“Azərxalça” Günnüt kəndinin qədim
xalçalarını aşkara
çıxardı
İyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində "Azərxalça"nın hədiyyə etdiyi Günnüt xalçalarının təqdimatı olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün keçirilən tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi köklərinə və mədəniyyətinə sahib çıxan xalqdır. Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm də tariximizi yaşadan eksponatlardır.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, Neolit və Erkən Eneolit dövrlərində formalaşıb. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri insanların xalçaçılıq sənəti ilə Neolit dövründən məşğul olduğunu göstərir. Vaxtilə ölkəmizdə bu sahəyə lazımi diqqət yetirilməyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra mədəni irsimizin qorunmasına və inkişafına diqqət və qayğı artırıldı. Nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə dövlət proqramının qəbul olunması muxtar respublikada bu sənətə göstərilən dövlət qayğısının nümunəsidir.
İsmayıl Hacıyev muxtar respublikada xalçaçılıq sənətinin inkişafına göstərilən diqqətə görə elm adamları adından minnətdarlığını bildirib.
EMS_0514
"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək deyib: "Beş minillik şəhər mədəniyyətinə malik olan ulu Naxçıvan Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiya marafonuna zəngin tarixi töhfələr verib. Naxçıvan qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, müasir dövrdə həm də öz inkişafı ilə seçilən bir diyara çevrilib. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə muxtar respublikada nəhəng quruculuq işləri həyata keçirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə edilib. Bu qədim diyarımızda biz hər il yeni-yeni uğurların, böyük tarixi hadisələrin şahidi oluruq. 2018-ci il də mühüm tarixi hadisələrin baş verdiyi dövr kimi yadda qalacaqdır. Naxçıvan şəhəri İslam mədəniyyətinin və gənclərin paytaxtı missiyasını uğurla davam etdirir. Bu il muxtar respublikada əldə olunan, bütün Azərbaycan xalqını sevindirən mühüm nailiyyətlərdən biri də Əlahiddə Ümumqoşun Ordusunun Günnüt kəndini işğaldan azad etməsidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi torpaqlarına böyük qayıdışın başlanğıcı aprel döyüşləri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı, davamı Günnütdür. Şübhəsiz ki, yaxın gələcəkdə şanlı Azərbaycan ordusu düşmən tapdağındakı digər torpaqlarımızı da işğaldan azad edəcək, qüdrətli dövlətimiz Günnütü də Cocuq Mərcanlı kimi ölkəmizin abad kəndlərindən birinə çevirəcəkdir. Günnüt əməliyyatı Naxçıvanda yaradılan güclü ordu birləşmələrinin zəfəridir. Bununla bir daha sübut olundu ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu nəinki muxtar respublikanın sərhədlərini qorumağa, eyni zamanda istənilən hərbi əməliyyatı uğurla yerinə yetirməyə qadirdir.
Vidadi Muradov bildirib ki, Günnüt Azərbaycanın qədim yurd yerlərindən biridir. Tarixən bu kəndin yerləşdiyi ərazidə oğuz türkləri yaşayıblar. Bunu son günlər aşkara çıxarılan Günnüt xalçaları da sübuta yetirir.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir. Naxçıvanda toxunan tarixi xalçaların aşkara çıxarılması istiqamətində də axtarışlar aparırıq"-deyən İdarə Heyətinin sədri vurğulayıb ki, bu yaxınlarda aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır. Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib.
Naxçıvanda toxunan tarixi xalçaların aşkara çıxarılması istiqamətindəki axtarışlarımız bizi bu dəfə Günnüt xalçalarına aparıb çıxardı.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vaxtilə Günnüt kəndində toxunmuş 6 ədəd xovlu və xovsuz xalça, xalça məmulatı aşkarlanıb. Bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar öz əksini tapıb. Həmin xalçalar 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində toxunub. Xalçaların tarixi əhəmiyyətini nəzərə alaraq bu qiymətli nümunələrin Naxçıvan Dövlət Xalça Muzeyinə verilməsini məqsədəuyğun hesab etdik.
Qeyd olunub ki, "Azərxalça"nın aşkara çıxardığı Günnüt xalçalarının belə yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsi muxtar respublikada xalçaçılığa verilən önəmin nəticəsidir. Son illər Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan şəhərində Xalça Muzeyi yaradılıb, "Naxçıvan Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında xalça toxunması təşkil olunub, "Ənənəni qoruyaq, evdə xalça toxuyaq" adlı sosial layihə həyata keçirilib.
Vidadi Muradov deyib ki, Naxçıvan xalçaçılığının tədqiq olunmasına, yeni nəşrlərin hazırlanmasına da ciddi diqqət yetirilir. Ali Məclis Sədrinin dəstəyi ilə tərəfimizdən muxtar respublikada geniş tədqiqqat işləri aparılıb. Naxçıvanın 69 kəndindən 254 xalçaçı haqqında məlumatlar toplanılıb. Bu kəndlərdə evlərdəki xalçalar da araşdırılıb. Aparılan tədqiqatlardan sonra belə qənaətə gəlinib ki, Naxçıvan tarixən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olub, burada özünəməxsus orijinal xalçalar toxunub. Bu isə bizə imkan verir ki, Naxçıvanın xovsuz və xovlu xalçalarını bədii-texnoloji xüsusiyyətlərinə görə ayrıca qrup kimi təsnif və tədqiq edək.
