Məşhur
kinorejissorun müəmmalı intiharı
Gecənin bağrını ov tüfəngindən
sinəyə tuşlanan atəş yarır. Son anda gözləri
qarşısında Şuşa və onun dar dolanbacları ilə
qaçan, filmə çəkildiyi üçün
ayağı yerə dəymədən qanadlanan yeddi
yaşlı oğlan canlanır. Bu görüntü gözlərində
filmin son kadrı kimi qalır və göz qapaqları
qapanır. Ondan sonra nə olacaq, daha nə onun özünə,
nə də başqa kimsəyə maraqlı idi. Altı
yaşlı oğlu, xanımı, güllə səsini
eşidib gələn qonşular nə deyəcək, kim necə
olacaq, onun eyninə deyildi. Zatən, bütün bu yüklərdən özünü
bir atəşlə xilas etmişdi.
Bəzən insan həyatın
dolanbaclarında təntiyəndə düşünür ki,
bəlkə həyatımı başqa cür qursaydım, məsələn,
bu sənəti seçməsəydim, bu adamla evlənməsəydim,
yaxud bu ölkədə yaşamasaydım hər şey
başqa cür olardı...
Özünü günahlandırırsan, amma heç
düşünmürsən ki, harda, necə
yaşamağından asılı olmayaraq hansı taleyi
yaşamalı idinsə, onu da yaşayacaqsan. Hərdən düşünürsən
ki, taleyini insanın xarakteri müəyyən edir,
ağlına da gəlmir ki, xarakterin də sənin taleyinə
düşəndir axı.
Qəhrəmanım
da 47 illik qısa ömründə dəfələrlə
düşünmüşdü ki, bəlkə də o vaxt
Şuşada kinematoqrafçılar qarşısına
çıxıb onu kinoya çəkməsəydilər, hər
şey başqa cür olardı. “Bəlkə həkim
olardım, yaxud müəllim”-deyirdi. Sonra da özünə təskinlik
verirdi: mən ona görə kinematoqrafiyaya vuruldum ki, o sənətdə
hər sənətdən var, hər bir peşə
adamının həyatını ekranda yarada bilərəm.
Ulduz uşaq
Lətif Səfərovdan
danışırıq. Kinorejissor, indiki
Kinematoqrafçılar İttifaqının
yaradıcısı, ilk rəhbəri, onlarla sənədli, “Bəxtiyar”, “Qızmar günəş
altında”, “Leyli və Məcnun” bədii filmlərini
rejissoru...
1920-ci ilin bir payız günündə
Şuşada dünyaya göz açan Lətif Bəşir
oğlu Səfərov taleyinin diktəsi ilə hələ
yeddi yaşında ikən kinoda ilk addımlarını
atmışdı.
“Azərbaycanfilm”
“Tunc ay” filmini Qarabağın dilbər guşəsi
Şuşada ekranlaşdırırdı. Filmdə əsas rolu oynayacaq
uşağı da Qala uşaqlarından seçmişdilər.
Yüzlərlə uşağın içində balaca,
çəlimsiz, iri qara gözləri olan Lətifə
üstünlük verdilər. Çəlimsiz olsa da iri iti,
diri baxışlar, çeviklik kinematoqrafçıları cəlb
etmişdi. Onun kinoya hədsiz marağı da qeyd edilməlidir.
Uşağın kinonu ən xırda detallarına qədər
öyrənmək marağı onun oynayacağı rolun da
öhdəsindən gələcəyini xəbər verirdi.
Film “Gilan qızı” adıyla ekranlara
çıxandan sonra bu balaca oğlanı artıq Azərbaycanda hamı
tanıyır. Şuşa camaatı ona yer adamı kimi
baxmır, məktəbdə müəllimlər, sinif
yoldaşları onu az qala əllərinin içində
göylərə qaldırıb gəzdirirlər.
Sonradan o bu
illəri xatırlayıb yazırdı: “7 yaşım var idi.
“Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək
üçün Şuşaya gəlmiş Azərbaycan
kinematoqrafiyası işçilərini dağın zirvəsində
yerləşən şəhərin nağılvarı mənzərəsi
heyran etmişdi... Hər şey elə bundan başlandı... Əgər
onlar mənim şəhərimə gəlməsəydilər,
bəlkə də həyatım başqa cür qurulardı. Əgər
mən həkim olsaydım, insanları müalicə edərdim,
müəllim olsaydım, insanlara bilik öyrədərdim...
