“Elə
mənfi obrazlarım olub ki, o obraza nifrət etmişəm”
Niftulla
Əsgərov: O aktyor ki, həyəcan keçirərək səhnəyə
şıxmadı,o aktyor deyil”
Mayın
27-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə
fəxri adların verilməsi ilə bağlı sərəncam
imzaladı. Həmin gün siyahıda adı olan sənətkarların
sevincinin həddi-hüdudu yox idi. Bu sevincdən Lənkəran Dövlət Dram Teatrına
da bir pay düşdü. Teatrın istedadlı aktyoru Niftulla
Əsgərov əməkdar artist fəxri adına
layiq görüldü. 2014-cü ildə
teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət
və Turizm Nazirliyinin "Fəxri mədəniyyət
işçisi” döş nişanı ilə təltif olunub.
1995-ci ildən N. B.Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrında çalışan Niftulla Əsgərov
ömrünü məhz bu teatra həsr edib,
çalışdığı müddətdə
irili-xırdalı bir çox rollar ifa edib. O, teatrda S.M.Qənizadənin "Xor-xor” əsərində
Seyfulla, İ.Məlikzadənin
"Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin "Həzi Aslanov”unda Bekişvilli,
Ü.Hacıbəyovun
"Olanlardan-keçənlərdən”ində
Atamoğlan əmi, N.B.Vəzirovun
"Hacı Qənbər”ində Qıdı Kirvə,
E.İsgəndərzadənin "Qalxın məhkəmə
gəlir”ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin "Nazirin
xanımı”nda Çeda, N.Nərimanovun "Nadir şah”nda
Əliəşrəf bəy və sair obrazlara səhnə həyatı
verib.
Son dövrdə çəkilən
"My name is İntiqam”, "Bayram axşamı”,
"Bığ əhvalatı” filmlərində, hazırda isə
"Xalxın evi” serialında əsas obrazlardan birini canlandırır.
– Niftulla müəllim, ilk olaraq sizi
təbrik edirik. Çox istərdik ki, təəssüratlarınızı
bizimlə bölüşəsiniz.
– Qismətdə varsa, o gəlib
öz sahibini tapır. Bu mənim taleyimdə var
imiş ki, mənə nəsib oldu. Hər
şeyin bir məqamı var. Demək ki, məqam bu günə
imiş. Yəqin ki, səlahiyyətli
şəxslər nailiyyətlərimi nəzərə
alıb və məni bu ada təqdim ediblər. Əslində, heç gözləmirdim. Ayın 27-si saat 1-də Xalq artistimiz Qabil Quliyev mənə
zəng edib zarafatcasına bildirdi ki, sən artıq Əməkdar
artistsən, bundan sonra hərəkətlərində daha məsuliyyətli
olmalısan. Şok vəziyyətində
idim. Mənə qəribə gəlirdi.
Düşünürdüm ki, doğrudanmı
mən bu ada layiq görülmüşəm.
–
Qabil müəllim demiş, bu işin məsuliyyəti də
ağırdır.
– Onun dediyi söz həqiqətən
doğrudur, məsuliyyəti ağırdır. Gərək
o məqamları saxlaya biləsən. Bundan
sonra da davamlı olaraq xalqıma, teatrıma xidmət edəcəm.
– 23
ildir ki, Lənkəran Teatrındasınız...
– Elə bilirəm Lənkəran
Teatrına dünən gəlmişəm. Bu
teatrda müxtəlif obrazlar yaratmışam. Ancaq oynadığım obrazların əksəriyyətini
unutmuşam.
– Bu
teatr sizə nə qazandırıb?
– Hər şey. Həyatda
yaşamağı, onu dərk etməyi, mehriban kollektivi,
yaxşı dostları...
Lənkəran Teatrı mənə yol göstərib. Teatr mənə
insanlarla rəftarı, insanlığı, insanlara sevgini
öyrədib. Teatr məni istiqamətləndirib.
Teatr çox ağır ocaqdır. Teatr səhnəsinə hər kəs
çıxıb, ağzına gələni deyə bilməz.
Səhnəyə çıxan hər bir aktyor məsuliyyət
hiss etməlidir. Mən hər dəfə səhnəyə
çıxanda o məsuliyyəti üzərimdə hiss edirəm.
O aktyor ki, həyəcan keçirərək səhnəyə
çıxmadı, o aktyor deyil. Kimliyindən
asılı olmayaraq tamaşaçı ilə üz-üzə
duranda heç olmasa o həyəcanı yaşamasa mən o
aktyorun peşəkarlığına şübhə edərəm.
– 23 ildə
çoxlu obrazlar canlandırmısınız. Aktyor
olaraq sizə qarşı qısqanclıq olubmu?
