“Qardaşımı ilk dəfə
atamın yasında gördüm”
Firəngiz Qurbanova: “ Mühitimiz elə idi ki, gözünü açandan
yaradıcılıqla məşğul adamlarla idim”
Firəngiz
Qurbanova. Azərbaycanın Əməkdar incəsənət
xadimi. Kino rəssamı. Animasiya rejissoru. Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının professoru.
“Birlik” animasiya studiyasının rəhbəri.
Amma bu gün rejissor, rəssam Firəngiz
Qurbanova ilə söhbətimizin əsas qəhrəmanları
atası Ağadadaş Qurbanov, bacısı Gülşən
Qurbanova, qardaşı Hamlet Qurbanovdur.
Sənət
dediyimiz əbədiyyət kabusunun seçdiyi ailə… O kabusu
kimin harada, necə gördüyü sirri-xudadır. Biz bu ailəni, bu taleləri bilmək istəyirik sadəcə.
Firəngiz xanımla bacısı Gülşən
Qurbanova haqda müsahibə almaq niyyəti ilə
görüşmüşəm.
- Firəngiz
xanım, bioqrafiyanıza baxanda gördüm ki, bacınız
Gülşən Qurbanovadan 7 yaş böyüksünüz. Başqa bacınız, ya qardaşınız var
idimi?
- Hamletdən
başqa yox. Hamletin də, bilirsiniz ata bir, ana
ayrı qardaşım idi. Bizdən
böyük idi. Onun anası Gülxar Həsənova
Opera və Balet Teatrının artisti idi.
- Bəs sizin ananız hansı sahədə
çalışırdı?.- Anam Kübra Həbib
qızı əməkdar həkim idi. Atası
Həbibullaxan Nəbibəyov 1910-cu ildən İran konsulu idi,
1932-ci ildə vəfat etmişdi. Anam
intellegent ailədə böyüyüb tərbiyə
almışdı. Çox gözəl
qadın idi. Aktrisa Simona Sinyoraya bənzərliyi
vardı. Nə mən, nə də Gulya
anama oxşamamışıq. Biz atama
oxşamışıq.
Anamın incəsənətdən yaxşı
başı çıxırdı, teatra, filarmoniyaya gedirdi. Dünya ədəbiyyatı
ilə maraqlanırdı. O, bizim də intellektual və mədəni
inkişafımızla məşğul olurdu.
- Bəs
aktyor Ağadadaş Qurbanovla ananız harada, necə tanış olmuşdular?
- Atam 24
yaşında Azərbaycanın Əməkdar artisti
adını alan nadir aktyorlardan idi. O zaman
da Gənc Tamaşaçılar Teatrının
repertuarında Molyeri,
Şekspiri, Şilleri hazırlayırdılar. Anam atamın pərəstişkarı
idi. Özü də atamdan 11 yaş
kiçik idi. Tale istedadına pərəstiş
edən xanımla görkəmli aktyoru necəsə
yaxınlaşdırır.
- Firəngiz
xanım, bir az ailənizdən
danışın. Ailə mühitiniz necə
idi?
-
Mühitimiz elə idi ki, gözünü açandan
yaradıcılıqla məşğul adamlarla idim. Bilirdim ki, atam teatrdan gəlir. Rəsm
çəkməyi də var idi. Əmim də
rəsm çəkirdi. Atam həmişə
niyəsə düşünürdü ki, mən aktrisa
olacağam. Bunu qətiyyən istəmirdi.
O, istəyirdi ki, mən rəssam olum. Müstəqil
olum, asılı olmayım heç kimdən. Axı aktyorluq asılı sənətdir Amma elə
oldu ki, mən rəssamlığı seçdim, aktrisa
olmağı isə Gülşən seçdi.
Düzdür, mən iki filmə çəkilmişdim. Biri Lətif Səfərovun Leyli və Məcnundan bəhs
edən «Məhəbbət əfsanəsi» filmi idi. Mən orada Leylinin rəfiqəsi Zeynəbi
oynamışdım. Bir də Rasim
İsmayılovun “Alman klinikasına şəxsi səfər”
filmində təsadüfən bir epizodda oynadım.
Amma Güliçkaya (Gülşən Qurbanova – red.) tale
səhnəyə və kinoya yol açdı. Amma bu, atamın
ölümündən sonra baş verdi. Onun onda 15 yaşı var idi.
Kitabxanaçılıq texnikumunu bitirdikdən, ədəbi
Azərbaycan dilini yaxşı mənimsədikdən sonra Gülşən TV-də
rejissor assistenti işləməyə başladı.
Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini
bitirdikdən sonra isə Gənc Tamaşaçılar
Teatrının aparıcı aktrisalarından oldu....Bilirsiniz,
biz Gülşənlə fərqli adamlarıq. Mən
qapalı adamam. O isə çox ünsiyyətcil idi. Gülşən həyatla qaynayırdı.
Anam yumorla deyirdi ki, əbəs yerə ona hamilə olanda
qazlı su içmirmiş: “Bu qız şampan kimidir.
