“Şəhid
anaları qəhrəman analarıdır!”
Qardaşı
şəhid olmuşdu, özü də şəhidliyə
ucaldı - Kapitan Vaqif Bayramov haqda bilmədiklərimiz
...Vaqif
tövşüyə-tövşüyə 4-cü mərtəbəyə
qalxıb, qapını bərkdən döyməyə
başladı. Anası Zeynəb qapını
açıb: -Ay Vaqif,oğlum nə olub, qapını niyə
sındırırsan?- deyə oğlundan soruşanda, oğlu
ona:-Ay ana, tez ol, mənim doğum şəhadətnaməmi
ver, məktəbdən istəyirlər, aparmalıyam,-deyib,
şəhadətnaməsini götürərək,
qaça-qaça evlərinin yaxınlığındakı
banka girmişdi. Bir az bundan əvvəl banka gəlib, əlindəki
200 manat pulu Naftalandakı döyüş fondunun hesabına
göndərmək istəyəndə, bank işçiləri
ondan pulu götürməmişdilər. Demişdilər ki,
get, böyüyünlə gəl. O isə ağlamsınaraq
“nə olar, orda mənim qardaşım, dostlarım vuruşur,
götürün bu pulu. Özüm yığmışam,
öz pulumdur”,- deyəndə bank işçisini razı sala
bilmişdi...
Onda Vaqif 6-ci sinifdə oxuyurdu. Bankdan
aldığı çeki gətirib, şəkil
albomlarının arasında gizlətmişdi və həmin
çeki anası təsadüfən görmüşdü.
Onda hələ iyulun 1-nə 12 gün qalırdı və
qardaşı Mehman ön cəbhədə ermənilərlə
vuruşurdu...
Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən
növbəti yazını təqdim edir.
...Azərbaycanın
birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid anaları ilə
görüşlərinin birində belə bir fikir səsləndirmişdi:
“Şəhid anaları QƏHRƏMAN ANALARDIR!”.
Bu sözlər Vətən yolunda iki oğlunu şəhid
verən Zeynəb Bayramovanın xarakterinə tam uyğun gəlir.
Zeynəb xanım Qarabağ müharibəsinin
hər üzünu görmüş qəhrəman
qadındır. 1991-ci ildən bu yana,
cəbhənin Goranboy istiqamətində vuruşan əsgərlərin
anası oldu, onlara yardım aparıb, qayğılarına
qalıb. İndi
o ananın hüzuruna gəlmişəm. Evləri Naftalan şəhərinin
Şəhidlər Xiyabanı ilə üzbəüzdür. 1966-cı ildən bu binada yaşayır. Evinin divarından iki şəhid oğlunun
böyüdülmüş şəkli asılıb.
Saçları bəmbəyaz olan ananın sifət cizgilərində
illərdən və kökündən gələn xanımlıq, müdriklik iz
salıb. Üzünün
qırışları yaşından deyil, dərdindəndir.İndi
o qəhrəman oğulların anasının övladları
haqqında xatirələrini dinləyirəm. Dərddən
sinəsi oyma-oyma olan Zeynəb ana ötən günləri belə
xatırlayır:
- 4
oğlum, 1 qızım var, Mehman böyük oğlum idi.
1971-ci il aprelin 1-də doğulmuşdu. Əsgərliyini Brest şəhərində çəkmişdi.
1991-ci il dekabrın 25-də qayıdıb
gəldi. Yaman çətin vaxtlar idi, Sovetlər
birliyi dağılmışdı, qarışıq zamanə
idi. Amma rüzgarın ağırlığına
baxmayaraq, əsgərliyə gedib-gələnin adına
evdə qonaqlıq düzəldərdilər, mən də
oğlumun şərəfinə qazan asıb, süfrə bəzəmişdim.
Mehman qonaqlar üçün bişirdiyim yemək dolu
qazanları götürüb əsgərlər
üçün apardı, dedi ki, ana, biz burada ac
qalmırıq, ancaq onların orada təminatı yoxdur. Mən
də nə deyəcəkdim ki... Onsuz da bir əlim əsgərlərin
üstündə idi...
Bir də
yanvarın 1-də evə gələndə, baxdım ki, əynində
hərbi forma var, dedi ki, uşaqlarındır, elə-belə
alıb geyinib. Sən demə, məni aldadırmış...
