“Hamıdan gizlin nikah kəsdirdik”
Gülüstan Əliyeva: “Rəfiqəm dedi ki,
ona kənddən ayrı qız alacaqlar, boşuna sevdaya
düşmə”
“Dərsdən çıxanda oğlanla
görüşdük. Hər insanın xasiyyəti fərqlidir,
onunku da həmçinin... Sevgisini çox qəribə formada
bildirdi. “Səni sevirəm” demədi, amma
danışdıqlarından bildirdi ki, məndən xoşu gəlir.
Düzünü desəm, həmin oğlandan çox
xoşum gəlirdi. Hüquq fakültəsində oxuyurdu,
çox savadlı idi. Evə gələn kimi xəbəri
Şəhlaya verdim. Şəhla dedi ki, yox, ay qız, onlar səni
almazlar” - bu sözləri bizimlə söhbətində
“Keçmişdə” rubrikasının qonağı, Akademik
Opera və Balet Teatrının solisti, əməkdar artist, Prezident
Mükafatçısı Gülüstan Əliyeva dedi. Həmin müsahibəni sizlərə
təqdim edirik.
“Atam həyata keçirə bilmədiyi
arzularını bizdə görmək istəyirdi”
1967-ci il, aprel ayının 8-də Yevlax
rayonunda dünyaya göz açan müsahibimiz deyir ki,
hamı kimi o da sadə bir ailədə, milyonlardan biri kimi
böyüyüb: “Atam sürücü, anam isə evdar
qadın olub. Ailədə beş uşaq - dörd bacı, bir
qardaş olmuşuq. Düzdür, atam həmişə bizim
gözüaçıq böyüməyimizi, musiqiçi
olmağımızı istəyirdi. Atam həyata keçirə
bilmədiyi arzularını bizdə görmək istəyirdi
və heç vaxt dörd qızı olduğu
üçün peşman deyildi. Axı bizə qayda var ki, evdə
oğul övladı çox olmalıdır. Yevlax rayonunun 4
saylı məktəbində oxuyurdum. Məktəbdə
yavaş-yavaş seçilməyə başlayırdım.
Belə ki, mədəniyyət tədbirlərində fəal
şəkildə iştirak edir və mahnı oxuyurdum. Orta məktəbdə
oxuyanda atam məni və bacılarımı musiqiyə cəlb
elədi. "Pionerlər evi"ndə musiqi təhsili
almışam. Həmişə pambıq
yığımına gedəndə rəfiqlərim mahnı
oxumağımı xahiş edərdilər. Sinif
yoldaşlarım məktəbdəki o qədər siniflərin
içərisində mahnı oxuyan bir adamla eyni sinifdə
olduqları üçün həmişə fəxr edirdilər”.
“Əllərimi oynadanda ayağım yaddan
çıxırdı”
Gülüstan xanımın sözlərinə
görə, ailəsi musiqisevər olub: “Televizorda musiqi
çalınan kimi atam hamımızı qaldırırdı
ki, durun oynayın. Biz rayonda yaşayırdıq. Təbiidir
ki, bölgələrdə qapalı bir mühit var idi. Harasa
getmək, rəqs etmək, yəni belə şeylər yox
idi. Kiçik bacım çox gözəl rəqs edirdi, mən
isə yox. Əllərimi oynadanda ayağım yaddan
çıxırdı, utanırdım. 15 yaşıma qədər
belə olmuşam. Artıq Bakı həyatı başlayandan
sonra müstəqil olduq, hər şey dəyişdi ”.
“Mənim üçün tədbirlər,
konsertlər daha maraqlı idi, nəinki sevmək”
Müsahibimiz deyir ki, siniflərində 38
uşaq var imiş, bu qədər uşağın içindən
riyaziyyat müəllimi həmişə ona artist deyirmiş:
“Müəllimin bu sözündən həmişə pərt
olurdum ki, bu qədər uşaq ola-ola niyə mənə
deyir. Sonra illər keçdikcə başa düşdüm
ki, həmin riyaziyyat müəllimi məndəki o
ayrıcalığı hiss edirmiş, görürmüş.