Daşır, qaynayır…” Həqiqətən,
onun təbiəti belə idi. Beş dəqiqə
onunla söhbət etdinsə, elə bir ömrü boyu
bir-birinizi tanımısınız. O, insanlara güvənə
bilirdi.
- Dediniz,
atanız elə faciəli şəkildə həlak olanda,
Gülşənin 15 yaşı vardı. Necə
xatırlayırsız o günü?
- 1965-ci
ilin iyunu idi, atam Salyanda teatrın yay qastrollarında idi. Gülşən də onunla idi. Biz
anamla Moskvada idik. Mən Moskva Kinematoqrafiya
İnstitutuna daxil olmaq üçün sənəd
vermişdim.
Təəccüblüdür
ki, məhz həmin gün anam dedi ki, pis yuxu görmüşəm,
gedək poçta. Anam Salyana, atamla bir qastrola gedən aktrisaya
zəng etdi. Nə
danışdıqlarını bilmədim, bir də baxdım
ki, gözündən yaş gəlir. O, bizim həyatımızda
ən ağır gün idi. Salyan
mehmanxanasında üstündə atamla Gülşənin də
dayandığı eyvan uçmuşdu.Atam həlak
olmuşdu, Gülşənsə qolunu
sındırmışdı. Gülşən
xəstəxanada idi, ondan atamın ölümünü gizləyirdilər.
Elə bilirdim ağlımı itirəcəyəm. Həyatımda ilk
ölüm, bu da məhz atam…
İmtahanları vermək üçün bir aydan
artıq Moskvada olmaq lazım idi. Amma anam icazə vermədi.
Məni qorudu yəqin ki.Gülşənin
dostları çox idi, amma mənim tək dostum elə atam
idi.
- Bəs
atanızın əvvəlki ailəsi ilə,
qardaşınız Hamlet Qurbanovla əlaqəniz var idi?
-
Yalnız atamın ölümündən sonra. Hamleti
ilk dəfə atamın yasında gördüm. Qırx
mərasimində... Qəbiristanlıqda... Hamlet
üzünü qırxmamışdı. Onu
görəndə diksindim. Elə bil atam
dayanmışdı. O qədər çox
oxşayırdı ki. Mən də atama
oxşayıram. Hamletə də…
- Məncə,
siz xaraktercə də Hamletə oxşayırsız. O da
qapalı insan təəssüratı yaradırdı.
- O
yalnız böyük aktyor deyildi, həm də yaxşı adam idi. Heç kim onun
haqqında pis heç nə deməz. Hər kəsə
hörmət edərdi. Onu xatırlayanlar
bunu yaxşı bilir.
- Bəs
daha sonra əlaqəniz oldumu qardaşınızla? Görüşürdünüzmü?
-
Görüşdük. Amma daha çox
bayramlarda və ad günlərində. O xəstəxanada
yatanda istəmirdi kimsə onu zəif, xəstəlikdən
üzülmüş halda görsün. Mən
onu bu vəziyyətdə gördüm və indiyədək də
unuda bilmirəm.
- Hamlet
Qurbanovun ailəsindən kim var indi?
- Hamletin
arvadı Cəmilə xanım, Elmlər Akademiyasının əməkdaşıdır.
Gözəl insandır, qayğıkeş ana, sadiq həyat
yoldaşı... Ayrılmalarına baxmayaraq, o
qadın son günlərinə kimi Hamletə və xəstə
qayınanasına qulluq etdi.
Yeganə oğulları Səlim Abxaziyadan bir qızla evləndi,
Suxumidə öz ailəsi ilə yaşayır. Balaca bir
qızları var.
- Gülşən Qurbanova tamaşaçıların da
yaddaşında elə qaynar, enerjili bir insan kimi qalıb. Amma bir həssas
yaradıcı insan kimi onun başqa tərəfini kəşf
etdinizmi? Üç dəfə infarkt keçirmişdi.
Bu xəstəliyə səbəb olacaq hansı zərbəni
almışdı ki?- Bu, indiyədək məni
düşündürən sualdır. Bu qədər gündəlik
iş yükünə ürək necə tab gətirə bilər?
Gülşənin həyatının hər
günü o qədər aktiv və dolu idi ki, buna heç bir
ürək tablamazdı. Hər dəfə
ürəyi ağrıyanda xəstəxanada yatır, amma on
gündən artıq qalmırdı. Həkimlər
deyirdi, vəziyyət ciddidir, səhnəyə olmaz. Amma elə o, oradan səhnəyə
çıxırdı. Bəlkə də
o enerjini daşımaq çətin idi ürəyinə.
Aktyorlar, işinin peşəkarları olan aktyorlar bir
qayda olaraq tamaşaya iki saat hazırlaşırlar - o atmosferə
girirlər, özlərini kökləyirlər. Bu pis şey
deyil, əlbəttə. Amma Gülşən elə deyildi. O, elə bu
dəqiqə çıxıb oynaya bilərdi. Onun
üçün hər şey ünsiyyət idi. Səhnəni, tərəf-müqabillərini inanılmaz
həssaslıqla hiss edirdi. Səhnəyə
çıxanda elə bil özündən personaj
yaradırdı. Dramatik rolu da asan
oynayardı. Heç kim bilməzdi
ki, az əvvəl bu adam ürəkdən şaqqanaq çəkib
gülürdü.