– Teatr
canlı sənət ocağıdır. Hər an hər
şey ola bilər. Bəzən
olub ki, rejissorlarımız tamaşa hazırlayarkən mənə
dublyor yazmayıblar. Fasiləsiz olaraq səhnədə
çalışmışam. Hətta eyni
rolu oynamaqdan tamam yorulmuşam. Ancaq
heç vaxt həvəsdən düşməmişəm.
Yaratdığım bütün obrazları sevərək,
ondan zövq alaraq oynamışam. Elə
rollarım var ki, onlar mənim üçün çox
doğmadır. Ancaq ürəyimcə
olmayan rollar da canlandırmışam.
–
Onlar hansı obrazlardır?
– Elə mənfi obrazlarım olub
ki, o obraza nifrət etmişəm. Misal
üçün ermənilərin alçaq sifətlərini
yaratmışam. Mən erməni
obrazını ürəkdən oynamamışam. Amma deyirlər ki, sən o obrazı canlandıranda o
qədər özündə olmamısan ki, o qəddarlığı
çox gözəl göstərmisən. Hətta bu obrazıma görə məni qiymətləndirdilər
də. Düzdür, mən heç vaxt mənfi
obrazları oynamaq istəməmişəm. Ancaq rejissor həvalə edirsə, nə deməli?
Kinolarda, seriallarda da erməni obrazı canlandırmışam.
Hətta bir dəfə işdən evə gedəndə bir
tamaşaçı mənə yaxınlaşıb dedi ki,
"Utanmır, o boyda erməni bizim aramızda gəzir. Hələ sən bunun sifətinə bax”. Bu obrazıma görə hətta məni
söyürdülər.
– Belə
hallarda aktyor olmağınıza peşmanlıq hissi
keçirmisinizmi?
– Bu mənim taleyimdir. Məktəbdə oxuyan zamanlarda müxtəlif
obrazlar canlandırırdım. Bizim ədəbiyyat
müəllimimiz tədbirlər keçirirdi. Mən orada xırda rollar oynayırdım. Müəllimim deyirdi ki, sən gələcəkdə
yaxşı aktyor olacaqsan. Nə yalan deyim,
peşman deyiləm. Çünki bu sənət
halal sənətdir. İnsanların
gözü qarşısında işləyirsən, gizli
çalışmırsan. Burdan
qazandığın çörək də halal olur. Biz bu çörəyi alın tərimizlə, tər
tökə-tökə, hiss, həyəcan keçirərək
qazanırıq. Mən ikinci dəfə
dünyaya gəlsəydim yenə də aktyor olardım.
– Lənkəranlı
tamaşaçılar sizi yaxşı tanısa da paytaxt
tamaşaçıları sizi "My name is İntigam” filmindəki
obrazınıza görə tanıdılar.
–
Televiziya çox sürətli informasiya yayan bir vasitədir. Bizim teatrımızda elə sənətkar aktyorlar
var ki, ancaq onları üzə çıxarmaq olmur. Bəzən deyirlər ki, əyalətdə elə
gözəl aktyorlarımız var ki, onlar gizlənib. Əslində onlar gizlənməyib, onları
tanıdan, efirlərə dəvət edən yoxdur. Bəzən mənə deyirlər ki, siz indiyə qədər
harada idiniz? Niyə sizi gizlədiblər?
Mən həmin filmdən sonra daha da
yaxşı tanındım. Rejissorlar
gördülər, seriallara dəvət etdilər. Düzdür, əyalət teatrında baş verəni
ancaq həmin rayon bilir. Bizim də "Cənub”
televiziyamız var. Onlar da çalışmalıdılar ki,
öz bölgələrinin aktyorlarını
tanıtsınlar. Çünki peyk vasitəsi
ilə onlar da izlənilir.
–
Ancaq sizin simanızla sanki Azərbaycan komediya filmlərinə,
seriallarına yaşlı ata obrazı gəldi.
– Elə deyirlər. Bizim
bu dəqiqə çox istedadlı rejissorlarımız var. Və
bunların çoxu da gənclərdən ibarətdir. Adam onlara baxıb təəccüb edir. Tanınmış
teatr rejissoru Bəhram Osmanov deyir ki, elə bir yaş həddindəsən
ki, üz cizgilərində nuranilik və ata obrazı var. Mən
elə bir qoca obrazı gətirmişəm ki, o hər kəsə
inanır və onu aldadırlar. "Xalxın evi”
serialına da, "My name is İntiqam” filminə də
baxdıqda görərik ki, oradakı ata şorgöz kimi
göstərilir. Ancaq elə deyil. O hər
şeyə inanır və onu aldadırlar. Obrazlarım
çox da mənfi tip deyil.
– Bu məşhurluq
sizə çox gec gəlmədimi? Bunu
gecikmiş məşhurluq hesab etmək olarmı?
