda ümumiyyətlə getmirəm, incimişəm. Yeni ildə aktyor dəvət edib çəkmirlər, müğənnilərə bığ-saqqal  yapışdırıb rol oynadırlar. Bəs, aktyorlar sənətlərini harada göstərəcəklər? Bu nə dərəcədə düzgündür? Onlar aktyor kimi oynaya bilməz axı. Aktyorların hər yandan ayaqlarını kəsiblər, ancaq qeybətə çağırırlar.

- “Üç bacı” serialına çəkildiniz. Hazırda serial təklifləri varmı?

- Serialda yox, yeni bir bədii filmdə çəkiləcəm, bir-iki günə çəkilişlər başalayacaq. Professional aktyorların iştirak etdiyi bütün işlər uğurlu, qeyri-peşəkarlarda isə yaxşı alınmır. Aktyor sənəti çətin peşədir, kənardan asan görünə bilər, amma o sənətin içinə daxil olan baş götürüb qaçmaq istəyir. Bəzi aktyorlar robort kimi oynayırlar ki, bir-birinin səsini eşitmirlər, duymurlar. İncəsənət Universitetində 5-6 il dərs demişəm, artıq işdən çıxmışam. Tələbələrimə aktyor sənətinin bütün incəliklərini öyrətmişəm. Aktyor səhnədə tərəf müqabilini hiss etməlidir.

- Canlandırdığınız obrazlara tənqidi yanaşdığınız hallar olurm- Özünə tənqidi yanaşmaq yaxşı haldır, elə olan halda inkişaf edə bilərsən. Xarakterin maraqlı alınması aktyor üçün böyük bir müvəffəqiyyətdir. Aktyor obrazı, yaratdığı insanı elə canlandırmalıdır ki, tamaşaçılar aktyoru deyil, obrazı görsünlər.

- Bu gün bir çox tamaşalarımızın zəif olduğunu deyirlər. Siz necə, bu fikirlə razılaşırsınızmı?

- Zəif tamaşa ola bilər, amma bu, bütün tamaşalara aid deyil. Heç kim deyə bilməz ki, hazırladığım hər şey gözəl alınır. Həkimin əlindən çıxan bütün xəstələr sağlam getmirlər ki… Bu da qəbul edilmiş bir haldır. Hər vaxt da bu kimi hallar olur. Hər bir tamaşada başqa-başqa aktyorlar iştirak edir, biri digərinə oxşamamlıdır ki. Güclü də, zəif də tamaşa ola bilər. Tamaşçının da fərqi var. Bəziləri var ki, başqa tamaşanın tamaşaçısıdır, təsadüfən bu tamaşaya, bu teatra gəlib.

- Səhnədə olarkən tamaşçını hiss edirsiniz, yoxsa öz obrazınızın təəssüratı altında olursunuz?

- Bəli, hiss edirəm, amma zala baxa bilmirəm. Bilirsən ki, bu obrazı tamaşaçı üçün oynayırsan və onlarla düzgün təmas qurmaq lazımdır. Tamaşaçının səni duyması lazımdır. Elə söz var ki, onu deyirsən və tamaşçı gülür. Onu gərək gözləyib, sonra növbəti mərhələyə keçəsən.

- Yaradıcılığınıza nəzər saldıqda gözünüzün önündə ilk olaraq nə canlanır?

- Mən heç vaxt boş-boş işlərlə məşğul olmamışam. Oturub fikir etməmişəm ki, filankəs əməkdar, xalq artisti adına layiq görüldü, mən niyə almadım. Bu kimi halları özümə dərd etməmişəm. Axı mən səhnəyə çıxanda camaat əl çalır, alqışlarla qarşılayır. Fəxri ad almayan vaxtda da belə olub. Xalq səni titullarına görə deyil, sənətinə görə sevir. Təssəvvür edin ki, bütün titulların var, amma səhnəyə çıxanda sənə əl çalmasınlar. Mənim üçün pis hal budur. Bizi yaşayıb-yaratmağa həvəsləndirən tamaşaçıların sevgisidir.- Övladlarınızdan necə sənətinizi davam etdirənlər varmı?

 

- Yox. Bir oğlum, bir qızım var, hər ikisi rəssamdı. Qızım İncəsənət Gimnaziyasında dərs deyir, oğlum rəssamdır. Övladlarımın anası ilə bir kursda oxumuşduq, universitetdə dərs deyirdi. Hamımız incəsənət sahəsindəyik. Uşaqlarımın da canında yumor var.

- Tanınmış aktyorsunuz. Övladlarınız sizinlə fəxr edirlərmi?

- Yəqin ki, fəxr edirlər. Hansı sahədə olursan ol, gərək ata uşaqları, uşaqlar da ataları ilə fəxr etsin. Bizim ailədə nizam-intizam var, oğluma baxanda nə demək istədiyimi başa düşür. Qəddar deyiləm, amma hər şeyin yerində olmasını xoşlayıram. Dostu da çox yaxınıma buraxmıram, müəyyən həddə qədər yaxın buraxa bilərəm. Həm hacı, həm də məşədiyəm, namaz qılan, Allahımdan qorxan insanam. Oğlum da namaz qılandır.

- Tanınmış aktyorsunuz, yol-hərəkət qaydalarını nə vaxtsa pozmusuz və sizə hörmət ediblərmi?

- Bu yaxınlarda yolun səhv döndüm, bir yol patrul əməkdaşı gəldi və «gərək gözləyərdiniz» dedi. İşarəni dəyişmişdilər, əvvəl başqa cür idi. Dedim, məni tanımadınız? Cavab verdi ki, xeyr. O biri patrulun yanına getdim və o məni tanıdı. Bildirdim ki, işarəni əvvəl başqa cür qoymuşdunuz. Dedi ki, düzdür, əvvəl başqa cür idi. Sağ olsunlar, çox dərinə getmədilər. Elə bir dəhşətli qayda pozuntusu da etməmişdim, işarələr dəyişdirdiklərinə görə yolu keçmişdim.

 

 

 

 

 

Rəqsa

Üç nöqtə.- 2018.- 27 fevral.- S.12.