Böyük söz
xiridarı– şair Nəbi
BORÇALI
ŞAİR NƏBİ (1873-1945) Şair Nəbi - 1873-cü
ildə qədim Borçalı mahalının saz-söz
beşiklərindən sayılan, el şairliyi, aşıq sənəti
ənənələrinin zənginliyi və
yaşarlığıyla seçilən Bolusun (indiki
Gürcüstanın Bolnisi rayonunun) məşhur Faxralı kəndində
yoxsul bir ailədə dünyaya göz açıb.
Bu kənd aşıq-söz sənəti ənənələrini
tarixən yaşadan ocaqlardandır. Burada Borçalı
saz-söz mühitində çox məşhur olmuş sənətkarlar
yetişib.
Şair Nəbi isə özündən əvvəlki
xələflərinin söz-sənət səltənətini
özünəməxsus qüdrətli şerləri,
deyişmələri, yaratdığı dastanları ilə
daha da zənginləşdirib. Bununla da o, öz
dövrünün ən qüdrətli sənətkarı,
böyük söz xiridarı kimi tanınıb.
Yeni doğulmuş və Nəbi
adlandırılmış körpənin ailəyə gətirdiyi
sevinc, təəssüf ki, bir az sonra kədər və
göz yaşları ilə əvəz olunub. Təsadüfən
Nəbinin böyük qardaşı Həsənin əlindən
xəta çıxıb: o, qonşu kəndin nüfuzlu şəxslərindən
birinin yaxın qohumunu öldürdüyünə görə
ömürlük sürgünə məhkum edilib.
Böyük oğlu Həsəni əbədi itirdiyini hiss edən
Oruc kişi gələcək ümidini Nəbiyə
bağlayırsa da, onu öz istədiyi kimi böyüdə
bilməyib. Ağır günlər yaşayan Nəbi ehtiyac
içində böyüyüb...
11-12 yaşa çatandan sonra Nəbi ailədə
illərdən bəri hökm sürən ehtiyacın
bütün müsibətlərinə şərik olub.
Ağır zəhmətə qatlaşıb,
ailə, ata-ana qayğısı çəkməyə
başlayıb.
15 yaşa çatandan sonra isə bir neçə
il İmir kəndində Məşədi Hüseyn adlı
bir varlı şəxsə nökərçilik edib.
Həmin illər nökərçilik etməklə
yanaşı, o, ilk qoşma, təcnis və müxəmməslərini
yaradıb.
Şair Nəbi 1890-cı ildən
1910-cu ilədək müxtəlif yerlərdə nökər,
çoban, mülkədar malikanəsində gözətçi,
Allahverdi mis mədənlərində fəhlə işləmiş,
savad almağa, yazı-pozu öyrənməyə heç bir
imkanı olmamışdır. Ancaq hafizəsinin itiliyi
sayəsində gürcü dilini mükəmməl öyrənmişdir.
1910-cu ildən etibarən peşəkar bir sənətkar
kimi Borçalı kəndlərinin toy və
yığıncaqlarında çıxışlar edib, el
şairi kimi ad-san qazanıb, ömrünün axırına
kimi anadan olduğu Faxralı kəndində
yaşamışdır.
Özü saz çala bilməsə
də, çox gözəl, məlahətli səsi, avazı
olan Şair Nəbinin yanında həmişə bir neçə
sazçalanı olub. Ömründə əlinə saz almayan
Nəbi hələ yeniyetmə yaşlarında olarkən təbi
gəlib şeir dediyi zaman əlinə bir ağac alıb ona
toxunaraq ilhamını kökləyirmiş.
Ancaq illər ötüb Şair Nəbi sözü, sənətilə
şöhrət tapandan, tanınandan sonra belinə xəncər
asıb və şeir deyəndə xəncərini saza
çevirirmiş, saz kimi istifadə eləməyə
başlayırmış. O səbəbdən də, xəncər
heç vaxt şairin belindən əskik olmazmış.
Əli Faxralının söylədiyinə
görə, şair Nəbinin ilk saz tutanı Aşıq Həsən
olub. Sonralar Aşıq Dünyamalı, Aşıq Müsəllim,
Sarvan Bayram, Xındı Məmməd, Hüseyn Saraclı onun
yanında saz çalıblar. Ona ən yaxın dost olan və
uzun illər məclislərdə yanında saz çalan isə
Aşıq Mürsəl olub. Fitri istedadı və
danışığı ilə könülləri ovsunlayan
Şair Nəbi yazmaq, oxumaq bilməsə də, ancaq çox
gözəl və iti hafizəsi olub. Şair Nəbi heç
bir ustada şəyirdlik etməyib. Özünün isə bir
neçə yetirməsi olub. Onlardan şair Şaban, şair
Alı, Bəkir oğlu Əlləzi göstərmək olar.
