Oskar”
mükafatını qazanmaq mənim arzum deyil, məqsədimdir”
Sevinc Səfərova:
“Hər bir kəs Amerikada kitab çap etdirə bilməz”
Yazar
olmaq çətin və bir o qədər
də məşəqqətli peşədir, rejissor olmaq
dünyanı öz gözünlə görmək və ona əlvanlıq
qataraq tamaşaçıya çatdırmaq qədər
çətindir, prodüserlik isə insandan məharət və
səriştə tələb edir. Bugünkü müsahibimiz
ilk növbədə bir Azərbaycan xanımı Sevinc Səfərova
bütün bunları özündə ehtiva edir. Hazırla
ABŞ-ın Kaliforniya ştatında yaşayan həmyerlimiz
orada Beynəlxalq Mədəniyyət evinin rəhbəridir. Hansı ki, Los Angelosun göbəyində
qərar tutan bu mədəniyyət evində Azərbaycan mədəniyyəti,
mətbəxi, musiqisi təbliğ olunur. Qarşısına
AZərbaycanı Amerika kimi nəhəng bir ölkədə təbliğ
etməyi qoyan Azərbaycanlı yazar istəyinə
addım-addım yaxınlaşır. Burada işıq
üzü görən “Günah” adlı romanını tərcümə
elətdirərək Los Angelosun tanınmış kitabxanalarına,
nəşr evlərinə satılan Azərbaycanlı
yazarı vətənində qarşıladıq. Onunla
gördüyü layihələrdən və görəcəyi
işlərdən danışdıq.
Qeyd
edək ki, ölkəmizi okeanın o tayında təmsil edən
Azərbaycan xanımı “Ruhun
səsi”, “Kömək edin”, “Nə idi o günlər?” kimi
filmlərin rejissorudur. Sözügedən filmlərin ssenari
müəllifi də məhz özüdür. Sevinc Səfərova
2012-ci ildə ATV telekanalında yayımlanan “Şərq
ulduzu” layihəsini həyata keçirib. Azad Azərbaycan
Televiziyasında yayımlanmış olan “Azərbaycan mədəniyyəti”,
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Portet” kimi
verilişlərin ssenari müəllifidir. Eyni zamanda İctimai
Televiziyasında bir çox verilişlərin ssenaristi vəzifəsində
çalışıb. 2010-cu ildə ANS –də yayımlanan
“Həyat naminə”, “Tibbi yardım”, “Vidadi qəzəl gecəsi”
kimi verilişlərin layihə rəhbəri və ssenaristi
olub. “İki iz”, “Kölgə”, “Sən olmasaydın” (trilogiya),
“7 nömrəli mənzil”, “Ağla” kimi əsərlərin
müəllifidir. Müsahibimiz “Günah” romanının
müəllifidir. Onun bu romanı oxuculara 2016-cı ildə təqdim
olunmuşdur. O, bu romana görə “Zəka
isığında” milli dəyərlərin təbliğinə
yardım ictimai birliyi tərəfindən “Milli Zəka” diplomu
ilə təltif edilib.
-
Sevinc xanım, ölkənizə xoş gəlmisiniz. Sizi vətənə gətirən
səbəb nədir?
-
Xoş gördük. Məni ölkəyə gətirən səbəb
ilk olaraq vətən həsrəti, vətən sevgisi və
torpaq qoxusu idi. Los Angelos hər nə qədər gözəl
və cənnət diyarı olsa da ailə üzvlərimizlə
vətən üçün çox darıxdıq. Dedik ki,
gələk vətənimizin suyunu içək, küçələrini
gəzib havasını alaq, enerji toplayaq, həm də bizi sevən
dostlarımızla görüşək. Artıq bir neçə
gündür ki, Bakıdayıq. Özümüzü burda
çox xoşbəxt hiss edirik. Vətən həsrəti
bitməz deyirlər, doğurdan da elədir. Amerikada olanda vətənimiz
üçün burnumuzun ucu göynəyirdi, hətta şəhərimizin
küçələri, buradakı evimiz belə gecələr
yuxumuza belə girirdi.
