“Müharibənin ümumiyyətlə, insan siması yoxdur...”
Lent.az “Zəriflərin savaşı” layihəsini davam etdirir. Bu silsilədə müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər. O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.
Layihəmizin növbəti qəhrəmanı 1-ci Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyevadır. Qeyd edək ki, Aliyə Piriyeva hazırda Azərbaycan Silahlı Qüvvələrində müharibə veteranı kimi xidmətdə olan yeganə qadın hərbi qulluqçudur. O, ölkə başçısı İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən 7 medalla təltif olunub.
... Biri var idi, biri yox idi. Qarabağın ən səfalı guşələrindən olan Ağdamda Aliyə adlı bir qız var idi. Bu qız yaxşı at çapırdı, mal-qaraya baxmaqda, təsərrüfat işlərində atasına kömək edirdi. Atası onu da, bacılarını da oğlan xasiyyətli böyüdürdü. Amma Aliyə heç vaxt kişilərə xas peşələrə can atmamışdı. Məsələn, hərbçi olmağı heç vaxt istəməmişdi. Onun bircə arzusu vardı – ucqar kənd məktəbində tarix müəlliməsi olmaq. Şagirdləri başına yığıb, Azərbaycanın şanlı tarixindən, tarixi şəxsiyyətlərindən, qəhrəmanlarından, ermənilərin yüz illərdir davam edən məkrli siyasətindən, xalqımıza qarşı törətdiyi soyqırımlardan danışmaq...
Ağdama hər dəfə yaz və
payız gələndə bu arzusu ürəyində daha da
kök salırdı. Elat, tərəkəmələr yazda
yaylağa qalxar, payızda arana enərdilər.
Yaşadığı kəndin içindən keçən
bu köçə Aliyə o qədər maraqla,
heyranlıqla, həsrətlə baxardı ki... Ən
çox xoşuna gələn isə sürünün
önündə gedən dəvə karvanı idi.
Bir-birinə bağlanmış 15-20 dəvə, üzərlərində
kəcavə, kəcavədə oturan bər-bəzəkli gəlinlər,
uşaqlar... Dəvələrin ləngərlə
yerişi ilə boğazlarından asılan zınqırovun səsi
bir harmoniya, əsrarəngiz ahəng yaradırdı sanki.
Çox keçmirdi ki, Kəlbəcər, Laçın
dağlarını bu tərəkəmələrin ağ çadırları, rəngarəng
xalçaları bəzəməyə başlayırdı. Elə bil dağda çiçəklər boy
qaldırırdı. Bu mənzərə
Aliyə üçün dünyanın ən gözəl rəsm
əsəriydi. Və o mənzərəni
izlədikcə Kəlbəcərin, Laçının ən
ucqar kəndlərində tarix müəlliməsi işləmək
xəyalı içində daha da alovlanırdı. Elə
bilirdi, o kəndlərdə dərs desə, heyranlıqla izlədiyi
yaşamın içində daha sıx olar, o həyatı
daha yaxından tanıyar...
Ancaq müharibənin
başlanması Aliyənin bu arzusunu həyata keçirməyə
imkan vermir. 19 yaşlı qız tarix müəllimi olmaq diləyini
büküb, ürəyinin içində bir kənara qoyur.
Və əlinə qələm almaq əvəzinə
silah alıb, döyüşə atılır. Tezliklə torpaqlarımızı düşməndən
azad edib, öz arzularının dalınca getmək ümidilə.
Amma nə biləydi ki, müharibə təkcə onun müəllim
olmaq arzusunu yox, bütün xəyallarını, ümidlərini,
gəncliyini, qadınlığını əlindən
alacaq...
Qələmi qoyub,
silahı əlinə aldı...
- Bəlkə də adın
insanın taleyinə hansısa təsiri var həqiqətən.
Məsələn, II dünya müharibəsində
Aliyə Rüstəmbəyova adlı qəhrəmanımız
olub. Düzü, mən müharibəyə
gedəndə onun haqqında heç nə bilmirdim. Çox sonralar həyatı, döyüş yolu
haqqında oxudum. Amma orta məktəbdə
oxuyanda biologiya müəllimim Muradxan müəllim deyirdi ki, sən
ya Sovet İttifaqı Qəhrəmanı qazax qızı Aliyə
Moldaqulova olmalısan, ya da tanınmış elm xadimi Aliyə
Təhmasib. Mən isə sadəcə
tarix müəlliməsi Aliyə Piriyeva olmağı
arzulayırdım. Uşaqlığımın
bir hissəsi Ağdamın Göytəpə kəndindəki
Atçılıq zavodunda keçib. Yaxşı
at çapırdım, özü də atları çox
sevirdim. Atı yüyənindən tutub
aparırdım, kənddən çıxandan sonra minirdim.
Bir dəfə yolda ədəbiyyat müəllimimiz
Şahin müəllim soruşdu, niyə atı minmirsən?
Dedim, utanıram. Dedi, utanma, min get. Yaşımız artdıqca müəyyən
dünyagörüşümüz də
formalaşırdı. Tarix müəllimimiz
Əlastan müəllim 70-ci illərdə Xankəndi Pedaqoji
İnstitutunda təhsil almışdı. O vaxt
gördükləri haqda, ermənilərin bizə olan
münasibətindən danışardı. Onun
danışdıqları məni tarix sahəsinə istiqamətləndirirdi.
Bir də yaz-payız aylarında
gördüyüm mənzərə məni ucqar kənddə
tarix müəllimi olmağa daha da həvəsləndirirdi.
Qarabağ regionunda elatlar, tərəkəmələr
yazda dağa qalxırdılar, payızda arana enirdilər.
Sürü-sürü qoyunlar, inəklər gətirirdilər.
Onların qış yatağı Beyləqan,
İmişli, Ağcabədi, Harami düzüydü. Yayda isə Laçın, Kəlbəcər
dağlarına qalxırdılar. O köç bizim kəndin
içindən keçirdi. Biz də
köçə o qədər maraqla baxırdıq. Malın, heyvanın önündə sürüylə
dəvələr gedirdi. Kəcavədə
gəlinlər, uşaqlar otururdu, dəvələrin boynundan
zınqırov asılırdı. O zınqırovun səsi
indi də qulaqlarımdadı. O səs məni hər dəfə
nağıllar aləminə götürürdü. Elə bilirdim gedib oralarda dərs desəm, mən də
həmin həyatın içində olacam. Həm də o vaxt “Sovet Azərbaycanı gəncləri”
qəzetində Kəlbəcər, Laçın rayonunda
müəllim və başqa kadrların
çatışmadığı yazılırdı. Ona görə qərar vermişdim ki, gedib ən
ucqar kəndlərdə müəllim işləyəcəm.
