“Elə
mənfi obrazlarım olub ki, o obraza nifrət etmişəm”
Niftulla
Əsgərov: O aktyor ki, həyəcan keçirərək
səhnəyə şıxmadı,o aktyor deyil”
Mayın
27-də Prezident İlham Əliyev mədəniyyət
xadimlərinə fəxri adların verilməsi ilə
bağlı sərəncam imzaladı. Həmin gün
siyahıda adı olan sənətkarların sevincinin
həddi-hüdudu yox idi. Bu sevincdən Lənkəran Dövlət Dram Teatrına da
bir pay düşdü. Teatrın istedadlı aktyoru Niftulla
Əsgərov əməkdar artist fəxri adına layiq
görüldü. 2014-cü ildə
teatrın inkişafında xidmətlərinə görə
Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri
mədəniyyət işçisi” döş nişanı ilə
təltif olunub.
1995-ci ildən N.
B.Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında çalışan Niftulla
Əsgərov ömrünü məhz bu teatra həsr edib,
çalışdığı müddətdə
irili-xırdalı bir çox rollar ifa edib. O, teatrda
S.M.Qənizadənin "Xor-xor” əsərində
Seyfulla, İ.Məlikzadənin "Gəl qohum
olaq”ında Camal, H.Abbaszadənin "Həzi
Aslanov”unda Bekişvilli,
Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən”ində
Atamoğlan əmi, N.B.Vəzirovun "Hacı
Qənbər”ində Qıdı Kirvə,
E.İsgəndərzadənin "Qalxın məhkəmə
gəlir”ində Bəhruz, H.
Mirələmovun "Vicdanın
hökmü”ndə Aşot, B. Nuşiçin
"Nazirin xanımı”nda Çeda, N.Nərimanovun "Nadir
şah”nda Əliəşrəf bəy və sair obrazlara
səhnə həyatı verib.
Son
dövrdə çəkilən "My name is İntiqam”,
"Bayram axşamı”, "Bığ əhvalatı”
filmlərində, hazırda isə "Xalxın evi”
serialında əsas obrazlardan birini canlandırır.
– Niftulla
müəllim, ilk olaraq sizi təbrik edirik. Çox
istərdik ki, təəssüratlarınızı bizimlə
bölüşəsiniz.
–
Qismətdə varsa, o gəlib öz sahibini tapır. Bu mənim taleyimdə var imiş ki, mənə
nəsib oldu. Hər şeyin bir
məqamı var. Demək ki, məqam bu günə imiş. Yəqin ki, səlahiyyətli şəxslər
nailiyyətlərimi nəzərə alıb və məni bu
ada təqdim ediblər. Əslində,
heç gözləmirdim. Ayın 27-si
saat 1-də Xalq artistimiz Qabil Quliyev mənə zəng edib
zarafatcasına bildirdi ki, sən artıq Əməkdar
artistsən, bundan sonra hərəkətlərində daha
məsuliyyətli olmalısan. Şok
vəziyyətində idim. Mənə
qəribə gəlirdi. Düşünürdüm
ki, doğrudanmı mən bu ada layiq
görülmüşəm.
– Qabil
müəllim demiş, bu işin məsuliyyəti də
ağırdır.
– Onun dediyi
söz həqiqətən doğrudur, məsuliyyəti ağırdır. Gərək o məqamları saxlaya biləsən. Bundan sonra da davamlı olaraq xalqıma, teatrıma
xidmət edəcəm.
– 23 ildir
ki, Lənkəran Teatrındasınız...
– Elə
bilirəm Lənkəran Teatrına dünən
gəlmişəm. Bu teatrda müxtəlif
obrazlar yaratmışam. Ancaq oynadığım
obrazların əksəriyyətini unutmuşam.
– Bu teatr
sizə nə qazandırıb?
– Hər
şey. Həyatda yaşamağı, onu dərk etməyi,
mehriban kollektivi, yaxşı dostları...
Lənkəran Teatrı
mənə yol göstərib. Teatr
mənə insanlarla rəftarı, insanlığı,
insanlara sevgini öyrədib. Teatr
məni istiqamətləndirib. Teatr
çox ağır ocaqdır. Teatr
səhnəsinə hər kəs çıxıb,
ağzına gələni deyə bilməz. Səhnəyə
çıxan hər bir aktyor məsuliyyət hiss etməlidir.
Mən hər dəfə səhnəyə çıxanda o
məsuliyyəti üzərimdə hiss edirəm. O aktyor ki,
həyəcan keçirərək səhnəyə
çıxmadı, o aktyor deyil. Kimliyindən
asılı olmayaraq tamaşaçı ilə
üz-üzə duranda heç olmasa o həyəcanı
yaşamasa mən o aktyorun peşəkarlığına
şübhə edərəm.
– 23 ildə çoxlu obrazlar
canlandırmısınız. Aktyor olaraq
sizə qarşı qısqanclıq olubmu?
