Mən
onu tanımadım...Çünki o kəşfiyyatçı
idi
Öz-özünə
fikirləşirdi ki, deyirlər, zaman çox yaraları
sağaldır, ancaq bizim yaramızı sağaltmır.
Sanki o yaramızı görmür. "Təbib qarşı
gəlsə, sağalar yara" - dərdimizə
heç bir təbib dərman tapa bilmədi.
-
Şükür Allahın məsləhətinə, - deyə
Nicat kövrəldi.
Yazın son ayı olmasına
baxmayaraq, hələ də hava oynayırdı. Gah
günəş yeri-göyü yandırırdı, gah
da təbiətdə soyuq at oynadırdı. Qardaşı
Aydın haqqında düşünürdü həmişə.
Elə bir gün yox idi ki, Nicat Aydını xatırlamasın,
onun xatirəsi ilə baş-başa qalmasın. Aydın anadan
mərd doğulmuşdu. Mərdi isə zamanə həmişə
yetirmir. Bunu Nicat yaxşı bilirdi. Qardaşında elə
xüsusiyyətlər vardı ki, onu başqasında
görə bilmirdi.
Aydın
uşaqlıqdan nahaq işi götürmürdü, harada
haqsızlıq görsəydi, bundan çox narahat olurdu.
Aydın, tanıdı-tanımadı, bütün insanları müdafiə edirdi. Hətta şəhərdə görəndə ki, bir oğlan hansısa bir qıza sataşır, söz atır, dərhal işə qarışır, tanımadığı qızı müdafiə edirdi. Aydının o qədər belə davaları olmuşdu ki... Aydın həmişə deyirdi ki, kişi mərd, sözübütöv olmalıdır. Nümunə ola bilməyən kişi nə cəmiyyətə, nə də ailəsinə gərəkdir. Nicat Aydının mərdlik keyfiyyətlərini xatırladıqca, qardaşının necə böyük ürək sahibi olduğundan qürur hissi keçirirdi. Aydın kiçik qardaş olmasına baxmayaraq, həmişə onlara dayaq olurdu. Onun dostları da hamının dostlarından seçilirdi. O, dünyasında əyri, nadürüst adamla dostluq etməzdi. Hey deyirdi ki, keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni. Minillərin sınağından üzüağ keçən bu atalar sözü Aydının dilindən düşməzdi. Qardaşı 23 illik həyatını kişi kimi yaşadı, amma namərd gülləsindən həyatdan köçdü.
-
Kaş
Aydın namərd gülləsinin vurduğu yaradan ölməyəydi. O, namərdlər dünyasına qarşı həmişə mübarizə aparırdı. Aydın əsl igid idi. Atalar yaxşı deyib ki, igid ölər, adı qalar, müxənnətin nəyi qalar?
Nicat danışdıqca, həyat yoldaşı Səlmi və uşaqları ona qulaq asır, sual verməyə ürək etmirdilər. Çünki Nicat öz aləmində Aydınla baş-başa idi.
Həmişə babaları Bəhram kişi deyirmiş ki, oğul, igidin yaraşığı sınaqdır, insan sınaqdan çıxandan sonra igid adını qazana bilər. Rəhmətlik Bəhram baba igidliyi ilə bütün Şabran elində, ətraf bölgələrdə ad-san qazanmışdı. Köklü bir ağacın budaqları idi Nicat, Cavad və Aydın.
İgid odur atdan düşə atlana,
İgid
odur hər cəfaya qatlana.
Bu
sınanmış kəlamı da Bəhram baba tez-tez
işlədərmiş.
Nicatın
Aydına bağlılığı ancaq bir genetik
bağlılıq deyildi, onların mənəvi-ruhi
bağlılıqları da vardı.
O, Aydının uşaqlığını tez-tez xatırlayırdı.
Aydın uşaqlıqdan ötkəm,
çılğın, ərköyün, sözgötürməz
idi. Böyüklərin sözünə
baxardı, kiçiklərə sevgi bəsləyərdi,
amma haqsızlığı götürə bilmirdi
heç vaxt. Bəzən Nicata elə gəlirdi
ki Aydın elə uşaq qalıb, heç böyüməyib.
