"Əkinçi"dən
başlayan yol bugünkü uğurlarımızın bələdçisidir"
Milli.Az YAP Siyasi Şurasının üzvü,
"İki sahil" qəzetinin Baş redaktoru, Əməkdar
jurnalist Vüqar Rəhimzadə ilə müsahibəni təqdim
edir:
-
Vüqar müəllim, milli mətbuatımızın
yaranmasının 143-cü ildönümü ərəfəsindəyik.
Arxada qalan hər il bu zənginliyə yeni əlavələr
edir. Bir əsr yarıma yaxın olan bu
dövrü necə xarakterizə edərdiniz?
- Öncə
milli mətbuatımızın 143-cü ildönümü
münasibətilə bütün həmkarlarımı təbrik
edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin
möhkəmləndirilməsinə davamlı töhfələr
verməyi arzulayıram.
Milli mətbuatımızın "Əkinçi"dən
bu günə qədər keçdiyi yol keşməkeşli
və şərəflidir. 143 illik tarixi 4 mərhələyə
bölmək olar: "Əkinçi" qəzetindən Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr,
Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik
dövrü.
2018-ci
ilin dövlətimizin başçısı İlham
Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq
Cümhuriyyəti İli" elan olunması Azərbaycanın
müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin təhlilini
bir zərurət kimi ortaya qoyduğundan mətbuatımızın
da məhz bu mərhələsinə diqqət yönəltmək
istərdim. Bütün dövrlərdə mətbuat
həqiqət carçısı kimi çıxış
etmiş, dövrün reallıqlarının ictimaiyyətə
dolğun şəkildə çatdırılmasına səy
göstərmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin məlum
Sərəncamında da qeyd olunduğu kimi, qədim və zəngin
dövlətçilik ənənələrinə malik Azərbaycan
xalqı keçmişinin müəyyən dövrlərində
tarixin hökmü ilə böyük imperiyaların tərkibinə
qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan
Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının
yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və
XX əsrin əvvəllərində Azərbaycanın
yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin
məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən
maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda
baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər
yeni tipli teatrın, məktəbin və mətbuatın
yaranmasını təmin etməklə milli özünüdərkin
gerçəkləşməsi üçün zəmin
hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə
Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə
Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə
və digər görkəmli şəxsiyyətlər davam
etdirərək milli məfkurənin təşəkkülü
və inkişafına mühüm təsir göstərirdilər.
Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin
formalaşdığı neft şəhəri Bakı, eyni
zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi
fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər
məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən
azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.
1918-ci il may ayının 28-də yaranan Azərbaycan
Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, üzərinə
götürdüyü çətin tarixi vəzifəni
imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində
işıqlandırıldı, cəmiyyətin informasiya tələbatının
ödənilməsi üçün mühüm addımlar
atıldı. 1991-ci ildə Azərbaycanın
dövlət müstəqilliyini yenidən bərpa etməsindən
sonrakı dövrdə, daha dəqiq desək, ulu öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra digər sahələr
kimi, Azərbaycan mətbuatının inkişafında da
keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən etibarən azad, müstəqil
mətbuatın inkişafı istiqamətində davamlı
addımlar atıldı, inkişafa mane olan süni maneələr
aradan qaldırıldı, qanunvericilik bazası
formalaşdırıldı, KİV-lərin maddi-texniki
bazasının yaxşılaşdırılması
yönümündə mühüm tədbirlər həyata
keçirildi.
-
1993-2003-cü illəri əhatə edən dövrün ən
mühüm addımı mətbuatın üzərindən
senzuranın götürülməsi idi. Bu addım azad mətbuatın
inkişafının dövlətin həyata keçirdiyi
humanizm siyasətinin əsasını təşkil etdiyini bir
daha nümayiş etdirdi...