1980-ci illərin sonunda Qarabağ hadisələri
alovlanmağa başladı. Ağdam hadisələrin
mərkəzindəydi, baş verənləri görüb
anlayırdıq. Məktəbi bitirib, sənədlərimi
Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə
verdim. İnstitutun hazırlıq fakültəsinə
qəbul oldum. Amma artıq
torpaqlarımız işğal olunmağa
başlayırdı. Xocalı hadisəsindən,
Laçın və Şuşanın işğalından
sonra məndə təhsillə bağlı ruh
düşkünlüyü yarandı. Düşündüm
ki, indi vətənə əli qələm tutan müəllim
yox, silah tutan əsgər lazımdı. Odur
ki, həmin dövrdə tələbələrin çoxu
kimi, mən də təhsil məsələsini
dayandırıb, döyüşə yollandım.
“Meyitlər,
qarın üzərində qırmızı qan ləkələri...”
Aliyə Piriyevanın
döyüş yolu 1993-cü ilin fevralında Ağdərənin
Mehmanə kəndi və Sərsəng su anbarından başlayır.
Müəyyən döyüş təcrübəsi
olan xalası qızı Kəmalə Qəhrəmanova ilə
birlikdə hərbi hissəyə yollanır. İlk
döyüş gününü isə belə
xatırlayır:
- Çatan kimi avtomatı verdilər mənə,
darağı doldurmağı,
söküb-yığmağı, atmağı bir neçə
dəqiqənin içində öyrətdilər. Evdə ov silahı, qoşalüləmiz vardı.
Sərhəd rayonu idik, avtomat
görmüşdüm, atmışdım hətta.
Artıq neçə il idi Ağdama
atırdılar, yaralı gəlirdi, lakin döyüş
meydanı tamam başqa cürdür, onu nə təsəvvür
etmək olar, nə də xəyalında canlandırmaq. Ona görə də ilk dəfə döyüş
meydanına girəndə həyəcandan ürəyim
döyünürdü. Amma sonradan
döyüş meydanında olmağa alışdım.
O günlər Mehmanə kəndinə 3 dəfə hücum
olmuşdu. Bir dəfə bizimkilər hücum
edib, kəndi geri qaytarmışdılar. Sonra
ermənilər təkrar almışdılar. Üçüncü dəfə yenə bizimkilər
kəndi işğaldan azad etmişdi. O döyüşdə
bizim xeyli itkilərimiz olmuşdu. Döyüşdə
Daxili Qoşunların xüsusi təyinatlılarından 27-30
nəfəri şəhid olmuşdu. Meyitləri
işğaldan azad etdiyimiz ərazidə qalmışdı.
İndiyə kimi yadımdadı, fevralın 9-u,
bazar ertəsi, axşam tərəfiydi. Döyüşdən
sonra Daxili Qoşunların xüsusi təyinatlılarının
mayoru həmin əraziyə gəlib xahiş edirdi ki, meyitləri
çıxarmağa kömək edək, gözləri yolda
qalan ana-bacılarına təhvil verilsin. Elə
birinci mən düşüb yanına getdim. Mayor soruşdu, silahın var? Dedim,
avtomatım var. Dedi, avtomat olmaz. Çıxarıb
tapançasını verdi ki, hər
ehtimala yanında olsun, ora təhlükəli zonadır, hər
an erməniylə rastlaşa bilərsiz. Mənzərə
indiyə kimi gözümün önündədi. Meşənin içindəydik. Qar
metr yarım qalxmışdı. Üstü
qıpqırmızı qan idi. Meyitlər
çox təhqir olunmuş formada idi. Hamısı
boylu-buxunlu, iri cüssəli əsgərlər idi. Meyitlər dağınıq haldaydı, hərəsini
bir tərəfdən yığırdıq. Orda hətta erməni meyitləri də
qalmışdı. Meyitlərimizi
daşıyıb “Zil” maşınına yığdıq,
aparıb ailələrinə təhvil verdilər. Səhəri gün həmin mayorla rastlaşdıq,
tapançasını qaytardım. Beləcə, ilk dəfə
qarşılaşdığım mənzərə insan meyitləri
və ağ qarın üzərində
qırmızı qan ləkələri oldu. Amma nə biləydim
ki, məni qarşıda ondan da dəhşətli mənzərələrə
şahidlik etmək gözləyirmiş...
“Ermənilər
əsirlərimizə qarşı təhqiramiz hərəkətlər
edirdilər”
Həmin ilin yazında Ağdərədən
bir qrup döyüşçü Xanlar rayonunun (indiki
Göy-göl rayonu) Hacıkənd kəndinə gəlir. 701 saylı hərbi
hissə qərargahını orda qurmuşdu. Üç qız - Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova
və Xanımzər Həsənova həmin hərbi hissənin
kəşfiyyat bölüyündə xidmətə
başlayır.
- Briqadanın kəşfiyyat xidməti rəisi kapitan Rəhman
İsgəndərov bölüyün şəxsi heyətinə
1 ay təlim keçdi, ondan sonra kəşfiyyat əməliyyatına
başladıq. Düşmən arxasına
keçir, məlumat gətirir, rəhbərliyin, komandanın
tapşırığı yüksək səviyyədə həyata
keçirilirdi. Kəşfiyyat
bölüyü 701-in iştirak etdiyi bütün
döyüş əməliyyatlarında da yüksək səviyyədə
iştirak etdi.
Bir hadisəni danışım. 1993-cü ilin
avqust ayı idi. Kəlbəcərə əməliyyata
getmişdik. 18 nəfərlik qrup idik -
4-ü istehkamçı, 14-ü kəşfiyyatçı.
Kəşfiyyatçılardan 2-i qız idi - Kəmalə
və mən. Azərbaycan Silahlı
Qüvvələri Kəlbəcər istiqamətində
hücuma keçməliydi. Biz də
Qamışlı körpüsünü partlatmalıydıq.
Getdik, düşmənin arxasına keçib,
meşəlikdə gizləndik. Bir kəndin
əhatəsindəydik. Orda ermənilər
əsir qızlarımızı, kişilərimizi işlədir,
xoşagəlməyən, təhqiramiz hərəkətlər
edirdilər. Biz də görürdük, əsəbdən
ürəyimiz partlayırdı, amma nəsə edə bilməzdik,
yoxsa yerimizi müəyyənləşdirə bilərdilər.
Çox ağır mənzərə idi. Amma bizimlə gedən kəşfiyyatçıların
bəziləri gördükləri səhnəyə dözmədilər
və yolda 4 ermənini güllələdilər. Atışma başladı. Ermənilər
bizi mühasirəyə aldı. Hərə
bir tərəfə dağılışdı. Minaları körpüdə basdırmaq
üçün döyüş sursatımız vardı.
