Ömrünün yarım əsrini
sənətinə həsr edən aktyor
Yasin Qarayev: “Teatra dəvətnamə
apara-apara qızın ağlını başından
aldım”
1928-ci ildə yaranan Gənc
Tamaşaçılar Teatrının 90 illik yubileyi Prezident
İlham Əliyevin sərəncamı ilə noyabr ayında təntənəli
şəkildə qeyd olunacaq. Bu münasibətlə teatr və
onun haqqında silsilə yazılar təşkil olunur. Biz də
bu münasibətlə Xalq artisti, “Qızıl Dərviş” mükafatı
laureatı, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
hər kəsin çox sevdiyi aktyor Yasin Qarayevlə müsahibə
etdik. Yasın müəllimlə ta uşaqlıq illərindən
tutmuş bu günə qədər olan həyat yolundan, teatr fəaliyyətindən
söhbət açdıq. Demək olar ki, aktyor
ömürünün 50 ilini bu sənətə, Gənc
Tamaşaçılar teatrına
həsr edib.
“Aramızda olan o isti münasibəti həmişə
qoruyub saxlaya bilmişik”
Müsahibimiz Yəhya bəy Dilqəmin
doğulduğu, Şəmkir rayonunun Dəlilər-Cırdaxan
kəndində, ziyalı ailəsində anadan olub.
Atasının vaxtsız vəfatından sonra, 4 yaşı
olanda Qapanlı kəndinə köçüblər.
Qapanlıda 7 illik məktəbə gedib və 1953-cü ildə
həmin məktəbi bitirib. Deyir ki, uşaq vaxtı dəcəl
olsa da, məktəbdə dərslərini çox
yaxşı oxuyub: “Kəndimizdə 7 illik məktəb var idi,
buranı bitirib gündüzlər peşə məktəbində,
axşamlar isə fəhlə gənclər axşam məktəbində
oxumuşam. Daha sonra 9-cu sinfi bitirib kəndə gəldim. O
vaxtı məktəblərin 11 illik olması ilə
bağlı qanun qəbul olunmuşdu. Məni onuncu sinfə
keçəndə imtahan etdilər və yaxşı nəticə
göstərdiyim üçün birbaşa 11-ci sinfə
keçirdilər. Yeddi uşaqlı ailənin böyük
uşağı olmuşam. Məndən balaca üç
bacı, üç qardaşım var idi. Ailəmiz çox
mehriban idi. Onu deyim ki, evin böyük uşağı olmaq məsuliyyətli
tələb edir. Evin böyük uşağı olduğum
üçün daima mənimlə məsləhətləşirdilər.
Mən Bakıya gələndən sonra da bacılarıma
elçi gələndə, yaxud nəsə bir iş olanda
deyirdilər ki, qoy Yasin gəlsin, onunla məsləhətləşək.
Bu günün özündə də
qardaş-bacılarım məni özlərinə
böyük ata-ana hesab edirlər.
Böyüklüyümü qoruyur, hörmətimi
saxlayırlar. Artıq bacı-qardaşalrımın
hamısının övladı, nəvəl’ri var. Onlar da bir
iş görəndə mənimlə məsləhətləşirlər.
Yəni aramızda olan o isti münasibəti həmişə
qoruyub saxlaya bilmişik”.
“O
günü ad günü kimi qeyd edirəm”
Atasının
üzünü görmədiyini deyən Y.Qarayev bildirdi ki,
atası məktəbdə müəllim işləyib, kəndin
ziyalılarından olub: “Atam doğulduğum kəndin məktəbində
direktor olub. Müharibədən yaralı gəlib
və bundan da dünyasını dəyişib. O
dünyasını dəyişəndə mən hələ
ana bətnində olmuşam. Atam may ayında rəhmətə
gedib, bundan iki ay sonra isə, iyulda mən doğulmuşam. Lakin qohumlar doğum haqqında şəhadətnaməmdə
atamın ölüm gününü mənə doğum
günü kimi yazdırıblar. O günü mən ad
günü kimi qeyd edirəm. 4 yaşım
olanda anam Yunis Əliyev adlı kənd həkimi ilə ikinci
ailə həyatı qurub. Şəmkirin
Qapanlı kəndinə köçüblər. “Doxdur” ləqəbli Yunis Əliyev çox ziyalı
bir insan idi. Mənim təhsil alıb cəmiyyətdə
özümə yer tutmağımda çox zəhməti
olub. Anamın Yunis Əliyevdən
üç oğlu üç də qızı olub. İnanın ki, bacı-qardaşlarım can-ciyərlərimdir”.