-
Yarandığı gündən demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu yolunu tutan müasir müstəqil Azərbaycan
Respublikasının bu istiqamətdə qazandığı
uğurların miqyası genişdir. Ümummilli
lider Heydər Əliyev demokratik cəmiyyətin
varlığını təsdiqləyən bütün
atributların ölkəmizdə bərqərar
olmasını fəaliyyətinin əsası kimi qəbul edərək,
insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin
informasiya tələbatının ödənilməsi kimi məsələləri
öndə saxlayırdı. 1995-ci il
noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə yaradılan Komissiya tərəfindən işlənib
hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul
olunan Milli Konstitusiyamızda demokratik cəmiyyətin
varlığını şərtləndirən bütün
sahərin inkişafına xidmət edən müddəalar
öz əksini tapıb. Eyni zamanda hər sahənin,
ümumilikdə isə ölkənin hərtərəfli
inkişafına xidmət edən qanunların qəbulu və
zamanın tələbinə uyğün olaraq təkmilləşdirilməsi
də daim diqqətdə saxlanılmışdır.
Əvvəldə
də qeyd etdiyim kimi, dahi şəxsiyyət Heydər
Əliyevin müstəqil mətbuatın inkişafında xidmətlərindən
bəhs edərkən ilk olaraq Ulu Öndərin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında
söz, fikir və mətbuat azadlığının təmir
edilməsi sahəsində tədbirlər haqqında" fərmanı
ilə mətbuatın üzərindən senzuranın
götürülməsi qeyd edilir. Təbii ki,
senzuranın mövcudluğu şəraitində mətbuatın
müstəqilliyindən danışmaq qeyri-mümkün idi.
Bu qətiyyətli addım yeni müstəqil
medianın fəaliyyəti üçün geniş imkanlar
açdı. Cəmiyyətin
güzgüsü kimi dəyərləndirilən mətbuatın
inkişafına xüsusi önəm verən, jurnalist əməyini
daim yüksək dəyərləndirən ulu öndər
Heydər Əliyevin sonrakı dövrlərdə
imzaladığı Fərman və Sərəncamlara, qəbul
olunan qanunlara diqqət yetirsək, hər biri
özlüyündə gələcək inkişafa xidmət
edən addım idi. Qəzetlərə birdəfəlik
maliyyə yardımları verildi, KİV-lərin maddi-texniki
şəraitinin yaxşılaşdırılması
üçün Tədbirlər Proqramı təsdiqləndi,
həmçinin "Kütləvi İnformasiya Vasitələri
haqqında", "Məlumat azadlığı
haqqında" qanunlar qəbul olundu. Ümummilli
Liderin humanist addımlarından biri də qəzetlərin
"Azərbaycan" nəşriyyatına borclarının
dondurulması idi. Dahi şəxsiyyət
Heydər Əliyevin hər addımında azad mətbuatın
inkişafına verilən önəm diqqəti xüsusilə
cəlb edir. Milli mətbuatımızın yubileylərinin
keçirilməsi, qəzet redaktorları ilə mütəmadi
görüşlərin keçirilməsi, onları narahat edən
məsələlərlə yaxından tanış
olub, aidiyyəti qurumlara göstərişlər verilməsi də
həmin dövrün mühüm addımları
sırasındadır. Ümummilli liderimiz jurnalist əməyini
belə dəyərləndirirdi: "Jurnalist əməyi
qeyri-adi əməkdir. Böyük səy, zəhmət,
cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə
vurğunluq tələb edən əməkdir."
Təbii ki, Azərbaycan tarixinə dirçəliş,
inkişaf dövrü kimi yazılan 1993-2003-cü illəri əhatə
edən bu mərhələdə atılan addımları və
onların uğurlu nəticələrini bir sual çərçivəsində
əhatə etmək mümkünsüzdür. Qısa
xronologiya mətbuatın keçdiyi inkişaf yolunun aydın
mənzərəsini yaradır. Bu
dövrün mühüm uğurlarından biri də
2003-cü ilin martında mətbuatda özünütənzimləmə
funksiyasını həyata keçirmək məqsədilə
Mətbuat Şurasının yaradılması oldu.