Gördüm hərə bir tərəfə
qaçıb, qalmışam tək, döyüş
sursatı da ortalıqda. Ani beynimdən
keçdi ki, döyüş sursatına nəsə olsa, əməliyyat
uğursuzluqla nəticələnəcək. Başımı qaldırdım ki, Kəmalə mən
tərəfə gəlir. Köməkləşib
döyüş sursatını sürüyüb təhlükəli
ərazidən çıxarmağa başladıq. Onda yüzdə yüz əsir düşmə
ehtimalımız vardı. Fikirləşdik
ki, əsir düşsək, “F1” qumbarası ilə
özümüzü partladarıq. 5-10
metr getmişdik ki, gördük döyüş
yoldaşlarımızdan ikisi – Filman və Fəxri bizə
sarı qayıtdı. Orda təbiət
sözün əsl mənasında bizə kömək elədi.
İnanılmazdı, amma qəfildən möhkəm
dolu başladı və ətrafı duman bürüdü.
O yarım saatlıq fürsətdən istifadə edərək,
təhlükəli ərazini sürətlə tərk etdik. Bir məqamı da qeyd edim. O vaxt sən demə,
Kəlbəcər camaatından kənddə qalan 4 qadın, 2
kişi var imiş, kənddən
çıxmaq üçün yol tapmırdılar. Çünki erməni postunun harada olduğunu
bilmirdilər. Demə, atışmanın
səsini eşidiblər, biliblər azərbaycanlıyıq və
izimizə düşərək, biz keçdiyimiz yolla erməni
postunu keçiblər. Amma öz postumuzdan
keçə bilməyiblər. Çünki
biz parolla keçirdik, onlar parolu bilmirdilər. Bizimkilər postda onları saxlamışdı.
Sonradan Kəlbəcər İcra Hakimiyyətindən
və yaşadıqları kəndin rəsmi nümayəndələri
gəldi, sual-cavab elədilər, məlum oldu ki, həqiqətən
də bizimkilərdir. Beləcə, o 6 kəlbəcərli
ermənilərin mühasirəsindən çıxdı.
“Yol qırağında otlayan inəyimizi tanıdım,
onun sayəsində ailəmi tapdım”
1993-cü ilin avqust
ayında Murovdağda döyüş olur. Hər iki tərəf çoxlu itkilər verir.
Amma bir döyüş yoldaşının
ölümü Aliyəni hamıdan çox sarsıdır.
O qədər çox ki, bu gün də o hadisələri
danışanda göz yaşlarını saxlaya bilmir:
-
Çoxlu itkilərimiz olmuşdu. Dəfələrlə
ölüm görmüşdüm, şəhid vermişdik.
Amma Bəhruz Sultanovun ölümü məni
xeyli sarsıtdı. Eyni bölükdə
xidmət edirdik. Məndən yaşca kiçik
olduğu üçün onunla çox mehriban idik, mənə
əsl dost, qardaş idi. Murovdağda
döyüş zamanı Bəhruzu boğazından vurdular.
Təsəvvür edin, əlilə yaralı
boğazından tutub həkimlərə sarı qaçır
və qaçarkən başını silkələdikcə
qan da eyni istiqamətdə yağış kimi yağaraq
fışqırırdı. Amma ölmədi,
Gəncə Hərbi Hospitalına apardılar. Əməliyyat olundu. Hardasa 1 həftəydi
artıq müalicə alırdı. Bir
neçə dəfə xəstəxanaya yanına da
getmişdik. Həmin vaxt bizim kəndimiz
işğal olunmuşdu. Radioda məlumat
getdi ki, ermənilərin hücumu nəticəsində
Ağdamın 3 kəndi işğal edilib, yerlə-yeksan olub, əhalisi
vəhşicəsinə qətlə yetirilib. O kəndlərdən
biri də bizim kənd idi. Mənim ailəm,
bütün qohum-əqrəbam orda yaşayırdı. Ailəmi tapmaq üçün hərbi hissədən
ora ezam olundum. Onda Surət Hüseynov
çevriliş etmişdi. Yollar bərbad
gündəydi. Camaat Bərdə-Ağdam
yoluna səpələnmişdi. Yolların
kənarında çadırlarda qalırdılar. Bir həftəydi ki, ailəmi axtarırdım.
Artıq son ümidimi də itirmişdim,
çünki günlərdi yollardaydım, heç kimi
tapmırdım. Elə bilirdim elə yer
üzündə tək-tənha qalmışam. Sarı “Paz” markalı avtobusda fikirli-fikirli,
ümidsiz vəziyyətdə yol gedirdim. Birdən
yolun qırağında inəyimizin otladığını
gördüm. Üstündəki qara
zolaqlardan tanıdım. Bəlkə də
çoxlarına inandırıcı gəlməz, amma məhz
öz heyvanımız sayəsində ailəmi tapa bildim.
İnəyimizi görəndə
sürücüyə qışqırdım ki, tez saxla
maşını. Dedi, qoy bir kənara verim sonra. Gözləmədim, özümü avtobusdan yerə
atdım. Dizim də zədələndi.
Ətrafdakı adamlardan heyvanların sahibini
soruşdum. Dedilər 200-300 metr aralıda
çadırda yaşayırlar. Getdim
gördüm nənəm sacın üstündə lavaş
salır. O qədər sevinmişdim onları
sağ-salamat tapdığım üçün. Atam yox idi, yanacaqdoldurma məntəqəsində
işləyirdi. Bir az sonra atam gəldi,
üstü bütün benzin idi. Dedi, ermənilər raket
atdılar, məntəqəni partlatdılar. Ailəmi
çadırda qoyub, səhəri gün hərbi hissəyə
qayıtdım. Gördüm bölükdə
matəm ab-havası var. Soruşdum nə olub? Dedilər Bəhruz rəhmətə gedib. Demə, qan köçürülən zaman
yoxlanmamış qan vurublar, o da bədənə zəhərlənmə
vermişdi. Onun ölümü mənə
həddindən artıq pis təsir elədi. Bu dəqiqə də başını silkələyəndə
qanın ətrafa necə yağış kimi yağması gözümün
qabağından getmir. Hazırda Nərimanov
rayonunda 34 saylı məktəb Bəhruz Sultanovun adını
daşıyır.
“Elə oturduqları yerdə ağ
alt paltarında donmuşdular”
1994-cü ilin əvvəlində Kəlbəcər
rayonun işğaldan azad olunması istiqamətində
döyüşlər keçirilir. Kəlbəcərin 14
kəndi ermənilərdən təmizlənir. Ancaq fevralda Kəlbəcərdə vəziyyət
yenidən pisləşir. Döyüşçülərimiz
mühasirəyə düşür. Bəziləri
mühasirədən çıxa bilsə də,
çoxları orada şəhid olur. Məhz
bu döyüş Aliyə Piriyeva üçün ən
çətin döyüş olur.
