“Ögey ana”da
başlayıb “Fəryad”la bitən tale
Bu təsadüfdürmü, yoxsa zərurət,
yəqin ki, daha çox sadəcə taledir. İnsan dünyaya gələndə
onun həyat yolu artıq cızılmış olur, nə qədər
çalışsan da o cığırdan kənara
çıxa bilmirsən, sadəcə yüngül sapmalar ola bilər, vassalam.
O,
atasının ikinci evliyindən dünyaya gəlmişdi. Atası Cəmil
Mirzəyevin birinci evliliyindən
övladı olmamışdı. Hamı demişdi ki,
qadınını boşa, evlən övladın olsun, amma 17 il birgə həyat sürdüyü
ömür-gün yoldaşından ayrılmamışdı
kişi. 17 ildən
sonra qadın dünyasını dəyişib, yalnız ondan
sonra Cəmil Mirzəyev ikinci dəfə evlənib. Onun anası Marqarita
xanım milliyətcə gürcüdür.
Xanımın da ikinci evliliyi idi, birinci ərindən - İbrahim Məmmədəliyevdən
bir qızı da vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı
kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə
yalnız ailənin deyil, bütün nəslin sevinci hədsiz
oldu.
Ceyhunun atası Cəmil
Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində
çalışırdı. “Qırmızı
Döyüş Bayrağı” ordeninin (Orden Boyevoqo Krasnoqo
Znameni) ilk daşıyıcısı
olmuşdu. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi
Muzeyində saxlanılır. Bizim kinoçular
isə bu ordeni “Qanun naminə” filmində tarixi salıblar. Gənc prokurorun
yaxasında.
Evlənəndə artıq 48
yaşı olan Cəmil Mirzəyev Ceyhun 3 yaşında olarkən
ürək çatışmazlığından
dünyasını dəyişir. İllərdir övlad həsrətində olan ataya
övlad sevincini doyunca yaşamaq qismət olmadığı
kimi övlada – Ceyhun Mirzəyevə də ata qismət
deyilmiş.
İsmayılın
uşaqlığı
Bəli, Ceyhun Mirzəyevdən
danışırıq. 1946-cı il aprelin 9-da Bakıda
anadan olsa da, əsli Qarabağdan- Ağdamın
Abdal-Gülablı kəndindən olan, bir ömürdə iki
tale yaşayan aktyor Ceyhun Mirzəyevdən.
Sənət taleyinin
birinci dönəmində “Ögey ana”dakı İsmayıl, ikinci
dövründə isə “Fəryad”dakı İsmayıl kimi
iki əsr insanların yaddaşına yazılan Ceyhun Mirzəyev.
Hələ uşaqkən Azərbaycan Televiziyasında
uşaq verilişlərində iştirak edirdi. Onu elə efirdən
görüb bəyənən rejissor Həbib İsmayılov
“Ögey ana” filmində İsmayıl roluna dəvət etdi.
Bu film eyni anda neçə-neçə
taleyi özündə birləşdirirdi. Həm Ceyhun Mirzəyevin
özünün yetimliyi, ögey bacısının olması
vardı, həm də baş rolu oynayan Nəcibə Məlikovanın
taleyi filmdə öz əksini tapmışdı.
Aktrisanın qaynanası
gəlininin aktrisa olmasını həzm edə bilmirdi. Həyat hər addımda təzadlarla doludur. Bəlkə bu da həyatın təzadıdır
ki, Nəcibə xanım özü qayınana sarıdan
çox əziyyətlər çəkib. O qədər
çəkib və dözüb ki, bir gün onlara qonaq gələn
rejissor, o vaxt kinostudiyaya rəhbərlik edən Ədil İsgəndərov
dözməyib və Nəcibə xanımı kimi “Ögey
ana”nı elə öz obrazında, qayınanası və həyatı
ilə bahəm kino ekranlarına gətirib. Evdən
çıxarkən deyib ki, Xanım xala, səndən kino
çəkəcəm.
Film çox sevildi, xüsusən İsmayıl və
onun ögey anası. Görünür, hər iki obrazda onu
yaradan aktyorların öz həyatı olması onun təbii
alınmasında rol oynadı.
Balaca Ceyhun isə
kinodan və uşaq verilişlərindən aldığı
qonorarla artıq ailəni bacısı və anasını
dolandırırdı.