- Nə
vaxta kimi burdasınız?
-
İnşallah hələ bir müddət burdayam. Bir az uzun
müddətli gəldim ki, bir sıra işlər
görüm. Bakıda həyata keçirmək istədiyim bəzi
layihələr var. Ondan sonra uşaqların təhsili
üçün və
oradakı layihələrim üçün
qayıdacağıq.
- Adətən
Amerikaya gedən, oradakı mühiti görən bir daha geri
qayıtmaq istəmir...
- Mən
bu fikirlə razı deyiləm. Çünki vətənə
bağlı olan bir insan onu tərk etməz. Amma məcburi səbəblərdən
biz Bakımızı, torpağımızı, ev-eşiyimizi,
isti ocağımızı tərk edib getdik. Buna öz səbəblərimiz
var idi. Kim öz vətənində, millətinin içində,
doğma insanlarının ətrafında, öz
torpağında yaşamaq istəməz ki? Dünyanın
hansı yerində yaşamağından, necə gözəl
həyat sürməyindən asılı olmayaraq heç nə
isti ocağın yerini vermir, onu əvəz edən bir şey
olmur. Bunu ancaq qəriblikdə yaşayan insanlar anlaya bilər.
-
Müsahibələrinizin birində “Oskar” mükafatını
Azərbaycana gətirəcəyinizi demisiniz. O günə
çoxmu qalıb?
-
İnşallah mən bunu Azərbaycan və ölkəmizin həmin
beynəlxalq film yarışmasında tanınması
üçün edəcəyəm. Düşünürəm
ki, bunu Azərbaycan üçün edən ilk qadın
rejissor-ssenarist olacağam. Təbii ki, bu addımı vətənimizdə
yaşaya-yaşaya etmək istərdim. Amma təassüf ki, bu
istəyim mənə nəsib olmadı. “Oskar”
mükafatını qazanmaq mənim arzum deyil, məqsədimdir.
“Günah” əsərimə görə, bu mükafatı
alacağımı düşünürəm. Çünki
işlədiyim mövzu həqiqətən də çox mənalı
və o qədər də
gözəl bir mövzudur. Nəinki ssenari üzrə, eləcə
də ən gözəl rejissor
nominasiyasını qazanmağa iddialıyam.
-
“Günah” əsərinin üzərində neçə
müddət çalışmısınız?
-
Ümumiyyətlə, bu əsəri yazmaq üçün
bütün ölkələri gəzdim. “Günah” əsəri
həm sosial, həm də tragediyadır. Bu dramı yazmaq
üçün bütün dünyanı gəzəsi oldum.
2012-ci ildə Amerikaya səfərim elə buradan
başladı. O əsəri qələmə almaq, ərsəyə
gətirmək üçün 5 il vaxt sərf etdim.
Çünki onu yazmaq üçün cəsarət toplamaq
lazım idi.
-
Bildiyimiz qədəri ilə, Amerikada Beynəlxalq Mədəniyyət
mərkəzi açmısınız. Bu mərkəzi
açmaqda məqsəd nə idi?
-
İnsanların əksəriyyəti yalnız öz ölkəsi
üçün nələrsə etmək istəyir. Mən
isə həmin insanlardan fərqli olaraq düşündüm
ki, həm öz ölkəm , həm də bütün
dünya üçün bir layihə edim. Tək öz
ölkəmi təmsil etməklə diqqətlərini çəkə
bilməyəcəyimi, Amerikada yaşayan insanların
marağına səbəb olan layihələr əsnasında
onlara Azərbaycanı təbliğ etməyi
düşündüm. Çünki hazırda dünyanın
əksəriyyət hissəsi müharibə şəraitində
yaşayır. Bunun üçün düşünürəm
ki, insanları sülhə doğru aparmaq lazımdır. Beynəlxalq
Mərkəzimdə bunu layihə şəklində işləmək
istəyirəm. Bir bayraq altında bütün ölkələrin
bayrağını yığıb insanlara sülhə
doğru səsləməyə çalışıram. Bunun
üçün də var gücümlə
çalışıram.