-
1994-cü ilin aprelində Füzuli rayonu istiqamətində
döyüşlər başladı, bizi ora göndərdilər.
Füzuli rayonunun Horadiz qəsəbəsi və
bir neçə ətraf kəndlər düşmən
işğalından azad edildi. Lakin bu zaman
Ağdam rayonu istiqamətində vəziyyət çətinləşdi.
Dedilər, ermənilər Bərdə-Ağdam-Ağcabədi-Tərtər
dördyolunu vurur, bizi gecə ilə Füzulidən Ağdama
göndərdilər. Ondan öncə
“Murovdağ” əməliyyatı oldu. Amma mənim
üçün ən çətin və ağrılı
döyüş Kəlbəcərdə keçib. Döyüşdə ölmək, yaralanmaq, şikəst
olmaq bir başqa şeydi - bu, müharibənin qanunudu. Təbiətin bütün şəxsi heyəti
qırması isə bir başqa şeydi – dözülməzdi.
Dekabr-yanvar aylarında qarın-şaxtanın
içində Murovdağ əməliyyatında
Murovdağı aldıq, Kəlbəcərin 14 kəndini
düşməndən azad etdik. Elə bil
bayram əhval-ruhiyyəsindəydik. Fevralda
hadisələr bizim əleyhimizə işləməyə
başladı. Təbiət bizə
müharibə elan etdi sanki. Hava çox sərt
idi, şaxta artmışdı, qar güclənmişdi.
O cür havada Murov yolu bağlandı, erməni arxanı kəsdi
- Murovdağ və Kəlbəcər ərazisini tanıyanlar
bunun nə demək olduğun çox gözəl başa
düşərlər - briqada mühasirəyə
düşdü. Mühasirədən o adamlar
çıxa bildi ki, fiziki hazırlığı vardı, sərt
təbiətə bədəni dözürdü. Xidmət keçdiyimiz – Azərbaycan ordusunun ilk
briqadası olan 701 saylı briqadanın şəxsi heyəti
mühasirədən çıxa bildi. Çünki
təcrübəliydi, təlim görmüşdü, təbiətə
öyrəşmişdi, Murovdağda
döyüşmüşdü. Yeni gələn şəxsi
heyət isə itki verdi. Əksəriyyət
küçədən yığılıb gətirilmiş,
heç bir təlim görməmiş, avtomatın
çaxmağını belə, çəkə bilməyən
gənclər idi. Təbiət onları
qırıb, tökdü, hamısı donub öldü.
Mənə nə ağır gəlirdi? Eləsi vardı həyat yoldaşını
doğum evinə qoyub qayıdanda küçədən tutub
gətirmişdilər. Heç bilmirdi
dünyaya gələn övladı qızdı, ya oğlan.
Eləsi vardı nişanlıydı, yaxud
övladı olmuşdu, üzünü görməmişdi.
Şaxta o qədər güclüydü ki,
oturdunsa, deməli, ölüm mələyin gəldi. Hərəkətdə olanda qan isti olur. Oturanda qan donur, bədəndə qan dövranı
dayanır və hissiyyat ölür. Oturan
kimi yuxu aparırdı adamı. Bir yandan
şaxta, digər yandan da aclıq, susuzluq, geyim. Elələri
vardı ki, gəlib görmüşdük qrup şəklində
geyimlərini soyunub, qızınmaq üçün ocaq
qalayıblar, elə oturduqları yerdə ağ
alt paltarında donmuşdular. Şəxsi heyətin
çox hissəsinin əli, qolu kəsildi, burnu, qulağı
düşən oldu. Mənim ayaqlarımı don
vurmuşdu. İndi də yaz və payız
aylarında, fəsil dəyişəndə don vuran hissələr
yenidən açılıb, iltihablaşıb, ağrı
verir. 1994-cü ilin aprel-may aylarında
Murovdağda qar əriyəndə qayalardan meyitlər
sallanırdı. İmkan daxilində o
meyitlər yığılıb, ailələrinə təhvil
verildi.
“Sevdiyi qıza nişan üzüyü
almışdı, minaya düşüb şəhid oldu”
1994-cü il mayın 12-də Azərbaycanla
Ermənistan arasında atəşkəs elan olunur. Həmin yay Aliyə yenidən tarix fakültəsinə
sənədlərini vermək istəyir. Lakin
hərbi hissə rəhbərliyindən tapşırıq gəlir
ki, döyüşdə fərqlənən əsgərlər
Bakı Ali Hərbi Dənizçilik Məktəbinin nəzdində
zabit-siyasi işçi hazırlayan kurslara göndərilsin.
Bu dəfə də gənc qızın tarix
müəllimi olmaq arzusu ürəyində qalır.
- Kursa getmək üçün əsgərlər
yığılanda dedim, mən getmirəm.
Sənədlər kadrlar bölməsinə gedəndə
hərbi hissə komandirinin birinci müavini mayor Qorxmaz Qarayev
görür, mənim adım yoxdu. Soruşur,
Piriyevanın sənədləri hanı? Cavab
verirlər ki, o, getmək istəmədi, APİ-yə sənəd
verəcək. Kadrlar bölməsinin rəisini
yanına çağırıb deyir ki, indi Azərbaycan
xalqına müəllim yox, zabit lazımdır, Piriyevanın
sənədlərini yığ, göndər. Mən, Kəmalə və Xanımzər o kursda
iştirak etdik. Bizə leytenant – ilk zabit hərbi
rütbəsi verildi. Ondan sonra qızlarla
yollarımız ayrıldı. Xanımzər
Müdafiə Nazirliyində xidmətə başladı.
Kəmaləylə mən hərbi hissəyə
qayıtdıq. Və mən mühəndis
istehkam bölüyünün şəxsi heyəti üzrə
komandir müavini kimi xidmətə başladım. 2 ilə yaxın bu vəzifədə xidmətdə
oldum. O 2 il ərzində müxtəlif
hadisələr oldu. Ancaq iki hadisə məni o qədər
çox ağrıtdı ki, bütün həyatım boyu yadımdan
çıxmaz.