– Teatr canlı
sənət ocağıdır. Hər an hər şey ola bilər. Bəzən
olub ki, rejissorlarımız tamaşa hazırlayarkən
mənə dublyor yazmayıblar. Fasiləsiz
olaraq səhnədə çalışmışam. Hətta eyni rolu oynamaqdan tamam yorulmuşam. Ancaq heç vaxt həvəsdən
düşməmişəm.Yaratdığım bütün
obrazları sevərək, ondan zövq alaraq oynamışam. Elə rollarım var ki, onlar mənim
üçün çox doğmadır. Ancaq ürəyimcə olmayan rollar da
canlandırmışam.
– Onlar
hansı obrazlardır?
– Elə
mənfi obrazlarım olub ki, o obraza nifrət
etmişəm. Misal üçün
ermənilərin alçaq sifətlərini yaratmışam. Mən erməni obrazını ürəkdən
oynamamışam. Amma deyirlər ki, sən
o obrazı canlandıranda o qədər özündə
olmamısan ki, o qəddarlığı çox gözəl
göstərmisən. Hətta bu
obrazıma görə məni qiymətləndirdilər
də. Düzdür, mən heç
vaxt mənfi obrazları oynamaq istəməmişəm. Ancaq rejissor həvalə edirsə, nə deməli? Kinolarda, seriallarda da erməni obrazı
canlandırmışam. Hətta bir dəfə
işdən evə gedəndə bir tamaşaçı
mənə yaxınlaşıb dedi ki, "Utanmır, o boyda
erməni bizim aramızda gəzir. Hələ
sən bunun sifətinə bax”. Bu
obrazıma görə hətta məni
söyürdülər.
– Belə
hallarda aktyor olmağınıza peşmanlıq hissi
keçirmisinizmi?
– Bu mənim
taleyimdir. Məktəbdə oxuyan zamanlarda
müxtəlif obrazlar canlandırırdım. Bizim ədəbiyyat müəllimimiz tədbirlər
keçirirdi. Mən orada xırda
rollar oynayırdım. Müəllimim
deyirdi ki, sən gələcəkdə yaxşı aktyor
olacaqsan. Nə yalan deyim, peşman
deyiləm. Çünki bu
sənət halal sənətdir. İnsanların
gözü qarşısında işləyirsən, gizli
çalışmırsan. Burdan
qazandığın çörək də halal olur. Biz bu çörəyi alın tərimizlə,
tər tökə-tökə, hiss, həyəcan
keçirərək qazanırıq. Mən
ikinci dəfə dünyaya gəlsəydim yenə də aktyor
olardım.
–
Lənkəranlı tamaşaçılar sizi yaxşı
tanısa da paytaxt tamaşaçıları sizi "My name is
İntigam” filmindəki obrazınıza görə
tanıdılar.
– Televiziya
çox sürətli informasiya yayan bir vasitədir. Bizim teatrımızda elə sənətkar aktyorlar
var ki, ancaq onları üzə çıxarmaq olmur. Bəzən deyirlər ki, əyalətdə elə
gözəl aktyorlarımız var ki, onlar gizlənib. Əslində onlar gizlənməyib, onları
tanıdan, efirlərə dəvət edən yoxdur. Bəzən mənə deyirlər ki, siz indiyə
qədər harada idiniz? Niyə sizi
gizlədiblər? Mən həmin
filmdən sonra daha da yaxşı tanındım. Rejissorlar gördülər, seriallara dəvət
etdilər. Düzdür, əyalət
teatrında baş verəni ancaq həmin rayon bilir. Bizim də "Cənub” televiziyamız var. Onlar da
çalışmalıdılar ki, öz
bölgələrinin aktyorlarını tanıtsınlar. Çünki peyk vasitəsi ilə onlar da
izlənilir.
– Ancaq
sizin simanızla sanki Azərbaycan komediya filmlərinə,
seriallarına yaşlı ata obrazı gəldi.
– Elə
deyirlər. Bizim bu dəqiqə çox
istedadlı rejissorlarımız var. Və bunların çoxu
da gənclərdən ibarətdir. Adam
onlara baxıb təəccüb edir. Tanınmış teatr rejissoru Bəhram Osmanov deyir
ki, elə bir yaş həddindəsən ki, üz
cizgilərində nuranilik və ata obrazı var. Mən elə
bir qoca obrazı gətirmişəm ki, o hər kəsə
inanır və onu aldadırlar. "Xalxın evi”
serialına da, "My name is İntiqam” filminə də
baxdıqda görərik ki, oradakı ata şorgöz kimi
göstərilir. Ancaq elə deyil. O
hər şeyə inanır və onu aldadırlar.
Obrazlarım çox da mənfi tip deyil.
– Bu məşhurluq sizə çox
gec gəlmədimi? Bunu gecikmiş
məşhurluq hesab etmək olarmı?
