“İmkan olarsa, məni anamın  yanında dəfn edin. Bacarasanmı?...”

 

1937-ci il iyunun 15-də Azərbaycanın rəhbəri M.C.Bağırova müraciət edir. Müraciətdə Atakişiyev bildirir ki, məhbus kamerada özünü yaxşı aparmır, mahnı oxuyur, mahnının sözləri arasında Sizi və dövləti söyür. Yaxşı olardı ki, məhbus İsmayılzadəni təhlükəli məhbus hesab edərək, Baş Kəşfiyyat İdarəsinin Xüsusi Şöbəsinin sərəncamına verək. Beləliklə, 1937-ci il iyunun 27-də kapitan Sinmanın tərtib etdiyi arayışa yenidən baxılır və şəxsən Atakişiyevin əlavələri ilə məhbus M.Ə.İsmayılzadə daha ciddi və təhlükəli cinayətkar kimi Xüsusi Şöbənin sərəncamına verilir. Bu şöbə Baş Kəşfiyyat İdarəsinə tabe idi. Onun tərtib etdiyi istintaq arayışının icrası üçün müəyyən vaxt verilirdi və beş gün ərzində müttəhim kimliyindən asılı olmayaraq güllələnirdi. Bu şöbə rəsmi sənədlərdə 6-cı idarə kimi gedirdi və bilavasitə ölkənin elm, incəsənət, ədəbiyyat, səhiyyə, təhsil, maarif sistemində çalışanlara nəzarət edirdi.

1937-ci il iyunun 27-də əks-inqilabçı gənclər təşkilatının müsəlman ölkələri üzrə ideoloji koordinatoru müttəhim kimi M.Ə.İsmayılzadənin istintaq işi təhlükəsizlik zabiti İ.İ.Şevçenkonun imzası ilə Xüsusi Şöbəyə göndərilir. Həmin vaxt şöbənin əksər əməkdaşları ruslar və qeyri-azərbaycanlılar olduğundan istintaq materialları düzgün tərtib olunmurdu, materiallar tamamlanmırdı. Həmçinin kameralara nəzarət edənlər başqa millətdən olduğundan müttəhimlərlə əlaqə zamanı problemlər yaranırdı. Nəticədə 1937-ci il noyabrın 26-da Xüsusi Şöbəyə vaxtilə 4-cü kameraya baxan Əli adlı bir nəzarətçi ayrılır.

Qısa arayış: Serjant Əli Mərdan oğlu Əlistan 1937-ci ilin mayında Bakıda Xüsusi Şöbədə işə başlayıb. O, 4-cü kamerada 1109 saylı məhbusa nəzarət edib. Əli rus dilini bidiyinə görə kameradakı məhbus M.İsmayılzadə ilə sorğu-sual tez də tərcümə olunurdu.

Müstəntiq Sinman Baş Kəşfiyyat İdarəsinin istintaq qrupuna verdiyi arayışda göstərir ki, 1109 saylı məhbusun kamerasına Əli Mərdan oğlu Əlistanın təyin olunması işləri xeyli dəyişmişdi.

Şübhəsiz, istintaq materiallarının düzgün tərtib olunması vacib idi. Çünki bundan sonra heç kəs müdaxilə edə bilmirdi.

Müstəntiq Sinman daha sonra Baş Kəşfiyyat İdarəsinin müstəntiqi A.A.Rıbkinə verdiyi məlumatda qeyd edir: "...Mən 1109 saylı məhkumdan razı idim. Məni yormurdu. Bəzən mənə məlumat gətirirdilər ki, istintaq zamanı bəzi-bəzi adamların adlarını çəksin... canını qurtarsın. Amma mən bu yolu seçmirdim. 1938-ci il yanvarın 4-də gündüz mənə Qriqoryan Xoren İvanoviç xəbər göndərdi ki, söhbəti qısa elə... Mən anladım ki, 1109 saylı məhkumun taleyinə artıq nöqtə qoyulub. Başımı qaldırıb, məndən bir az aralıda duran Əli Əlistana nəzər saldım. Hiss etdim ki, qatarın getdiyini o da başa düşdü. Birdən heç kimin gözləmədiyi bir halda serjant Əli Əlistan dedi: - Şair, bu, bizim sonuncu görüşümüzdür, sonuncu arzunu de. Sabah sərəncam icra olunacaq... Kimə nə çatdıracaqsansa, de...