10-cu sinfi bitirmiş gənci maraqlandıra biləcək
çoxlu ixtisas saymaq olar. Mənim qismətimə kinematoqraf
düşdü. Burada mən özümü bütün
ixtisaslara yiyələnmiş kimi hiss edirəm. Mən
bütün peşələrdən olan adamlara xidmət edirəm.
Bunu nə qədər çox dərk etdikcə, özümdə
daha artıq məsuliyyət hiss edirəm... ”Taleyin işinə
bax ki, yeddi yaşında uşağın həyat yolu müəyyən
olunur. O, özünü kinematoqrafiyadan ayrı təsəvvür
belə edə bilmir.Atası Bəşir
dövrünün oxumuş ziyalılarından idi. Vəzifə sahibi olmuşdu. Elə
vəzifədə olması da onunla həyat yoldaşı, yəni
Lətifin anası Maya arasında uçurum yaradırdı.
Ona görə də ata onu və balaca bacısını
anasının himayəsində qoyub özünə “layiq” bir
xanımla ailə qurmuşdu.
Dörd yaşında ikən artıq ata üzünə
həsrət qalan Lətifin qarşısında indi onu və
ailəsini bütün çətinliklərdən qurtara biləcək
bir yol açılırdı. Anası isə oğlunu
gözündən uzağa qoymağa ürək eləmirdi. Bəlkə ana ürəyi
duymuşdu ki, oğlunu qarşıda hamar, rahat yol gözləmir.
Bəlkə onun vaxtsız faciəli ölümünü də
ana ürəyi fəhm edərdi, amma
hələlik gözlərini oğlunun ilk, cəlbedici
uğuru qamaşdırırdı.
Çəkildiyi ilk filmin rejissoru Leo Mur,
operatoru İvan Frolov, görkəmli aktyor Sidqi Ruhulla ondan əl
çəkmək fikrində deyildilər. Nəhayət, onu
özləriylə Bakıya aparmaq üçün anası
Mayanı yarı- xoş, yarı-zor razı saldılar.
Tez bir zamanda balaca Lətif rejissor
Mikayıl Mikayılovun qayğıkeşliyi sayəsində
kinostudiyanın aktyor ştatına işə
götürülür. Lətif günün birinci
yarısını internat məktəbdə oxuyur, dərslərini
qurtaran kimi işə tələsirdi. Studiyada
çalışanlar balaca aktyora məhəbbətlə, nəvazişlə
yanaşırdı. Uşaq heç gözləmədiyi ulduz
həyatı yaşayırdı.
1928-ci ildə “Sevil” filminin çəkilişi
başlayanda Gündüz roluna aktyor axtarmağa ehtiyac
olmadı. Cəfər Cabbarlının tövsiyəsi ilə
bu iş Lətifə həvalə edildi. Ağasadıq Gəraybəyli,
Mustafa Mərdanov kimi aktyorlarla bir sırada kamera
qarşısında dayanmaq həm məsuliyyət, həm də
şərəf idi.
Ardınca Mikayıl Mikayılov çəkdiyi “Lətif” filmində
onu baş rola çəkir. Lətif
“Lətif”lə daha da məşhurlaşır.
İlk məyusluqdan
doğan stress
Artıq
yeniyetməlikdən gəncliyə addım atmaqda olan Lətifin
həyatında bu uğurdan sonra uğursuz qara zolaq
başlayır. Balaca yaşında zirvəyə qədəm
qoyan oğlan birdən-birə ordan aşağı
yuvarlanmağa başlayır. Nədənsə daha onu filmə
çəkmirlər, uşaq rollarını artıq başqa
uşaqlar oynayır, onu öz yaşına uyğun rolda
heç kim görmür, diqqətdən tamam kənarda
qalır.
Növbəti iki film – “Şərqə
yol” və “Qızıl kol” zəif alınır. Lətif
stressdən ağır xəstələnir. Səhhətiylə
əlaqədar ona işləməyi qadağan edirlər. Təhsilinə
də fasilə vermək məcburiyyətində qalır.