Bu yetirmələri şair Nəbiyə hədsiz hörmət
və ehtiramla yanaşardılar. Onun
adını hər məclisdə uca tutardılar. Şair Nəbi
də bu yetirmələrinə qayğı ilə
yanaşar, onların yazdıqlarını yüksək qiymətləndirərdi.
Özünü Şair Nəbinin son şagirdi hesab edən
Əli Faxralının söylədiyinə görə,
Şair Nəbinin ömrünün son illərində
saz-söz məclislərinə birlikdə qatılıblar.
Əli Faxralının yaddaş dünyasında Şair Nəbiylə
bağlı çoxlu xatirə yaşayır. Sözə, sənətə
xidmət edən müəllim-şagird arasında deyilenə
görə bir deyişmə də olub və o deyişmə
ancaq Əli Faxralının yaradıcılıq arxivində
qorunmaqdadır.
Şair Nəbinin ən önəmli
xüsusiyyətlərindən biri də odur ki, o, özündən
əvvəlki xələflərilə sələfləri
arasında güclü bir körpü rolunu oynayıb. O,
şeirlərini "Miskin" təxəllüsüylə
yazıb.
Xalq arasında Şair Nəbinin istedadı
"haqq vergisi" hesab edilirmiş. Ona görə də
ruhanilərin Şair Nəbinin yaradıcılığına
münasibəti birmənalı olmamışdır. Bu səbəbdən
bəzi din xadimləri Şair Nəbini sınaqdan keçirməyə
cəhd göstərmişdilər.
İkinci dünya müharibəsinə
dörd oğul yola salan və iki oğulunun ölüm
kağızını alan, el-oba ilə birlikdə
ağır günlər yaşayan şair qələbədən
sonra, 1945-ci ilin oktyabr ayında, 72 yaşında doğma
Faxralı kəndində vəfat etmişdir.
Təəssüflə qeyd etməliyik ki,
Borçalının digər el şairləri kimi, Şair Həbinin
yaradıcılığı da uzun illər tədqiqatçıların
nəzərlərindən yayınmış, diqqətindən
kənarda qalmışdır. Ancaq xoşbətçilikdən,
Azərbaycan poeziyasının ustadı, qüdrətli
söz sərrafı, xalq şairi Səməd Vurğunun
1955-ci ilin oktyabrında Faxralı kəndinə gəlişi
Şair Nəbinin ədəbi taleyində yeni bir mərhələnin
başlanğıcı olub. O, Şair Nəbinin
şeirlərini aşıqlardan eşidib, şəxsiyyəti,
yaradıcılığıyla maraqlanıb. Şair Nəbinin
yaradıcılığı ilə yaxından
tanışlıq onu heyran qoyub, xüsusən də
"Dünya" şeiri şairdə xüsusi bir ovqat
yaradıb. Elə oradaca onun əsərlərinin
toplanması, nəşri və yayılması
üçün kənd ziyalılarına, xüsusən də,
o vaxt kənddəki orta məktəbin direktoru və dil-ədəbiyyat
müəllimi işləyən Hüseynqulu Məmmədliyə
bu işi görmək üçün məsləhət
və tövsiyələrini verib.
Elə o illərdən başlayaraq
Qorqudşünas alim Hüseynqulu Məmmədli Şair Nəbinin
yaradıcılıq nümunələrini toplayıb.
Eyni zamanda alimin oğlu, folklorşünas alim
Elxan Məmmədli də bu xeyirxah işdə öz xidmətlərini
əsirgəməyib. Beləcə, bu təəssübkeş
alimlərin zəhməti, gərgin əməyi sayəsində
Şair Nəbinin şeirlərinin toplandığı
"Yazılanlar gəldi başa" (Bakı,
“Yazıçı”, 1991) və "Eləsi var..."
(Bakı, “Ağrıdağ”, 2003)adlı şeirlər
kitabları işıq üzü görərək
oxucuların, şeirsevərlərin ixtiyarına verilib.
Son illərdə Şair Nəbinin həyat və
yaradıcılığı daha ətraflı şəkildə
öyrənilməyə başlanılıb.
Onun
yaradıcılığıyla bağlı Valeh Hacıyev,
Şuraddin Məmmədli, Razim Məmmədli, Müşfiq Mədədoğlu,
Şahbaz Şamıoğlu, Tinatin İsabalıqızı,
Arzu Bayramova və başqa tədqiqatçılar məqalələrində,
monoqrafiyalarında fikirlər söyləyib, onu
Borçalının böyük şairlərindən
biri kimi dəyərləndiriblər.