Müşfiq susurdu. Nəhayət, "Allah hamınıza cansağlığı versin. İmkan olarsa, məni anamın yanında dəfn edin. Bacararsanmı?..." - dedi.

Əli Əlistan "Yox, mən bunu bacarmaram" - dedi.

Araşdırma materiallarından: 1109 saylı məhkumu - şair Mikayıl Müşfiqi tək buraxdıq. Onu kameraya ötürdük.

 Müşfiqin ölümü və məzarı ilə bağlı yeni versiya

 1938-ci ilin yanvarın 5-də  ölüm hökmü icra olunur...

Bundan sonra serjant Əli Əlistan 1109 saylı məhkumun meyitini palaza bükülmüş halda təcili kameradan çıxararaq aparır. Kapitan Sinman istintaq idarəsinə verdiyi ifadədə göstərir ki, 1109 saylı məhkumun meyidinin tələm-tələsik aparılmasını MK-da bilirdilər. İstintaq idarəsinin rəisi Ağasəlim Atakişiyev verdiyi ifadələrin birində qeyd edib ki, Bağırov şairin ölümündən xəbərsiz idi... Hadisəni biləndən sonra Əli Əlistana şairi dəfn etməyi tapşırır. Əli Əlistan 1109 saylı məhkumun - Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin meyitini Bayıl qəbiristanlığına aparır. Orada adsız qəbirlərin birində dəfn edir.

Bu yazının müəlliflərindən biri Rövşən Novruzoğlu Əli Mərdan oğlu Əlistanla 1994-cü il may ayının 27-də Prezident yanında Xüsusi İdarədə görüşüb. Görüş idarənin rəisi, sonralar xaincəsinə qətlə yetirilmiş polkovnik Şəmsi Rəhimovun otağında olur. Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki, fəxri çekist mərhum Kamal Əlisəttar oğlu Əliyev də görüşdə iştirak edib. Söhbətdən sonra mayın 27-də saat 17:30-da Əli Mərdan oğlu Əlistan Rövşən Novruzoğlunu və polkovnik Kamal Əliyevi Bayıl qəbiristanlığına aparıb üzərində kiçik başdaşı olan bir qəbri göstərib hönkürür. Sonra da, başdaşının üstündə yazılmış Əli sözünü nişan verir. "Bu sözü mən yazmışam. Qəbir itməsin deyə, onun da üstündə Allah sözü yazdım" deyir.

