“Heç
vaxt atam mənə uzaq olmayıb”
Nigar
Vəkilova:”Uduzduğunu bilə-bilə
güclü qalmaq çox çətindir”
- Atanızla
bağlı yadınıza düşən ilk xatirə
hansıdır?
- Mənim həmişə atamla bağlı bir xatirə yadıma düşür. Amma bunun səbəbini bilmirəm ki, niyə bu xatirə ağlımdan çıxmır. Bu
gün də bura gələndə həmin xatirə
yaddaşımda canlandı, uşaqlığım
gözümün qabağına gəldi. Bizim evdə, qonaq otağında böyük bir royal
vardı. Atam o royalın
üstünə “proiqrivatel”, plastinkalar qoymuşdu. Mən nağıllara qulaq asırdım. Onda üç, ya dörd yaşında olardım. Hər gün bu təkrar olunurdu. Royalın üstünə çıxırdım,
nağıllara qulaq asırdım, anam oyuncaqlarımı
gətirirdi, yeməyimi verirdi. Bir dəfə atam
gəlib dedi ki, Nigar geyin, biz heyvanxanaya gedəcəyik.
- Zooparka yəni...
- Hə. Amma zoopark
demədi. Heyvanxana dedi (gülür). Mən bunu
eşidəndə o qədər çox sevinmişdim ki...
İndi belə yadımdadır ki, royalın
üstündən necə durdum, qaça-qaça
otağıma getdim... Amma sonra nə oldu? Bax, bu mənim yadımda deyil. Xatirənin arxası yadıma düşməsə
də, nədənsə bu xatirə məndə kədər
hissi oyadır. Və mən bunun
səbəbini bilmirəm. Yadıma
gəlmir ki, atamla heyvanxanaya getdim, ya yox. Bu xatirə məni hər zaman onu yadıma salanda
kədərləndirir.
- Mənim
tanıdığım Vaqif Səmədoğlu şən,
zarafatçıl biriydi, yumor hissi çox
güclüydü. Evdə də eləydi?
- Evdə də siz
dediyiniz kimiydi. Onu tanıyanlar, məni
tanıyanlar deyirlər ki, sizdə “firmenni Vəkilovski” yumor
var (gülür).
- Sizlə zarafat edirdi?
- Çox...
- Yadınıza
hansı zarafatı düşür?
- Birini deyim. Amma onu xatırlaya bilmərəm. Çünki mən doğulanda olmuşdu bu.
Rəhmətlik nənəm Xavər xanım, bibim, bibimin
qızı bizlə üzbəüz yaşayırdılar. Bir gün onlar balkona çıxırlar. Bizə zəng eləmişdilər,
soruşmuşdular ki, Vaqif, necəsən, nə var, nə yox? Atam da demişdi ki, yaxşıyam, indi balkona
çıxaq, sizə Nigarı göstərəcəm. Mən də bir on gün olar dünyaya
gəlmişəm. Bibim
danışırdı ki, atan balkona çıxdı,
səni tez-tez yellədi, sonra başladı səni
göyə atıb tutmağa, bir dəfə, iki dəfə,
axırda uşaq düşdü yerə.
- Vay!
- Ancaq o mən
deyildim. Mənim bir yumşaq meymun
oyuncağım vardı, onu bürüyüb
çıxıbmış balkona.
Image result for vaqif
Səmədoğlu
- Onu
görənlərə çox pis təsir edərdi amma...
- Əlbəttə.
Bibim az qalmışdı
özündən getsin (gülür).
- Bu sizinlə ilk
zarafatıydı... Hələ bələkdəykən...
- Aha, ilk zarafat idi. İkinci zarafatını da deyim. Bizim bir qohumumuz vardı - Ramiz Qiyasbəyli. O,
bizə gəlmişdi ki, məni görsün. Qırxım çıxmışdı onda. Anam süfrə açıb, plov bişirib. İndi Ramiz atama deyir ki, ay Vaqif, uşaq hardadır,
Nigar balanı gətir görək. Ramizin
də çox yekə bığları vardı. Atam
da dedi ki, Ramiz sən yemə, mən indi uşağı
gətirəcəm. Ramiz də
tez-tələsik bığlarını dəsmalla silir ki, bu
saat uşaq gələcək, onu görəcək. Atam qucağında mən gəlib deyib, Ramiz, ala
uşağı, alnından öp. Ramiz
əyilib öpmək istəyəndə atam örtüyü
açıb, ortaya həmən meymun oyuncaq çıxıb
(gülüşmə).