–
Canlandırdığım obrazlar yerinə düşdü. Bəlkə də mən gəncliyimdə o
rolları oynaya bilməzdim. İndiki
görünüşüm o obrazların ifası
üçün daha münasibdir. Allah-təala
da mənə belə bir qismət yazıb ki, sən bu
yaşdan sonra ad alıb məşhur olacaqsan. Bəlkə də gənc olsaydım, belə
yaxşı obrazlar yarada bilməzdim, sevilməzdim. Demək ki, xalq məni belə görmək istəyib.
– Bunu təcrübə ilə əlaqələndirirsiniz?
– Təcrübə,
təcrübə, təcrübə… Heç kim
öz sinəsinə döyə bilməz ki, məşqsiz, təcrübəsiz,
oxumadan səhnəyə çıxa bilərəm. Gərək təcrübən olsun ki, o obrazı
ifadə edə biləsən. Zəhmət
çəkəsən. Təcrübə
ilə istedad birlikdə vəhdət təşkil etməlidir.
–
İndiki komediya serialları əvvəlkilərin yerini vermir
və hətta yeni çəkilənləri uğursuz
adlandıranlar da az deyil. Bu
mövzu ilə bağlı sizin fikriniz necədir?
– Müqayisə etdikdə hər
dövrün öz hökmü var. Hər dövrdə də
istedadlı insanlar yaşayıb. İndi
müasir dövrdür, kosmos əsridir. 60-70-ci
illərdə çəkilmiş filmi 4-5 ilə çəkirdilər.
Ancaq indi bir filmi ay yarıma çəkirlər.
Elə fraqmentlər var ki, gözləyirdilər
ki, günəş çıxsın, ay getsin sonra çəksinlər.
İndi isə günəşin
batmasını, buludun getməyini özləri kompyuterlə həll
edirlər. Bu onların iki dəqiqəsini
alır. Məsələ
burasındadır ki, keçmişdə olan o komediyalar bu dəqiqə
də baxılır və adama ləzzət edir. Mən uşaqlıqda hər zaman onlara
baxmışam, indi də baxıram. 1977-ci
ildə «Qərib cinlər diyarında» filminə çəkilmişdim.
Orada mən Qara cini oynayırdım. Amaliya xanımla. O vaxt mənə 77 manat 30 qəpik
pul vermişdilər. O pulun qəbzini hələ də
saxlayıram. Düzdür, indiki komediyalarla əvvəlki
komediyalar arasında fərq var. Amma gəlin indiki
tamaşaçının zövqünü də nəzərə
alaq. Bugünkü
tamaşaçının zövqü tamamilə fərqlidir.
Misal üçün «Ögey ana» filmində
aktyor deyir ki, mənim bu qara buluddan gözüm su içmir.
Gedim o qara buludun qabağını tutum. İndiki tamaşaçıya bu sözü deyə
bilərsənmi? Tamaşaçını
aldatmaq olmaz, ona yalan danışmaq olmaz. Tamaşaçı
həqiqəti, faktı olduğu kimi görmək istəyir.
Müasir dövrün komediyalarının da
öz tamaşaçısı var. Bizim keçmiş komediya
filmlərimizə hörmətimiz var və biz onlardan öyrənməli,
nümunə götürməli, yeni-yeni əsərlər
yaratmalıyıq.
–
Bölgə teatrlarının aktyorlarının siması
çox az tanınır. Ancaq
Lənkəran teatrı bu çərçivələri
aşıb. Ötən il Lənkəranda
"Günəşim ol” serialı çəkilirdi. Və teatr heyətinin o serial vasitəsi ilə
siması tanındı. Siz də bu filmlə
məşhurlaşdınız. Lənkəran teatrnı bu baxımdan
uğurlu və şanslı hesab etmək olarmı?
– Teatrın rəhbərliyindən
çox şey asılıdır. Kiməsə bir vəzifə
verilibsə, vəzifə yalnız o stol demək deyil, o kresloda
müxtəlif xarakterli insanlar əyləşib. Biri var ki, sən o vəzifəni göyə
qaldırasan, bir də var ki, vəzifə səni göyə
qaldırsın. Bizim teatrda rəhbərlik
həmin o vəzifəni göyə qaldırır. Bizim gözəl rəhbərliyimiz olub. Teatrımızda münaqişə olmayıb. Başqa teatrlara baxanda rejissorlarla direktor arasında hər
zaman münaqişə olduğunu görürük. Bizim aktyorlarımız bir-biri ilə mehribandırlar
hər zaman. Teatrımızın bəxti
onda gətirib ki, ona aktyorları başa düşən rəhbərlik
gəlib. Bu sənəti anlayan,
aktyorların dilindən başa düşən Tofiq Heydərov
gəlib. Ondan əvvəl də İslam Həsənov
rəhbərlik edib. O da aktyorlarla yaxşı işləyirdi.
Kənardan hansısa başqa bir sahənin
insanını gətirib direktor qoymayıblar.
Xəyalə
Rəis
Üç nöqtə.- 2018.- 5 iyun.- S.12