Əli Əlistan onu əlavə edir ki, şairin məzarı ətrafında Azərbaycanın onlarca tanınmış, sevilən insanlarının məzarları var Onların hamısı Sumbatovun, Qriqoryan Xoren İvanoviçin, Markaryan Ruben Ambarsumoviçin, Borşşevlərin, Yemelyanovların hökmü ilə öldürülüb. Ayrılarkən Əli kişi dağılmış, batmış, adsız, ünvansız məzarlardan birini nişan verib deyir: "Qurani-Kərimi Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş 83 yaşlı Seyid Mirəli Məhəmmədini də sürüyə-sürüyə bu qəbirə atdılar. Onun Nargin adasında öldürüldüyü deyilirdi, amma yalandır. Onu başına döyə-döyə öldürdülər. Ölüm hökmü isə ertəsi gün çıxdı". Redaksiyadan: Noyabrın 3-də Bayıl qəbiristanlığına gedib mərhum Əli Əlistanın Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəyə aid olduğunu söylədiyi qəbri ziyarət edib, ruhuna dualar oxuduq. Allahdan ona rəhmət dilədik. Bu qəbrin böyük şairimiz Mikayıl Müşfiqə aid olub-olmadığı yalnız DNT analizi nəticəsində müəyyənləşdirilə bilər. Hələlik isə bu, irəli sürülən versiyalardan biridir.Müşfiqin əleyhinə donos yazanların, ifadə verənlərin bir qismi özünü repressiya təhlükəsindən xilas etməyə çalışırdı, digərləri mənzil almaq, ad-san qazanmaq, vəzifə tutmaq naminə alçalmışdılar. Başqa bir qrup isə ağır işgəncələrə dözməyib istintaq orqanlarının istədiyi kimi ifadə vermişdilər. Təəssüf doğuran haldır ki, Müşfiqi qorumağa, müdafiə etməyə borclu olan qələm əhlinin bir qismi də ona balta çalanların, repressiya maşınının ağzına atanların sırasında yer alıblar, qurultayda, plenumlarda onu tənqid və təhqir ediblər. Heç bir halda və heç bir səbəblə donosçulara, verdikləri ifadələrlə kiminsə ölümünə bais olanlara haqq qazandırmaq olmaz!Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edənlərdən Henrix Yaqoda 1938-ci ilin iyununda, Nikolay İvanoviç Yejov isə 1940-cı ilin fevralında güllələnməyə məhkum olundular.1956-cı ilin fevralında Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında Nikita Xruşşov "Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında" məruzə ilə çıxış etdi. Qurultay SSRİ-nin ictimai-siyasi həyatının liberallaşmasında mühüm rol oynadı. Repressiyaya məruz qalanların işinə yenidən baxıldı. 1956-cı il may ayının 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəyə də bəraət verildi. Ölümündən 18 il sonra. Bəraət hökmü ilə bağlı Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin rəisinə 9d-471-56 nömrəli məxfi məktub göndərilib. Məktubda deyilir: "SSRİ Daxili İşlər Nazirliyinin birinci xüsusi şöbəsi, SSRİ Nazirlər Soveti yanında DTK-nın qeydiyyat-arxiv şöbəsi, 23 may 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının İsmayılzadə Müşfiq Qədir oğlunun işi haqqında göndərişini icra olunmaq üçün sizə göndərirəm. İsmayılzadənin yaxın qohumlarını tapıb, göndərişin mətnini tam elan etmədən onlara ancaq işin baxılması və tarixi haqqında məlumat verilsin. Hərbi Kollegiya və Baş Prokurorluğa da məlumat verilsin. DTK-nın Azərbaycan İdarəsinin rəisindən xahiş edirəm ki, İsmayılzadənin qanuni varislərinə müsadirə olunmuş əmlakı və ya onun dəyəri qaytarılsın. İcra barədə Hərbi Kollegiyaya məlumat verilsin". Müşfiqin qanuni varisi kiçik bacısı Balacaxanım İsmayılzadə dövlət tərəfindən ayrılan vəsaiti almaqdan imtina edir. Evdə qalan şeylərin Müşfiqə aid olduğunu bildirərək dövlətə keçməsinə razılıq verir. Təəssüf ki, bəraət hökmündən sonra Mikayıl Müşfiqin dəfn olunduğu yerlə maraqlanan olmadı. O vaxt onu güllələyənlərin də, istintaq aparanların da, şahidlərin də çoxu hələ həyatda idilər, istənilən məlumatları dəqiqləşdirmək, həqiqətləri aşkara çıxarmaq mümkün idi. O halda biz indi - Müşfiqin ölümündən 80 il keçəndən sonra cavabsız suallarla üzbəüz qalmazdıq. Bununla bağlı Müşfiqin qohum-əqrabasını günahlandırmaq insafsızlıq olar. Çünki bacısı Böyükxanım Müşfiq tutulandan sonra onu həbs etməyə gələn NKVD işçilərinə paltarını dəyişmək istədiyini deyib mətbəxə keçərək üstünə neft töküb özünü yandırmışdı. Kiçik bacısı Balacaxanım "ifşa edilmiş xalq düşməninin bacısı" kimi həbs olunaraq Arxangelskə sürgün edilib. Müşfiqin böyük qardaşı isə 1938-ci ildən sonra Astara rayonunun Pensər kəndində (bəzi məlumatlara görə Masallıda) yaşayıb, lakin şairin qardaşı olduğunu kimsəyə bildirməyib. 1937-ci il noyabrın 1-də NKVD inspektoru Kolqinanın təqdimatı əsasında Borşşev Dilbər Axundzadənin həbsinə dair order imzalayıb. Həbs olunaraq iki ay işgəncələrə məruz qaldıqdan sonra Dilbər Axundzadənin əsəbləri pozulur, 1938-ci ilin fevralında əsəb xəstəlikləri xəstəxanasına göndərilir. 1939-cu il martın 7-də Respublika Prokurorluğunun xüsusi işlər şöbəsinin təqdimatından sonra martın 10-da NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən Dilbər Axundzadə həbsdən azad olunmuşdur.

 

Üç nöqtə.- 2018.- 15 noyabr.- S.14