Saz, söz sərrafı –
şair NƏBİ
Saz, söz sərrafı – şair NƏBİ
FAXRALI Azərbaycan aşıq sənətinin uzaq
keçmişlərdən soraq verən qədim tarixi
vardır. Lakin uzun zaman bu sənətin öyrənilmə və
öyrətmə metodu öz məhvərindən uzaq
olmuşdur.
Xalq ədəbiyyatında və
folklorşünaslıq elmində aşığın
müxtəlif önəmli xarakteri təhlil edilib sürəkli
şəkildə təqdim olunma mexanizminin mövcudluğu bu
və digər alimlərin araşdırmalarında qeyd
olunmuşdur. Azərbaycan aşıq sənətinin tam şəkildə
öyrənilməsi üçün ayrı-ayrı
mühitlərin araşdırılması və tədqiqata cəlb
olunması məqsədəuyğundur.
Şifahi xalq ədəbiyyatının janr
özünəməxsusluğunu, milli adət-ənənələrini
bu gün də qoruyub saxlayan, xalq sənətini zaman-zaman
yaşadan, formalaşdıran mühitlərdən biri də
Borçalıdır. Bu mühitin tarixən müəyyən
ənənələrə malik olması, ustad və
ifaçı aşıqları ilə seçilməsi
Borçalı aşıq mühitindən kifayət qədər
söz açmağa imkan verir. Ulu müdriklərimiz
demişkən, torpağın müqəddəsliyi, gözəlliyi
onun yetirdiyi barında, bərəkətindədir. Barın təamı
qüvvətli, yararlı olanda ondan dadıb – tamsınanlar da
güclü, qüvvətli, namuslu, qeyrətli, istedadlı və
müdrik olurlar. Belə müdriklər, istedadlar o
torpağın başını ucaldır, şöhrətini
el – obalarda yayır – yaşadır və müqəddəsləşdirir.
Bu baxımdan, Borçalı da müqəddəs
torpaqdır. Onun əzəmətli dağları, loğman
laylaqları kimi, saz – söz sənətkarları da
vüqarlıdır. Borçalı aşıqları
xalqın şad günündə (el bayramları, toy məclisləri),
həmişə xalq arasında olmuş, xoş avazları,
şən havaları ilə elin-obanın ruhunu
oxşamış, xeyir-dualarını xalqdan əsirgəməmişlər.
Belə ki, bu sənət formalaşdığı dövrdən,
insan aləmini, onun istək və arzularını,
ağrısını, acısını, sevincini, kədərini,
sevgi və iztirablarını tərənnüm edir.
Azərbaycan aşıq sənətində bir
çox məktəb mövcuddur. Hər bir məktəbə
məxsus aşığın da ifa tərzi, bölgə
xüsusiyyətləri ilə bağlıdır. Qeyd edim ki,
bu bölgələrin arasında Borçalı aşıq məktəbi
öz üslubu ilə çox fərqlənir. Belə ki,
Borçalı aşıqları ancaq təklikdə ifaya
üstünlük verirlər. Borçalı mahalında, eləcə
də digər bölgələrdə aşıq
yaradıcılığının inkişafında el
şairlərinin də xidməti az deyil. Belə üslubda
şeir yazan şairlərə bəzən haqlı olaraq
"saz şairləri" də deyirlər.
Borçalı ədəbi
mühitində Aşıq Oruc, Aşıq İsmayıl,
Aşıq Həsən, Dost Pirməmməd, Alxasağa,
Güllər Pəri, Aşıq Şenlik, Aşıq
İbrahim, Qul Allahqulu, Şair Ağacan, Aşıq Sadıq,
Sarvan Bayram, Xındı Məmməd kimi saz-söz ustaları
olub. XIX əsrin sonu, XX əsrin əvvəllərində
özünün “qızıl dövrü” nü
yaşamış Azərbaycan aşıq poeziyasının
görkəmli nümayəndələrindən biri də el
şairi Nəbi Orucoğlu-Faxralı dır (1873-1945).
Şair Nəbi
yaradıcılığı ilə kökü minillərin dərinlikliklərinə
gedən qədim ozan-aşıq sənətinin əsrlər
boyu formalaşmış ənənələrinə,
aşıq poeziyasının Qurbani, Qaracaoğlan, Abbas
Tufarqanlı, Dadaloğlu, Xəstə Qasım, Aşıq
Valeh, Aşıq Ələsgər kimi qüdrətli nümayəndələrinin
yaradıcılığına, Vaqif ədəbi məktəbinin
poetik imkanlarına söykənir. Şairin əlimizə gəlib
çatan 250-yə yaxın şeiri, eləcə də
deyişmələri və yaratdığı “Mehdi bəyin dastanı”
onun məhz aşıq poeziyası üzərində yüksəldiyini,
öz əsərləri ilə aşıq poeziyası xəzinəsini
zənginləşdirdiyini, özündən sonrakı el
şairlərinin yaradıcılığına əhəmiyyətli
təsir göstərdiyini təsdiqləyir.