1992-ci
ilin fevralında Xocalı hadisəsi baş verəndə, mənə
üzünü tutub dedi:
-Ana sən
narahat olmayasan deyə, söyləməmişdim, yanvarın
1-dən könüllü özünümdafiə batalyonuna
yazılmışam. Xocalı hadisəsindən sonra isə
heç evdə otura bilmərəm, bu qisası yerdə qoymaq
olmaz, yoxsa nəgələcək nəsil, nə də bu
torpaq bizi bağışlayar...
Mehman
ön cəbhədə oldu, Vaqif də hər gün dərsdən
çıxan kimi velosipedi ilə və ya yol
maşınları ilə ön cəbhədəki əsgərlərin
yanına qaçıb gedirdi... O vaxt əsgərlərimiz gücləri çatan qədər
qəhrəmanlıq edib, vuruşurdular, hətta bir dəfə
Talış yüksəkliyini də düşməndən
geri almışdılar... Sonra orada heç kim
oturmadığından, erməni təzədən gəlib
leşkərini saldı ora... İndi həmin tarix təkrar
olunur...
Vaqifin uşaqlığı əsgərlərin
arasında keçdi, qardaşı gələndən sonra
daha çox bağlandı hərbə. Deyirdi ki, ana yeməyi
çox bişir, Qasımbəylidə topçu
uşaqların yeməyi yoxdur...
Bir də
görürdün ki, qazanı bağlayıb velosipedinin
arxasına, gedir Naftalanın girəcəyindəki hərbi
hissəyə, ya da Gorana... Gedib
qardaşını axtarıb tapırdı... Axırda
özüm gedib Naftalanın İcra Hakimiyyətinin nümayəndəliyinə
dedim ki, bizə bir maşın ayırın,
çünki bu yollarda qalmışıq... Özüm də
qoşulub oğlumla əsgərlər üçün
bişirdiyim yeməkləri aparıb paylayırdım... Zirzəmimdə
kompot, mürəbbə qalmırdı, hamısını
daşıyırdıq əsgərlərə... Deyirdim ki, bu
uşaqlar güllənin qabağındadırlar, qoy yesinlər,
qarınları tox olsun... Yun sap alıb onlar üçün
corab, əlcək, jilet toxuyurdum... Gecəm-gündüzüm
yox idi... Bir dəfə dəVaqif yenə öz əli
ilə aparıb hərbi hissəyə 3000 rubl pul
keçirtmişdi. Vaqifə 703 saylı hərbi hissənin o vaxtkı
komandiri, polkovnikNəcməddin Sadıkov “Malenkiy geroy” (“Balaca qəhrəman”) adını
vermişdi. 1992-ci ildən atəşkəs
başlanan günə kimi biz ana-bala əsgərlərimizin
yanında olmuşduq. Sonra da
yaralıların dalınca gəzdim, öhdəmə
yaralı əsgər götürmüşdüm, onu
sağaltdım. “Təki Vətən sağ olsun”,- deyə, haralara baş vurmadım ki...
1992-ci ilin qora bişirən isti iyul günü idi,
adamın nəfəsi kəsilridi. Məhəllədəki
bağ evində həyət-baca işi görürdüm.
Ancaq baxdım ki, ürəyim titrəyir,
ayaqlarım əsir, müvazinətimi güclə
saxlayıram. Elə bu vaxt qonşumuz mənə sarı
boylanıb dedi ki, Zeynəb bacı, getmirsən evə? Dedim
ki, ayaqlarım tutmur. Gedə bilmirəm nədənsə...
Bir də
məhəlləyə
girəndə gördümki, təcili yardım
maşını dayanıb, hamı da mənə baxır...
Dedilər ki, o təcili yardım maşını Mehmanı xəstəxanaya
aparır... Əlimi atdım saçlarıma haray, nalə
çəkdim... Yaşadığımız məhəllədə
qonşuların ümumi xeyir-şər mağarı var idi.
Mehmanı ora aparıb uzatdılar masanın üstünə...
Odur eeee... 2 metr hündürlükdə boyu olan balamı,
qanın içərisində, səsiz-səmirsiz
uzatmışdılar...
... Dostları onun
ölüm anından danışdılar, dedilər ki,
Ağcakənd-Talış istiqamətindəki postda
dayanıblarmış. Gecə hamı yatıb.
Mehman çox ayıq oğul idi. Yanından quş da səkə bilməzdi. Birdən uşaqlara deyib ki, deyəsən,
çadırın qabağından kimsə keçdi. Yanındakı uşaqlar çıxıb həmin
yerləri yoxlamaq istəyəndə, kimsəyə icazə
verməyib. Deyib ki, “birdən mina qurarlar, tələ
düzəldərlər, partlayar, düşərsiniz minaya...