- Sizə yəqin ki,
Niyar deyirdi...
- Hə, Niyar... Niyar balam deyirdi. Amma məni
ən çox “Amatya” deyə çağırırdı. Nəyə görə? Ona
görə ki, anam mənə hamilə olanda, bunlar elə
biliblər, oğlan olacaq. Atam da, anam
da oğlan istəyirlərmiş. Doğum
evində atama deyiblər ki, təbrik edirik, sizin
qızınız olub. O da rusca: “A malçik?”
deyə soruşub. Sonra bu “A malçik”
dönüb oldu “Amalçik”, sonrda da “Amatya”.
- Nigar xanım, Vaqif
müəllim nə vaxt ailə qurdu?
- Anamla 1971-ci
ildə tanış olublar. Bir ildən sonra evləniblər.
- Necə tanış olublar?
- Bizim bir qohumumuzun
evində. Atam Azərbaycanın xalq
yazıçısı Mirzə İbrahimovun qızı Sevda
İbrahimova (Azərbaycan bəstəkarı,
Azərbaycanın xalq artisti – red.) ilə orta
məktəbdə oxumuşdu. Ana
nənəm isə Mirzə İbrahimovun həyat
yoldaşı Sara xanımla xalaqızı idi. Atamla
anam Mirzə müəllimin kiçik qızının ad
günündə tanış olub,
bir-birlərini bəyənib və bir müddət sonra
ailə qurublar.
- İki qız
uşağı oldu...
- Bəli, mən, bir
də məndən balaca Məhbub. Səməd
Vurğunun anasının adıdır.
- Evdə ən çox
kimlə ünsiyyətdə olurdu?
- İkimizlə. Amma,
bacım məndən dörd yaş kiçik olduğuna
görə, mənimlə daha çox ünsiyyətdə
olurdu.
- Nələrdən
danışırdınız?
- Biz çox
şeydən danışırdıq. Axır
vaxtlar biz daha çox həyatdan, poeziyadan söhbət
açırdıq. Çünki
mən şeir yazıram. Ancaq rus
dilində. Ona görə ki,
rusdilliyəm. Bir gün mən aparıb
şeirlərimi atama verdim və ona dedim: “Sən sadəcə
şeirləri oxu, tənqid eləmə, demə ki, bu
pisdi-filan. Bəyənməsən, denən
bəyənmirəm. Ya da yaxşı
yaza bilərsən demə. Bir
sözlə, tənqid eləmə”. Dəftərimi
verdim, açdı, birinci şeiri oxudu, sonra vərəqi
çevirdi, ikinci şeirə keçdi, gördüm, siqaret
alışdırdı, yenə oxumağa davam elədi. Hiss
etdim ki, şeirlərim atama maraqlı gəlib. Üzünün ifadəsindən gördüm. Dalbadal siqaret çəkirdi, həyəcanlı
olduğunu hiss etdim. Sonra durdu otaqdan
çıxdı, əlində də mənim dəftərim. Sonra
gəldi mənə dedi ki, Ngar, bilsəydim, sən son
yazdığım şeirləri oxumusan, deyərdim bu
plagiatdı, ya da Azərbaycan dilindən rus dilinə
tərcümədir. Ancaq o şeirləri
sən oxuya bilməzdin, çünki çap
olunmamışdı, onlar mənim stolumdadır, məndən
başqa heç kimin o şeirlərdən xəbəri
yoxdur. Yəni şeirlərimiz
bir-birinə çox oxşayırdı.
- Nigar xanım, Vaqif
Səmədoğlu ata kimi necə biriydi? Onu
necə xarakterizə edərdiniz?
