“Azdrama”da bircə tamaşa oynayan məşhur
aktrisa
Atası aktyorluğu bitirib, amma sənətinin
arxasınca getməyib, ailəsini saxlamaq üçün
müxtəlif işlərdə çalışıb. Anası uzun
müddət baxça müəlliməsi işləsə də
əsasən uşaqlarına baxıb, iki qız, bir oğlan.
Mehriban ikinci uşaq olub ailədə, ikinci
qız. Ailədə hamıdan çox
diqqət tələb edən bu arıq, çəlimsiz,
tez-tez xəstələnən qıza elə gəlirdi ki, həmişə
də diqqətdən kənarda qalır. Xüsusən
də üçüncü uşağın oğlan
olmağı onu ata-anasından umduğu bütün sevgi və
diqqətdən məhrum eləyib. Hər
halda, qız belə düşünürdü. Əslində isə iki qızın və bir
oğlanın böyüdüyü bu ailədə məqsəd
uşaqların hər üçünün təhsilli və
tərbiyəli böyümələri idi.
Mehriban orta məktəbdə
yaxşı oxuyurdu. Çoxlu mütaliəsi də vardı,
evdə əlinə keçən bütün kitabları nəzərdən
keçirər, sonra kitabxanalara, kitab mağazalarına üz
tutardı. Təbii ki, əsas əl
altında olan evdəki kitablardı, onlar da atasının təhsilinə
uyğun olaraq mədəniyyət və incəsənətlə
bağlı kitablar idi.
Şüuraltı bilirdi ki, atası
onun aktrisa olmasını istəməz, ona görə də həmin
kitabları elə-belə, maraq xətrinə oxuyardı. Kino, teatrla
bağlı atasının abunə olduğu jurnalları isə
lap çox sevərdi.
Bir də hüquqla bağlı ədəbiyyata
meyli vardı.
Görünür, xaraktercə ədalətli,
prinsipial, düzgünlük sevər olması burda öz
işini görürdü. Mehriban daxilən
hüquq sahəsinə yönəlirdi, kiminsə
tapdanmış hüququnun, qanunların müdafiəsi
üçün. Hərdən
“İnsanların psixologiyasını öyrənmək
üçün bəlkə psixoloq olum?” deyə
düşünürmüş, amma aktrisa olmaq
ağlının ucundan belə keçməzmiş.
Orta məktəbi bitirib sənədlərini
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə
verir. Bu, qərarsızlıqdan irəli gəlir. Olur adamda, müəyyən bir məsələdə
qərar verə bilmirsən, elə bil Tanrı bunu
görüb, özü səni yönləndirməyə
başlayır. Mehribanı da Tanrı
yönləndirir. Filologiyaya qəbul olmaq
üçün balı çatmır, o
vaxtkı təhsil sistemi ilə müsabiqədən
keçmir.Kursa gedib stenoqrafiyanı öyrənir, bir müddət
makinaçı işləyir. Maliyyə
nazirliyində karqüzarlıqla məşğul olur və
ordan göndərişlə sənədlərini Xalq Təsərrüfatı
İnstitutuna verir. Qəribədir, deyilmi?
Özünə də qəribə gəlirmiş... İki imtahandan keçir, üçüncüyə
gecikir və imtahana buraxılmır. Sevincək
qayıdır evə ki, kəsildim. Evdəkiləri dərd
götürür, bu qız orta məktəbi yaxşı qiymətlərlə
başa vurub, bəs, niyə taleyi belə gətirir, ali məktəbə qəbul oluna bilmirMehriban vəziyyəti
belə görüb içindən gələn bir hisslə
deyir ki, qoyun İncəsənət İnstitutuna gedim,
teatrşünas olmaq istəyirəm. Görünür,
valideynlər qızın heç yerə qəbul oluna bilmədiyini
özlərinə o qədər dərd ediblərmiş ki,
Mehribanın bu istəyinə qarşı çıxmaq istəməyiblər.