İnanıram ki, cəmiyyətdə Allahın seçdiyi
insanlar həqiqətən də var. Düşünürəm
ki, sənət məni seçdi. 1981-ci ildə keçirilən
Gənc İstedadların Respublika Müsabiqəsində
üç turun üçündən də əla qiymət
alıb müsabiqənin qalibi oldum və seçildim. Bundan
sonra 1982-ci ildə Yevlaxdan Bakıya - Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində solo oxuma şöbəsinə
daxil oldum. İslam Rzayevdən muğamın sirlərini
öyrəndim. 1985-ci ildə məktəbi fərqlənmə
diplomu ilə bitirdim. Elə həmin il Dövlət
Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi
və ilk məzunu biz olduq. İlk qəbul olunan mən və
iki oğlan olmuşdu. Onlar əsgər getdilər, sinifdə
tək mən qaldım. Oğlanlarin diqqəti üzərimdə
idi, mənə diqqət göstərirdilər. Yemək yeməyə
gedəndə özləri mənə
yaxınlaşırdılar, yaxud kimdənsə xəbər
göndərirdilər. Amma mənim üçün
konservatoriyada keçirilən tədbirlər, konsertlər,
teatra getmək daha maraqlı idi, nəinki kimisə sevmək...”.
“Səni sevirəm, demədi, amma...”
Konservatoriyada vokal kafedrasında oxuyarkən
Şəhla adında gənc bir qızla kirayədə
qalırdıq. Həmin qızın əmisioğlu Bakı
Dövlət Universitetində oxuyur, tez-tez Şəhlaya
baş çəkməyə gələrdi: “Həmin
oğlan axırıncı kurslarda idi, bir gün konservatoriyaya
gəldi. Düşündüm ki, yəqin əmisiqızına
sözü var deyə gəlib. Yaxınlaşıb
soruşdum ki, Zahid Şəhlanı gözləyirsən?
Dedi, yox, səni gözləyirəm, sözüm var,
görüşmək istəyirəm. Bu sözdən
çox qəribə oldum, dedim yaxşı. Həmin vaxt
üçüncü kursda oxuyurdum. Dərsdən
çıxanda oğlanla görüşdük. Hər
insanın xasiyyəti fərqlidir, mənə sevgisini çox
qəribə formada bildirdi. “Səni sevirəm” demədi, amma
danışdıqlarından bildirdi ki, məndən xoşu gəlir.
Düzünü desəm, ondan çox xoşum gəlirdi. Həm
hüquq fakültəsində oxuyurdu, həm də çox
savadlı oğlan idi. Evə gələn kimi xəbəri
Şəhlaya verdim. Şəhla dedi ki, onun ailəsi səni
almazlar. Bu sözdən çox pis oldum, dedim niyə? Mən
pis qızam ki? Dedi, yox sən artistsən. Onların ailəsi
çox qapalıdır, həm də onun başqa “dehli”si
var, valideynləri ona kənddən
ayrı qız alacaqlar, boşuna sevdaya düşmə.
Onların nəsli çox geniş şəcərəlidir. Kənardan
nə qız almırlar, nə də ki vermirlər”.
“Jaketdə barmaqlarının qoxusu qalıb”
Gülüstan xanım deyir ki, oğlan
hüquq fakültəsini bitirib, öz rayonlarına, Cəbrayıla
təyinat aldı: “Bir gün gəldi ki, öz rayonumuza təyinat
almaq istəyirəm. Dedim ki, sən əlaçısan,
universitetdə daha yaxşı işlər təklif edirlər.
Həm mənim də sənətim Bakıya
bağlıdır. Niyə rayona getmək istəyirsən? O
vaxtı ermənilərlə müharibə
başlamışdı. Dedi ki, rayonumuz sərhəddir, orda
valideynlərimin yanında olmaq istəyirəm, birdən atam ya
nənəm ölər, gedib onlara çata bilmərəm.
Düşündüm ki, necə də öz ailəsinə
bağlı adamdır. Gedəndən sonra 10-15 gündən
bir telefonla danışırdıq. Bir dəfə
danışanda dedi ki, Xankəndinə gedəndə yaman soyuq
olur. Mən də onu düşünüb, palıdı rəngdə
jaket toxudum. Bakıya gələndə jaketi verdim, dedim, ora
çox soyuqdur, geyinərsən. Jaketi alıb qoxuladı. Səbəbini
soruşanda isə dedi ki, jaketdə barmaqlarının qoxusu
qalıb”.
