Rafiq Hümmət və ya tale şairi

 

Gördünmü, şeirmiş bu çəkdiyin ah,

Ahı çəkdirənə təşəkkür eylə.

Səni sevgi ilə böyüdüb Allah,

Otur Allahına min şükür eylə!..

 

Onu yaxından tanıyanlar, həyat tərzinə, şəxsiyyətinə bu və ya digər dərəcədə bələd olanlar yaxşı bilirlər ki, Rafiq Hümmət bu dünyaya şair gəlib. Və özü   bütün səmimiyyətilə əmindir ki, bu, taleyin (Tanrının!) təqdiridir...

 

Ahdı, çəkə-çəkə ölür,

Şairin ahı bilinməz.

Gecə-gündüzü qarışıq,

Axşam-sabahı bilinməz.

 

Yaşayır - dəli sayılar,

Ölər-heykəli qoyular.

Öz içinə sürgün olar,

Günahı-suçu bilinməz.

 

Baxtın önündə düz durar,

Tanrıynan üzbəüz durar,

Özü öz boynunu vurar,

Cəlladı- şahı bilinməz.

 

Rafiq Hümmətin, görünür, xüsusilə uşaqlıq, gənclik illərində qələmə aldığı (yaşadığı!)  çoxlu şeirlər var ki, həm eyni mövzudadır, həm də mövzuca məhduddur; görürsən ki, zahirən hər şey, şeirin, demək olar ki, bütün texnoloji vasitələri öz qaydasındadır, ancaq “içinə qapılmaq”dan irəli gələn mücərrəd metafizika imkan vermir ki, şair hissləri, düşüncələri həmin mücərrədliyi aşıb tələb olunan (və  özünəməxsus!) idyea-estetik miqyası alsın. Məsələn, Rafiq Hümmət deyəndə ki,

 

Mən də bezdim bu dünyadan,

Mənim də tükəndi ahım.

Hər gecə keşik çəkirəm,

Birdən açılmaz sabahım.

 

Hər gecə keşik çəkirəm,

Düşmən yox əli silahlı.

Söz daha namərd gülləsi,

Hamının dili silahlı.

 

Söz daha namərd gülləsi,

Kürəyini qoruyan yox.

İçimi qan alıb gedir,

Yaylıq alıb sarıyan yox, - əlbəttə, şübhə eləmirsən ki, bu misralarda, onların poetik ritm-intonasiyasında şair nəfəsi, şeir havası var, ancaq ona da şübhə yoxdur ki, əsl şeirin özü bütün dolğunluğu ilə görünmür, hansısa hisslərin- duyğuların bir-birindən rəngcə o qədər də seçilməyən (və çox-çox uzaqlarda görünən) xaotik bir “mənzərə”si,  yaxud qarışıq “siluet”i mövcuddur... Kimsə etiraz edə bilər ki, bu “ovqat şeiri”dir və bu cür şeirlərdə duyumların pərakəndəliyi təbiidir, ancaq mənə elə gəlir ki, belə pərakəndəlik hələ adi insan duyğusallığı deməkdir. Əsl Şeir (və Şair!) isə əslində,  bundan sonra başlayır...

 

Və fikrimizcə, Rafiq Hümmət o şeirlərində böyük şairdir ki, orada hissin, düşüncənin həm ünvanı, həm də ictimai miqyası göz qabağındadır:

 

Kommunizm oxşayırdı özünə,

Xəstəyə dərman verirdi,

Yoxsula əppək.

Fəhləyə maşın verirdi,

Kəndliyə eşşək.

Eşşəyə saman verirdi,

Arıya pətək.

 

Kommunizm oxşayırdı özünə,

Adı da, şöhrəti də,

Lütfü də, hörməti də,

Ən yağlı dilimi də,

Sürgünü də, ölümü də

Öncə şairlərə verirdi dövlət.

Kommunizm oxşayırdı özünə,

Zülmdən keçirdi gerçək şairlər,

Ölümdən keçirdi gerçək şairlər,

Elə ölə-ölə böyüyürdülər.

 

Amma bu nə quruluşdu - bilmirəm,

Sözü olmayanın özü böyüyür,

Sifəti böyüyür, üzü böyüyür,

Şeirdən yüz fərsəng aralı olan

Şair olub yeyir bizi... böyüyür.