Belə bir ifadə var: istehkamçılar həyatlarında
iki dəfə səhv edirlər – bir bu sənəti seçəndə,
bir də mina partlayanda. 3-cü şans heç
bir zaman olmur. 1994-cü ildə müəyyən
kəndləri işğaldan azad eləmişdik. Orda minalar basdırılmışdı. Çox dərin basdırıldığına
görə zaman-zaman onlar üzə çıxırdı,
partlayış olurdu. Biz də həmin əraziləri
minadan təmizləyirdik. Çox vaxt mən
də şəxsi heyətlə birlikdə gedirdim. Getməyəndə isə onları özüm yola
salıb, özüm qarşılayırdım. Bir gün əməliyyata getmək haqqında
göstəriş verildi. Hazırlaşıb
getdik. Qrup rəhbəri mən idim. Qrupa mühəndis istehkam bölüyünün
mühəndis istehkam taqımının komandiri leytenant Yunis
Mirzəyev də daxil idi. Mən onun
komandiriydim. Bir-birimizə böyük
hörmətimiz vardı. Yolda dedi, cənab leytenant, bəlkə
siz getməyəsiniz, geri qayıdasınız? Dedim yox,
hamımız gedəcəyik. Ağdam ərazisində
mina partladı. Düşmən təxribatı
idi. Düşmənlə bizim aramızda
neytral ərazidə bir dəfə mina partlamışdı.
Bizimkilər gedib yenisini
basdırmışdılar. Ermənilər
minanın “jilkalarını” bir-birinə bağlayıblar.
Yenidən basdıranda külək vurub
partlamışdı. Bircə onu bildim ki, məni nəsə
götürdü, top kimi çırpdı yerə. Yerə necə düşməyimdən xəbərim
də olmayıb. Məni minanın
dalğası tutmuşdu. 2-3 qəlpə
çiynimdən, ayağımdan dəymişdi. Qəlpələri
10 il sonra Mərkəzi hərbi hospitalda
çıxartdılar. O vaxt çıxarsaydılar, şikəst
qala bilərdim. Gözümü hospitalda
açdım. Özümə gələn
kimi Yunisi soruşdum. Dedilər
sağdı, qonşu palatadadı. Amma mən
hələ gəzə bilmirdim, reanimasiyadaydım. Bölük komandiri yanıma gəlmişdi. Dedim, məni aparın Yunisin yanına. Birdən başladı hönkürməyə.
Onda bildim ki, ölüb. Ağlaya
bilmədim. Ağlamağa gücüm də
çatmadı. Ən çox ona görə
sarsıldım ki, sevdiyi qız vardı. Nişan
üzüyü, qızıl dəsti də
almışdı. Toy eləməyə
hazırlaşırdı. Amma arzuları
yarımçıq qaldı. Toyuna yox,
yasına getdik.
“Onu qoruya bilmədiyimə görə özümü
çox qınadım”
Bir də Ədalətin
ölümü məni çox ağrıtdı. O əməliyyata mən
getməmişdim. Amma
əsgərlər sağ-salamat geri
qayıtdılar. Maşından düşdülər.
Əməliyyat zamanı ərazidən aşkar
edilmiş tank əleyhinə minaları yeşiklərə
yığıb gətirirdilər. Nədənsə
Ədalət minalardan birini əlində gətirirdi. Körpünün üstünə çatanda
ayağı büdrədi, əlindəki mina yerə
düşüb partladı. Partlayışın
dalğası məni itələyib
çırpmışdı piyada əleyhinə mina
basdıran maşına. Gözümü
açanda gördüm üzüm-gözüm
sıyrılıb. Ədalətin
boğazının hulqum hissəsi düşmüşdü
üstümə. Mən ilk dəfə
onda ağlamışam. Özü də
qışqıra-qışqıra, hönkürtüylə.
Anası rəhmətə getmişdi, atası
ikinci dəfə evlənmişdi. Sonra
atası da ölmüşdü. Analığından
şikayət eləmirdi, amma həmişə deyirdi anamı
arzulayıram. Elə bilirdim o
uşağı qorumaq mənim missiyamdı. Onu qoruya bilmədiyimə
görə özümü çox qınadım... Bu iki ölüm məni ömür boyu
yandıracaq.
Bilirsiz, ümumiyyətlə, döyüş bölgəsi
ölüm saçır. Hər gün
ölüm-itimlə qarşılaşırdıq, hər
gün hansısa əzizimizi şəhid verirdik. O qədər
çətinliklər, problemlər olurdu, təhlükəli
şəraitə düşürdük. Bu
yaxınlarda bir hərbi qulluqçu qızla
danışırdım. Ayağının
ölçüsü 35-dir, şikayət edirdi ki, o
ölçüdə “botinka” olmur, bəs nə geyinim? Dedim, mən Murovda döyüşə 43
ölçü çəkmə ilə getmişəm. Beyin döyüşə o qədər yönəlmişdi
ki, bilmirdim ayağımdakı ayaqqabı hansı
ölçüdədi. Əgər sən
hərbçi olmaq istəyirsənsə, bütün çətinliklərə
dözə bilməlisən. İndi ordumuz
hər şeylə təmin olunub, təchizat, yemək, şərait,
geyim, texnika var, mobilləşmə gedir. O vaxt şərait
çox pis idi. Ölkə yeni müstəqillik
qazanmışdı. Müdafiə Nazirliyi
yeni yaradılırdı. Aclıq, səfalət
idi, təchizat, texnika çatışmırdı,
daşınma zəif olurdu. Olanı da
vaxtında çatdırıb gətirmirdilər. Günlərlə çörək olmurdu. Una kül qatılmış çörək
yemişik, ağzımız yara olub. Vaxt
olub ki, kəşfiyyat əməliyyatında qida tükənib,
18 nəfər 1 kömbə çörəklə
günü başa vurmuşuq. Müharibədə
aclıq da, susuzluq, çətinlik də olar. Sadəcə ona sinə gərməyi bacarmaq
lazımdı. Amma o qədər çətinliyə
rəğmən, mən heç vaxt
ağlamamışdım. Ağlamağa
vaxt olmurdu heç, yadımıza düşmürdü.
Müharibə göz yaşlarımızı
qurutmuşdu. Bəlkə hadisənin
içindəydik, dərk eləmirdik ona görə. Bəlkə döyüş bizi sərtləşdirmişdi.
Bircə dəfə ağlamışam, o da
Ədalət öləndə. Amma indi adi
sözdən də ağlaya bilirəm. Hansısa
hadisə, hansısa döyüş yoldaşım yadıma
düşəndə göz yaşlarımı saxlaya bilmirəm.
“Azərbaycan qadınından zabit
çıxmaz, onun ən yaxşı işi mətbəxdə
bozbaş bişirməkdir”
Aliyə Piriyeva 1996-cı il
fevralın 7-ə kimi mühəndis istehkam
bölüyünün şəxsi heyəti üzrə
komandir müavini olaraq xidmət edib. O vaxtkı müdafiə
naziri əmr imzalayır ki, qadın zabit və gizirlər arxa
cəbhəyə göndərilsin, əsgər və
çavuşlar isə ordudan tərxis olunsun. Amma
nədənsə Aliyə arxa cəbhəyə göndərilmir,
ordudan tərxis olunur. Elə bundan sonra həyatının
ən çətin dövrü başlayır.