“Ögey
ana” filmindən sonra Ceyhun
“Əsl dost” (1959), “Matteo falkone” (1960), “Qara qağayı”
(1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon”
(1965), “Qanun naminə” (1968) “Dəli Kür” (1969), “Bakıda
küləklər əsir” (1974), “Yol əhvalatı” (1980),
“Qanlı zəmi” (1985), “Lətifə” (1989), ümumən 25-ə
qədər filmdə müxtəlif obrazlar yaradır.
Ceyhun sənətə aktyorluqla başlasa da,
rejissorluğa da böyük həvəsi vardı.
İncəsənət İnstitutunun
rejissorluq fakültəsini bitirmişdi. Moskvada
təcrübə keçib qayıdandan sonra isə “Mozalan”da
bədii rəhbər işləyirdi. Rejissor
kimi 100-dən çox süjet çəkmişdi.
Sevgisindən
vaz keçmədi
Bir
gün artıq gənc aktyor, rejissor olan Ceyhun Mirzəyev kino heyəti ilə Moskvaya
astrola getmişdi. Qalanını aktyorun həyat yoldaşı,
baş ədliyyə müşaviri Lidiya Mirzəyeva
danışır: “Onun 18, mənim
17 yaşım vardı: “Bizi məktəbdən Moskvaya
aparmışdılar. Orda olduğumuz zaman
eşitdik ki, Azərbaycandan artistlər də burdadır.
Onda Ceyhunu ekrandan tanıyırdım, yetərincə
məşhur idi. Amma ilk dəfə
canlı şəkildə onları Bakıya yola salanda
gördüm. Ceyhun bizi restorana dəvət
etdi. Sonradan bildim ki, son pulunu da o
qonaqlıqda xərcləyib. Bir-birimizə
telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə
zəng vurdu, görüş təklif etdi. Mən də
razı olmadım, onu bir az acıladım.
Bu, bizim son danışığımız
oldu”.
Düz 8 ildən sonar Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın
iş yerinə gəlir, pəncərəni döyüb
otağa bir gül atır və gedir. Nəhayət,
sevdiyi qızın könlünü alır və onunla ailə
qurmasına razı sala bilir. Ceyhunla Lidiya 1973-cü ildə
ailə qururlar və Cəmalə adlı bir qızları
dünyaya gəlir: “Bəzən məndən soruşurdular
ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə?
Mənim iki uşağım var - Ceyhun və Cəmalə.
Ceyhun doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi. Yeyib-içməyi,
gəzməyi, geyinməyi çox sevirdi. O qədər
ürəyiyumşaq, kövrək adam idi
ki... Ehtiyacı olan hamıya əl tuturdu,
kömək edirdi. “Mozalan”da işlədiyi
müddətdə nə qədər gənci işlə təmin
etdi. Haqsızlığa dözə bilmirdi.
Ona qarşı xeyli haqsızlıqlar da
olmuşdu. Bir müddət
yaradıcılığında fasilə yarandı.
Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul
etmirdilər. Bunun da səbəbi
kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərovla
Ceyhunun əmisi Seymur Mirzəyevin arasında yaşanan problem
idi.
Seymur Mirzəyev əvvəl
Moskvadakı “Romen”, sonra Mayakovski, Yermolov teatrlarının
icraçı direktoru olmuşdu. Onların
arasında nəsə şəxsi problemləri vardı.
Ceyhun da bu şəxsi münasibətlərin
qurbanına çevrilmişdi, əziyyət çəkirdi.
Amma Ceyhun kimi bir insanı incitmək olmazdı
axı. Mən ona təskinlik verməyə
çalışırdım. Ona
qarşı bir haqsızlıq da fəxri ad verilməməsiydi.
Düzdür, Ceyhunun heç bir fəxri adı
yoxdur, amma o, sözün əsl mənasında xalqın
artistidir. Xalq onu sevir. O da
xalqını çox sevirdi. Film çəkəndə
aldığı qonorardan xəbəri də olmurdu, pul onu
maraqlanmırdı. Deyirdi, “bu film xalqa
lazımdır, gələcək nəsillərə miras
qalmalıdır”. O, çox təmiz insan olub, xalqa xidməti
qarşısında heç nə ummayıb, güdməyib. Bütün filmlərinə canla, ürəklə
yanaşıb”.
Onun rejissor kimi ilk
işi “Bəyin oğurlanması” filmi olub. Onun ardınca “İşarəni
dənizdən gözləyin” filmini çəkib. “Fəryad” filmi isə sonuncu filmidir.
Elə bil nəyisə duyubmuş
kimi “Ögey ana”dakı İsmayıl obrazının
sonrakını taleyini gətirib “Fəryad” filmi ilə
bağladı.