1873-cü ildə Borçalı
Mahalının Faxralı kəndində kasıb kəndli ailəsində
anadan olan şair Nəbi savad almağa imkan tapmasa da, fitri
istedadı sayəsində 14-15 yaşlarından aşıq
poeziyasının müxtəlif formalarında bir-birindən
gözəl şeirlər yaratmışdır. Buna
görə də şair Nəbi elə həmin illərdən
el şairi kimi şöhrət qazanmış, gəraylı,
qoşma, divani, müxəmməsləri... dildə-ağızda
dolaşmış, dövrünün saz-söz
xiridarlarının diqqətini cəlb etmişdir. Borçalıda və ətraf bölgələrdə
keçirilən toy məclislərinə dəvət alan,
güclü poetik nəfəsi, mükəmməl şeirləri
ilə könülləri rövnəqləndirən, bədahətən
qoşqular söyləyən Şair Nəbi
dövrünün ən müqtədir el sənətkarları
arasında özünə-məxsus yer tutmuşdur. Onun Aşıq Ələsgərin
bağlamasını açması, Çıldırlı
Aşıq Şenlik, Göyçəli Dost Pirməmməd,
Təhləli Şair Novruz və başqa sənətkarlarla
deyiş-mələri, “Mehdi bəyin dastanı” kimi gözəl
dastan yaratması, zəmanəsinin Şair Ağacan,
Qaraçöplü Aşıq Musa, Aşıq Sadıq Sultanov, Miskinoğlu Allahverdi, kimi
saz-söz ustaları ilə dostluq və yaradıcılıq
münasibətlərində olması təkcə
Borçalı ədəbi və aşıq mühitində
yox, həm də XIX əsrin sonu-XX əsrin əvvəllərində
klassik aşıq poeziyasında özünəməxsus yer
tutduğunu göstərir.
Xöşbəxtlikdən Borçalı
Şair Nəbinin yaradıcılığının bir hissəsi
özünün sağlığında yazıya
köçürülmüşdür. Bununla belə,
Borçalının digər el şairləri kimi, Şair Nəbinin
yaradıcılığı da uzun illər tədqiqatçıların
diqqətindən kənarda qalmışdır. Deyilənlərə
görə, Şair Nəbinin çox zəngin ədəbi
irsi olmuşdur. Onun bu irsinin əhəmiyyətli
hissəsi hələ də hafizələrdə və arxivlərdə
yaşayır. Şair Nəbi oxumaq-yazmaq bilmədiyindən bədahətən
dediyi şeirləri yazıya köçürə biməmiş,
həmin əsərlər ağızdan-ağıza keçərək
başqalrı tərəfindən qələmə
alınmışdır. Beləliklə, şairin ədəbi
irsinin bir hissəsi itib-batmış, müəyyən hissəsi
isə bugünümüzə gəlib
çatmışdır.
Poeziya bir aləmdir, əsl şair isə onun
nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində,
işıq içində görür – şair Nəbi kimi.
Şair Nəbi qəlblərdə məskən salan,
könüllərə işıq saçan əbədi bir
xatirədir. Şar Nəbi poeziyasının xüsusi bir rəngi,
boyası var. Bu boyanı onun şeirindən ayırmaq
olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlik
məziyyətlərini itirər. Onun şeirlərini oxuduqca
misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız
nurla, şəfqətlə qidalanır.
Şair Nəbi öz şeirlərində
vətənin ucsuz-bucaqsız düzlərindən,
başı göyləri dələn dağlarından, dibi
gün görməyən meşələrindən,
lilparlı buz bulaqlarından söz açır,
xınalı qayaları, naxışlı daşları,
yalçın qayaları, laləli, nərgizli çəmənləri
böyük iftixar hissi ilə vəsf edir.
Getdim gördüm bir səfalı yurd olub,
Əməli, ağbəti düz olan dağlar.
Hər şeyə bərabər gülab
suları,
Qaynaq bulaqları göz olan dağlar.
Və ya:
Şair Nəbi səndə gəzdi bir zaman,
Çəkilməz sərindən çiskinli
duman.
Çuxur, günavarda bənövşə,
reyhan,
Süsənli, sünbüllü, laləli
dağlar.