-
Müdafiə nazirinin şəxsi heyət üzrə
müavini polkovnik Mehman Səlimov məni arxa cəbhədə
yerləşdirməyib, tərxis elətdirdiyi üçün
qəbuluna getdim. Mənə qarşı kobud davrandı,
tikanlı sözlər dedi. Dedi, Azərbaycan qadınından
zabit çıxmaz, onun ən yaxşı işi mətbəxdə
bozbaş bişirməkdir. O vaxt MN-in Kadrlar İdarəsinin rəisi
polkovnik Məmməd Beydullayevin də qəbuluna getdim. Dedim, mən axı dünənə kimi
döyüşürdüm. O da dedi, bura ianə paylayan müəssisə
deyil, sən də dilənçi deyilsən. Dünənə
kimi sən bizə lazım idin, bu gün lazım deyilsən.
Bu sözlər içimdə sağalmaz bir yara
əmələ gətirdi. Ondan sonra həyatım
söndü, çox çətinliklər gördüm.
Mən müharibəyə gedəndə 5
otaqlı daş evdən getmişdim. Qayıdanda
Ağcabədi rayonu ərazisində almanlar tərəfindən
salınmış qaçqın düşərgəsinə
- alman çadırına qayıtdım. Evdə
atam xəstəydi, özümdən kiçik 4 bacım
vardı. Qardaşım məndən də
qabaq müharibəyə getmişdi. Amma
döyüşdə bir əlini itirmişdi deyə tərxis
olunmuşdu. 2-ci qrup Qarabağ əlilidi.
Başa düşdüm ki, ailə mənim
üstümdədi, o yükü çəkməliyəm.
Yeri gəldi çörək sexində fəhlə,
paltar sexində paltar ütüləyici işlədim. Özü də gecə növbəsində işləyirdim,
çünki pul daha artıq verilirdi. Məktəbdə
xadimə işlədim, şərf və papaq toxuyub
satdım. Bunların heç birindən də
utanmıram. 2003-cü ildə keçmiş komandirlərimdən
biri yanına çağırıb dedi ki, Ali Hərbi Məktəbə
qızların qəbulu başlayıb. Onlara dərs
demək üçün təcrübəli qadın hərbi
qulluqçu lazımdır. 2003-cü il
yanvarın 13-dən 2006-cı il sentyabrın 13-ə kimi orda
komandir əvəzi kimi işlədim. 2006-cı
ilin mayında televizorda Dövlət Sərhəd Xidmətinə
qadın hərbi qulluqçuların qəbulu ilə
bağlı elan eşitmişdim. Düzdür,
yaşım keçmişdi, 32 yaşım vardı,
inanmırdım qəbul etsinlər. Amma
yenə də içimdə bir ümid işartısı
yaranmışdı. Bəlkə də həyatda
son ümidim idi. Mandat Komissiyasının iclasında qəbul
zamanı Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyev mənə bircə sual verdi. Heç qoymadı digərləri
sual versinlər. Başqalarına 15-20 dəqiqə
vaxt ayırdıqları halda mənə cəmi 2 dəqiqə
vaxt ayırdılar. Bayıra
çıxanda son ümidim də öldü. Amma axşam zəng gəldi ki, shaqqınızda
müsbət qərar qəbul edilib, gəlin göndərişi
götürün və tibbi komissiyadan keçin. Bu gün burada şöbə rəisiyəm,
polkovnik-leytenant rütbəsindəyəm. Bundan sonra nə olacaq, onu da bilmirəm. Bir onu deyə bilərəm ki, bura sənəd verəndə
həyatın mübarizəsindən yorulub
usanmışdım. Hara gedirdimsə,
keçmişimi, döyüşməyimi ləkə kimi
üzümə vururdular. Sanki pis bir iş tutmuşdum. İnsanların sənə qarşı laqeydliyi bir
tərəfə, biləndə döyüşmüsən, sənin
özün üçün şərəf, ləyaqət
bildiyin nəsnəyə ironik ifadələr, atmacalar
atırdılar, kinayə ilə yanaşırdılar. Bunlar insanı çox ağrıdırdı, fiziki
yox, mənən tükəndirirdi. Çalışırdım
dik durum, sınmayım, amma içimdə açılan
yaralar məni çox incidirdi. Bəzən
o qədər tükənmişəm ki, müharibədə
şəhid olanlara qibtə etmişəm, onları daha
şanslı bilmişəm. Fikirləşmişəm
ki, heç kimə lazım deyiləm. Və
Dövlət Sərhəd Xidmətinin qapısını
döyəndə bura mənim son yaşam ümidim idi.
Çox sağ olsun, Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyev mənə zabit kimi də, insan
kimi də ikinci şans verdi. Həyatımda yeni səhifə açıldı.
Bu günümə şükür. Səhəri ümidlə açmağa,
sabahımı düşünməyə səbəbim var.
Çünki xoşbəxtəm. Xoşbəxtəm
ki, xalqıma, dövlətimə xidmət edirəm. Etiraf edim ki, küçədə təəccüblə
baxıb deyəndə, “qadın polkovnik-leytenant”, yaxud
maşından başlarını çıxardıb diqqətlə
“paqon”uma baxanda qürurlanıram. Bu, yaşam səbəbim
ola bilir.
“Mənim də qismətim Qarabağ müharibəsində
şəhid oldu”
Ailə qurmayıb Aliyə xanım. Ürəyincə
olan, özünə uyğun gördüyü, bəlkə xəyal
etdiyi, arzuladığı birilə rastlaşmayıb. Və sadəcə ailə xətrinə ailə
qurmaq istəməyib.
- Döyüş bölgəsində mənə sevgi
etirafı edən olmamışdı. Xarakterim
çox sərt idi, bəlkə ona görə cəsarət
edib açmayıblar ürəklərini. Bir də ki,
ayağında çəkmə, əynində buşlat,
başında əsgər papağı olan qıza kim ürəyini açar? Bir hadisəni
danışım. 1995-ci il idi. Bir gün məni çağırdılar ki, rəhbərliyin
tapşırığı var, təcili korpusa getməlisən.
Ağdamda cəbhə xəttində asfaltı əridib,
tank əleyhinə mina basdırırdım. Asfalt əriyib yandıqca hisi məni vurmuşdu.