Düşünüblər ki, təki bu qız
axır bir yerə qəbul olunsun.
“Teatrşünaslığa
iki yerə 15 nəfər sənəd vermişdi, verdim
aktyorluğa, valideynlərimə dedim ki, oranı bitirsəm də
sənətşünas olacam. İmtahanı Həsənağa
müəllim Turabov götürmüşdü, elə bildim
müəllimim də o, olar, sevinmişdim.
Böyükağa Kazımov, Məhəmməd Verdiyevdən
dərs aldım. Ağakişi Kazımov da bizə
dərs deyib. Ən böyük
şansım o oldu ki, 3-cü kursdan gəlib “Yuğ”
teatrına düşdüm, Vaqif müəllimin yanına”.
Təsəvvür
eləyin, uşaqlıqdan bəri nə istədiyini bilməyən,
nə isə axtaran, arayan, amma nəyi aradığını
özü də müəyyən edə bilməyən
qızcığaz oxuduğu ali məktəbdə
də özünə maraq dairəsi tapa bilmir. Orda da
özünü yerində hiss etmir. Niyə bu qədər
yüklüdür, narahatdır, niyə oturuşa bilmir bu
qız? Özünün də özünə
verdiyi, amma cavab tapa bilmədiyi suallar idi. Bir dəfə
hətta institutda Şəfiqə Məmmədova (Mehribana dərs
deməyib, amma Şəfiqə xanımda belə bir
maraqmı deyim, qabiliyyətmi deyim vardı; orda təhsil alan bütün tələbələri izləyir,
duyur, onların gizli aləmlərindən xəbərdar olur və
bir gün bunu özlərinə deyirdi) ona demişdi ki, elə
bil bəşəriyyətin yükü sənin çiyinlərindədir,
bəşəri bir suala cavab axtarırsan, nədir səni belə
incidən? Mehriban “Bilmirəm”,-deyə cavab
verib.
Belə bir tələbə Vaqif İbrahimoğlunun
marağına, sərhədsiz suallarına tuş gəlir və
hədəf bu maraqdan çox məmnun olur. Elə bil onun
illərdir özündə arayıb tapmaq istədiklərini
Vaqif İbrahimoğlu onun özündə tapır və
çıxardıb göstərir ki, bunlar səndə var, sən
bunun üçün yaranmısan ki, onları sənətində
göstərəsən.
Bu da Vaqif
İbrahimoğlu ustadlığı idi, heç kimin görə
bilmədiyini görürdü yetirmələrində, üzə
çıxarıb özlərini-özlərinə
tanıdır və gənclərdə özünəinam
yaradırdı. Bu səbəbdən də
özünütəsdiqi onun yanında tapan gənc bir daha o əhatədən
çıxa bilmirdi. Buna Vaqif
İbrahimoğlu estetikası deyilir. Bu
gün çoxlu yetirmələri var bu estetikanın, amma
davamçı yoxdur. Bir
qığılcım idi yandı, çox gəncləri
alışdırdı, onlar indi yanıb-yanıb qalıblar
Vaqif İbrahimoğlusuz, tüstülənə-tüstülənə.
Vaqif İbrahimoğlu odunun atəşinə
qızınan, o oda yanan Mehriban Zəki də 10 il
alovlandı, alov dilləri ərşə çıxdı. Onun “Qanlı Nigar” tamaşasına baxandan sonra Vaqif
İbrahimoğlu atəşinə düşən aktrisa elə
bildi ki, elə ömür boyu belə də davam edəcək
hər şey. Onunla söhbətdən
sonra bağlandı “Yuğ” teatrına. “Bura mənim
teatrımdır”- dedi.
Şəhriyarın
“Heydərbabaya salam” tamaşası Yuğda gördüyü
ilk tamaşa idi. “Elə bil məni aldılar harasa
apardılar, hansısa proses getdi mənim mənəvi dünyamda
və qaytardılar”. “Dədə Qorqud”dan
“Bamsı Beyrək boyu”nu hazırladı Vaqif müəllim.