"Yazılanlar gəldi
başa" adlanan birinci kitaba “Borçalı nəğməkarı”
sərlövhəli ön söz yazmış Elxan Məmmədli
Şair Nəbinin şeirlərindən bir qismini vaxtilə
öz dəftərlərinə köçürmüş
Faxralı kəndinin maarifpərvər sakini Qurban Həsən
oğlunun, şairin Böyük Vətən
müharibəsində həlak olmuş oğlu Nadirin, vaxtilə
Faxralı kənd orta məktəbində müəllim
işləmiş, Qazax rayonunun Kəmərli kənd sakini Vəli
Ləzgiyevin, Şair Nəbi şeirlərini illərcə
hafizələrində yaşatmış rəhmətlik Məmməd Hüseynqulu oğlunun, Aşıq Müsəllimin,
Sarvan Bayramın, Aşıq Nəsibin, ustad Aşıq
Hüseyn Saraclının və b. adlarını böyük
minnətdarlıqla xatırlayır, ruhları
qarşısında baş əyir, onlara “rəhmət olsun”
deyir. Biz də öz növbəmizdə
çoxsaylı oxucular adından Elxan Məmmədliyə bu
xeyirxah iş üçün “çox sağ olun!” - deyirik!
Aşıq poeziyasının
divani, təcnis, gəraylı, qoşma, müxəmməs və
s. formalarından bacarıqla istifadə etmiş Şair Nəbinin
yaradıcılı özünəməxsusluğu, poetik
zənginliyi ilə diqqəti cəlb edir. Şairin əldə
olan 200-dən çox müxtəlif məzmunlu
şeirlərinə nəzər saldıqda
görürük ki, onlar içərisində qoşma və
divanilər xüsusi yer tutur. Qoşmaların bir qismi məhəbbət
mövzusuna həsr olunmuşdur. Həmin qoşmalarda nəcib,
təmiz, müqəddəs duyğuların tərənnümünə
geniş yer verilmişdir. Şair belə qoşmalarında
lirik qəhrəmanın zahiri və daxili gözəlliyinin
vəhdətdə olmasını vacib sayır. Məhəbbətdə
xəyanəti, vəfasızlığı, xainliyi pisləyən
sənətkar gözələ müraciətlə deyir:
...Camaldan göyçəksən, qəlbindən
xayın,
Naşı düşdüm, gəl eyləmə
naz, gözəl.
Və yaxud:
...Naz satırsan özgələrə, bizə
nə,
Məni saldı min xəyala zülflərin.
Gözəldən sədaqət, mərhəmət,
eşqdə vəfalılıq tələb edən şair,
özü də ilqarına düz olmağa söz verir:
Əgər dönsəm ilqarımdan, el məni
qınar, gözəl,
Sən gəc olma xəyalında, xatirim
sınar, gözəl!
Bulaq başında, bağlarda, tarlalarda,
toy-nişan məclislərində şairə rast gələn
gözəllər, bir sözlə, el gözəlləri
Şair Nəbi lirikasının qəhrəmanlarıdır.
Bu şeirlərdə Zöhrə, Güllü, Leyli, Sənəm
və b. kimi qızlar sadə kənd qızlarıdır.
“Güllü” rədifli qoşmaya diqqət yetirək:
Mən Nəbiyəm, eşidəsən
ünümü,
Hiss edəsən, sən biləsən
günümü,
Müxtəsər, nə deyim, şirin
canımı
Cəlladsız, fərmansız alıbdı
Güllü.
Məhəbbəti təbiətə,
torpağa qırılmaz tellərlə bağlı olan
Şair Nəbi yaradıcılığında ana təbiətin
bütün gözəllikləri insanın mənəvi aləmi
ilə müqayisədə canlandırılır. Şair
lirik qəhrəmanının daxili dünyasını,
onun əhvalını təbiətlə
qarşılaşdırmağı bacarır:
Al-yaşıl bəzənib, hənalı dəsti,
Havalı telləri yel vurdu, əsdi.
Qabaqdan
boranı səbrimi kəsdi,
Dumanlı,
çiskinli qar gəldi, keçdi!
Göründüyü kimi, Şair Nəbi şeirlərinin
əsas xüsusiyyətlərindən biri də bu şeirlərdə
insanın mənəvi aləminin, onun nəcib hisslərinin,
təmiz və xeyirxah arzularının sənətkarlıqla
tərənnüm olunmasıdır. Belə şeirlərdə
sevinc də var, kədər də. Bu şeirlərdəki
kədər oxucunu sarsıdır, sevinc isə onu
yaşamağa, sevinməyə ruhlandırır:
Səhərin
günəşi tərlan havalı,
Elə pərvaz eylər, qış da dayanmaz.