- Atamla anam mən
doğulandan yeddi il sonra
ayrılıblar. Bir müddət tək
yaşadı atam. Sonra Nüşabə
xanımla tanış oldu və
onunla evləndi. Atam bizlə yaşayanda
mən uşaq idim. Uşaq olsam da, onun
necə ata olduğu yaxşı yadımdadır. Onunla parka gedirdik, bağ evinə aparırdı
məni. Şüvəlandakı
bağımızda bibimlə qalırdıq. Fotoaparat kolleksiyası vardı, həmçinin
gözəl fotoqraf idi. Mənim
ən gözəl uşaqlıq şəkillərimi atam
çəkib. Onlar çox canlı
şəkillərdi. Adi
şəkillər deyil. Yadıma sonra
bir şey düşür. Bir
dəfə atam göbələk qızartmışdı,
çağırdı məni ki, gəl yeyək. Anam
da hirsləndi: “Olmaz, olmaz. O uşaqdı, uşağa
göbələk vermə”. Atam demişdi
ki, qoy ən dadlı şeyləri indidən öyrənsin.
- Vaqif müəllim
ayrılandan sonra əlaqələr kəsilmədi ki?
- Xeyr. Qətiyyən kəsilmədi. İlk növbədə ona görə ki, atamla
üzbəüz yaşayırdıq. Atamın
balkonu bizə tərəf çıxırdı. Zəng edirdi mənə ki, balkona çıx. Balkona çıxırdım, o da o
tərəfdən mənə əl eləyirdi. Mən
rəhmətlik bibim Aybəniz xanım ilə çox yaxın
idim, biz onunla sözün əsl mənasında dost idik. Ona qörə də, çox vaxt bütün
əlaqələri bibim yaradırdı ki, biz tez-tez
görüşək.
- Nə
üstündə ayrıldılar?
- Bilirsiniz,
yaradıcı insanla ailə qurmaq çətindir. Mənim anam da musiqiçidi, həmin vaxtlar
işləyirdi də. Atam da şair
idi, yazırdı. Bir gün elə bir
vaxt gəldi ki, onlar bir-birini başa düşmədilər.
- İki yaradıcı
eqosu evliliyə mane oldu.
- Belə
deməzdim. Cavanlığın eqosu və
maksimalizm üst-üstə düşüb. Bu mənim fikrimdir. Sən
əgər yaradıcı adamla ailə qurursansa, ona olan
marağını da yaradıcılığına qurban
verməlisən.
- Ayrılıqdan sonra
ananız üçün çətin olardı?
- O qadınıydı,
tək qalmışdı, iki uşağa baxırdı. Amma anamın yanında həmişə atası,
anası, bacısı olmuşdu. Mənim
babam tanınmış akuşer-ginekoloq həkim, professor idi. Nənəm də həkim idi. Onlar anama böyük dayaq oldular. Məncə, hər insan üçün
ayrılıq ağır bir hisdir. Mən
ayrılıqdan danışanda, atamın bir gözəl
şeiri yadıma düşür:
Bacarsaydım
qurudardım,
Dünyanın
dənizlərini,
Xəzər yudu bu
gün, gülüm,
Sahildəki izlərini.
O balaca ləpirləri
Çoxmu gördü
dünya mənə,
Gözmü dəydi
izlərinə?
Yerə vurdun
sözlərimi,
Dindi yerim sarı simi...
Eşitmişəm yol
üstəsən,
Yaz, göndərim
gözlərimi,
Harda ağlamaq
istəsən...
Bu şeir o
ərəfələrdə yazılıb.
- Bəlkə başqa
səbəb vardı? Qısqanclıq, Vaqif
müəllimin şair xarakterindən dolayı ailəyə
çox diqqət göstərməməsi və s.
- Qətiyyən! Çünki atam anamı, bizi çox sevirdi. Bunu da anam yaxşı bilirdi, ona güvənirdi. Sadəcə dediyim kimi, iki insan bir gün anladılar
ki, hərəsi ayrı-ayrı yaşamalıdırlar.
- Hiss edirəm ki,
uzaqlıq hiss etməmisiniz atanızdan...