Təcili olduğu üçün əməliyyatı
başa çatdırıb, elə o geyimdə maşına
oturub, gəldim korpusa. Kadrlar şöbəsinin
rəisi mayor Yaşar Cəfərovun kabinetinin
qapısını döyüb, girdim içəri. Özümü təqdim elədim. Dedi, sənsən
Piriyeva? Bu nə üst-başdır, bu nə
qız görkəmidir? Sənin yiyən,
sahibin yoxdu? Ailə tərbiyəsi görməmisən?
Təmizlik, gözəllik, nədi bilmirsən?
Bu nə his-pasdı, bu nə çəkmədi?
Tutuldum. Dillənə də
bilmədim ki, mən axı əməliyyatdan birbaşa korpusa
gəlmişəm. Birdən qapı
döyüldü, içəri rus xanım girdi. Mayor
qayıtdı ki, tanış olun,
Nataşa xanım - böyük leytenantdır (o vaxt baş
leytenanta böyük leytenant deyirdilər). Görürsüz,
necə zəriflik, gözəllik yağır, adam
ona baxanda zövq qalır. Belə baxdım, dedim ola bilər, ancaq o, Nataşadı, mən Aliyəyəm,
o, rusdu, mən azərbaycanlıyam. Qapını
çırpıb, çıxdım çölə. Zərbə almışdım həqiqətən.
Bəlkə də güllə yarası
alsaydım, məni o qədər incitməzdi. Dəhlizdə korpusun mühəndis xidməti rəisi
kapitan Anar Kərimovla qarşılaşdım.
Soruşdu, Aliyə, nə olub sənə? Danışdım
əhvalatı. Getdi korpus komandiri general-mayor
Kərim Vəliyevin yanına. O da mayor Yaşar Cəfərovu
çağırıb məzəmmət elədi, haqqımda
xoş sözlər dedi. Və mayor məndən
üzr istədi.
Desəm ki, bu vaxta qədər
qarşılaşdığım insanlar olmayıb, mənə
münasibət bildirməyib, yalan olar. Açığı
deyim ki, ürəyimcə olan, özümə uyğun
gördüyüm insanla rastlaşmadım. Və sadəcə olaraq ailə xətrinə ailə
qurmaq istəmədim. Məni mən olaraq,
həm mənəvi, həm fiziki olaraq qəbul edən,
başa düşən biri olmalıdır. Hərənin bir qisməti var. Hesab edirəm ki, mənim
də qismətim Qarabağ müharibəsində şəhid
olub.
“Müharibənin
ümumiyyətlə, insan siması yoxdur”
Xanım polkovnik-leytenant 22 ildir
döyüş bölgəsindən ayrılsa da, müharibə,
döyüş nə beynindən, hafizəsindən silinir, nə
də yuxularından çıxır.
-
Döyüşlər, müharibənin dəhşəti, illərdir
yuxularımdan çıxmır. Ağdamda mina
partlayanda kontuziya almışdım. Reanimasiyada
olanda yuxuda gördüm bir çəmənlikdəyəm.
Səma masmavi və aydın idi. Gördüm leytenant Yunis Mirzəyev ordadır,
başı göy sarıqla sarınıb, əynində
yaşıl xəstəxana paltarı var. Qolunun biri
sarıqlıdı, biri də yoxdu. Deyirəm, Yunis, sən
yaralanmısan ki. Başlayırıq söhbət
eləməyə. Mənə deyir, çıx get
burdan. Deyirəm niyə axı, oturmuşuq da,
söhbət edirik. Deyir, yox, bura sənin yerin deyil,
çıx get burdan. Məni itələyə-itələyə
çıxardır. Bir də
qayıdıram. Qayıdanda ağır
yumruqla çiynimdən vurur. O yumruq məni o qədər
incitdi ki, ayıldım. Məlum oldu ki,
yanımdakı xəstə gipsli qoluyla çiynimə
vurubmuş, ağrının şokundan ayılmışam.
İndi də tez-tez yuxuda özümü
yaralanmış görürəm. Müharibədə
bomba, raketlər atılanda tez yerə uzanırdıq. Yuxuda ən çox o səhnəni görürəm.
O qədər real olur ki, dəfələrlə
özümü yatdığım çarpayıdan
çırpmışam yerə... Bir də
yuxuda görürəm ki, şəhid olan döyüş
yoldaşlarımızın hamısı sağdı, elə
sevinirəm.
Dünya şöhrətli
yazıçı Svetlana Aleksandrovna Aleksiyeviçin
“Savaşın qadına aid olmayan siması” əsərində
müəllif deyir ki, müharibənin qadın siması olmur. Mən isə deyirəm ki,
müharibənin ümumiyyətlə, insan siması yoxdur, nəinki
qadın və ya kişi. Müharibə
həqiqətən də dəhşətli
anlayışdı. Mənim
üçün müharibə oğulsuz anadı, yetim
uşaqdı, dul qadındı, nişanlı qalmış
qızdı. Arxasında ancaq dəhşət,
faciə saçır. Müharibədə iştirak edən
adam fiziki cəhətdən yaralanmaya bilər.
Amma kişiliyindən, qadınlığından asılı
olmayaraq, bircə dəfə belə, döyüşdə
olan adam mənəvi cəhətdən
mütləq yaralanır. Və o yara heç
vaxt sağalmır. Zahirən o
döyüşçülər dik durur, məğrur olur,
amma daxilən yaraları həmişə qanayır, heç
vaxt qaysaq bağlamır. Mənim insanlardan
bir xahişim var, bilsələr ki, qarşılarındakı
müharibədə olmuş biridir, onunla həssas
davransınlar, yaralarını qanatmasınlar, anlayış
göstərsinlər. Onlara təsəlli
üçün bir kəlmə xoş söz də bəsdir.
Çoxları səni daxilən necə
yaraladığını da bilmir. Bəzən
elə adamlar olur ki, hansısa acı sözlə o yaraya
toxunub, yenidən qanadırlar. Biz
döyüşə atılanda müharibəyə gedən
qızlara yaxşı baxmırdılar. Ancaq
indi atalar qızlarının, qardaşlar
bacılarının, ərlər xanımlarının əlindən
tutub hərbi xidmətə qəbul üçün gətirirlər.
Bu, çox yaxşı haldır. Tərxis olunub geri qayıdanda cəmiyyətin bəzi
nümayəndələri bizə deyirdilər, guya neynəmisiz
ki, torpağı satmısız da. Sizdən
xahiş edən varıydı gedirdiz müharibəyə?
Bilmirlər ki, Azərbaycan ordusu erməniyə
qarşı yox, böyük bir imperiyaya qarşı
mübarizə aparırdı. Özü də
imperiya dövrünün müasir silahlarıyla
silahlandığı halda, bizimkilər baltayla, yabayla, daha
sonra avtomatla döyüşməyə başladı. Ermənilər qrad qurğularından raket atanda biz
avtomatla, pulemyotla yeni-yeni silahlanırdıq. İstəyirəm xalqımız bilsin ki, Azərbaycan
əsgəri əsl qəhrəman kimi döyüşüb.