-
Gülşən Qurbanova şən adam
idi. Xatırlayıb güldüyünüz bir əhvalatı
varmı?
- (Susur)
Biz elə tez böyüdük ki... Hə, var bir əhvalat...
(gülür). Bir dəfə
o hardasa 5-ci, ya 6-cı sinifdə oxuyardı, bütün sinfi
Gənc Tamaşaçılar teatrına tamaşaya
aparmışdı. Qapıda bir qoşun
uşağı buraxmayanda Gülşən gedib
inzibatçını tapmışdı. Demişdi,
mən Ağadadaş Qurbanovun qızıyam. Uşaqları eləcə tamaşaya
buraxdırmışdı. Belə şeyləri
vardı... (Gülür).
Gulya qastrollara getməyi sevirdi, çünki onda
özünü sərbəst hiss edirdi. Onu hər yerdə
tanıyırdılar, bu da xoşuna gəlirdi. Bir dəfə
Türkiyədən qayıdıb təəccüblə dedi
ki, çox qəribə idi, mən küçədə
gedirdim, heç kim məni
tanımırdı... Burada hətta eynək də
taxsa, yaylıq da bağlasa, hamı onu tanıyırdı.
- Öldüyü günü
xatırlayırsınız?
- Yəqin
hamı üçün sarsıdıcı idi. Mənim dərdimi ağırlaşdıran o oldu ki,
Azərbaycanın Xalq artistini, milyonlarla
tamaşaçının sevimlisini Fəxri xiyabanda dəfn
etmədilər. Dəfnlə bağlı göstəriş
verməli olan adamlara zəng etmək mümkün deyildi.- Gülşən Qurbanova xalq artisti idi. Amma qardaşı çox böyük aktyor ola-ola
Xalq artisti adı yox idi, diqqətdən kənarda idi. Bu, onu narahat edirdimi?
- Yəqin
ki edirdi. Hamlet böyük uçuş məsafəsi
olan aktyor idi. O, qapalı idi, xarakterli adam
idi. Ünsiyyətcil deyildi. Ad-filan
onu maraqlandırmırdı.
-
Gülşən xanım həyat yoldaşından
ayrılmışdı. Keçmiş həyat
yoldaşı dəfninə gəldimi?
- Yox. Uzaqda idi, ona görə. Onlar
dostcasına ayrılmışdılar. Ümumiyyətlə,
Gulyanın düşməni yox idi.
- Teatrda
intriqalar yaşadığı deyilirdi...
- Mən
bilmirəm. Danışmazdı bunlar haqda.
Onun öz çevrəsi var idi… Ümumiyyətlə,
bilirsiz, biz iki bacı olsaq da, elə gec-gec
görüşürdük ki. Ancaq
hamının əhatəsində olanda, ad günlərində.
O, televiziyada işləyəndən heç vaxt
çatdıra bilmirdi. Mən televizoru
açıb “Qaynar qazan”dan ona baxırdım. Onunla ekrandan, bir də telefonla əlaqə
saxlayırdıq. Xüsusən son illər.
Mən də məşğul idim. Heç olmayıb ki, oturub söhbət edək, nəyisə
müzakirə edək. Amma daim kontaktda
olurduq. Bir-birimizə bəzən məişətdə
kömək edirdik. Məsələn, mən ərimlə
Moskvada idim, oğlum Cavidi əsgərliyə Gülşən
yola saldı...
-
Heç eyni filmdə işlədinizmi?
- Hə.
Onunla “Bir dəfə axşamçağı” adlanan animasiya
filmində işlədik. 1986-cı ildə.
Bu animasiya filmində aktyorlar çəkilmişdi.
- Firəngiz xanım, ölümündən sonra Gülşən xanım haqqında şayiələr yarandı. Guya kliniki ölüm keçirib. Qəbri açılıb-filan …
- Bunlar hamısı şayiədir. İnsanlar
sadəcə belə enerjili bir adamın ölümünə
inana bilmirdilər, yəqin buradan qaynaqlanır.
- Gülşən xanım inanclı idi?
- Əlbəttə. Atam da inanclı idi. Bir
dəfə sovetin Allahı dandığı vaxtlarda onunla pillələri
düşəndə, əlini açıb dua etdiyini
gördüm. Dedim, ata, adamlar səni görə bilər,
deyərlər, partiya üzvü dua edir. Gülüb dedi, mən
də deyərəm ki, rolu məşq edirəm. Gülşən də elə idi. İnşallah deyirdi, amma ürəkdən deyirdi.
Mənim tanıtmağıma ehtiyac yoxdur. Nə deyim? Özünüz
görürdünüz Gülşəni...
Aliyə
Üç
nöqtə.- 2018.- 28 fevral.- S.12