Sizin evinizdə bir sürü gözləyəniniz
var. Özüm gedim, yoxlayıb gələcəyəm”.
Ayaq izləri olan yerə gəlib çatanda, minanı
görüb tez gerı atılıb, lakin mina partlayıb, mərmi
ayağının şah damarına dəyib. Yanındakı
döyüşçülər maşın tapıb onu xəstəxanaya
çatdırmaq istəyiblər. Yolda
döyüşçülərdən biri deyib ki, Mehman,
qorxma, azca qalıb, çatırıq, indi səni
sağaldacaqlar... Mehmanın axır sözü,
“qorxmuram, qorxmuram....” olub. Balam son nəfəsində
mənə iki kəlmə söz yadigar qoyub getdi. Mənim
qorxmaz, qəhrəman balalarım...
Oğlum Ağcakənddən Naftalana gələnə qədər,
qanxmadan həyatını itirib...
Zeynəb xanım evdar qadın olsa da, sinədəftərdir. Azərbaycan
folklorunu gözəl bilir. Özü də
şeir yazır. Oğul dərdi onu ağı deyən, qan
ağlayan bülbülə çevirib. Həmin o 1 iyul günündən
başlayaraq Mehmanı, Vətəni, qəhrəmanları vəsf
edən şeirlər yazmağa başlayıb.
Vətəni
çox sevən igid Mehmanım,
Vətənin uğrunda canından keçdi.
Aprelin 1-də
dünyaya gəldi,
İyulun
1-də dünyadan köçdü...
Hər
yerdə Mehmanı aradı, oğlunu axtarmaq üçün
döyüşdüyü səngərlərə getdi, əli
ona yetməyəndə, oturub dərdlərini bayatıya
çevirdi:
Məktubu
ağ saxlaram,
Yazmaram, ağ saxlaram.
Bir də
evimə gəlsən,
Yüz il qonaq saxlaram...
Ancaq ana nə
biləydi ki, bir də 24 ildən sonra, sinəsinə yenə
oğul dağı çəkiləcək, yenə həmin
Talış istiqaməti, yenə həmin gülləbaran, yenə
həmin yara vurulacaq qəlbinə...
Vaqif Dilqəm
oğlu Bayramov 1986-cı ildə Naftalan şəhərindəki
İmadəddin Nəsimi adına 1
saylı orta məktəbin 8-ci sinfini bitirəndən sonra C.
Naxçivanski adına Hərbi Liseyə daxil oldu. 1997-ci ildə
həmin təhsil ocağını bitirib, Bakı Ali Hərbi Birləşmiş
Komandirlər məktəbində təhsilini davam etdirdi, oradan
2001-ci ildə motoatıcı ixtisası üzrə məzun
oldu.
2003-cü ildə leytenant rütbəsi ilə hərbi
xidmətə başladı. İllər
ötdükcə, o da pillə-pillə qalxdı, tağım
komandiri, tabor qərərgah rəisinin tərbiyəvi işlər
üzrə köməkçisi, 2014-cü ildən etibarən
isə N saylı hərbi hissədə bölmə rəisi vəzifəsində
çalışdı. Hər zaman ön
cəbhədə xidmət etdi, çətinliklərdən
qorxmadı. Onu hamı sevirdi,
çünki gülərüzü, xeyirxah qəlbi, dostlar
üçün açıq könlü var idi. O,
insanlara yaxşılıq etmək üçün gəlmişdi
dünyaya. Uşaq yaşlarından güllə,
top, atəş səsləri altında
böyümüşdü, onun qəlbinin dərinliyində Vətənin
müdafiəsində həlak olan dostlarının, əsgərlərin,
tanıdıqlarının, şəhid analarının,
qardaşı Mehmanın ağrısı var idi.
Aprelin 1-i qardaşı Mehmanın doğum günü
idi. Bu günü həmişə ailəliklə
süfrə başına yığışıb, Mehmanı
yad edirdilər. O, bir dəstə gül alıb, Səhidlər
xiyabanında uyuyan qardaşını ziyarət etdi. Sonra evə gəldi. Təzə
mənzilə 1 ay idi ki, yığılmışdı, ailəsinə,
ata-anasına yaxın yerdə yaşayırdı.