Bu iş də
Ceyhun Mirzəyevin aktyor və rejissor kimi
axırıncı işi olur. “Fəryad” onun haqsızlıqlara
qarşı son fəryadı idi- qu quşunun son nəğməsi
kimi.
Ceyhun Mirzəyevə qarşı sui-qəsd olub
Filmin operatoru Kənan
Məmmədov deyir ki, “Fəryad” filmi 1993-cü ildə “Azərbaycanfilm”
kinostudiyasında istehsal olunub: “Biz ilk olaraq filmin harada çəkiləcəyi
barədə çox düşündük. Bu, mühüm bir məsələ idi. sonra Ceyhunla belə qərara gəldik ki,
çəkilişlər soyuq fəsildə
aparılmalıdır. Çünki Qarabağ
savaşından bəhs edən filmi yayda, otun-çiçəyin
arasında çəkmək düzgün olmazdı. Filmin bütün natura çəkilişləri
Goranboyda Murov dağın ətəyində, Zeyvə,
Qaraçinar, Ağcakənddə keçdi. Onda döyüşlər təzəcə başa
çatmışdı. Biz ora yanvarda ezam
olunduq və çox kəskin hava şəraitinə
baxmayaraq, 15 günə natura çəkilişlərini
bitirdik. Düzdür, təşkilati
problemlər vardı. Məsələn,
ordu, patron, avtomat lazım idi, onları çətinliklə əldə
edirdik. Amma mənəvi çətinliklər
daha çox idi. Hamımız daxilən
çox böyük iztirablar keçirirdik. Xüsusən də Ceyhun çox əzab çəkirdi.
Torpaqlarımızın işğalı ona pis
təsir etmişdi”.
Kənan
Məmmədov çəkilişlər zamanı baş verən
bəzi hadisələri də xatırlayır: “Filmdə bir səhnə
var – balaca qızın zorlanma xəbərini eşidən
İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib
ermənilərin mövqeyinə çatır və bu
alçaqlığı edən ermənini öldürür.
Bu səhnəni hərəkətlə çəkirdim.
Kamera maşında idi. Ceyhun
ağacların arasında qaçdığı müddətdə
maşın da paralel olaraq gedirdi. Birdən
Ceyhun qeyri-adi bir hərəkət etdi və
yıxıldı. Demə, Ceyhun
qaçdığı yerdə bir ağacdan o biri ağaca
çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma
təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib
yıxılmasaydı, ip boğazını üzərdi.
Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb
yardım etdik.
Bir də o səhnədə qaçan zaman çaydan
keçir. Qış ayı, dağdan gələn su, adamın
barmağını da kəsirdi. Mən
etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin.
Amma Ceyhun razı olmadı, özü çəkildi.
Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə,
bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi.
Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi
elə bil. Bəlkə də ürəyinə
nəsə dammışdı. Amma
çox təəssüf ki, tam olaraq başa çatdıra
bilmədi. Filmin qaralama montajı bitəndə
Ceyhun rəhmətə getdi. Özü də
montajı birlikdə edirdik. Mənsiz eləməzdi.
Deyirdi, “sən bütün materialı məndən
yaxşı bilirsən...”. Filmin
birinci variantı başa çatandan sonra Ceyhunu itirdik. Nə öz rolunu səsləndirə bildi, nə də
filmi gördü”.
İsmayıl böyüdü və…
Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın
çəkilişlərindən qayıdanda evdə
rahatlıq tapmırdı: “Siqaret çəkir,
düşünür, öz-özünə
danışırdı. Erməniləri
söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan,
ümumiyyətlə bütün haqsızlıqlardan hayıf
çıxmaq istəyirdi”.
Filmin hazır olub ekranlara
çıxmasını həsrətlə gözləyirdi.
Amma “Fəryad” filminin çəkilişlərindən
sonra Ceyhun Mirzəyev mikroinsult keçirdi. İki həftəlik
müalicədən sonra yenidən filmin işlərini davam
etdirməyə başladı. Özü də tələsərək...
Filmi tez başa çatdırıb ekranlara çıxarmaq
arzusundaydı.
Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə gətirmək zülüm. Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu çox sevirdi.
1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...”
İsmayılın “Ögey ana”da başlayan həyat yolu “Fəryad” la beləcə bitdi.
Ramilə
Qurbanlı
Üç nöqtə.- 2018.- 21 iyul.- S.12.