Naxçıvanda apardığımız tədqiqatların nəticəsi kimi, Azərbaycan, ingilis və rus dillərində "Naxçıvan xalçaçıları", "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" kitabları, 6 dildə "Azərbaycan xalçaları – Naxçıvan qrupu" broşürü nəşr olunub, "Naxçıvan xalçaları" sənədli filmi hazırlanıb. Bu nəşrlər müxtəlif ölkələrin 103 universitet, kitabxana və muzeylərinə göndərilib, dünyanın nüfuzlu kitabxanalarının elektron bazalarına yerləşdirilib. İngilis dilində olan kitablar Nyu-Yorkda, rus dilindəki nəşrlər isə Moskvada çap edilib. Naxçıvan xalçaçılığına dair nəşr olunan kitablar muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib, "Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)" monoqrafiyası isə Naxçıvan Dövlət Universitetində tədris olunan kitabların siyahısına salınıb.
Bildirilib ki, 2018-ci ili Naxçıvan xalçaçılığında da dönüş ili kimi xarakterizə etmək olar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Naxçıvan şəhərində xalça istehsalı emalatxanası inşa olunur. Bundan başqa, regional yun və boyaq bitkilərinin tədarükü mərkəzi də yaradılır. Naxçıvanda yaradılan xalça emalatxanasında 150 toxucu çalışacaq, Naxçıvan qrupuna aid xalçalar toxuyacaqlar. Emalatxana fəaliyyətə başladıqdan sonra burada tarixi Naxçıvan xalçalarının, eləcə də vaxtilə Günnüt kəndində toxunan xalçaların çeşniləri əsasında yeni xalçalar istehsal olunacaqdır.
Artıq bu gündən "Azərxalça" Naxçıvan Regional Peşə-Tədris Mərkəzində toxucular üçün tədris-hazırlıq kursuna başlayır. Dərslər "Azərxalça"nın böyük iş təcrübəsinə malik, peşəkar xalçaçıları tərəfindən aparılacaq. Tədris-hazırlıq kursu avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə, Naxçıvan qrupuna aid elektron çeşnilərlə təmin edilib. Kurs başa çatdıqdan sonra "Azərxalça" tərəfindən sertifikat verilən toxucular Cəmiyyətin Naxçıvan filialında işlə təmin ediləcəklər.
Yeri gəlmişkən qeyd edək ki, dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir. Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Naxçıvan qrupuna aid xalçaların da elektron çeşniləri hazırlanıb.
Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzi muxtar respublikada heyvandarlıq təsərrüfatlarının genişləndirilməsinə stimul verəcək. Bu mərkəzdə qəbul olunan yun və boyaq bitkiləri Sumqayıt Kimya Sənaye Parkında tikintisi davam etdirilən Yunəyrici-Boyaq Fabrikində emal ediləcək, yun ipliklər və təmiz yun istehsal olunacaqdır. Yun və boyaq bitkilərinin qəbulu mərkəzi fəaliyyətə başladıqdan sonra burada mövsümi və daimi iş yerləri açılacaqdır.
Vurğulanıb ki, keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb. Xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Ona görə də ölkə rəhbəri cənab İlham Əliyev bu sahəyə xüsusi önəm verir, xalçaçılığın inkişafı üçün analoqu olmayan tədbirlər həyata keçirir. Dövlət başçısının tapşırıqlarının uğurla yerinə yetirildiyi Naxçıvan Muxtar Respublikası bu sahədə də mühüm nailiyyətlər qazanıb.
Vidadi Muradov "Azərxalça"nın aşkara çıxardığı Günnüt xalçalarının yüksək səviyyədə təqdimatının keçirilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz təşəkkürünü bildirib.
EMS_0521
Təqdimat mərasimində Şərur rayonunun Günnüt kəndindən olan xalçaçı Solmaz Məmmədova çıxış edərək deyib: "Azərbaycanın qədim yurd yeri olan Günnüt kəndində xalçatoxuma sənəti qədimdən mövcud olub. Kəndimizdə əsrlərlə yaşı olan qədim xalça nümunələri olub. Yaxşı xatırlayıram ki, kəndimizdə gənc qızlara xalçaçılıq sənətini öyrətmək artıq adət-ənənəyə çevrilmişdi. Hər il Günnüt kəndində yüzlərlə xalça toxunardı. Mən də gənc yaşlarımdan bu kənddə xalçatoxuma ilə məşğul olmuşam. Təəssüflər olsun ki, 26 il əvvəl ermənilər Günnüt kəndini işğal etdikdən sonra sakinlər Şərur rayonunun digər kəndlərində məskunlaşdılar. Kəndimiz işğalda olsa da, günnütlülər öz qədim adət-ənənələrindən uzaq düşmədilər. Günnüt kəndinə məxsus zəngin mədəni irsi, xüsusilə də xalçaçılıq sənətini qoruyub saxladılar. Bu ilin may ayında Günnüt kəndi işğaldan azad olundu. Biz günnütlülər öz ata-baba yurdumuza qovuşmuşuq. Əzəli yurd yerimizə qovuşmağın sevincini yaşamaqla yanaşı, həm də xoşbəxtik ki, kəndimizin adətləri, ənənələri, dəyərləri də özünə qaytarıldı. Dövlətimizə, ordumuza bütün günnütlülər adından minnətdarlıq edirəm. Çünki təkcə doğma kəndimiz deyil, həm də mədəni irsimiz özümüzə qaytarılıb".
Sonra Günnüt
xalçalarına və muzeyin
ekspozisiyasına baxış olub
Üç nöqtə.- 2018.- 20 iyul.- S.8.