Evin böyük uşağı idi Nicat.
Ona görə də Aydınla aralarında
xeyli yaş fərqi vardı.
İllər
bir göz qırpımında keçmişdi.
Kiçik qardaşı böyüyüb ərsəyə
çatmışdı, əsgərliyə gedib gəlmişdi,
sonra da könüllü olaraq kəşfiyyatçılıq
kursuna daxil olub oranı bitirdikdən sonra Tərtərdə
Vətənin təəssübünü çəkdi,
sonda isə şəhid oldu. Nicat qardaşı
haqqında düşündükcə, ürəyi paralanırdı.
Aydın həyatdan doymadı getdi.
Həyat,
sən nə şirinsən,
Kim
səndən doydu getdi?
Nicat
fikirləşdi ki, qardaşı 23 illik ömrünü
o qədər dolğun, mənalı keçirib ki, o əbədi
yaşayacaq. Özünə qəribə bir təsəlli
verdi:
- Aydın
heç vaxt qocalmayacaq, həmişə gənc qalacaq,
lap yaşıdları qoca baba olanda da qardaşım cavan
olacaq.
Nicat
bir qədər azdanışan idi. Odur ki, çox vaxt müsahib kimi diqqəti
çəkmirdi. Əslində isə, bütün
sakit təbiətli insanlar kimi, Nicatın da danışmağa
sözü çox idi, iç ürəyi sözlə, xatirə
ilə aşıb daşırdı. Aydın elə bir qardaş
idi ki, onun hər
sözü-söhbəti bir dastan idi, bir roman idi. Nicat düşünürdü ki, qardaşının
kəşfiyyatçı olması onun bitkin xasiyyətinin
göstəricisidir. Aydın uşaqlıqdan
sirr saxlayan idi. Uşaq vaxtı
çöldə-bayırda uşaqlarla dalaşsa da,
döysə də, döyülsə də, heç vaxt bunu
böyük qardaşlarına deməzdi, haqq-hesabı
özü çürüdərdi. Uşaqlıqdan
onun xasiyyəti bütöv formalaşmışdı.
Sirr verməyi qətiyyən sevmirdi Aydın.
Qardaşlarına, ata-anasına sirr verməyən adam düşmənə sirr verərdimi
heç?! Nicat qardaşı haqqında
düşünəndə yadına o qədər maraqlı
hadisələr düşürdü ki, bilmirdi hansını
danışsın. Uşaqlarına Aydın
haqqında çox danışırdı Nicat, onlar elə
bilirdilər ki, əmiləri nə vaxtsa gəlib bu əhvalatları
onlara özü danışacaq.
- Ata, əmim
nə vaxt gələcək? - deyə Nicatın
böyük uşağı soruşdu.
Uşağın
qəfil verdiyi sual Nicatı xeyli susmağa məcbur etdi.
Ona nə cavab verəcəyini götür-qoy
elədi. Handan-hana dilləndi:
- O uzaqdadır,
bizim yaşadığımız yerdə yaşamır,
sən böyüyəndə əminin harada olduğunu
biləcəksən.
Nicat
üç uşaq atası idi. Qızları
Leyli, Mehri, 2 yaşlı oğlu Nihat atanın şadlığı,
sevinci olsa da, onun fikri həmişə Aydının yanında
idi. Çünki Aydının vaxtsız vəfatı
hamı kimi onu da yandırıb-yaxırdı.
Böyük
qızı Leyli qəfil atasına sual verdi:
- Ata, Aydın
əmimin adı çəkiləndə nənəm nə
üçün çox ağlayır?
Nicatı
fikir götürdü. O necə
izah etsin ki, Leylini anlada bilsin.
- Qızım,
sənin əmin qəhrəman olub. O, torpaqlarımız
uğrunda şəhid olub. Nənən əminin
şəhid olmasına dözə bilmir. Valideynlər istəyir ki, övladları
sağ-salamat olsun.
- Ata,
bir az əmimdən danış bizə.
