"Sən o adamlardansan ki, ilk görüşdən
etibar edib uzaq yola çıxmaq olar səninlə"
Bir aktyor üçün misal gətiriləcək tək bir obrazı varsa və o obrazın adı çəkilən kimi aktyorun siması göz önündə canlanırsa, bu, artıq onun sənətdəki şansıdır. Ramiz Novruz belə aktyorlardandır.
“Ramiz müəllim, bəlkə 59-un tamamında bir söhbət edək sizinlə?”
Razılıq verdi, çünki həm özü də dəfələrlə etiraf etdiyi kimi, mənə yox deyə bilmir, həm də çox böyük mədəniyyətə sahibdir, gözəl qəlbi var. Könülsüz olmasının səbəbi odur ki, təcrübəm boyu Ramiz Novruzun bütün yaradıcılığı, həyatı barədə dəfələrlə yazılarım, özü ilə müsahibələrim olub. Düşündü ki, yəqin təzə nə olacaq, həmin söhbətlərdir də, hamısını özüm bildiyim halda niyə onunla yenə söhbət etmək istəyirəm. Əvvəla, sizinlə bir daha müsahib olmaq şərəfini əldən qaçıra bilməzdim, bir də indiyə qədərki yazıları səhlənkarlıq edib yığmamışam, bu səhvimi indən belə düzəltmək istəyirəm.
Beləliklə...
Uşaqlıq - yaxud 85 manata
“adam olmaq”
- Biləsuvar rayonunun Səmədabad kəndində doğulmuşam, orta məktəbi orda bitirmişəm. Yaxşı oxuyan deyildim, amma lazımlı uşaq idim, bütün məktəb tədbirlərində mənə güvənirdilər. Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamışam. Ən çox futbol oynayardım, bir də 8-ci sinifən tamaşalar hazırlayardıq, rol oynayardım. Elə o vaxtlardan da yəqin vurulmuşam bu sənətə. İlk məhəbbət kimidir, bilmirsən niyə sevirsən bu sənəti, onu bilsən demək heç sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyir ki, mən heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə xəyanət edir.
Atam dülgər idi, anam evdar qadın. Atam müharibə
veteranı idi, Berlinə qədər getmişdi. Müharibədən danışanda söhbətlərindən
doymaq olmurdu, çünki çox səmimi
danışardı. Dindardı atam, namaz
qılardı, hərdən mənə deyirlər sən niyə
namaz qılmırsan? Deyirəm, atam mənim
də əvəzimdən qılıb. Ailədə
iki qardaş, üç bacı olmuşuq. Onlar da hamısı ailəlidirlər, burda Bakıda
yaşayırlar. Bircə qardaşım
rayondadır, müəllimdir. Əslində
aktyorluğu mənə o sevdirdi, özünün də
istedadı var.
İlk dəfə onuncu sinifdə oxuyanda inşada aktyor
olmaq istədiyimi yazdım. Özü də belə
başlamışdım ki, mən indiyə qədər kim olacağım barədə çox
inşalar yazmışam, amma hamısında yalan
yazmışam, bu dəfə ilk dəfə həqiqəti
deyirəm.
Kənddə fərsiz uşaqlar siyahısında idim,
çünki quzu otaranda hər dəfə birini itirərdim. Başım
qarışırdı futbol oynamağa, axşam qayıdanda
baxırdım ki, quzulardan biri yoxdur. Kənddə Surxay
adlı bir kişi vardı, qoyunları
çox idi. Hər
toya gedəndə siyahıya bir quzu yazdırardı, amma
heç birini verməzdi.
Mənə də kənddə Surxay deyərdilər – o, toya
yazdırdığı qədər mən quzu itirmişdim.
Tələbəlik
– Qadağan olunmuş şeirə görə beş
- Orta məktəbi
bitirən kimi atam mənə 85 manat pul verdi,
dedi ki, get Bakıya, oxu, adam ol. Birbaşa
instituta girə bilmədim. Aktyor sənətindən
4, 4, 5 aldım. Hamı Sovet şairlərinin şeirlərini
hazırlayırdı. Rza Təhmasib “Hansı şeiri
hazırlamısan?” -soruşanda cavab verdim ki, Tofiq Fikrətin “Siz”
şeirini. Demə
bu türk şairi sovet ölkəsində qadağan olunub. Rza Təhmasib
qışqırdı:
- Kimin?