İşlədiyi hərbi hissə də, bu ocaqdan məsafə etibarı ilə
çox uzaqda deyildi. Qardaşının məzarını
ziyarət edəndən sonra, evinə getdi. Əslində evə getməkdə məqsədi,
uşaqlarını, ailəsini sonuncu dəfə doyunca
görmək idi. Çünki bilirdi ki, rəhbərlikdən
aldığı tapşırıq ağırdır,
düşmənlə üzbəüz döyüşə
gedəcək. Uşaqları, ata-anası ilə
görüşüb dedi ki, Ünarahat olmayın, təlimlərimiz
başlayıb, bir neçə gün evə gəlməyəcəyəm”.
Əslində bütün hərbçilərin
ailələri “təlimdəyəm” sözünün mənasını
yaxşı anlayırdılar. Bir də
ki, Naftalan düşmənlə təmas xəttində yerləşdiyindən,
bu yerin camaatı top-güllə, atəş səslərinə
öyrəncəli idilər.
Aprelin 1-dən
2-nə keçən gecə atəş səsləri
intensivləşəndə, qohum-əqraba, dost-tanış
narahat olmağa başladı, Nuranəyə zəng vurub ondan
Vaqifi soruşdular, o da hamını arxayın salıb dedi ki,
Vaqif döyüş bölgəsinə
gedən deyil, axı o siyasi işlər üzrə işləyir...
Aprelin 5-nə
qədər Nuranə, Zeynəb xanım, bacısı Məlahət
intizarda qaldıqlarından, tez-tez Vaqiflə telefon əlaqəsi
saxlayırdılar, onun gümrah səsini eşidəndə
isə sevinirdirlər. Həmin vaxt Vaqifdən
dostları da xəbər tuturdular. Onlardan biri Amerikada yaşayan Saşa
idi. İndi bu yazdığım sətirlər, kapitan Vaqif
Bayramovun Saşa ilə son
danışığındandır:
“Hər
şey inşallah yaxşı olacaq.Dayandırmasalar, düz
Xankəndə qədər gedəcəyik...”...
Bu əməliyyatlarda Vaqifin yanında gənc əsgərləri
və dostları həlak oldular. O, laçınlı Ulvin Məmmədovun
qəhrəmanlığını, sumqayıtlı Şulan
Bayramovun şücaətini gözləri ilə gördü.
İrəlilədikcə, geri aldıqları ərazilərin
qələbə sevincini birlikdə yaşadılar.
Ülvinlə Şulanın bir andaca, düşmən tərəfindən
atılan mərmi atəşindən həlak olduğunu
görüncə, dəhşətə gəldi. Bir az bundan əvvəl Ülvinin əlində
rabitə aparatı, “Azərbaycan” mahnısı oxuyurdu... Bu ağrılı anlar yaddaşına həkk
olundu. Elə həmin anda qardaşı Mehman gəldi
gözlərinin qabağına...
Sonra növbəti tapşırıq alaraq, yenə də
irəliləməyə başladı. Bu yerləri
yaxşı tanıyırdı, ona görə dədöyüşüçləri
daşıyan avtomobili özü idarə edirdi. O, qəfildən
əyləci basıb, maşını saxladı, bu vaxt
yüngül qəza ilə ötüşdülər. Onları irəlidə erməni tərəfindən
quraşdırılmış minadan qısa bir məsafə
ayırırdı. Döyüş
dostlarına xətər dəyməsə də, Vaqif
yüngül yaralandı. Aprelin 5-i,
günorta vaxtı üz-gözünü təmizləmək
və paltarlarını dəyişmək üçün
evinə getdi. Bu dəfə Nuranə onu hirsli
gördü, çəkinə-çəkinə ərinə
dedi ki, “artıq atəşkəs elan edilib, bəlkə
döyüşə getməyəsən?”.
Vaqif onun bu sözünə acıqlı-acıqlı cavab verdi:
- 1-2 saat
yorğunluğumu alım, məni tez oyat, getməliyəm, əsgərlər
orda təkdir, mənsiz bacarmazlar... Bərkitmə
əməliyyatı görmüşük, qüvvəmiz
azdır. Talışı gei
almışıq, indi o boyda əziyyətdən sonra
oraları boş qoymaq olmaz.
Elə yemək yediyi yerdə Vaqifin telefonuna zəng gəldi. Zəng edənlər
baş leytenant Qabil Orucəliyev, Cavid Dədəkişiyev və
Adil Adilzadənin dayandıqları ön postlarda şəhid
olduğunu söylədilər...
Dostlarının şəhid
olmasını eşidən Vaqif uşaq kimi ağlamağa
başladı. Bu vaxt balaca oğlu Ümid onun yanına gəldi.
Oğlunu
qucağına götürüb bağrına
basdı və başını
sığallayaraq dedi:
- Ümid
balam, indi mən
ölsəm də dərdim olmaz, sən mənim adımı,
soyadımı daşıyacaqsan, bacılarına, anana
arxa-dayaq olacaqsan...