Balaca aktyor ruhi-mənəvi sarsıntı keçir.
Bir-birinin dalınca gələn uğursuzluqlardan
aldığı zərbələr xeyli vaxt onu baş
qaldırmağa imkan vermir. Zərbə ardınca zərbə
gəlir.
Bu vaxt ərzində anası bir nəfərə
ərə gedir və qızını da götürüb Bərdəyə
köçür. Lətif bir müddət anasının
yanında yaşayır. 1935-ci ildə yenidən Bakıya
dönür. İş yerinə qayıdır, təhsilini
davam etdirir, amma yenə onu filmə çəkmirlər.
Nəhayət, qərar verir ki, çəkilməsə
də kinodan ayrılmasın, kamera qarşısında deyil,
arxasında olsa da kinoda çalışacaq. Lətif rejissor
köməkçisi və assistenti, aktyor kimi yenicə fəaliyyətə
başlayan dublyaj şöbəsində “Çapayev”, “Lenin
oktyabrda”, “Biz Kronştatdanıq”, “Lenin 1918-ci ildə” və
başqa məşhur sovet filmlərinin səsləndirilməsində
iştirak edir, böyük məktəb keçir. Azərbaycan
kinematoqrafiyasının formalaşmasında və
inkişafında əməyi olan insanlarla – Səməd Mərdanov,
Rza Təhmasib, Əlisəttar Atakişiyev, Sidqi Ruhulla, Rza Əfqanlı,
Mustafa Mərdanov, Ələsgər Ələkbərov və
başqalarıyla çiyin-çiyinə
çalışmaq ona çox şey öyrədir. Lətif
yavaş-yavaş rejissor sənətinə meylləndiyini
duyur. 16 yaşında komsomol sıralarına keçdikdən
sonra, imtahan verib Gəncə Pedaqoji Texnikumunun qiyabi şöbəsinə
qəbul olunsa da, gələcəkdə taleyini müəllimliyə
bağlamayacağını bilirdi.
“Xalq düşməni”nin
atasız oğlu
Belə bir vaxtda atası Bəşir
repressiya qurbanı olur. Ona əksinqilabçı
damğası yapışdırırlar. İndi Lətif
atalığını görmədiyi ataya görə də zərbələrə
dözməli idi, xalq düşməninin oğludur axı.
Bu barədə özü
yazmışdı: “...Mən xalq düşməninin oğlu
olanda cibimdə pasportum yox idi. Müstəqil həyatımı
küçədən başladım. Onda yay kostyumunda idim,
cibimdə də 10 qəpik pulum vardı. Allaha
şükür ki, yay idi, hələ gecələr
bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk
olurdu...” Atası sürgündən sağ qayıdır.
Onların görüşü baş tutur. Bu təsirli səhnə
Lətifin xatirələrindən yan keçməyib: “...Mənə
bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib
oldu. Bədbəxtlikdən o da uzun sürmədi... O, vəfat
etdi...”
1939-cu ildə texnikumu fərqlənmə
diplomuyla bitirir. Arzusu Moskvada Dövlət Kinematoqrafiya
İnstitutunun rejissorluq fakültəsində oxumaq idi.
1940-cı ildə göndərişlə Moskvada ali məktəbə
qəbul olur. Bundan böyük xoşbəxtlik yox idi onun
üçün, nə yazıq ki, bir il sonra müharibə
başlayır. Bir gün onu da cəbhəyə aparırlar,
amma orduya yaramır, tərxis eləyirlər. Müharibə
dövründə heç sevmədiyi işlə məşğul
olur-mülki tədris şöbəsində hərbi inspektor
kimi çalışmaqla yaşayır.
Qələbədən sonra təhsilini
davam etdirmək üçün yenidən Moskvaya yola
düşür. Yenidən tələbəlik illərinin
sevinci, üstəlik sevgi hissləri onu çuğlayır.
Deyəsən, ağ zolağa çıxıb daha. Kurs
yoldaşı, sevdiyi Faina Nikolayevna ilə evlənir. Bir
oğlu, bir qızı olur.
Diplom işi-“Yeni həyat qurucuları”
adlı sənədli filminə görə “əla” qiymət
alır.