- Heç vaxt atam
mənə uzaq olmayıb, hiss etməmişəm bunu. Mənim 19 yaşım olardı. Bibim qızı zəng eləmişdi ki, sənin
xəbərin varmı, papan evlənir. Onda qısqanmışdım,
ağlamışdım hətta. Məndən
elə ağlamaq çıxmışdı ki... Başqa bir insanla ailə həyatı qurmağı
mənə çox pis təsir eləmişdi. Bu sonra keçdi. Nüşabə
xanımla, onun qızı Mirvari ilə tanış oldum,
çox yaxşı insan olduqlarını gördüm. İndi biz doğmalaşmışıq. Övladlarımız da bir-birlərini bacı kimi
qəbul ediblər. Atam olmasa da, mən
onların evinə tez-tez gedib gəlirəm.
- Nigar xanım,
atanız sizə heç qadağalar qoyurdu?
- Hə, iki dəfə
olmuşdu. Birinci dəfə atamgilə gəlib dedim ki,
müğənni olmaq istəyirəm. Anam Bülbül adına Orta İxtisas Musiqi
Məktəbində dərs deyirdi. Vaqif
Gərayzadə də orda işləyirdi. Mənim
yaxşı səsim var. Anam dedi ki, gəl gedək, Vaqif
müəllim də sənə qulaq assın. Vaqif
müəllim də dinlədi və dedi ki, çox
gözəldi, amma üzərində işləmək
lazımdı, gərək sənnən çalışaq.
Dedi, istəyirsən gəl çalış, sonra
müğənni olarsan. Mən atamgilə gəldim, dedim,
papa, belə bir iş olub, nə deyirsən. Atam dedi, qətiyyən
olmaz. Mən etiraz elədim, oxumaq istədiyimi dedim. “Get,
evdə oxu” – dedi. Belə oxumaq istəmirdim,
səhnədə oxumaq istəyirdim. Dedi, ay qız,
yox e, yox, olmaz, sən hara, səhnə hara, mənə
müğənni qız lazım deyil. Oxumaq istəyirsən,
gəl bizə, anam Xavəri də çağıraq,
oturaq sənə qulaq asaq, əl çalaq, amma
səhnədə olmaz.
- Bəs ikinci qadağa
nə idi?
- Mən aktrisa olmaq
istəyirdim. Atam həmişə deyirdi ki,
“Azdrama” sənin timsalında böyük bir aktrisa itirib. Yəni məndə aktyorluq görürdü. Mən
onda dedim ki, sənədlərimi İncəsənət
Universitetinə verim. Atam dedi, qətiyyən olmaz. Səbəbini soruşdum. Dedi, mənim bir
Afaq Bəşirqızım var, ikinciyə ehtiyac yoxdur
(gülür).
- Çox içirdi
Vaqif müəllim... İçkiylə yaxın dost idi...
- Bu
şişirdilmiş bir faktdır. Ümumiyyətlə,
düşünürəm ki, yaradıcı insanlar ya
kədərli olanda, ya da azacıq içəndə
gözəl əsərlər ortaya qoya bilərlər. Bu
ondan irəli gəlir ki, insan bir az içkili
olanda cəsarətə gəlir, daxilində gizlənən
hissləri qorxmadan etiraf edə bilir, daha kövrək və
həssas olur.
- Sizcə, Vaqif
müəllim güclü adam idi?
- Həm də
çox. Çünki o, öz
xəstəliyini bilə-bilə onunla zarafat eləyirdi.
- Xərçəng...
- Bəli... Ölümdən də danışırdı. Filosof idi. Onun poeziyası
başdan-ayağa fəlsəfi ahəng üstündə
köklənib. Bilirdi ki, tezliklə
gedəcək, amma heç vaxt qorxuram demirdi.
- O günləri
necə xatırlayırsınız?