Ərinin
bu sözlərini eşidən Nuranə gözləri
yaşarmış halda ona yaxınlaşdı, Vaqif həyat yoldaşının nə
demək istədiyini anladı və kədərli-kədərli
üzünə baxıb:
-
Sözdür də deyirəm, mən sizi heç vaxt tək
qoymaram... Nuranə, narahat olmayın, mənim orda əsgərlərim
var, ön cəbhədə olmalıyam, bu gecə məni
gözləməyin, ola bilsin ki, sabah gələcəyəm...
Vaqif qapıdan çıxdı. Bu dəfə
uşaqlarını qucaqlayıb görüşmədi...
Qızı Zeynəb pilləkənin başına gəlib,
“ata niyə bizi öpməmiş gedirsən?” soruşanda,
“qızım, tələsirəm, qayıdanda sizi öpəcəyəm”cavabını
verdi və maşınına oturub getdi. Zeynəb
də eyvanın pəncərəsindən əl edərək,
atasını yola saldı.
Aprelin 6-sı Nuranə ilə danışanda Vaqifin
dünənki hirsindən əsər-əlamət yox idi. O, sevinə-sevinə Nyranəyə
deyirdi: “4 nəfərləermənilərdə olan digər
postları da geri almışıq”.
Vaqif qərərgahın
idman mütəxəssisi və iki əsgərlə
yeni tutduqları mövqelərdə dayanmışdılar . Artıq atəşkəs elan olunmuşdu. Çox rahat nəfəs alırdılar. Lakin onların ürəyindəki
irəliyə getmək istəyi heç birinə rahatlıq
vermirdi.
Gecənin
bir aləmində
Vaqif hiss etdi ki, buralardan kimsə keçdi... 24 il
bundan əvvəl qardaşı
Mehman da dayandıqları yerdən ermənilərin
keçdiyini hiss etmişdi. O dəqiqə hərbçi
intiusiyasını işə saldı. Ətrafa baxıb,
qısa təhlil aparandan sonra, belə nəticəyə gəlir
ki, ermənilər meydanı boş görüb, postları geri almaq
üçün yenidən hərəkətə
başlayıblar. Vaqif
bu zaman geri
aldıqları 3-cü postda dayanmışdı. Silah-sursatını götürərək,
irəliyə getdi, arxadan gələn
döyüşçü dostuna dedi ki, onları qabaqlamaq
lazımdır...
Özü
üzbəüz erməni ilə döyüşə girdi,
sona qədər döyüşdü, gülləsi qurtaranda
isə avtomatın qundağı ilə vuruşmağa
başladı... O, təkbaşına
döyüşür,qardaşı
Mehmanın, ötən 4 gün ərzində
gözünün qabağında şəhid olan əsgərlərinin
qisasını alırdı.
Əsl zabit kimi son nəfəsinə qədər
döyüşüb, qanlı meydanda tək qaldı və
düşmən gülləsindən aldığı
ağır yaralardan sonra Vətən torpağında ruhunu
Tanrıya tapşırdı... Qardaşı Mehmanın
yanına ucaldı...
Nuranə
günorta saat 4-ə qədər Vaqifə zəng etsə də,
telefonu açan olmadı... Sonra eltisi zəng vurub dedi ki, Vaqif
yaralıdır, özü də ki, neytral zonada qalıb. Bu sözləri eşidəndə, Nuranənin
ayaqları yerdən üzüldü.
Nuranə
həmin ağrılı anlardan danışır:
-
Sözün həqiqi mənasında elə bil ki, ayaqlarım
sındı, ümumiyyətlə taqətim qalmadı. Gücüm tükəndi və mən yerə
çökdüm. Yerə
yıxıldığımı görən Ümid və
Aylin də ağlayırdılar. Yenə Vaqifin telefonunu
yığdım, xeyli zəng gedəndən sonra, onun
telefonunu söndürdülər... Başladım
yıxıldığım yerdə Allaha yalvarmağa ki, nə
olar mənə taqət ver, yerdən dura bilim...
Fikirləşirdim
ki, evdən çıxıb Vaqifin olduğu yerə gedəcəyəm...
Sonra qardaşım gəlib bizi əvvəlki evimizə-
qayınanamgilə apardı... Qızım da deyirdi ki, ana, ağlama,
bizim atamız gələcək, o, heç vaxt ölə bilməz...
Onu sağ görmək, sağ qarşılamaq ümidi ilədüz
5 gün gözlədik...