Məlumdur ki, hər bir cəmiyyətdə uğurlara
yol açan mühüm amillərdən biri də mövcud
problemləri, qüsurları görmək və onların həlli
üçün ciddi səylər göstərməkdir. Ümummilli lider Heydər
Əliyev jurnalistləri obyektiv olmağa çağıraraq
bildirirdi: "Mətbuat azadlığından, söz
azadlığından sui-istifadə edib, xüsusən iqtidara
qarşı cürbəcür böhtan, yalan yazanlar, uydurmalar
yayanlar cinayət edirlər." Ulu Öndərin
diqqət və qayğısından irəli gələn bu
kimi addımlar məsuliyyət hissinin və peşəkarlığın
artırılmasını bir tələbə
çevirmişdir. Şübhəsiz ki, cəmiyyətin
güzgüsü missiyasını dolğun şəkildə
yerinə yetirmək hər bir media nümayəndəsindən
güclü vətənpərvərlik hissinə sahib
olmağı tələb edir. Ümummilli
lider Heydər Əliyevin 2002-ci ildə "Jurnalistlərin
dostu" mükafatına layiq görülməsi 1993-cü
ildən başlanan inkişaf yolumuzda mətbuata göstərdiyi
diqqət və qayğıya verilən dəyərdir.
-
Vüqar müəllim, müstəqillik tariximizin 2003-cü
ildən sonrakı dövründə mətbuatımızın
keçdiyi yolu necə dəyərləndirirsiniz?
- Son 15
ildə Ulu Öndər Heydər Əliyevin siyasətinin
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi digər sahələr kimi, müstəqil
mətbuatın inkişafında da aydın görünür.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi,
jurnalist peşəkarlığının və məsuliyyətinin
artırılması istiqamətində həyata keçirilən
tədbirlər, KİV-lərə birdəfəlik maddi
yardımların verilməsi və s. kimi addımlar fikrimizə
əyani sübutdur. Bu baxımdan bu günlərdə
cənab İlham Əliyevin ölkədə nəşr olunan
qəzetlərə maliyyə yardımının
ayrılması haqqında Sərəncamını xüsusi
qeyd etmək istərdim. Sənədə əsasən, qəzetlərə
birdəfəlik maliyyə yardımı göstərmək
üçün Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılması mətbuata
dövlət qayğısının yeni parlaq təzahürüdür.
Yaranmasından
keçən 9 ildən artıq dövrdə uğurlu fəaliyyəti
ilə müstəqil mətbuatın inkişafına öz
töhfələrini verən KİVDF möhtərəm
Prezidentimiz İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi
"KİV-lərin İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası"na uyğun olaraq fəaliyyət
göstərir. Fondun həyata keçirdiyi layihələr,
fərdi yazı müsabiqələri jurnalistlərin
yaradıcılıq imkanlarının, məsuliyyət
hissinin və peşəkarlığının artmasına dəstəkdir.
Dövlətimizin başçısı cənab İlham
Əliyevin Mətbuat Şurasının yeni binasının
açılış mərasimində qeyd etdiyi kimi, peşəkarlıq
artdıqca, jurnalistikada reket məsələləri də
aradan qaldırılacaq: "Ondan sonra bizim milli adət-ənənələrimizə
xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son
qoyulacaqdır." Ölkə Prezidenti, eyni zamanda, bu məqamı
da xüsusi vurğulayır ki, KİV-lərə dövlət
dəstəyinin əsas məqsədi müstəqil, peşəkar,
rəqabətədavamlı, eyni zamanda, milli şüur və
vətənpərvərlik prinsiplərinə dönmədən
əməl edən media resurslarının
formalaşdırılmasıdır. Qlobal
informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin
gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan
xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin
tərəqqisinə, dövlətimizin nüfuzunun daha da
yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
Milli mətbuatın
130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində
qeyd edilməsi, 2005-ci ildə "Əməkdar jurnalist" fəxri
adının bərpası, yüzlərlə jurnalistin
yüksək fəxri adlara, təltiflərə layiq
görülmələri və digər mühüm tədbirlər
ölkə rəhbərinin mətbuata qayğısını
əyani şəkildə nümayiş etdirir. Bu
əsas məqamı da qeyd edək ki, Ölkə Prezidentinin Sərəncamına
uyğun olaraq 2006-cı ildə qəzetlərin "Azərbaycan"
nəşriyyatına olan 450 min ABŞ dolları məbləgində
borcu dövlət büdcəsi hesabına ödənilmişdi.