“Xarici
Dillər İnstitutunu atıb, İncəsənət
İnstitutuna gəldim”
Müsahibimiz 1963-cü ildə Bakıya gəlib və
Keşlə ət kombinatının nəzdində olan peşə
məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra
1964-cü ildə M.F.Axundov adına Xarici
Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti)
ingilis dili fakültəsinə qəbul olub. Deyir ki, əslində
bu sənətə gəlməyi də elə bu institut nəticəsində
baş verib: “Belə ki, burda mənə dərs deyən Eldar
Sadıqov adında qrammatika müəllimi vardı. Cavan oğlan idi və ingilis dilini çox
yaxşı bilirdi. Onun tələbə
olduğu vaxtlarda Xarici Dillər İnstitutunda özfəaliyyət
dərnəyi var imiş və o da dərnəyin üzvü
olub. Sonra onlar
ingilis dilində Şekspirin “Otlella”
tamaşasını
hazırlayıblar və o, Otello rolunu oynayıb. O
dövrdə institutlara baxış keçirilirmiş. İncəsənət institutunun müəllimlərindən
olan Rza Təhmasib münsiflər heyətinin üzvü olub və
aktyor kimi Eldarın ifasını çox bəyənib.
Eldar Sadıqovu İncəsənət
İnstitutuna Aktyorluq fakültəsinə qəbul ediblər.
O, teatra, aktyorluğa həvəsim
olduğunu bilirdi. Bir gün məni məşqlərinə
baxmağa dəvət etdi. Malakan
bağının yanında İncəsənət
İnstitutunun binası vardı, onun ikinci mərtəbəsində
tamaşa göstərirdilər və pəncərələri
də açıq idi, gedib baxdım. Lakin
burda “Otello”nu Azərbaycan dilində hazırlayırdılar,
Rza Təhmasib onlarla məşq edirdi. Tamaşanın məşqlərinə
baxdım, elə bil həmin an daxilimdə
gəlib burda oxumağım üçün hökm verildi. Üçüncü kursda Xarici Dillər
İnstitutunu atıb, İncəsənət İnstitutuna gəldim.
Burda köçürülmə yolu ilə fərq
imtahanları verdim. Çünki bura
köçəndə sənətdən qiymət almaq
lazım idi. Bütün fərq
imtahanlarını uğurla verdim və yaxşı qiymət
yazdılar”.
“Rza Təhmasib
ən çox mənim rolumu bəyənmişdi”
Müsahibimiz
deyir ki, qruplarında jurnal oxunanda Nəsibə Zeynalova adlı
tələbənin adı çəkilirmiş: “Komediya
kraliçamız, gözək aktrisamızın 1967-ci ildə
50 yaşı var idi. Bu münasibətlə
prezident tərəfindən ona “Xalq artisti” fəxri adı
verilmişdi. Onun adının jurnalda olma səbəbi
isə buranı bitirib müəllim kimi İnstititutda işə
başlaması idi. Çünki İncəsənət
İnstitutunda komediya fakültəsində müəllim
qıtlığı var idi. Opera və balet teatrının solisti Baba Mirzəyev
də bizim kursda oxuyurdu, amma o da bizdən yaşlı idi.
Çünki AZİ-ni (indiki ADNSU) bitirib bura gəlmişdi.
Biz həmin vaxtı 5 il yarım oxuduq.
Çünki 5-ci kursa çatanda əmr verildi ki, təhsil
müddəti yarım il də
artırılsın. Biz də “Arşın mal alan”
tamaşasını hazırlayırdıq. Bildiyimiz kimi, Rza Təhmasib
ilk “Arşın mal alan” filminin
rejissorudur. Nəsibə
xanım xalanı, mən Vəlini, Baba Mahmudoğlu və
Sabir Sultanov isə Əsgər rolunu oynadılar. Mənim oyunum Rza Təhmasibin çox xoşuna gəlmişdi.
Hər yerdə deyirdi ki, Yasin Qarayev
özünü heç kimə bənzətmədən, təqlid
etmədən rolunu ifa edir. Bir çox
aktyorlar bu rolu ifa etmişdilər, amma nədənsə ən
çox mənim rolumu bəyənmişdi”.