- Aydın
uşaqlıqdan çox ağıllı idi. Həmişə yaşıdlarından fərqlənirdi.
Həm çox çevik idi, həm ciddi, həm
də zəkalı. O heç vaxt tədbirsiz iş
görmürdü. Bir iş görəndə mütləq
düşünüb-daşınır, sonra qərar verirdi.
Ağzından çiy söz çıxarmazdı.
Ata-anamızın sonbeşiyi olmasına
baxmayaraq, hamı onun sözünə hörmətlə
yanaşırdı. Bizi məhəllə
cavanları daha çox Aydına görə tanıyır,
ona görə hörmət bəsləyirdi. Aydın əmin olduqca mehriban, qayğıkeş
idi. Valideynlərimizə çox
bağlı idi və çalışırdı ki, onlara
daha çox diqqət yetirsin. Çalışırdı
ki, evdə heç bir narahatlıq olmasın. Hətta 14-15 yaşı olanda dərsdən sonra
işləyib evə qazanc gətirirdi ki, ailənin
yükü yüngülləşsin. Evdə
heç kəsin qəlbinə dəyməzdi, hamı ilə
xoş davranırdı. Meyxananı
çox sevirdi. Ən çox sevdiyi meyxanaçı
Rəşad Dağlı idi. R.Dağlının
bütün meyxanalarına qulaq asırdı. Televiziyalarda meyxana yarışlarına
çox maraqla azarkeşlik edirdi. O düz danışmağı
sevirdi, verdiyi sözün üstündə dururdu, hamıdan
da onu tələb edirdi. Sizin ananıza əsl
qardaş münasibəti bəsləyirdi. Gəlin bacılarına həmişə nəvazişlə,
qardaş qayğısı ilə yanaşırdı.
Sizdən ötrü də canından
keçməyə hazır idi. Sizi o qədər
istəyirdi ki, sözlə deyə bilmirəm. Məhəllədə böyükdən tutmuş,
kiçiyə qədər hamı Aydının xətrini
çox istəyirdi. Çünki bacardığı
hər işdə qonşuların əlindən tuturdu.
Sizin əminiz belə oğlan idi. Heyf ki, tez getdi. Amma təsəllimiz
o olmalıdır ki, Aydın yaddaşlarda qəhrəman
kimi qaldı. O şəhid oldu, sinəmizə
dağ çəkdi, amma o dağın zirvəsinə
öz adını işıqlı sözlərlə yazdı.
Vətən sağ olsun, qızım, Aydın
Vətənin balasıdır. O təkcə sənin
əmin deyil, bütün uşaqların əmisidir.
Leyli
atasını dinlədikcə, üzü rəngdən-rəngə
düşür, gah sevinir, gah kədərlənir, gah da
qürurlanırdı.
- Ata,
müəlliməm bizə şəhidlərdən inşa
yazmağı tapşırıb. Onda mən
sənin sözlərini dəftərimə köçürüb
müəlliməmə verərəm ki, öz əmimin
qəhrəmanlığından yazmışam.
- Lap yaxşı,
qızım, onda babanı da danışdır, onun da əminlə
bağlı deyəcəyi sözlər var.
- Ata, fəxr
edirəm ki, qəhrəman Aydın Abdullayev mənim əmimdir.
Nicat
Aydından 8 yaş böyük idi. Suraxanı rayonu 287 saylı məktəbdə
oxumuşdu. Ondan sonra qardaşları
Cavad və Aydın da həmin məktəbin məzunları
olmuşdu. Nicat İnşaat və Memarlıq
Universitetinin Su və qaz təchizatı fakültəsini
bitirmişdi, ixtisasca mühəndis idi. Əmirsoltan
kişi və Sevil ana mümkün qədər
balalarına ali təhsil vermək üçün
çalışmışdı.
Nicat
Aydının uşaqlıqda və yeniyetməlikdə
gəzdiyi hər bir küçəni, yeri qarış-qarış
gəzir və hər yerdə qardaşının izini axtarırdı.