“Hamıdan gizlin nikah kəsdirdik”
Gülüstan xanıma bir gün zəng vurub
ki, Bakıya gəlirəm, səninlə mühüm söhbətim
var: “Gələndə bildirdi ki, gənc kadr olduğum
üçün orada mənə ev verirlər. Amma şərtləri
var, nikahım olmalıdır. Dedi ki, Gülüstan, onsuzda biz
evlənəcəyik, gəl indi evlənək ki, ev versinlər.
Bir qədər düşündüm, sonra şəxsiyyət
vəsiqəmi çıxarıb verdim. Onu da deyim ki, hələ
heç birimizin ailəsinin xəbəri yox idi. Hamıdan
gizlin nikah kəsdirdik. Evi aldı, təmir etdirdi. Mən
beşinci kursda oxuyanda artıq onların evində “müharibə”
gedirmiş. Valideynləri məni almaq istəmirlər, yad
qızıdır, artistdir - deyirlər. Zahid çox
güclü və inadkar adam olduğu üçün
valideynlərini yola gətirdi və elçi gəldilər.
Dörd gün toyumuz oldu. Nə toyumuzdan, nə də
nişanımızdan şəklimiz yoxdur. O məni, təsəvvür
etmədiyim qədər çox sevirdi. Bir dəqiqə
boş vaxtı olan kimi yanımda olmaq istəyirdi. İlk
övladımız olan zaman çox qorxmuşdu, elə bilirdi
ki, öləcəyəm. Mən xəstəxanadan
aşağı düşəndə o qədər sevindi
ki...”
İnsan ölümü hiss edir...
Gülüstan xanım deyir ki, yoldaşı
axşam yerində uzananda qəfil ayağa qalxıb: “Dedi ki,
elə bildim yerimin içində ilan var, ayağıma
dolaşıb, sivrildi düşdü. Gecə saat 4-dür,
yorğan-döşəyi tökmüşük. Həmin gecə
səhərə kimi yata bilmədik, heç uşaq da
yatmadı, narahat idik. Elə bil nəyisə hiss edirdi. Səhər
açılan kimi kənddən problemlərini həll etdirmək
üçün Zahidin yanına gəlirdilər. Bu dəfə
tapşırdı ki, kim gəlsə de ki, evdə yoxdur, bir az
yatım. Amma səhər yenə durub işə getdi. Zahid işə gedəndən sonra
televizoru açdım, Rübabə Muradova oxuyurdu.
İçimdə çox qəribə hiss var idi, nə qədər
ağladım, özümə yer tapa bilmirdim, içimə
çox qəribə bir hiss dolmuşdu. Çölə
çıxırdım, içəri girirdim. Günorta saat
1-ə işləmiş qohumumuz gəldi, üzümə
baxır, amma heç nə deyə bilmirdi. Hiss elədim ki,
ona nə isə olub. Sadəcə dedi ki, sən düz fikirləşirsən...
Evdən xəstəxanaya kimi 2 km yolu piyada necə
qaçdığımı bilmədim. Qaynatamgilin
yadlığını xəstəxanada hiss elədim, məni
içəriyə buraxmadılar.
Bəlkə onun mənə son sözləri olacaqdı...”.
“...bəlkə də, mən bu gün həyatda
olmazdım”
Gülüstan xanım yoldaşının
itkisindən sonra düşünüb ki, oğlu
üçün bir şeylər etməlidir: “Sənətə
qayıtmağı düşündüm və
qayıtdım. İnsanlar tərəfindən qəbul edildim,
sevildim. Oğlum olmasaydı, həyat
yoldaşımdan sonra bəlkə də, mən bu gün həyatda
olmazdım. Bəlkə də, həyatın dibinə
sürüklənərdim. Oğlum mənim yaşama səbəbim
oldu”.
Könül Əhmədova
Üç
nöqtə.- 2018.- 5 may.- S.12.