Həmin təlatümün, dərdin, intizarın
içində necə oldusa, mürgülədim. Birdən yuxumda bir qadın
səsi eşitdim, qeybdən gələn səs mənə deyirdi: “Vaqifdən
nigaran qalma, o, indi göylərdədir, yeri
yaxşıdır, narahat olma...”.
Tez
ayıldım... Yenə Allaha yalvardım ki, Vaqifimi mənə yetir,
Vaqifimi mənə gətir... Aprelin 9-da Vaqiflə
tanışlığımızın 9 ili
tamam olurdu. Fikirləşirdim ki, harda olsa, özünü
yetirəcək, ancaq ondan xəbər gəlmirdi ki, gəlmirdi...
Aprelin
11-də isə Vaqifi Vətən bayrağına
bükülü tabutda gətirdidlər... Zeynəb
xalanın, Dilqəm dayının qapısına ikinci şəhid
tabutu göndərilmişdi...
Məlahət Zeynalova 4 qardaşın bir
bacısıdır. Hər gün
anasının-atasının yanına gəlir. Onları tək qoymur. Həmin ağır
günləri göz yaşları ilə xatırlayır:
- Bəlkə
də dünyanın ən bədbəxt bacısı mənəm,
iki qardaşım Vətən yolunda şəhid
olub...Qardaşlarım Ədalət, Polad üçün də
çox çətin sınaqdır. İki əziz qardaşını
itir, sonra onların balalarını hər gün ovundur
görüm, necə ovundurursan... Allah anamı, atamı,
qardaşlarımı, məni çətin imtahana çəkdi.
Anam Vaqifin sağ olduğu xəbərini gətirən adama
barmağındakı üzüyü muştuluq
demişdi. 7 qurban dedi, gecə-gündüz
yandı, yaxıldı... Anam hələ
də o üzüyü barmağına taxmır, deyir ki,
Mehmanın üzünü görmüşdüm, Vaqifi mənə
göstərmədilər...
Aprelin
11-də gətirdilər tabutu... Artıq atam da,
anam da yaşlı insanlardır. Bala dərdini
Allah heç kimə göstərməsin. Mehmanın ölüsünü
görmüşdü, qucaqlamışdı, öpüb,
qoxlayıb sakitləşdirmişdi özünü. Vaqifin tabutunu açmağa icazə vermədilər.
Qəbrini qazıb, ağ kəfənə
bükülmüş qardaşımı torpağa verəndə,
gəlinimiz Nuranə də, anam da, qardaşım da qəbrin
içərisinə girdilər. Anam qolunu kəfənin altından
salıb Vaqifi qucaqladı, qoxuladı, ürəyinə
çəkdi nəfəsini...Başdan-ayağa öpdü
onu... Dedi ki, “mən onsuz da, daha ölmüşəm,ruhum buradadır, elə o torpağı
tökün üzümə, məni buradan
çıxarmayın, oğlum ilə birlikdə dəfn
edin...”.
İndi
deyir ki, “ruhumu Vaqifin qəbrində qoyub gəlmişəm, gəzdirdiyim
quru cəsəddir”... Gecəni
sabaha qədər yatmır, üzünü divara çevirib,
telefonda Vaqifin
şəkillərinə baxıb, ağlayır...
Vaqif Dilqəm oğlu Bayramov Azərbaycan
Ordusunun zabiti idi. O, torpaq üçün canından keçdi,
erməni ilə vuruşdu ki, uğrunda qanlar tökülən
Talış yüksəkliyini əldən verməsin...
Məlahət
Zeynalova:
“Evimizin pəncərəsindən
görünən Tap Qaraqoyunlu kəndi daim düşmənin
hədəfində idi. Düşmən yüksəklikdən
böyük bir ərazini nəzarətdə saxlayırdı,
əsasən də mülki şəxsləri rahat
yaşamağa qoymurdu. Düşmənlərimiz
xəyanətkar idilər, onlar dinc əhaliyə də
güllə atırdılar, torpağa bağlı
insanları təsərrüfatla məşğul olmağa
qoymurdular. Amma biz o yüksəklikləri
geri qaytardıq. İndi Madagiz-Talış
istiqaməti bizim nəzarətimizdədir. Bu ərazilərin
alınmasında
digər oğullarımız kimi,
qardaşımın da qanı tökülüb...”.