Yandırdı
cismimi, döndərdi közə,
Elə pərvaz eylər, qaş da dayanmaz.
Yaradıcılığında məhəbbət
mövzusu üstünlük təşkil edən şair tərbiyəvi-didaktik
mövzulara da biganə qalmamışdır. O, “Dünya”, “Könül”,
“Eləsi var”, “Faydası nə”, “Qiyməti olmaz”,
“Olmamış”, “Əvvəli insanda gərəkdi bir sov” və
s. rədifli ustadnamələrində insanlarda ağıl, kamal,
dünya malına tamahsızlıq, doğruçuluq və
s. kimi keyfiyyətləri yüksək qiymətləndirir.
”Dünya” rədifli ustadnaməsində:
Şair Nəbi
cəhd eylədi çafana,
Ömür keçdi, sığınmadım safana.
İnnən
belə inanmaram vəfana,
Sıtqınan sığındım sübhana,
dünya.
-deyən
sənətkar, “Eləsi var” rədifli, 26 bəndlik ustadnaməsində
isə insanı, insanlığı 77 cür xarakterizə
edir:
...Eləsi
var, güvənər öz qoluna,
Eləsi var, qalar qonşu halına.
Eləsi
var, gedər haram yoluna,
Axır
günü yurdu viran çöl olu...
...Eləsi
var, yüz üzünün asdanı,
Eləsi var, işə getməz, pastanı.
Şair Nəbi
tamam etdi dastanı,
Görüm insanlıqda neçə yol olu.
Şair Nəbi
“Faydası nə?” rədifli nəsihətnaməsində
aşağıdakı keyfiyyətləri insan oğluna irad
tutur:
Mənasız, münasibsiz sözü bilmənin faydası
nə?
İzinsiz, təklifsiz yerə gəlmənin faydası nə?
Uzaq dolan
hərcayidən, düşmə qəm girdabına,
Əql ucundan sonra peşman olmanın faydası nə?
Ustad şeirlərinin bir qismində mərdlik, igidlik və
dostluq şərəfini tərənnüm etmişdir. Bu şeirlərdə gəncliyimizə
babalardan yadigar qalan gözəl sifətləri qoruyub saxlamaq
tövsiyə olunur...
Şair Nəbi açıqgözlü sənətkar
idi. Öz mənalı
ömrünün ağrılı-acılı günlərini
ağır güzəran içərisində yaşayan
şair dövrün, zamanın eybəcərliklərinə
göz yuma bilmir, haqsızlıq və ədalətsizlikdən,
xalqa edilən ağır zülmlərdən şikayətlənir,
kimdənsə, nədənsə imdad istəyir, bəzən
“fələk”dən, “pərvərdigar”dan rəhm gözləyir.
Bəy və mülkədarların hökm sürdüyü
bir dövrdə zamanın ağır qanunlarından,
insanların dözülməz həyatından şikayət
edən şair:
Fələk,
gəldik biz əlindən amana,
Dil verirsən aralıqda yalana.
və
s. kimi ictimai quruluşa qarşı münasibətini bildirir.
Həyatın bir sıra ziddiyyətləri, ictimai
toqquşmaları ilə şəxsən üz-üzə gəlmiş
şair bu və ya digər şeirlərində ictimai-siyasi məsələləri
bu və ya başqa dərəcədə əks
etdirmişdir.
Şair Nəbi həm də gözəl
dastanlar və bir-birindən maraqlı dastan-rəvayətlər
yaradan sənətkarlarımızdandır. Bu günün
özündə də onun deyişmələri
Borçalı məclislərində dastanlaşmış rəvayətlərlə
cilvələnərək həmişəyaşarlıq vəsiqəsi
alıb. Həmin dastan-rəvfyətlər Borçalı
dastan yaradıcılığının spesifikliyini
özündə əks etdirir və Azərbaycan
dastançılığının maraqlı səhifələridir.
“Ağılla eşqin deyişməsi”,
“Uzunbaşoğlunun toyunun tərifi”, Şair Nəbinin əmisi
oğlu Hüseynlə, İbrahimlə, Aşıq
Şenniklə, Göyçəli dostu Pirməmmədlə,
şair Təhlə Novruzla, oğlu Nadirlə, şagirdi
Şabanla, Ağstafa səfərində Abdulla ilə,
Aşıq İsmayılla, Cənubi Azərbaycan
aşığı Heyli ilə deyişmələri bu
gün də dastanlaşmış sənət incilərimiz
sırasındadır.
Üç
nöqtə.- 2018.- 1 mart.- S12.