Qriqori Kozintsevin emalatxanasında təhsilini
uğurla bitirib, diplom və müəlliminin verdiyi daşdan
keçən xasiyyətnamə ilə vətənə
dönür. Xanımı və iki övladı da onunla birgə. Gənc rejissora yaşamaq
üçün kinostudiyanın həyətində kiçik
bir otaq verirlər.
Gənc, həvəsli, işi ilə
xarüqələr yaradacağına inanan rejissor bir-birinin
ardınca “Gənc leninçilər”, “Azərbaycan sərhədçiləri”,
“Quba bağlarında” sənədli filmləri, “Ordenli Azərbaycan”
və “Gənc nəsil” kinojurnalları, Moskvadakı mərkəzi
xronika studiyası üçün süjetlər çəkir.
İşinə o qədər aludə olur ki, ağ ciyərindəki
problemi də unudur, ailəsini də.
O, yaradıcı həmkarlarını bir
yaradıcı təşkilatda birləşdirməkdə ikən,
xanımı uşaqlarını da götürüb Lətif
Səfərovu tərk edir.
Lətif Səfərov da deyəsən,
onun yaradıcı həyatına duruş gətirməyən
xanımının dığdığından bezmişdi,
odur ki, onu saxlamağa çalışmadı, yalnız
uşaqlara atalıq edəcəyinə onu əmin etmək istədi,
qadının cavabı isə qəti oldu: “Hər şey
bitdi, sən də bizim üçün bitdin, heç nəyini
istəmirik”.
Rejissor isə növbəti
yaradıcılıq işi üçün, “Hacı Qara”
filmini çəkmək üçün
çarpışırdı.
İllər bir-birini əvəz edir. Bir
gün nəhayət, “Bəxtiyar” bədii filmini çəkir.
Sonra daha iki bədii film. Həmin günlərdə çox
tanınmış müğənni Şövkət Ələkbərova
ilə rastlaşır. Musiqini gözəl bilməsi və
sevməsi Şövkəti ona sevdirir.
Xoşbəxt idilər, bir oğul
övladları dünyaya gəlmişdi, Lətif ona
atasının adını vermişdi – Bəşir.
“Paraya dəymə,
diriyə dəymə” prinsipi
1958-ci ildə Lətif Səfərov əsasını
qoyduğu Kino İşçiləri İttifaqının sədri
seçilir, Ümumittifaq Kinofestivalının
üzvlüyünə də layiq bilinir. İlk baxışdan bunlar yüksəlişdir,
deməli həm də ayaqdan çəkənlərin, problem
yaradanların da sayı artır.
Zaman gəlir ki, Lətif Səfərov
öz yaratdığı Kinemotoqrafçılar
İttifaqında arzuolunmaz insana çevrilir. Tələbkardır,
peşəkardır, beləsini
sevmirlər.
Yeganə ümid yeri Moskvadakı müəllimidir.
Tez-tez Q. Kozintsevlə məktublaşır, Bakıdakı
mühitdən, problemlərindən söz açır. Bəlkə
də, onu intiharının da əsas səbəblərini bu məktublarda
tapmaq olar. Müəlliminə mühitin onu hər tərəfdən
məngənə kimi sıxdığından söhbət
açır. Deyir ki, film çəkməyə imkan vermirlər,
tənqidi heç kim qəbul etmir. Düz söz deyənə
kino verməməklə “gözünü
çıxardırlar”. Üstəlik ətrafdakı
yaradıcı insanları sənin əleyhinə
çıxardırlar ki, guya sən onlara işləməyə
imkan vermirsən. Onların mənafeyi
üçün çalışdığın halda
onların əli ilə vurulursan və bunu isbat edə bilmirsən.
“Leyli və Məcnun” filminin çəkilişləri
onun əsəbləri bahasına başa gəlir. “Onu çəkmə,
bunu çək”, “belə çəkmə, elə çək”,
“bu sözü çıxart, bu sözü daxil elə” ilə
rejissor necə film çəkə bilərdisə elə də
çəkmişdi. Ancaq Mərkəzi Komitə onların
özlərinin “paraya dəymə, diriyə dəymə”
prinsipi ilə ərsəyə gətirdiyi filmə görə
Lətifə töhmət verdilər-şifahi, kollektiv
içində.