- Təbii ki, mən bunu
eşidəndə şoka düşmüşdüm. Diaqnozun səhv olduğunu
düşünürdüm. Çünki
bibim qızı Aygünə də eyni diaqnoz qoyulmuşdu
və o, müalicə alırdı. İnanmırdım
ki, mənə yaxın iki adamda belə bir diaqnoz olsun. Amma sonra bildik ki, həqiqətən
xərçəngdi. Atam öz
xəstəliyini də yumora çevirmişdi. O,
xəstəliyini biləndə Mirvariyə zəng elədi ki,
evə gələndə pivə al, xərçəng
məndə var (gülür). Məncə,
çox güclü bir insan xəstəliyini yumora
çevirə bilər. Heç vaxt
xəstəliyinə görə əvvəlki həyat
tərzini dəyişmədi.Sadəcə axır vaxtlar
yorulmuşdu. Müalicəyə gedirdi
xarici ölkələrə, dərman qəbul edirdi. Sən təsəvvür elə ki, mübarizə
aparırsan, aparırsan, qalib gəlmək istəyirsən,
ancaq uduzduğunu bilirsən. Hətta
onu görürsən də. Uduzduğunu
bilə-bilə güclü qalmaq çox çətindir.Sən
getdikcə dəyişildiyini hiss edirsən,
ətrafının da sənə görə ağrı
çəkdiyini görürsən. Görürsən
ki, sənə baxanda kimsə qırağa çəkilib
gözünün yaşını axıdır. Ancaq sənlə qarşılaşanda
gülümsünür. İnsan bunu
başa düşür. Və bu
çox çətin bir şeydir.
- Böyük
adammış...
- Mən atamdan o
ərəfədə müsahibə də
almışdım. Çox gözəl,
səmimi müsahibə alınmışdı. Biz onunla oturub bir saatdan çox danışdıq. Hamı evdə idi – Nüşabə xanım,
Mirvari, qızı. Amma bizim
üçün yalnız o və mən var idik. Mən indi bunu başa düşdüm ki, həmin o
müddət bir-birimizlə söhbət edərkən biz
vidalaşırdıq.
- 2015-ci ildə
rəhmətə getdi.
- Hə. Mənim
üçün çox ağır il olmuşdu. İki əzizimi itirdim. Atamı
və bibim qızını.
- Atanızın son anlarını necə xatırlayırsınız?- Yada salmaq çətindir. Mən işdə oturmuşdum. Mirvari zəng elədi ki, sən
gəlməlisən. Getməyin vacib
olduğunu başa düşdüm. Mənim
bir ətrim var idi, atam niyəsə onu sevmirdi. Hər dəfə onlara gedəndə deyirdi ki, ay
qız, sən yenə bu ətirdən vurdun, eləmə
də belə, mənim xoşum gəlmir o ətirdən. Tərslikdən də həmin gün səhər
işə gəlmədən əvvəl o ətri
vurmuşdum. Mirvari mənə zəng vurub
deyəndə ki, gəl, ilk ağlıma o gəldi,
öz-özümə dedim, ay Allah indi bu ətirin qoxusu
üstümdə necə gedəcəm ora? Bilirdim
ki, vidalaşmağa gedirəm. Və
bu mənə təsir elədi. Evə gedəndə
onlara dedim ki, bir şal versinlər, örtüm
üstümü, atamın xoşu gəlmədiyi ətrin
qoxusu gəlməsin. Mən həmin an onu
sevindirmək istəyirdim. O, məni görsün,
ətri hiss eləməsin. Təbii ki, o,
bizim nəyə görə gəldiyimizi yaxşı bilirdi. Biz otağa keçdik, oturduq. Bir az keçəndən sonra eynəyini
çıxardı və bizə dedi ki, otaqdan
çıxın. Beş-on
dəqiqədən sonra keçindi.
Mən ölən
gün
bir külək
əsəcək küçələrdə.
Və
yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli
bir uşaq paltarını.
Matəm bayrağıtək
dalğalanacaq
uşaq paltarı
mən ölən
gün..
.Bu 1982-ci ildə
yazdığı şeirdi. Və elə də
oldu... O, dünyasını dəyişən andan bir
qədər sonra külək əsməyə başladı. Nə idi bu? Bir təsadüf
yoxsa şair uzaq görənliyidir? Bilmirəm.
Özündən də sorüşa
bilmirəm. Amma, bilirsiz, indi 5
dəqiqəlik görsəydim onu, soruşardım. Bir də soruşardım ki, papa, biz səninlə
onda getdik heyvanxanaya, ya yox?
Ayvaz Ayxan
Üç
nöqtə.- 2018.- 7 iyun.- S.12.