20 faiz torpağımız işğal olunsa da, əsgərimiz
vətən, xalq qarşısında alnı açıq,
üzü ağdı. Döyüşmək
üçün tək silah yox, mənəvi güc də
olmalıydı. Biz özümüzdə
mənəvi güc tapıb, düşmənə
qarşı mübarizə aparmışıq. Sonrakı döyüş əməliyyatları da
bunu göstərdi ki, Azərbaycan xalqı döyüşkən
xalqdır. Aprel döyüşləri,
Günnüt kəndinin bizim əsgərlərin nəzarətinə
keçməsi də bunu təsdiq elədi. İnanıram ki, biz metr-metr, kəndbəkənd, şəhərbəşəhər
torpaqlarımızı geri alacağıq. Sülh olmasa, müharibə başlasa, içi mən
qarışıq hamımız əlimizə silah almağa
hazırıq. Hərbiyə
qayıtmağımın bir səbəbi də o oldu ki,
müharibə başlayanda mülki şəxs kimi kənarda
qalmayım. Aprel döyüşlərində
idarə rəisimə raport yazdım ki, gedirəm
döyüşə. Axşam evdə
çantamı yığırdım. Elan
etdilər ki, atəşkəsdi. Mənim
ailəm indi də Ağdamda yaşayır. Kəndimiz minalardan təmizlənəndən sonra
evimizi təzədən tikib köçdülər ora.
Evdən də zəng eliyib dedilər,
döyüş dayanıb. Məyus oldum
ki, hazırlığım yarımçıq qaldı.
“Ayaqyalın
qayıdaram Qarabağa”
... Müharibəyə gedəndə 19
yaşlı gəncin nə xəyalları olarsa, mənim də
o cür xəyallarım vardı. Sadə,
dəbdəbədən uzaq, saf kənd qızının xəyallarıydı.
Ən böyük arzum isə sadə kənd müəlliməsi
olmaq, uşaqlara tarixi öyrətmək idi. O arzum
heç vaxt göyərmədi, içimdə qaldı.
Düzdür, müharibədən sonra ali
təhsil aldım, ali təhsilli hüquqşünasam. Amma əvvəlki şövq, yanğı
qalmamışdı içimdə. Necə
ki, müharibə mənim hər şeyimi əlimdən
alıb, yandırıb yaxdı, eləcə də müəllimlik
arzumu ürəyimdə qoydu. İndi isə
mənim bir arzum var – Qarabağın işğaldan azad
olunması. Ən azından orda şəhid
olan döyüşçülərimizin ruhlarını
sevindirmək üçün bunu etməliyik. Və mən inanıram ki, Azərbaycan
Respublikasının Prezidenti cənab Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə biz bunu
bacaracağıq, Qarabağı geri alacağıq. O
inam olmasa, ölərəm, yaşaya bilmərəm. Bizim gücümüz yetəcək və mən o
günü görəcəm. Bir dəfə bir polkovnik
mənə sual verdi ki, nə vaxtsa
Qarabağ geri alınsa, gedərsiz? Dedim,
Bakı heç vaxt mənim yaşamaq üçün
arzuladığım yer olmayıb. Mən burda hər
şeyimi qoyub, ayaqyalın qayıdaram Qarabağa. Yatmağa yerim olmasa, torpağın üstündə
yataram. Təki yenidən ayağım o
torpaqlara dəysin, oranın havasını udum, suyunu
içim. Təki yenidən yaylağa gedən
köçü izləyim. Mən dəvələrin
boynundakı o zınqırov səsini eşitmək
üçün hər şeyimdən keçərəm.
... Biri var idi, biri yox idi. Qarabağın ən səfalı guşələrindən
olan Ağdamda Aliyə adlı bir xanım var idi. Bu xanım Qarabağ müharibəsində
döyüşmüşdü, yüksək rütbəli hərbi
qulluqçu idi. Kəndin
uşaqlarını tez-tez başına yığıb, onlara
Azərbaycanın şanlı tarixindən, tarixi şəxsiyyətlərindən,
qəhrəmanlarından, müharibə xatirələrindən
danışardı. Ən sevdiyi fəsil
isə yaz idi. Çünki havalar isinən
kimi elatlar, tərəkəmələr Kəlbəcər,
Laçın dağlarına köç etməyə
başlayırdı. Yaşadığı kəndin
içindən keçən bu köçə Aliyə o qədər
maraqla, heyranlıqla, həsrətlə baxardı ki... Ən çox xoşuna gələn isə
köçün önündə gedən dəvə
karvanı idi. Bir-birinə bağlanmış 15-20 dəvə,
üzərlərində kəcavə, kəcavədə
oturan bər-bəzəkli gəlinlər, uşaqlar... Dəvələrin ləngərlə yerişi ilə
boğazlarından asılan zınqırovun səsi bir
harmoniya, əsrarəngiz ahəng yaradırdı sanki.
Çox keçmirdi ki, Kəlbəcər, Laçın
dağlarını bu tərəkəmələrin ağ çadırları, rəngarəng
xalçaları bəzəməyə başlayırdı. Elə bil dağda çiçəklər boy
qaldırırdı. Bu mənzərə
Aliyə üçün dünyanın ən gözəl rəsm
əsəriydi. Və o mənzərəni
izlədikcə gənclik arzusu yenidən ürəyini
qanatmağa başlayardı. Axı bir zamanlar
bu kənddə bir Aliyə vardı. Kəlbəcərin,
Laçının ən ucqar kəndlərində tarix müəlliməsi
işləməyi xəyal edən bir qızcığaz.
Əlinə qələm almaq əvəzinə
silah alıb, döyüşə gedən,
torpaqlarımızı düşməndən azad edib, yenidən
öz arzularının dalınca getməyi ümid edən 19
yaşlı bir gənc. Amma nə biləydi ki,
müharibə təkcə onun müəllim olmaq arzusunu yox,
bütün xəyallarını, ümidlərini, gəncliyini,
qadınlığını əlindən alacaq...
... Biri var idi, biri yox idi... Ağdamda
Piriyeva Aliyə Əli qızı var idi. Tarix müəlliməsi
ola bilməsə də, Qarabağ
müharibəsində mərdliklə
döyüşmüş, o tarixi hadisəni iliyinə kimi
yaşamış, şahidi olmuş və adını Azərbaycanın
Qarabağ salnaməsinə həkk etmiş qəhrəman
xanım...
Xəyalə
Muradlı
Üç
nöqtə.- 2018.- 18 iyul.- S.7.