 

XX əsrin sonu, XXI əsrin əvvəllərində kommunizm ideologiyasının  çökməsilə postsovet cəmiyyətində, xüsusilə onun mənəvi-ruhi həyatında baş verən təbəddülatlar öz ifadəsini bu şeirdə yalnız böyük şair səmimiyyətilə deyil, həm də mütəfəkkir düşüncəsi miqyasında tapmışdır.   ümumiyyətlə, Rafiq Hümmətin bütün şeirlərində, bütövlüdə poetik təfəkküründə incə, zərif bir  filosofluq var...

 

Çimdik yad çaylarda, yad dənizlərdə,

Üzdük yad sularda, boyat sularda.

Gördük dümağ qızlar... hər şey üzərdə,

Gördük göz oxşayır həyat sularda.

 

...Üzdük yad çayların yad sularında,

Unutduq: bizim də öz çayımız var.

Sahildən-sahilə üzə bilməyən,

Bu çayda boğulan harayımız var.

 

...Sən yaxşı çimirsən yad suda, Rafiq,

Sən yaxşı üzürsən yad dənizlərdə.

Arazı o taya üzə bilmirsən,

Boğul dənizlərdə, bat dənizlərdə.

 

Araz (ayrılıq!) mövzusunda həm bu  tayda, həm də o tayda çox yazılıb, hamısı da ürəkdən gəlir və heç kimə sirr deyil ki, Azərbaycan poeziyasının damarlarında Araz axır... Ancaq Rafiq Hümmətin bu şeiri yüzlərlə, hətta minlərlə Araz mövzulu şeirlərin heç birini həm təkrar eləmir, həm də ideya-estetik məziyyətlərinə görə onların ən təsirlilərindən biridir.

 

Əlbəttə, dünyanın bütün dərdləri, ağrıları ilk növbədə şair ürəyindən keçir...

 

Yuxumu gözümdə dəfn eyləmişəm,

Ölüm də yatırtmaz məni bu vədə.

Mən şeir yazmıram...

açıb qəlbimi

Dərdimin şəklini çəkirəm, dədə.

 

Ancaq şair o zaman şair, şeir o zaman şeir olur ki, həmin dərdin, ağrının “rəsm”ini olduğu kimi çəkə, dərdin- ağrının “portret”ini yarada bilsin...

 

Eşirəm bir ömrü bir fikir üçün,

Fikrim gündən-günə dərinə çökür.

Rəssam - baxışların, bəstəkar səsin,

Şair - fikirlərin rəsmini çəkir.

 

İzaha ehtiyac varmı ki, burada “fikir”də, “fikirlər”də “düşüncə” yox, “dərd” mənasındadır?.. Və “fikir çəkmək” elə “dərd çəkmək” deməkdir...

 

Ancaq yenə də əvvəlki söhbətə qayıdırıq ki, şair nəyin fikrini (dərdini!) çəkir?.. Əgər bu, dünyada şair kimi qalıb-qalmamağın nigarançılığıdırsa, Rafiq Hümmətin bu barədəki  mükalimələr”i (həm də tez- tez həmin mövzuya qayıtması), görünür, artıqdır...

 

Təzə söz deyəmmirəm,

Köhnələr deyib gedib.

Allahı, peyğəmbəri

Dahilər öyüb gedib.

 

...Dünyaya bildir gəlib

Və ya min ildir gəlib -

Nə qədər şair gəlib,

Bəxtini söyüb gedib.

 

Birincisi, nə olur olsun, “şair yaranan, ömrə peşman ola bilməz” (S.Vurğun), ikincisi isə aşağıdakı misraların müəllifinə şair taleyinin “fəlsəfə”sini  izah etməyə lüzum yoxdur - o, bunu nəinki təhtəlşüur olaraq hiss, eyni zamanda bir mütəfəkkir olaraq dərk edir:

 

...Elə ki gördülər sözün ötəndi,

elə ki gördülər ünün yetəndi,

elə ki bildilər dərdin-azarın

yaralı millətdi, bölük vətəndi...

Vay-vay... ulaşacaq it oğulları,

ətbaş gədələrin ət oğulları

öncə kəsəcəklər sözünü sənin...

 

...Və …illər üstünə illər gələndə,

tufanlar qopanda, sellər gələndə

dönüb özün boyda heykəl olanda,

ayağın altına güllər gələndə...

Vay-vay... o biclərin bic nəvələr i,

yaltaq nəvələri, gic nəvələri,

ya ölüm günündə, ya ad günündə

yüyürüb siləcək tozunu sənin.