Məhz
bu kimi davamlı addımlar dövlətimizin
başçısı cənab İlham Əliyevin son 15 ildə
3 dəfə "Jurnalistlərin dostu" mükafatına
layiq görülməsini şərtləndirib. "Jurnalistlərin dostu olmaq mənim
üçün böyük şərəfdir" söyləyən
cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki,
bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük
addımlar atılacaq. Ölkə Prezidentinin
üçüncü dəfə layiq görüldüyü
"Jurnalistlərin dostu" mükafatı ötən il Milli Mətbuat Günündə jurnalistlər
üçün tikilmiş binada mənzillərin
paylanması mərasimində təqdim olunmuşdur.
- Son 15
ilin bu sahədə mühüm uğurlarından biri
dünyada analoqu olmayan addım kimi dəyərləndirilən
jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı sərəncamların
imzalanması və bu sənədlərə uyğun olaraq 2
yaşayış binasının istifadəyə verilib,
üçüncünün təməlinin
qoyulmasıdır...
- Dövlətimizin
başçısı İlham Əliyevin 2010-cu ildə
jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə
yaşayış binasının inşasını nəzərdə
tutan Sərəncamı ictimaiyyət tərəfindən
böyük rəğbət hissi ilə qarşılandı.
Bu addım müstəqil mətbuatın
inkişafının dövlət siyasətinin əsasında
dayandığını, jurnalist əməyinə yüksək
dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk binada mənzillərin
paylanması mərasimi 2013-cü ildə dövlətimizin
başçısı İlham Əliyevin iştirakı ilə
keçirildi. Həmin ildə növbəti
ikinci binanın tikintisi ilə bağlı Sərəncam
imzalandı. Addımların
davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi
imkanlarının genişliyinə də işıq saldı.
Bu baxımdan ki, hər bir inkişafın təməlində
iqtisadi tərəqqinin rolunu önə çəkən
dövlətimiz mövcud imkanlara söykənərək
bütün sahələrdə uğurlu nəticələrə
yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat Günündə ikinci bina
istifadəyə verildi və "Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə
dair əlavə tədbirlər haqqında"
üçüncü Sərəncamın imzalanması media
nümayəndələrinin bayram sevincini daha da
artırdı. Mənzil bölgüsündə
diqqəti çəkən əsas məqam siyasi mənsubiyyətindən
və əqidəsindən asılı olmayaraq bütün
jurnalistlərə bu sevincdən payın düşməsidir.
Möhtərəm Prezidentimiz jurnalistlərə mənzillərin
bölüşdürülməsində ədalət
prinsipinin qorunmasının mühüm şərt olduğunu
vurğulayaraq bildirmişdir: "Bu binalarda yaşayan və
bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə
aiddir və burada da heç bir ayrı-seçkiliyə yol
verilmədi. Müxtəlif siyasi
baxışları, müxtəlif partiyaların üzvləri
olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar.
Əslində, Azərbaycan cəmiyyəti də
bu istiqamətdə inkişaf edir. Azərbaycanda
milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında
birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq,
əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki,
dünyanın bir çox yerlərində öyrənilir, bəzən
təəccüblə qarşılanır və bunun da
çox sadə səbəbi var. Çünki Azərbaycanda
çox gözəl, demokratik şərait var. Azərbaycanda
iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət
apararaq həm bölgədə, həm dünyada öz
mövqelərini möhkəmləndirib. Bizim təsir
imkanlarımız genişlənir, böyüyür və Azərbaycan
xoşniyyətli siyasət aparır. Bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının
və Azərbaycan dövlətinin maraqları dayanır."