–
Canlandırdığım obrazlar yerinə
düşdü. Bəlkə də mən
gəncliyimdə o rolları oynaya bilməzdim. İndiki görünüşüm o obrazların
ifası üçün daha münasibdir. Allah-təala da mənə belə bir qismət
yazıb ki, sən bu yaşdan sonra ad alıb məşhur
olacaqsan. Bəlkə də gənc
olsaydım, belə yaxşı obrazlar yarada bilməzdim,
sevilməzdim. Demək ki, xalq məni
belə görmək istəyib.
– Bunu
təcrübə ilə əlaqələndirirsiniz?
– Təcrübə,
təcrübə, təcrübə… Heç kim öz sinəsinə döyə
bilməz ki, məşqsiz, təcrübəsiz, oxumadan
səhnəyə çıxa bilərəm. Gərək təcrübən olsun ki, o obrazı
ifadə edə biləsən. Zəhmət
çəkəsən. Təcrübə
ilə istedad birlikdə vəhdət təşkil
etməlidir.
– İndiki
komediya serialları əvvəlkilərin yerini vermir və
hətta yeni çəkilənləri uğursuz
adlandıranlar da az deyil. Bu mövzu ilə bağlı sizin fikriniz necədir?
– Müqayisə etdikdə hər dövrün öz hökmü var. Hər dövrdə də istedadlı insanlar yaşayıb. İndi müasir dövrdür, kosmos
əsridir. 60-70-ci illərdə
çəkilmiş filmi 4-5 ilə çəkirdilər. Ancaq indi bir filmi ay yarıma çəkirlər. Elə fraqmentlər var ki, gözləyirdilər ki,
günəş çıxsın, ay getsin sonra
çəksinlər. İndi isə
günəşin batmasını, buludun getməyini
özləri kompyuterlə həll edirlər. Bu onların iki dəqiqəsini alır. Məsələ burasındadır ki,
keçmişdə olan o komediyalar bu dəqiqə də
baxılır və adama ləzzət edir. Mən uşaqlıqda hər zaman onlara
baxmışam, indi də baxıram. 1977-ci
ildə «Qərib cinlər diyarında» filminə
çəkilmişdim. Orada mən Qara
cini oynayırdım. Amaliya xanımla. O
vaxt mənə 77 manat 30 qəpik pul vermişdilər. O
pulun qəbzini hələ də
saxlayıram. Düzdür, indiki komediyalarla
əvvəlki komediyalar arasında fərq var. Amma gəlin
indiki tamaşaçının zövqünü də
nəzərə alaq. Bugünkü
tamaşaçının zövqü tamamilə fərqlidir. Misal üçün «Ögey ana» filmində aktyor
deyir ki, mənim bu qara buluddan gözüm su içmir. Gedim o qara buludun qabağını tutum.İndiki
tamaşaçıya bu sözü deyə bilərsənmi? Tamaşaçını aldatmaq olmaz, ona yalan
danışmaq olmaz. Tamaşaçı
həqiqəti, faktı olduğu kimi görmək istəyir. Müasir dövrün komediyalarının da öz
tamaşaçısı var. Bizim keçmiş komediya
filmlərimizə hörmətimiz var və biz onlardan
öyrənməli, nümunə götürməli, yeni-yeni
əsərlər yaratmalıyıq.
– Bölgə teatrlarının aktyorlarının siması çox az tanınır. Ancaq Lənkəran teatrı bu
çərçivələri aşıb. Ötən il Lənkəranda "Günəşim
ol” serialı çəkilirdi. Və teatr
heyətinin o serial vasitəsi ilə siması tanındı. Siz də bu filmlə məşhurlaşdınız. Lənkəran teatrnı bu baxımdan uğurlu
və şanslı hesab etmək olarmı?
– Teatrın
rəhbərliyindən çox şey asılıdır.
Kiməsə bir vəzifə verilibsə, vəzifə
yalnız o stol demək deyil, o kresloda
müxtəlif xarakterli insanlar əyləşib. Biri var ki, sən o vəzifəni göyə
qaldırasan, bir də var ki, vəzifə səni göyə
qaldırsın. Bizim teatrda
rəhbərlik həmin o vəzifəni göyə
qaldırır. Bizim gözəl
rəhbərliyimiz olub. Teatrımızda
münaqişə olmayıb. Başqa
teatrlara baxanda rejissorlarla direktor arasında hər zaman
münaqişə olduğunu görürük. Bizim aktyorlarımız bir-biri ilə mehribandırlar
hər zaman. Teatrımızın
bəxti onda gətirib ki, ona aktyorları başa
düşən rəhbərlik gəlib. Bu sənəti anlayan, aktyorların dilindən
başa düşən Tofiq Heydərov gəlib. Ondan əvvəl də İslam Həsənov
rəhbərlik edib. O da aktyorlarla yaxşı
işləyirdi. Kənardan hansısa
başqa bir sahənin insanını gətirib direktor
qoymayıblar.
Xəyalə
Rəis
Üç
nöqtə.- 2018.- 5 iyun.- S.12