Tanınmış aktyor: “Uşaqlar məni
söyürdü, təpikləyirdi...”
Kərəm
Hadızadə: “Sadəcə olaraq dedilər Qazax
açığını oynamalısan”
Kərəm Hadızadəni köhnə
tamaşaçılar hələ Kamera teatrından
tanıyır: “Məkkəyə yol” da Məhəmmədhəsən
əmi, “Xırs Quldurbasan”da Divanbəyi, “Skapyenin kələkləri”ndə
Silvestr, “Qaraca qız” da Piri baba,
“Müsyö Jordan və dərviş Məstəli şah”da
Hatəmxan ağa, “Əlincə qalası”nda Əmir Teymur…
“Aşıq və aşiq” adlanan məşhur reklamda
oynadığı aşıq obrazı isə bütün
ruhunu işıqlı bir başlanğıcdan
götürür: insana sevgi.
Kulis.az Gənc Tamaşaçılar
teatrının aktyoru Kərəm Hadızadə ilə
müsahibəni təqdim edir.
- Əslən qazaxlı olduğunuzu bilmirdim.
Reklamda yaratdığınız aşıq obrazından sonra
öyrəndim…
- Qazaxda doğulmuşam, orada
böyümüşəm. Kosalar kəndində. Həmişə
deyirdim aktyor olacam. Elə bil Allah bunu mənə sevgi kimi
göndərmişdi. Bir var həvəs, bir də var sevgi. Məndə
həvəs deyil.
Mən teatrı çox sevirəm. O vaxt odun
peçinin işığı düşürdü qaranlıq
otağa, mən də monoloq filan deyirdim. Qazaxda hər evdə
saz olur. Hər evdə bir şeir yazan olur. Mən də
şeir yazırdım. Amma oxumurdum bir kimsəyə,
cırırdım, yandırırdım. Bacılarım
Bakıda oxuyurdu, ordan poema ilə məktub yazırdım.
- Reklamdakı aşığın prototipi
varmı?
- Yox, prototipi yoxdur. Sadəcə olaraq dedilər qazax aşığını oynamalısan. Özümdən də bəzi ştrixlər əlavə etdim.
- Nə
reaksiyalar oldu qazaxlılardan?
-
Dedilər ki, qazaxlılar kimi təmiz ləhcə ilə
danışmamısan. Dedim ki, mən ümumiləşdirmişəm,
çünki bu kütlə üçündür, təmiz
ləhcə ilə danışsaq, çoxuna anlaşılmaz
olar. Məsələn, siz bilirsiniz “birənti” nədir?
- Yox.
- Birgə deməkdir.
Ona görə mən lap çətin sözlər seçmədim.
- Bəs aşıqlardan nəsə deyən
oldumu?
- Yox. Mən bu xırda rolu sevdim. Deyim
niyə? Əvvəllər bizdə dam
atmaq deyirdilər, novruz qabağı kimin niyyəti yerinə
yetirdi, gecəni yatmır, deyib gülüb əylənirdilər,
qadınlar səhər tezdən su üstünə
çıxırdı. O dan atmaq gecələrində
aşıq çağırırdılar, aşıq dastan
deyirdi. Onda aşıqların danışıq
tərzi indi də yadımdadır. Mən
aşıq sənətini çox sevirəm. Qazaxdan gəlir bu yəqin.
- Saz çala bilirsiniz?
- Yox. Heyf ki yox. O
reklamda da mən çalmıram, səs yazısıdır.
- Kərəm
müəllim, Qazaxda özünü aktyor kimi qəbul etdirmək
necədir?
-
Baxır da. Aktyor kimi qəbul edirlər məni.
- Toya tamada
çağırırlar?
- Şeir də deyirəm. Toylarda söz verirlər,
çıxış edirəm. Amma toyda
çıxış etmək mənim üçün daha
ağırdır, nəinki 4 tamaşa oynamaq. Bir də görürsən məclisdə filanda,
yeyib içəndən sonra dostlar deyirlər, bir şeir de.