“Məni
xor kollektivinə qəbul etmək istəsələr də,
razılaşmadım”
Y.Qarayev
deyir ki, Musiqili Komediya fakültəsindən Nəsibə
xanım, Şəmsi Bədəlbəyliyə onun haqqında
danışıb: “Demişdi ki, Vəli obrazını oynayan
belə bir aktyor var. Onlar da məni dəvət etdilər. Tofiq Quliyev Şəmsi Bədəlbəylinin
otağında idi, bizi imtahan çəkdilər. Musiqili komediyada ən əsası yaxşı səs
lazımdır, biz də o fakültəni bitirmişdik deyə
səsimiz var idi. Sabir Soltanovla məni dəvət
etmişdilər, ikimiz də oxuduq. Aktyor
ştatına yer olmadığı üçün bizi xor
kollektivinə qəbul etmək istədilər. Sabir getdi, amma mən getmədim. Çünki
xorda oxumaq istəmədim. İnstitutun nəzdində
tədris teatrı var idi, orada çalışdım. Daha sonra hərbi qulluğa getdim”.
“Əsgərlikdən
200 dollar pulla qayıtmışdım”
O
vaxtı ali təhsili olanların hərbi
xidmətə 1 illik aparıldığını deyən
müsahibimizin sözlərinə görə, Baltikyanı
ölklərin üçünü də gəzdiriblər, nəhayət
ən sonda Kalinqrad yaxınlığında Paldiski şəhərində
hərbi xidmətdə olublar: “Ali təhsilli olduğuma
görə digər əsgərlərdən fərqlənirdim.
Qapıda maşınları buraxma işini mənə
tapşırmışdılar, başqa bir yoldaşla növbələşərək
işləyirdik. Orda hesabımıza maaş
da keçirirdilər, amma əlimizə vermirdilər. Belə ki, yeməyimizi, geyimimizi və digər xərclərimizi
öz maaşımızdan çıxırdılar. Əsgərlikdən 200 dollar pulla
qayıtmışdım”.
“Ermənini
Kalinqradda, gürcünü də Moskvada itirib vətənimə
döndüm”
Maraqlı
xatirələrinin çox olduğunu bildirən Y.Qarayev deyir
ki, bir dəfə komandir məni yanına
çağırdı: “Kapitan Ploxov mayın əvvəlləri
məni çağırıb vətənimə qayıtmaq
istəyib istəmədiyimi soruşdu. Dedi ki, səni Qafqaz
qanunları ilə buraxacam. Barmağı ilə
“iki” işarəsi göstərdi, mən də fikirləşdim
ki, yəqin ki, maaşımdan yığılan 200
dollarıma gözü düşüb, onu istəyir. Razı olduğumu bildirdim. Daha
sonra məlum oldu ki, komandir pulumu nəzərdə
tutmurmuş. Deməli, orda iki xəstə
var imiş, biri gürcü, biri isə erməni idi. Onları aparıb öz ölkələrinə
çatdırmaq şərti ilə məni buraxırdı.
Baltik şəhərindən Kalinqrada gələndə
ermənini “rədd” etdim. Gecə
küçədə itdi, arxasınca düşüb
axtarmadım. Gürcüyə dedim ki, gedək yataqxanada
qalaq, hərbi geyimdən bezmişəm,
paltarlarımızı dəyişib rahat olaq. Gedib paltarlar
aldıq, amma o mülki paltarları geyinmək istəmədi,
dedi ki, valideynlərimin yanına hərbi paltarda gedəcək.
Yataqxanaya getdik, axşam yeməyimizi yeyib
yatdıq. Səhər durub təyyaraylə
Moskvaya gəldik. Dediyim kimi mən mülki
geyimdə, o isə hərbi paltarda idi. Onu
da deyim ki, hərbi geyiminə qeyri-adi şeylər
artırmışdı. Paqona dəyişikliklər edib, əynindəki
paltarın yarısı “əsgər”, yarısı da “zabit”lərin
paltarı idi. Polislər onu görüb
çağladı, apadılar, sorğu-sual etdilər. Lakin əynimdə hərbi paltar olmadığı
üçün məndən xəbərləri olmadı.
40 dəqiqə gözlədim, gəlmədi.
Təyyarənin vaxtı çatırdı,
bileti dəyişdirib Bakıya uçdum. İndi
düşünürəm ki, onun arxasınca getsəydim mən
də ilişə bilərdim. Beləliklə,
ermənini Kalinqradda, gürcünü də Moskvada “itirib” vətənimə
döndüm”.
“Hacı
Qənbər” tamaşasını 400-500 dəfə
oynadım”
Y.Qarayev hərbi xidmətdən qayıdandan sonra rektor
Rahib Hüseynov müsahibimizə Gənc
Tamaşaçılar Teatrında işləməyi təklif
edib. Təbii
ki, o da bu təklifi qəbul edib: “Teatrın baş rejissoru
Ulduz Rəfilinin yanına getdim, səsimi yoxladılar. Teatrda “Hacı Qənbər” tamaşası gedirdi.