Mehriban tamaşada sazla nəql edirdi əhvalatı.
“Bütün dastanı başdan-ayağa öyrənmişdim.
Hamının rolunu bilirdim. Belə-belə tamaşa
arxasınca tamaşa, bağlandım”.
Valideynləri bir də görürlər ki, Mehribanı “Yuğ”un səhnəsindən ayırmaq qeyri-mümkündür, özü demiş, artıq taleləri ilə barışırlar. “Sirlər xəzinəsi”, “Səma”, “Açar” tamaşaları. Beləcə 10 il.
Sonra daha bir 10 il “İbrus” teatrında keçir. “Yuğ”da işləyə-işləyə R. İbrahimbəyovun dəvəti ilə “İbrus”da “Şirəbənzər” tamaşasında rol alır. Sonra daha bir tamaşa, ilk vaxtlar Vaqif İbrahimoğlu ona məsləhət verib, yol göstərib, “Get, sən xəmir idin, yoğurub kökəfason bir şey düzəltmişəm, indi özün necə olacağını müəyyən etməlisən” -demişdi.
Zamanın hökmü, məişətin diktəsi ilə Mehriban Zəki doğma “Yuğ”dan tədricən ayrıldıqca ustadın qəlbində umu-küsü yaranır. Mehriban da ruhu ilə bunu duyurdu, amma məişətin də diktəsi vardı axı.
“Məişətdən danışmaq istəmirəm, amma o problemlər səni idarə edir, xüsusən də müəyyən bir yaşa çatırsan, artıq valideynlərin səni deyil, sən onları idarə etməlisən. Maddi cəhətdən özünü də, onları da saxlamalısan, o zaman məişətin yükündən azad ola bilmirsən, həyat sənə məişətlə hesablaşmağı diktə edir”.
“İbrus”da “Arabir görüşməyə kişi axtarıram”, “Buninin sonuncu döyüşü” Mehribanın ən uğurlu tamaşaları olur. Tamam fərqli teatr, fərqli estetika, yeni cığırlar, yeni qastrollar.
“Ümumiyyətlə, o teatr çox balaca məkanda idi və əvvəldən də ikidilli tamaşaçı üçün nəzərdə tutulmuşdu. İlk tamaşalarda biz oynayanda ikidilli tamaşaçılar üçün oynayıqdıq-bir dəfə rus dilində, bir dəfə də Azərbaycan dilində. Mən çox vətənpərvər insanam və dilimi də çox sevirəm, inanılmaz dərəcədə çox sevirəm. Azərbaycandilli tamaşaçı ilə rusdilli tamaşaçı arasında yerlə göy qədər fərq var. Hətta rusdilli tamaşaçı ilə Rusiya tamaşaçısı arasında da böyük fərq gördüm. Azərbaycan tamaşaçısından rus tamaşaçısından aldığın enerjini, teli almırsan. Bir dəfə Mahaçqalada oynayırıq. “İvan Buninin sonuncu döyüşü” tamaşası idi. Tamaşaçı da çox, iynə atsan yerə düşməz. Artıq pilləkənlərin üstündə oturublar. Oranın da zalı təxminən bizim Gənc Tamaşaçılar Teatrının zalı kimidir, arena kimi. Zalda da teatraid insanlar, teatrşünaslar var. Əsəri bilirlər və rus tamaşaçısı üçün Bunin dahidir. Buninə baxmağa gəliblər. Ağzımı açdım elə bir kəlmə dedim ki, cümləmi tamam etməmiş bir nəfər zaldan qışqırdı ki, eşitmədim dediyini. Heç tərpənmədən, zərrə qədər özümü itirmədən, hərçənd, mən tez panikaya düşən insanam, eyni tonla – çünki sən özün sakit olmamısan, otur, sakitləş, eşidəcəksən-dedim. Xırp səsləri kəsildi”.