2016-cı
ilin aprel ayında
vətənimizə şərəfli tarix yazan, Azərbaycan Ordusunun zabiti Vaqif
Bayramov haqqında xatirələri ipə-sapa
düzdükcə, qurtarmır. Zeynəb ana ilə
Vaqifin doğulub boya-başa çatdığı ocaqda
söhbətimizi yarımçıq qoyub, onun heç 1 ay
yaşaya bilmədiyi yeni evinə gedirik. Zeynəb ana
çox çətinliklə dördüncü mərtəbəyə
qalxır... Fikirləşirəm ki, evə dönəndə
ürəyi və böyrəkləri, ayaqları xəstə
olan iki şəhidin anası və xəstə şəhid
atası bu yöndəmsiz pilləkanları necə
qalxacaqlar...
Vaqifin ailəsinin
yaşadığı
evin hər küncündən onun
böyüdülmüş
portreti boylanır. Nuranə qayınatası və qaynanasını
hörmətlə evin yuxarı başına keçirir.
Dilqəm dayı gündə bir neçə dəfə gəlib qonşuluqda
yaşayan nəvələrini yoxlayır, ona görə də
nəvələri onu hamıdan əvvəl dövrəyə
alırlar. Biz isə bir kənara çəkilib,
gəlinlə söhbətimizi davam etdiririk. Nuranə
deyir:
- Mənimlə
Vaqifin tanış olmasından da yazın,
istəyirəm ki, tarixləşsin, kitablarda qalsın
eşqimiz.Vaqiflə bizim taleyimizi Tanrı
yazmışdı. Zabit kimi işləməyə başlayandan sonra
Vaqif dostuna deyir ki, evlənmək istəyir. Dostu da məni, ona ən yaxşı namizəd kimi
göstərir. Vaqif gülə-gülə deyir ki, o
qız böyüyüncə, mənim uşağımın
5 yaşı olacaq... O zaman mən 7-ci sinifdə oxuyurdum.
Günlərin
birində mən 11-ci sinifdə oxuyanda, Vaqif yenə bizim
qonşuluğumuzdakı dostunun yanına gəlmişdi.
Biz həmin gündə təsadüfən
onunla qarşılaşdıq. Vaqif məni qonşudan
soruşanda, dostu deyir ki, 5 il bundan əvvəl
bəyənmədiyin həmin qızdır. Hətta
dostunun toy diskinə baxanda, görürülər ki, ikimiz də
gəlinin başı üzərində tutulmuş Quranın
altından yanaşı keçirik. Lakin mənim
ailəm bu evliliyə razı olmadı, bu səbəbdən də
11-ci sinifi bitirməmiş, aprel ayının 9-da Vaqifə
qoşulub qaçdım. Zeynəb bibi məni
öz qızı kimi sevdi, qayğıma qaldı, bilmədiklərimi
öyrətdi mənə. 2008-ci ildə ilk
övladımız Zeynəb gəldi dünyaya, sonra Aylin
doğuldu, Ümid sonbeşiyimiz oldu... Çox
xoşbəxt idik. Gələcək xəyallarımızı
qururduq... Mənimlə Vaqifin arasında 10 il
yaş fərqi var idi. Ötən illər ərzində
mən onun sevgisi ilə böyüdüm.
2016-cı
il martın 10-da Ümidin doğum
gününü restoranda qeyd etdik. Onda dedi ki, kiçik toyunu
elə çaldıracağam ki, dillərdə dastan olsun...
Toy
çaldırmadı, ancaq özü tarixlərə dastan
yazdı... Zeynəb atasının məzarının
başına gedir, oraya məktublar yazıb qoyur. Gündəliyi
də var, ancaq gündəliyini bizə vermir...
Mən Zeynəbi gözlədim. Dərsdə idi.
Dərsdən gələndən sonra hər iki gül
parçası Zeynəb və Aylinlə tanış
oldum. Sonra Zeynəbi dilə tutdum, gündəliyini
istədim. Hərdən belə də olur,
hətta balaca uşaqlar da öz sirlərini mənimlə
bölüşürlər. Ancaq Zeynəbə dedim ki, onun gündəliyində
yazdıqlarını kitaba köçürəcəyəm,
çünki kitaba yazılanları mələklər
qanadında göylərə aparırlar. O dəqiqə məndən
soruşdu ki, kitaba yazılsa, atam onları eşidərmi?
Çox rahatlıqla dedim ki, Zeynəb, ata səni eşidir,
kitaba yazdıqlarımızı isə lap tez eşidəcək.
Sevincək gündəliyini açıb mənə
göstərdi. O gündəlikdə yazılan bəzi sətirləri
Tanrı dərgahındakı Vaqifə
ismarlayıram:
“Ata, mən
səni çox istəyirəm... Amma sən bizi qoyub getdin...