O vaxtı bu tamaşa hardasa min dəfədən çox
oynanılmışdı. Aktyor yox idi, belə desək tamaşa sanki
yatıb qalmışdı. Aşıq Vəli
obrazını oynayan aktyor işdən
çıxmışdı. Səsimi
yoxladılar və Aşıq Vəliyə görə məni
teatra qəbul etdilər. Nəfəsli alətlərin
ifaçısı Məhərrəm Həsənov
yoxladı. Daha sonra bədii şurada teatrın korifeylərinin
- Süleyman Ələsgərov,
Hüseynağa Sadıqov, Sona Məcidova, Yusif Vəliyev, Firəngiz
Kərimovanın qarşısında imtahan verdim. Onların qarşısında imtahan vermək mənim
üçün çox böyükşərəf olmaqla
yanaşı həm də çətin idi. Hətta deyərdim
ki, İnstituta qəbul imtahanından da məsuliyyətli idi.
Süleyman Ələsgərov və
Hüseynağa Sadıqov “Hacı Qənbər”
tamaşasında oynayırdılar. Onlar
üçün maraqlı idi, tamaşanı necə
oynacağımız barədə düşünürdülər.
Çünki bu tamaşa dəfələrlə
oynanılmışdı. Hiss etdim ki, Hüseynağa
Ələsgərov başı ilə razılıq işarəsi
verir və gülümsəyir. Amma buna baxmayaraq
çox həyəcan keçirirdim. Rolumu
ifa etməyimi bəyəndilər və uzun illər o
tamaşanı oynadım. Bəlkə də
“Hacı Qənbər” tamaşasını 400-500 dəfə
oynadım. Mənə adətən baş
rolları verirdilər. Deyilənə
görə yaxşı oynayırdım (Gülür)”.
“Həyat
yoldaşım əti doğramağıma icazə vermir,
amma…”
Y.Qarayevin
sözlərinə görə, instituta qəbul olanda kirayədə
uşaqlıq dostu Fərzayıl Camalovla qalırmış:
“Hazırda Şəmkirdə Mədəniyyət evində
rejissor-aktyor kimi fəaliyyət göstərir. Pensiyaya
çıxsa da hələ də ora gedib gəlir. Onunla bir kənddə böyümüşük, bir
sinifdə, bir parta arxasında əyləşmişik. Çox yaxşı yoldaş idi, kinli deyildi, işdən
evə gec gələndə görürdüm ki, yeməyi
bişirib hazır edib. O olmayanda mən yemək
bişirirdim. Səliqə səhmana xüsusi
fikir verirdik, yaxşı yola gedirdik. Əl
qabiliyyətim də yaxşı idi. İndinin
özündə də yemək bişirirəm. Belə
ki, Bakıya
təzə gələn vaxtları kirayədə qalmağa
imkanım olmadığı üçün Keşlə
Ət Kombinatının nəzdində bir peşə məktəbi
var idi, ora üzv olmuşdum. Həm yataqxanada
yer, həm də yemək verirdi. Orda
ixtisaslı fəhlə hazırlayırdılar. Əti sümükdən ayırmağı peşəkarcasına
öyrənmişdim və kolbasa sexlərində işləyirdik. O vaxtdan əlim bu işlərə
öyrəşib. Evdə ailə
üçün ət alırıq, onu mən
doğrayıram. Təbii ki həyat
yoldaşım əti doğramağıma icazə vermir.
Amma bu işdə təcrübəm var deyə
necə doğramaq lazım olduğunu bilirəm. Bəzən həyat yoldaşım yemək bişirəndə
ona da öz əlavələrimi edirəm. Ümumiyyətlə, peşəsindən
asılı olmayaraq, hər işdə yaradıcılıq
olmalıdır”.
“Teatra dəvətnamə
apara-apara qızın ağlını başından
aldım”
Müsahibimiz
deyir ki, ailə həyatı qurmağı da elə kirayədə
qaldığı dövrə düşüb: “O vaxtı Xalq
Teatrları dəbdə idi, amma təəsüf ki indi yoxdur. Xalq Teatrında tamaşalar olanda qonşumuzun
qızına dəvətnamə aparırdım. Teatra dəvətnamə
apara-apara qızın ağlını başından
aldım, ya da o mənimki
aldı… (Gülür). Yaşı
az olduğu üçün kəbin kəsə bilmədik,
iki il nişanlı qaldıq, daha sonra evləndik”.
Könül Oruc
Üç
nöqtə.- 2018.-2 noyabr.- S.9.