Mehriban Zəki “İbrus”da da axtarışda idi, dayanmaq, qane olmaq yoxdur bu aktrisanın təbiətində. Milli Akademik Dram Teatrı isə onu dəvət edirdi.
Yalnız bir tamaşa oynadı o teatrın səhnəsində. Mir Mehdi Seyidzadənin yazdığı “Füzuli” tamaşasında. Məşqlər boyu nə yaşadısa, duydusa, tamaşanı yarıda qoymamaq üçün üç premyerada oynadı və rolunu da dublyora həvalə edib o teatrın qapısını öz əlləri ilə arxasınca qapatdı. Məşq müddətində Mehriban Zəki elə bil dənizdən qumluğa düşmüş balıq idi, suya həsrət, ölmədən dənizinə qovuşacağını gözləyən balıq.
Bir dəfə onunla müsahibəmin başlığını belə qoymuşdum “Uzun, incə bir yolun yolçusu”. Həmin uzun, incə yoldadır Mehriban Zəki-əlində sazı, qəlbində incə duyğuları, boynunda vicdanı və şəxsiyyəti (bəli bu zamanlar vicdan və şəxsiyyət deyilən məfhumlar insanın boynunda olur) yıxıla-dura, dizləri qanaya-qanaya, qəlbi ondan da artıq qan verə-verə, aldığı yaralar göynəyə-göynəyə bir yol gedir. Paralel yol dübbədüzdür, orda rahatlıqla addımlamaq olar, amma Mehriban Zəki kimi insanlara o düz yollar çox maraqsızdır. O, az qisim yolçular hamının gedə bilmədiyi yolları sevərlər.
“Gələcəyim hələ qabaqdadır, rollarım hələ məni gözləyir”- zarafatla bunları deyib üstəlik qəribə bir poza alıb gülümsəyir. Ona elə gəlir ki, hansısa pafoslu aktrisanı yamsılayır, təqlid edir, lağlağı ilə deyir bunları, amma mən bir tamaşaçı kimi həqiqət qəbul edirəm bu sözləri, çünki Mehriban Zəki potensialının bəlkə yarısını qoya bilib ortaya. Vaqif İbrahimoğlunun qoyduğu o cığırla gedir, hələ sərt döngələr qabaqdadır.
“Tamaşaçını gözəllik və gənclik cəlb edir”-deyir. Mən də razıyam ki, Azərbaycan ədəbiyyatında Mehriban kimi aktrisaların oynaması üçün güclü qadın obrazlarının kasadlığı var, amma ömür də başa çatmayıb axı, mədəniyyətimiz yıxılandan sonra yeni bir dövrə - yola çıxıb, ümid ölməz. Kinoda çəkildiyi obrazlar haqda sual verdim – neçə filmə çəkilmisən, yaxud səncə neçə filmdə varsan?- soruşdum. Cavabı dərhal aldım –heç neçə. Vikipediyada 20 filmin adı var.
Ailə qurmadı Mehriban Zəki, bunun üçün o uzun, incə yolda bir az ləngimək, yoldan sapmaq lazım idi. “İnsan həmişə xoşbəxt olmaq istəyir. Nə fərqi var, ailə qurub xoşbəxt hiss edirsən özünü, yoxsa subaykən. Əsas sevib, sevilib xoşbəxt olmaqdır. Bəlkə 70 yaşımda “Nə sevgi?” deyəcəm, amma indi belə düşünürəm, sevib-sevilmək xoşbəxtlikdir. İnsan həyata tək gəlir, tək də gedir, nə gələndə kimisə gətirmir, nə gedəndə özü ilə kimisə aparmır. Sənin olan da, olmayan da burda qalır, sən gedirsən, bəlkə izin qala”.
Ramilə Qurbanlı
Üç nöqtə.- 2018.- 13 iyul.- S.12.