Ata, mən sənin üzünə deyə bilmirəm... Ancaq mən bura yazıram. Sən gələndə,
sənə deyəcəyəm... Mən əməliyyata
girdim. Sən mənim əlimdən tutmuşdun... Mən
„operasiya“dan çıxanda, sən mənim əlimi buraxıb
getdin və dedin: hər şey yaxşı olacaq... Mən
yuxudan duranda əlimi buraxıb dedin ki, indi mən gedirəm
şirinim...
... Hə
uşaqlar, mənim atam, Vaqif atam gələndə, mən bunu
ona oxumağa verəcəyəm...
...Gəl
ata, mən səni istəyirəm...
...Mən
istəyirəm ki, sən gələndə, mən sənə
sevincimdən ATA VAQİF deyəm...
...Ata VAQİF yadındadır, sən həmişə mənə
“şirinim” deyərdin. İndi sən getdin. Amma
mən inanıram ki, sən gələcəksən. Sən
gedəndən, mənim az qala ürəyim
partlayır. Mən bütün valideynləri
görüb, deyirəm ki, mənim atam niyə gəlmir?
Allahım,
sən bilirsən ki, atamı özün aparmısan... Və
o mənim gözəl atam idi...
Ata mənim
sənə bir sözüm var: onu sən gələndə,
deyəcəm... Amma bu söz çox önəmlidir.
Bu söz gəlmək haqqındadır. Deyim? Yoxsa yox?! Amma deyəcəm. Pisinə gəlsə də,
deyəcəm: Səndən küsmüşəm... Ona
görə küsmüşəm ki, sən evə gəlmirsən...
Ata sənin getdiyin ikinci ildir. Artıq 10 yaşım keçir...
sənin il mərasimində şeir
oxudum... hamı mənə baxıb deyirdi ki, o qızın
atası yoxdur... Mən də hirslənirdim...
Ataaaaaa....
nə olur gəl, mən çox darıxıram, əvvəlki
xatirələrimizə, günlərimizə
darıxıram...
“Ata,
ata...” yazanda elə qışqırmaq istəyirəm ki...
İstəyirəm ki, əlini mənə vurasan... İstəyirəm
ki, qapımızı döyəsən... və səni
qucaqlayım... bu gündəliyimi açanda da, sən
qapını döy və mən bu yazdıqlarımı sənə
oxuyum...
Nə
bilim, bax, indi-indi ürəyimi boşaldıram...ata, bu gün
mənim ən pis günümdür...”.
Mən
inanmıram ki, dünyanın harasındasa, hansısa bir
uşaq bundan sonra belə bir məktub yaza bilsin... Müharibələr
olmasaydı, nə gözəl olardı... O müharibəni
fikirləşən böyük güclər belə körpələrin
göz yaşlarına necə qıyırlar? Mən istəyirəm
ki, bu məktubu dünya liderləri oxusunlar. Bəlkə
Zeynəb kimi uşaqların göz yaşları soyuq qəlbləri
isidə bilər...
10
yaşlı Zeynəbin nənəsi Zeynəb xanım isə
deyir ki, “Mən sülhə səs verirəm”,-
bu şeiri o Vaqifi dəfn edəndən sonra yazıb...
Mən
sülhə səs verirəm, qoy cavan anaların
Bir gecənin içində saçları
ağarmasın.
Mən
sülhə səs verirəm,təzə gəlinlərimiz
ağ
donunun üstündən qaralar bağlamasın.
Mən
sülhə səs verirəm, qoy şəhid anaları
tabutun
qabağında tərsinə oynamasın.
Mən
sülhə səs verirəm, Mehmanımın xınası
əlinə-ayağına yasında yaxılmasın.
Mən
sülhə səs verirəm, gəlinimiz Nuranə
3 körpə balasını atasız saxlamasın.
Mən
sülhə səs verirəm, oğlu ölən ananın
gözaltı etdiyi qız, yada qismət olmasın.
Mən
sülhə səs verirəm, bütün Yer kürəsində
Müharibə olmasın, düzənlər
dağılmasın...
Bu şeir Vətən torpaqlarının
azadlığı uğrunda iki
əziz oğlunu şəhid vermiş QƏHRƏMAN ANANIN iniltisidir.
Ağrı-acı çəkmiş ananın müharibəyə,ayrılığa,
haqsızlığa hayqırtısıdır...
Aida Eyvazlı
Üç
nöqtə.- 2018.- 28 fevral.- S.7.