Mən də
bilmirəm axı, qadağan olunmağını, elə adi
qaydada Səməd Vurğun deyirəmmiş kimi bir də
şəstlə dedim:
- Tofiq
Fikrət.
Rza Təhmasib
bir o tərəfə, bir bu tərəfə baxdı, de
görək, bala, dedi. Şeiri dedim, arxasınca nə etüdə
baxdı, nə başqa heç kimə, məndən
heç nə soruşmağa imkan vermədi, dedi, get. Sonra gördüm ki, şeirə görə 5,
qalanlarından 4 almışam.
Yazıdan isə kəsildim, razılaşmayıb
şikayət elədim . Nəticədə
rektor mənə söz verdi ki, haqsız kəsiblər
səni yazıdan, amma hansı instituta istəyirsən daxil
ol, mən səni 1-ci kursdan sonra keçirdəcəm bizim
instituta. Həmin ili Pedaqoji İnstitutda
oxudum, amma Adil İsgəndərovun kursuna da gəlib
mühazirələrini dinlədim, növbəti il, tələbnamə
yazıb məni İncəsənət İnstitutuna, Adil
İsgəndərovun kursuna keçirdilər. Qrup
nümayəndəsi oldum hətta. Adil İsgəndərov
belə bir rəy verdi mənə: “Sənin
əxlaqınla yanaşılsa irəli getmək olar,
böyük teatrda işləyə bilərsən. Sən o adamlardansan ki, ilk görüşdən
etibar edib uzaq yola çıxmaq olar səninlə”.
Teatr və
həyatımdakı
ilk general
- Təyinatla bir il Sumqayıt Teatrında işlədim, binası yox idi. Əsgərliyə getdim, qayıtdım, dedilər bu il teatra bina verilir. Neçə illər idi bu söhbət vardı. Bəxtim gətirdi, Nəriman Həsənzadənin “Qoy, bütün Şərq bilsin” tamaşasında general Şıxlinskini oynayırdım. Tamaşaya baxanlar arasında Hökümə Qurbanova da vardı. Sonda eşitdim, deyir ki, mən yalnız bir söz deyə bilərəm, generalı oynayan oğlan yaxşı idi. Mən də tez özümü guya təsadüfən atdım bunun qarşısına, baxdı və bir kəlmə yaxşı idin, bala - dedi.
Bu sözlə də ürəklənib böyük teatrda işləmək üçün müraciət elədim. Müraciət elədim o vaxtkı direktor Əli İsmayılova, o da sağ olsun, az müddət sınaqdan sonra götürdü işə.
Deyəsən, kənddə at
çapmağım, futbol oynamağım fiziki cəhətdən
inkişaf edib general qamətli olmağıma kömək edib.
Elə ilk
rollarım və uğur gətirən rollarım general
obrazları olub. Bir on il Akademik Teatrda
özümü sübut etməklə məşğul oldum. Yalnız başımı aşağı salıb
işləyirdim. Özüm üçün belə bir
xətt tutmuşdum, həmişə orta sıralarda Adil
İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov əyləşərdi,
onları əsas tutub
oynayırdım, onların xoşuna gəlsin.
Tanrı hər on ildən bir hədiyyə verib mənə. Həzi Aslanov
kimi bir tarixi obrazı oynadım, bir də baxdım ki, əməkdar
artistəm, heç gözlənilmədən 31
yaşımda. Onun eyforiyasından
ayılmamış 42 yaşımda xalq artisti verdilər.
Bunların həsrətini çəkib gözləməyə
vaxt tapmadım, özləri məni tapdı.
Kino -
hansısa biləsuvarlı Həzi Aslanov roluna seçildi
- Həzi Aslanov roluna təsdiqlənməyin özü
gözlənilməz oldu mənim üçün. Cavan aktyor
idim, orda sınaqda əjdahalar vardı. İddialı,
şanslı idilər. 25 nəfərin
içində məni necə seçdilər bilmədim. Axırıncı
üç nəfərdən mən seçilib qaldım.
Hansısa biləsuvarlı gənc Həzi
Aslanova təsdiqləndi. Orda çəkilişdə
olan bir qız dedi ki, seçim prosesində sənin yerin gələndə
hamı əl çaldı.
Həzi Aslanov mənim vizit kartımdır, adımı
çəkəndə soruşurlar ki, o, hansı aktyordur? Cavab verilir ki,
həzi Aslanovu oynayan. Bu xoşdur adama.