-
Amerikada “Günah” romanınız tərcümə edilib
satışa çıxarıldı. Okeanın o tayında əldə
etdiklərinizin uğurların səsi bura qədər gəlib
çatdı. Maraqlıdır,
Amerikada kitab çap etdirməyin çətinlikləri nələrdir?
- Bəli,
Amerikada kitab çap etdirməyin üstünlükləri
olduğu qədər, çətinlikləri də var. Təbii
ki, hər bir kəs orada kitab çap etdirə bilməz. Ona
görə ki, Amerikada bu işlərə çox ciddi
yanaşırlar. Düzdür, kitab çap etdirən zaman
müəyyən çətinliklərim oldu, amma Çingiz
Abdullayev sağ olsun, mənə çox dəstək oldu. O
insanlığını və dəstəyini burada da əsirgəmədi,
referans verdi. Amma kitabımın təqdimatını belə
Çingiz Abdullayev burada təşkil etdi. Ona dərin minnətdarlığımı
bildirirəm.
-
Amerikada film çəkmək istəyiniz varmı?
- Bəli,
hazırda Amerikada festival üçün bir film çəkirəm.
Bu film qısa metrajlı filmlərdən ibarətdir. Hətta
çox istəyərəm ki, filmdə Azərbaycandan,
Bakı şəhərindən də bir neçə kadrlar
olsun. Bunun üçün müəyyən istiqamətlərdə
işlər görəcəyəm və festivalda təqdim edəcəyəm.
-
Layihə rəhbəri olduğunuz “Şərq
ulduzları” proqramının
davamı olacaqmı?
-
Çox gözəl sualdır (Gülür). Məhz “Şərq
ulduzları”nı Kaliforniyada bir şirkət olaraq
açmışam. Düşünürəm ki,
bütün şərq və qərb ölkələri
Amerikada olduğu üçün bu layihə orda baş
tutsun. Çünki həm multikulturalizm kimi, həm də
bütün şərq dünyasından olan bir toplum kimi ola
bilər. Bu da məhz Beynəlxalq Mədəniyyət Mərkəzi
layihəmlə bir-birini tamamlayacaq bir iş olacaq. “Şərq
ulduzları”nda məhz şərq mədəniyyətini təbliğ
edəcəyik. Burada vokal və musiqi dərsləri və
böyük layihə olaraq onu Kaliforniyada davam etdirə bilərik.
Bu artıq fikrimdə var, bunu bütün dünya üzrə
həyata keçirmək istəyirəm. Eləcə də
Beynəlxalq Mərkəzdə münasibətlər
artdıqca, bütün ölkələrin mədəniyyətini
təbliğ etdikcə, “Şərq ulduzları” ilə Beynəlxalq
Mədəniyyət Mərkəzinin bir araya gəlməsi
çox maraqlı bir layihə olacaq.
- Bəs,
o layihədən çıxan istedadlı uşaqlarla əlaqələriniz
varmı?
- Bəli,
istedadlı uşaqların bəziləri ilə əlaqələrim
var. Sosial şəbəkələrdə mənə
yazırlar, öz təşəkkürlərini bildirirlər.
Onların bir çoxları artıq böyük uğurlar
qazanıb. Buna da çox sevinirəm ki, məhz məni
uşaqlarımdır. Bu layihədə iştirak edən
uşaqlar layihə çərçivəsində özlərinə
inam qazandılar və bu günə qədər də onlara
bir cığır açan “Şərq ulduzları”
müsabiqəsini unutmurlar.
Könül Əhmədova
Üç nöqtə.-
5 iyul.- S.10