Şair Nəbi yaradıcılığında
klassik aşıq şeirinin bütün formalarından istifadə
etməklə qiymətli ədəbi nümunələr
yaratmışdır. Onun divani, təcnis, gəraylı,
qoşma, müxəmməs və s. biçimli şeirləri
mükəmməlliyi, ifadə və təsvir vasitələrinin
təzəliyi ilə seçilir. O, incə aşiqanə vəsfləriylə
məhəbbət lirikasının gözəl nümunələrini
yaradıb:
Gizlincə dərdinə düçür
olmuşam,
Etmərəm sirrini bəyan gözəlin.
Canımı oxlara qoydum nişana,
Gözü cəllad, qaşı kaman gözəlin.
Şair Nəbinin
yaradıcılığında gözəllərin aşiqə
etdikləri işvəsi-nazı, qəmzəsi də bədii
ifadəsini sadə, aydın şəkildə tapıb:
Sallanıb
gedişin od salır cana,
Zülfün
havalanıb düşür hər yana.
Layiqdi dəstində
olaydım şana,
Yapışaydım ətir-ənbər telindən.
Şair Nəbi haqq, dilək adamı, din, təriqət
yоlçusudur. Qəlbindən
Allah eşqi, dilindən haqq duası əskilmir. Hər an ulu yaradana sitayiş, dərin etiqad, haqqa
inam, insanlığa mərhəmət, halallıq, хeyirхahlıq şeirlərinin ana хəttini təşkil edir.
Yaradıcılığının çоxunu dərin, hikmətli
ustadnamələr, dini səpgili şeirlər, bağlamalar, təcnislər,
təхmislər təşkil
edən şair Nəbinin şeirləri məna və məzmununa
görə insanlığı kamilliyə səsləyən,
hikmət dərslərini andıran həyat həqiqətləridir.
Yazılanlar
gəldi başa, qələminə çox şükür,
Cümləmizə muraz verən, kərəminə
çox şükür.
Göydən
dörd baş kitab endi, əzəl başdan İncili,
Biz götürdük ol Quranı, kəlamına
çox şükür.
Şair Nəbi dövrünün ustad sənətkarlarından
idi. Onun görüb-eşitdiklərini fitri istedadla mənimsəməsi,
məclis aparmaq qabiliyəti, natiqliyi, şairliyi,
hazırcavablığı, dastan danışmaq və yaratmaq
bacarığı xüsusilə qeyd edilmişdir.
Borçalı el şairlərinin aşıqla bərabər
məclis aparması yalnız bu aşıq mühitində
müşahidə olunur. Şair Nəbi də ozan-aşıq
ənənəsində özünəməxsus yeri olan bu
keyfiyyəti çox uğurla davam etdirən ustadlardan
olmuşdur.
İkinci məqamsa Şair Nəbinin saz
çala bilməməsi ilə bağlıdır. Elə
bilirik ki, bu, sırf texniki ifaçılıqla
bağlıdır. Çünki, şair havacatlara vaqif idi.
Havaları sinəsindəki deyil, könlündəki sazda
çalırdı. Görünür, sözə
qarşı həddən artıq həssaslığı onu
ifanın texniki tərəfləri ilə bağlanmağa
qoymurdu. Buna görə də həmişə Şair Nəbinin
yanında müşaiyətçilər- “saz tutanlar”
olmuşdur ki, onlar sözlə havanın vəhdətini
yaratmağa xidmət etmişlər. Görkəmli sənətkarımız
Aşıq Hüseyn Saraclı da 3-4 il Şair Nəbinin
yanında “saz tutmuşdur.”
Şair Nəbi özündən
əvvəlki xələflərinin söz-sənət səltənətini
özünəməxsus mükəmməl şeirləri,
söz sınağından üzüağ çıxan
deyişmələri, yaratdığı əhvalatları və
dastanı ilə zənginləşdirmiş,
dövrünün qüdrətli sənətkarı, bənzərsiz
söz ustadı kimi tanınmışdır. Şair Nəbinin
gəraylı, qоşma, müхəmməs
və s. şeirlərində dərin hikmət, həyat həqiqətləri,
sabaha inam vardır. Elə buna görə də оnu söz sərrafı sanırıq. Şeirləri
dillər əzbəri, öyüd-nəsihətləri
qulaqlardan getməyən Şair Nəbinin həyat və
yaradıcılığı hələ çox
araşdırılacaq, haqqında çox yazılacaq və
onunla bağlı xatirələr heç vaxt unudulmayacaq
Borçalı Müşf
Üç
nöqtə.- 2018.- 1 mart.- S.12.