Tarixi şəxsiyyətin obrazını yaratmaq
və onunla tanınmaq çox gözəldir. Yoxsa
adını çəkələr, amma hansı rolla səni
tanıtdırsınlar onu tapmayalar-acınacaqlı tale olardı.
Ailə-
yoldaşımın yaddaşı başıma bəla oldu
-
Yoldaşımla orta məktəbdə bir yerdə oxumuşuq.
O, məndən iki sinif aşağıda oxuyurdu, əsasən
özfəaliyyət dərnəyində
rastlaşırdıq. Yaxşı səsi
vardı, oxuyurdu, elə məşqlərdə onun
oxumasını gözləyirdim. “Sevil”
poemasından parça hazırlamışdılar onların
sinfi. Yaxşı yaddaşı var,
qızlardan birinin atası tədbirə
buraxmamışdı, Xoşavaz onun da yerlərini əzbərdən
bildiyi üçün tədbirimizi xilas elədi. Amma sonralar onun yaddaşı başıma bəla
oldu. Həzi Aslanov filmindən sonra müsahibəmdə
demişəm ki, 3 min 500 manat qonorar almışam,
üstündən illər keçəndən sonra hardasa
demişəm ki, 6 min pul almışam. 1985-ci
ildə dediyim sözü mən unutmuşam, amma o, 2012-ci ildə
bunu yadıma salıb üzümə vurdu. Dedim, əlimə
nəğd gələni demişəm, faizi filana
çıxandan sonra.
Uşaqlarımız yaxşı uşaqdırlar. İki oğlan, bir
qız... Böyüyü
qızımızdır, çox gözəl ingilis dili
bilirdi, mən düşünürdüm o sahəyə gedər,
amma böyüyəndə elan etdi ki, mən saç
ustası olmaq istəyirəm. Razı
olmadım, qayınanam köhnə analara məxsus bir ritual elədi,
yaylığını atdı qarşıma ki, qıza icazə
ver, öz istədiyi sənətə getsin. İcazə verməli
oldum, indi öz sahəsinin peşəkarı, şəhərdə
iki tanınmış ustadan biridir. Oğlum Nəriman
televiziyalardan birində texniki işdə
çalışır, içində yaradıcı
insandır, amma
utancaqdır, bir az da məhəllə ənənələrinə
sadiqdir, ona görə yaradıcı istiqaməti seçmədi.
Cavidan aktyor olmaq istəyirdi. İncəsənət
Universitetini oxuduğu müddətdə müğənniliyə
yönəldi. Filmə də çəkilib,
amma indi müğənnidir. Beş nəvəm
var.
Bu
günün reallığı - seriallar
- İndi
çox az film çəkilir. Oturub gözləyə bilmərəm ki, nə vaxtsa
ciddi sənətlə məşğul olacam, zaman o deyil.
Məni seriallara türk serialları həvəsləndirdi
ki, bizdə niyə belə olmasın. Çəkilirəm,
çalışıram ki, layiqli serial qoyaq ortaya, təkcə
Rövşən İsakla işləyirəm, o da vicdanlı,
sənətə xəyanət eləməyən insandır.
Ciddi məşğul olur işlə.
İki serialında çəkilmişəm, fərqli
obrazlardır. Bəziləri deyir elə
ordakı rol kimidir, amma mən bilirəm ordakı deyil, fərqlidir.
Bir-iki il çəkilmədin, Azərbaycan
mühitində unudulursan, mövcud reallıqda serialdır, ona
çəkilirik.
Həyatımdan narazı olmağa heç bir
haqqım yoxdur. Yenə o fikirdəyəm ki, insan
başını aşağı salıb işini
görürsə, hələ qazanmadığı bir şeyi
tələb etmirsə zamanla onu qazanacaq. Yox, əgər hələ
qazanmadığını artıq tələb edirsə, bu,
onun böyük dərdidir. Mən sevdiyim işi görə-görə
hər şeyə nail oldum, çox şükür! Yeganə
problemim mənzil idi, özüm şəxsən prezidentə
məktub yazdım, reaksiya gəldi, mənzil verdilər mənə.
Elə bir məktub yazmışdım ki, oxuyanda
özümü də ağlamaq tuturdu.
Ramilə Qurbanlı
Üç
nöqtə.- 2018.- 27 iyul.- S.12