Deyirəm, a kişi heç, şeirin
yeridi?
- Kərəm
müəllim, necə ailədə
böyümüsünüz?- Atam
coğrafiya müəllimi, anam evdar qadın idi. Qardaşlarım bacım oxudu. Mən
də oxudum bitirdim, universitetə qəbul olundum, Cənnət
xanımın kursuna düşdüm. Biz ikinci kursda
oxuyanda Cənnət xanım Kamera teatrını
açdı, o vaxtdan sonra tam 20 il Kamera
teatrı fəaliyyət göstərdi. O teatr mənə
çox doğmadı, orada işləyən tələbə
yoldaşlarım, qrup yoldaşlarım, yaxından
tanıdığım adamlar olub. Bir növ ailə
kimi. Dərdimiz problemimiz bir-birimizə
yaxın idi. Biz səfərlərə birgə
çıxmışıq. Cənnət xanım bizi
hansı şəhərə festivala qastrola aparıbsa, muzeyləri,
kilsələri, məbədləri gəzdirirdi...
- Kameradan TYUZ-a köçəndə
tamaşaçı itirdiyinizi hiss etdinizmi?
- Yox, məncə.
Amma tamaşaçılar deyir ki, Kameradakı
tamaşalarımız burada o effekti vermir.
- Təzimə
çıxanda gözlərinizin yaşardığını
görürəm. Bu tamaşa içində
emosiyalardan qurtulma kimi bir metoddur ya nə?
- Sevincdən
olur. Tamaşa bitir və səndə qəribə
bir fərəh yaranır ki, oynadım, nələrsə
ötürdüm.
- 28 ildir teatrdasınız, hansı
dövrü daha yaradıcı dövr sayırsınız?
- Əlbəttə, ən parlaq dövr Kamera
dövrü idi. O zaman gənc idim. Amma bura gələndə
də nə repertuara, nə rollara görə heç bir
sıxıntı çəkmədim. Çoxlu
rollarım da var. Münasibət də çox
yaxşıdır.
- Sizin
üçün uğur qazanmaq nə deməkdir?
- Hər
bir obrazın öhdəsindən gəlmək, layiqli, şərəflə.
- Necə
yəni şərəflə?
- Yəni
tamaşaçını razı salmaq. Alqışları
halallıqla qazanmaq. Şəxsən mənim
üçün uğur budur.
- Kərəm
müəllim, heç teatrdan başqa ikinci bir işlə məşğul
olmusunuzmu?
- Bir
dövrdə teatrdan uzaqlaşdım. Tamam
başqa sahədə işlədim. Xidmət
sektoru idi. Amma indi demək istəmirəm
nə işdir. O işdə işləyə-işləyə
gəlib tamaşalarımı axşamlar oynayırdım.
Sonra Cənnət xanım dedi ki, belə olmaz. Sən
tamam qayıtmalısan. Onda qayıtdım
teatra. Heç vaxt teatrdan getmək haqda
düşünməmişəm. Heç
istəmədim də.
- Ailənizdə bu sahədə olan
varmı?
-
Qızım kütləvi tədbirlər rejissorudur. Aktrisa kimi çox istedadlıdır. Universitetdə hazırladıqları “Büllur
sarayda” tamaşasında elə gözəl
oynamışdı ki, elə bil min ildir səhnədədir.
Amma düzü, onun bu sahəyə gəlməsini
istəmirəm.
- Niyə?
- Çətindir
bu sahə.
-
Hansı çətin deyil ki?
- Ona
çətin olar.
-
Oğlunuza razılıq verəcəkdiniz?
- Bəlkə
də...
Necə əsaslandırırsınız bu fikri?
- Mən heç vaxt demərəm
ki, aktrisalarımız yaxşı deyil, qətiyyən. Ədəb-ərkanı yerində, çox gözəl
bir sənətdir. Bizdə mentalitetdən
gələn bir məqam var – aktrisaya birtəhər
yanaşırlar. Adamların münasibəti filan... Amma mən belə fikirləri qəbul etmirəm.