Günlərin birində yolu Aydının
illər əvvəl məşq etdiyi və dəfələrlə
fərqləndiyi idman klubuna düşdü.
Aydın
müxtəlif idman növləri ilə məşğul
olmuşdu. Son illər sərbəst
güləşə də maraq göstərirdi. Bu sahədə təcrübəsini təkmilləşdirmək
üçün Eldar Məmmədovun klubuna gedirdi.
Nicat
kluba daxil olanda qəribə hisslər keçirdi.
Bir vaxtlar qardaşı bu pilləkənləri
qalxmışdı, məşq zalında Aydının nəfəsi,
ruhu dolaşırdı.
Nicat
zala daxil olanda qızğın məşq gedirdi.
Müəllim Nicatı görüb uşaqları
dayandırdı.
- Buyurun,
eşidirəm, qardaş.
- Salam.
Mən Aydın Abdullayevin qardaşıyam,
adım Nicatdır. Burdan keçirdim,
ayağım məni bura gətirdi.
-
Çox sağ olun ki, bizi yada salmısınız.
Allah Aydına rəhmət eləsin. Mən onu uşaqlıqdan tanıyırdım,
idmana böyük maraq göstərirdi. Uşaqlara tez-tez Aydından danışıram.
Deyirəm ki, Aydına bənzəməyə
çalışın, çünki Aydın təkcə
idmançı olmayıb, o həm də qəhrəman
idi. Aydın hələ uşaqlıqdan
öz yaşıdlarından fərqlənirdi. Döyüş ruhlu gənc idi, həmişə
yarışlarda fərqlənirdi. Həmişə
bayraqdarımız Aydın olurdu. O, bayrağımızı
qürurla qaldırırdı. Bəzən
məşq zamanı mənə də kömək edirdi,
idmana yeni gələn uşaqlara yol göstərirdi.
Uşaqların hamısı ona qulaq asırdı.
Aydın çox nizam-intizamlı, dürüst
oğlan idi. Məşqə həvəslə
gəlirdi həmişə, bir dəfə də olsun onu
həvəssiz görmədim. Aydın
heç vaxt məğlub olmağı sevmirdi, həmişə
qalib olurdu. Liderlik Aydına çox yaraşırdı.
Aydın inadkarlıqla, əzmlə qaləbədən-qələbəyə
doğru gedirdi. Onun gözəl xüsusiyyətlərindən
biri də o idi ki, qətiyyən rəqibdən qorxmazdı,
qırğı kimi rəqibin üstünü alırdı.
Aydın yarışlara həvəslə
qatılırdı. O çox vətənpərvər,
ailəsinə bağlı bir gənc idi. Aydın
həmişə deyirdi ki, beynəlxalq idman yarışlarına
qatılıb Azərbaycanın üçrəngli bayrağını
göylərə qaldıracaq. Mən
Aydının himnimizi necə qürurla oxuduğunun
şahidi olmuşam. O, dövlət rəmzlərimizi
Vətən torpağı qədər çox sevirdi. O
bu sevgi naminə də şəhid oldu. Onun
şəhid olduğunu eşidəndə çox pis oldum.
Amma təsəllim o oldu ki, Aydın şəhidlik
məqamına yetişdi. Aydının
sıramızda olmaması mənə də, idmançı
dostlarına da çox pis təsir edir. Bizim hədəflərimiz böyük idi.
Biz hər il Aydının doğum
günündə onun xatirəsinə sərbəst
güləş yarışı təşkil edirik. Qalibləri
Aydın Abdullayevin adına təsis
etdiyimiz mükafatla təltif edirik. Allah Aydına rəhmət
eləsin!
Nicat
qardaşı haqqında eşitdiyi isti, səmimi
sözlərdən təsirləndi, ürəyi kövrəldi.
Nicat
bir az məşqə baxdıqdan sonra
evə qayıtdı. O xeyli yüngülləşmişdi:
- Adına
qurban, qardaş, adın hər yerdə hörmətlə
çəkilir, -deyə pıçıldadı.
Eyvazlı, Aida
Üç nöqtə.-
2019.- 14 iyul.- S.6