 

Ona görə də Rafiq Hümmətin “dərdimi mələk də qanmaz”, “ölsəm də heç kim inanmaz”, “tez- tez tələyə düşürəm, yan-yörəm tələdi mənim” deyib şair taleyindən, yaxud taleyin şairliyindən gileylənməsi “təqdiri-Xuda” qarşısında günahdı... 

 

Ancaq yaxşıdır ki, şairin bu “hərdəmxəyallığ”ı baş qaldırdıqca tale missiyasının məsuliyyəti də artıb həmin “hərdəmxəyallığ”ın meydan sulamasına çox da imkan vermir. Və Nəsimidən, Füzulidən, Vaqifdən, Sabirdən, Caviddən, Vurğundan gələn  taleyin davamçısı, missiyanın daşıyıcısı olduğunu  səmimiyyətlə dərk (və qəbul!)  edir...

 

Canım tayqa boranında, könlüm Sibir sürgünü,

Öz içimin işığında qızınmaqdan doymuram.

Mən ruhumun libasıyam, sözlərim də eşqimin,

Eşqimi sözlərə büküb üşüməyə qoymuram.

 

...Mən mey içdiyim piyalə nə şüşədi, nə saxsı,

Yol gedirəm, nə olsun ki, arxa oddu, qabaq su.

Baxışını məndən döndər, ay qaramat dabbaxçı,

Dərisi soyulan mənəm, mən ha dəri soymuram.

 

Rafiq Hümmət içinə qapananda nə qədər mücərrəd, nə qədər “darıxdırıcıdır”sa, içindən qopub özünə (və dünyaya) kənardan baxanda o qədər konkret, ünsiyyətcil və cəlbedicidir... Elə ki taleyində tərcümeyi-halını, tərcümeyi-halında taleyini gizlətmir, az qalır  şedevrlər yaratsın...

 

İki vətənim var, ay sarı gözəl,

Biri-Azərbaycan, biri-Gürcüstan.

Birində şərab çox, birində çiçək,

Mən nə şərabçıyam, nə də gülsatan.

 

Mənim tək vətənli bir qiyafəm var,

Bakıya, Tiflisə qonur yuxum da.

Sinəmi tək güllə dəlib keçmədi,

Nə Xanın kəndində, nə də Suxumda.

 

Əgər xoşbəxtəmsə - iki dəfə çox,

Nə olsun - orda da, burda da təkəm.

Mənə Tanrı yazıb: orda İsanın,

Burda Məhəmmədin dərdini çəkəm...

 

Əgər mənə desələr ki, bugünkü  poeziyada yurd  sevgisinə səciyyəvi bir misal göstər, tərəddüd etmədən Rafiq Hümmətin “Borçalı”sını yada salardım. O “Borçalı” ki, onun hər misrasında hər cür “diplomatiya”dan uzaq uşaq səmimiyyəti, təbii övlad məsuliyyəti var...

 

Şuşaya, Sulduza qurban gedərəm,

Göyçəyə, Təbrizə qurban gedərəm,

O çölə, o düzə qurban gedərəm,

O çöldə, o düzdə yaşaya bilməm.

 

Sevgimi pafosla söyləyim deyə,

Dırmaşıb çıxmaram uca kürsüyə.

Hər səhər burdanca baxaram göyə,

Gur lafda, boş sözdə yaşaya bilməm.

 

Səndə layla deyir mənə ulduzlar,

Bir duyğu yazmağa min cür sözüm var.

Mənim nə yüz üzüm, nə yüz gözüm var,

Yüz üzdə, yüz gözdə yaşaya bilməm.

 

Rafiq Hümmət kimi dərin hissiyatlı, geniş dünyagörüşlü bir şairin indiyə qədər ikicə şeir kitabı nəşr olunub, halbuki hər  il bir-iki kitabı çıxmalıydı ki, həm   yaradıcılığı cilalansın, həm də poeziyamız zənginləşsin...

 

Neçə illərdir ki, Gürcüstanda gördüyü böyük işlər, Azərbaycanla Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsi sahəsində Rafiq Hümmətin xidmətləri, əlbəttə, hər cür təqdirə layiqdir, bununla belə bir məsələ var ki, bu işləri bu və ya digər səviyyədə başqaları da görə bilər, ancaq onun yaşadığı şair taleyini ondan başqa heç kim yaşaya bilməyəcəyi kimi, onun yazdığı gözəl şeirləri də ondan başqa heç kim yaza bilməz...

 

 

Nizami CƏFƏROV

Üç nöqtə.- 2018.- 3 iyul.- S.12