-
Vüqar müəllim, sizcə bu günümüz
sabahımız barədə hansı ümumiləşdirməni
aparmağa əsas verir? Müasir dövrdə cəmiyyətin
yazılı və elektron KİV-lərdən gözləntiləri
barədə fikirlərinizi bilmək istərdik...
- Qeyd
etdiyimiz kimi, cəmiyyətin güzgüsü olan mətbuat
dövrün tələblərinə uyğun olaraq təkmilləşir.
Vətənpərvəlik, milli şüur
prinsipləri mətbu orqanların fəaliyyətinin əsasında
dayanmalıdır. Söz
azadlığı ölkəmizdə tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət gedə
bilməz. Ölkə əhalisinin təxminən
80 faizi internet istifadəçisidir. İnternetin
azad olduğu ölkədə hansısa məhdudiyyətdən
danışmaq qeyri-mümkündür. Dövlətimizin
başçısı cənab İlham Əliyevin qeyd etdiyi
kimi, bəzi hallarda bəzi qeyri-hökumət təşkilatları
ölkəmizi tənqid edir, amma bu ittihamların heç bir əsası
yoxdur. Bu, sadəcə qərəzli
mövqedir. Ölkəmizdə internet və
sosial şəbəkələr üzərində hər
hansı inzibati nəzarət yoxdur və bu da medianın
müstəqilliyinin daha bir göstəricisidir. Bir sözlə, qısa təhlil, bu
günümüzün reallıqlarına baxış fonunda
deyə bilərəm ki, ölkə mətbuatı fəaliyyətini
dövrün çağırışlarına uyğun
şəkildə qurmağa səy göstərir. Bunu hansı səviyyədə yerinə yetirir, bu
qiymətləndirməni oxucuların və
tamaşaçıların ixtiyarına vermək gərəkdir.
Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, bu günümüzün əsas tələblərindən, çağırışlarından, ən əsası yazılı və elektron KİV-lərdən gözləntilərimiz informasiya təhlükəsizliyini qorumaq, dövlətin maraqlarını öndə saxlamaq, vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməkdir. Ulu öndər Heydər Əliyevin uğurlu gələcəyimizə hesablanmış düşünülmüş və məqsədyönlü siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyinə çevrilərək, bu inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin güzgüsü olan mətbuat zamanın tələbinə uyğun daha da təkmilləşəcək, cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin etməklə davamlı inkişafa öz töhfəsini verəcək. XXI əsrin informasiya mübarizəsi əsri olduğunu önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev internet resurslarından səmərəli istifadənin, Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirir: "Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq."
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Diplomatik
ugurlarımız, iqtisadi imkanlarımızın artması
fonunda güclənən, qüdrətlənən Azərbaycan
Ordusunun işğal altında olan torpaqlarımızı
tezliklə azad edəcəyi, üçrəngli
bayrağımızın Şuşada, Xankəndidə
dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin aprel, 2018-ci ilin
Naxçıvan qələbələri bu inama əsas
verir. Dövlətimizin başçısı İlham
Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən hərbi paradda
uğurlarımıza söykənərək böyük inam
və qətiyyətlə bildirmişdir ki, gün gələcək
və bu gün işğal altındakı torpaqlar azad olunandan
sonra orada qaldırılacaq Azərbaycan bayrağı
Azadlıq meydanına gətiriləcək və hərbi
paradda göstəriləcək. Biz bu müqəddəs
günü yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq.
Qələbə
sevincimizin müjdəçisi olmaq arzusu ilə bir daha
bütün həmkarlarımı Milli Mətbuat Günü
münasibətilə təbrik edir, yeni-yeni uğurlar
arzulayıram!
Üç
nöqtə.- 2018.- 21 iyul.- S.6.