Və qəribə bir tendensiya
yaradılır, axı o kino ittifaqa rəhbərlik edir,
xoşagəlməz nə varsa günahkarı da odur.
SSRİ Kinemotoqrafçılar İttifaqının
qurultayına da belə namizədi göndərmək olmaz.
Yaradıcı insanın əlində isə çəkəcəyi
filmin ssenarisi var. Gəl bu qədər təzyiqlə çək
bu filmi. Sonra da ittifaqın sədrliyindən
uzaqlaşdırılması daha bir zərbə olur ona. Üstəlik də get-gedə
güclənən xəstəlik, qızdırma,
ölüm-dirim mübarizəsi.
Onu incidən itirdiyi vəzifə deyil, bir
vaxt həmkar saydığı, böhtan atan, karyeraya həris
adamların xəyanətkarlığıdı. Baş
mühasib Poqosovanın qəfil məktubu yaxın
keçmişəcən sədr işləyən rejissorun
ittifaqdan borc, ezamiyyə və kredit məqsədiylə
götürdüyü 873,15 manat pulun qısa vaxtda
qaytarılmasının vacibliyi haqdaydı.
Bakıdakı yaxınlarından borc
almağa utanan Lətif Bərdəyə yollanır. Bacı
onu vəziyyətdən çıxmağa kömək edir,
ondan götürdüyü pulla ittifaqdan canını
qurtarır.
Həsən Seyidbəylinin “Möcüzələr
adası” ssenarisi təklif olunur, götürür. Üzərində
işləyib düzəldəcəyinə ümid edir. Tam
çəkilişə başlama ərəfəsində
operator Rasim Ocaqov çəkilişdən imtina edir.
Lətif davam etməyə
çalışır. Amma daha gücü, taqəti
qalmayır. Xəstəlik canını yeyir, yaşamaq əzaba,
işgəncəyə çevrilir.
Dekabrdır, hava da insanlar kimi soyuyub. Lətif
Səfərov hamıdan gizli bir qərar verib. Həmkarı ilə
öz evində yaradıcılıq planları qurur, ssenari
üzərində işləyirlər, guya sabah işə
başlayacaqlar. Onu yola salır, hamam girib yuyunur. Sonra bir-bir
yataq otaqlarını gəzib xanımı Şövkətlə,
oğlu Bəşirlə vidalaşır, xəyalən
onlardan üzr istəyir. Gecə saat ikini keçir. Son
ssenarisini vərəqləyir, “Azərbaycan möcüzəsi”
çəkəcəkdi. Vərəqlədikcə son olaylar gəlib
vərəqlərə tökülür, elə bil həyatını
vərəqləyir. Atasızlıq, anasızlıq, yad şəhər,
ulduz həyatı və unudulmaq. Sonra dişinlə-dırnağınla
azacıq qazanılmış uğur və ardınca yenə
uğursuzluqlar. Üzünə gülüb arxadan zərbə
vuranlar, ayaq altı qazanlar, sənin istedadını,
bacarığını özünə təhlükə kimi
görənlər. Maddi imkansızlıq, borclar. Bir tərəfdə
də ailə, uşaq qayğıları. Bir məşhur
xanımın əri olmaq da asan deyil. Xəstəlik də
boğaza dirənib. Ov tüfəngini sinəsinə dirəyib
tətiyi çəkir.
Son anda gözləri
qarşısında Şuşa və onun dar dolanbacları ilə
qaçan, filmə çəkildiyi üçün
ayağı yerə dəymədən qanadlanıb göylərə
qalxan yeddi yaşlı oğlan canlanır. Gözlərində
bu görüntü filmin son kadrı kimi qalır və
göz qapaqları qapanır. Ondan sonra nə olacaq, daha nə
onun özünə, nə də başqa kimsəyə
maraqlı deyildi. Altı yaşlı oğlu, xanımı,
güllə səsini eşidib tökülüşən
qonşular nə deyəcək, kim necə olacaq, onun eyninə
belə deyildi. Zatən, bütün bu yüklərdən özün bir
ov tüfənginin atəşi ilə xilas etmişdi.
Ramilə Qurbanlı
Üç nöqtə.- 2018.- 22
iyun.- S.12.