Sadəcə görürəm ki məşqlər, əsəblər,
səfərlər... İstəməzdim belə
əziyyətlər çəksin. Həm
indi başqa sahədə işləyir-televiziyada.
- İndi tamaşaçılar daha interaktivdir. Sosial şəbəkədən
canlı reaksiyalar ala bilirsiniz. Uşaq tamaşaları
da, böyük tamaşaları da.- Mən
hər iki auditoriyanı sevirəm. Uşaqları
aldatmaq çox çətindir. Böyük
tamaşaçı şərtiliyi bilir. Uşaqsa
buna real yanaşır. Məsələn, mən
“Qaraca qız” tamaşasında Piri babanı oynayanda bunu hiss
edirəm. Axırıncı səhnəni
oynayanda mən ağlamaqdan özümü güclə
saxlayıram. Kamera teatrında bir tamaşa var idi: “Sirli
meşənin nağılı”. Orada Qabanı
oynayırdım. (gülür) Axmaq bir Qaban idi. Uşaqlar məni
söyürdü. Hətta zal yaxın idi
bilirsiniz, düşüb səni təpikləyirdilər.
Biz də idarə edirdik - uşaqdırlar bunlar.
- Kərəm müəllim, istədiyiniz
rol olmayanda inciyirsiniz?
- Mənim
təbiətimdə incimək, küsmək yoxdur. Tanıyanlar bilir. Heç vaxt da
kiməsə demərəm ki, mənə o rolu ver. Bilirsiniz
niyə? Qorxuram ki o rolu oynaya bilmərəm
mənə gülərlər ki, heç oynaya da bilmədi.
- Heç roldan imtina etmisiniz?
- “Mehmanxana sahibəsi”nə hazırlaşanda bir də
baxdım, əmrdə adımın qabağına markiz
Forlipopli yazılıb. Mənim daxilimə, quruluşuma uyğun
obraz deyil. Qaldım belə. Bir az məşq elədim. Amma axırda dedim Cənnət
xanıma ki, oynaya bilərəm, aktyoram. Bu, bilirəm
ki, mənlik deyil. Cənnət xanım da
məni başa düşdü. Məncə,
aktyor hər kəsi oynaya bilərəm deyə bilməz.
- Amma siz
həm drama, həm komediya, həm də faciə
oynamısınız...- Haqlısınız. Mən
ampluasız aktyoram.
- Bəs,
bir aktyor kimi özünüzü necə inkişaf
etdirirsiniz?
- Aktyor
işləməlidir. Öz-özünə
inkişaf edə bilməz. Aktyor rolsuz
qalanda paslanır. Ona yaxşı repertuar
lazımdır, vəssalam. Daxili dolğunluğu qorumaq üçün kitab
oxuya bilər aktyor.- Kimi oxuyursunuz?
- Fuad Cəfərlini oxuyuram, İlqar Fəhmini. Bir də
klassiklər, əlbəttə. Məsələn,
indi Stendalı oxuyuram.
- Təzə
birləşmə zamanında Kamera teatrından gələn
aktyorlara belə iradlar olurdu ki, səslərini kiçik zala
hesabladıqlarından böyük zalda
tamaşaçılara çatdıra bilmirlər, arxa cərgədə
onların səsi eşidilmir...
- Bir dəfə də belə söhbət
oldu. Mən onda da dedim ki, elə danışaram ki teatrda safitlər
(işıqlar) partlayar. Biz Kamera teatrında
işləyəndə də qastrollara getmişik böyük
zallarda oynamışıq. Bu, əsaslı
fikir deyil. Aktyorları həvəsləndirmək
lazımdır, nəinki belə sözlərlə incitmək...
- Təzə rollarınız varmı? Nə məşq
edirsiniz?
- Cənnət
xanım Dürrenmatın “Fiziklər” əsərini
hazırlayır. Orada Albert Eynşteyni, daha düzü
özünə Eynşteyn adı qoymuş alimi oynayıram.