“Azərbaycan
tarını bir daha səhnəyə qaytardılar”
Sahib Paşazadə:
“İtalyan əsərini
italyanların qarşısında
tarla ifa etdikdən sonra Azərbaycan tarını və ifaçısını
ayaq üstə alqışladılar ”
Dünyanın 50-dən çox ölkəsində
həm solist, həm də kollektiv üzvü kimi tədbirlərdə iştirak edib: “Əlbəttə ki, bu çox böyük
bir təcrübə bazasıdır. Təsəvvür
edin ki, dünyanın müxtəlif
ölkələrindən olan
musiqiçiləri dinləyirsiniz,
hər birindən nələrisə öyrənirsiniz.
Bütün bunlar hamısı bir yerə cəm olanda böyük bir baza yaranır.
Beynəlxalq festivallar
ifaçının gələcəyi
üçün yaşıl
işıqdır, dünyaya
açılan bir qapıdır”.
“Üç nöqtə” qəzetinin qonağı əməkdar
artist, “Muğam” instrumental ansamblının
bədii rəhbəri,
Prezident mükafatçısı,
Azərbaycan Milli Konservatoriyasının dosenti
Sahib Paşazadədir.
Müsahibimiz yaxın
günlərdə bir
neçə xarici ölkədən səfərdən
qayıdıb. Müsahibimizlə
səfərindən, orda
iştirak etdiyi konsertlərdən və yaradıcılığından söhbət açdıq.
- Yaxın günlərdə
səfərdən qayıtmısınız,
səfəriniz necə
keçdi?
- Bəli, səfərdən
qayıtmışam. Bir
səfər ərzində
üç qitədə
oldum. İlk öncə İtaliyanın
iki şəhərində
çox gözəl konsertim baş tutdu. Bunlardan biri İtaliyanın Laquila şəhəri idi, orda oktyabr ayının
12-də Azərbaycan musiqisindən,
muğamlarımızdan və
xarici ölkə bəstəkarların əsərlərindən
ibarət çox möhtəşəm bir konsert təşkil olunmuşdu. Konsertin ərsəyə gəlməsində
Azərbaycanın İtaliyadakı
səfirliyinin, Heydər
Əliyev Fondunun, Azərbaycan Mədəniyyət
Nazirliyinin, eyni zamanda italiyalı violençel ifaçısı
Pierluigi Ruggieronun böyük əməyi var idi.
- Sizi konsertə kim dəvət
etmişdi?
- Pierluigi Ruggiero həmin
konsertə özü
məni şəxsən
dəvət etmişdi. Öncədən repertuarımızı planlaşdırmışdıq.
Tar, violonçel, skripka və fortepianodan ibarət bir kvartetlə iki konsertdə iştirak etdim. Konsert Laquila şəhərinin məşhur bir konsert salonunda cənab səfirin, diplomatların, konsulların,
yerli media nümayəndələrinin
iştirakı ilə
baş tutdu. Birinci hissədə səhnəni
mənim iştirakım
ilə Belcan-tar ansamblında Zoltan Banfalvi, Pierluigi Ruggiero ilə paylaşdıq.
Həmin
konsertə Azərbaycanın
“Qarabağ” muğam qrupu da dəvət olunmuşdu. İkinci
hissədə isə
“Qarabağ” muğam qrupunun rəhbəri Xalq artisti Mənsum
İbrahimov, Əməkdar
artistlər Elçin
Həşimov, Eldar Əhmədov, Kamran Kərimovla
bir səhnəni paylaşdıq.
İkinci konsert ayın 14-də İtaliya
prezidentinin iqamətgahında
məşhur bir konsert salonunda baş tutdu. İtaliyanın “RAİ” məşhur dövlət televiziyası
ilə bu konsertimiz canlı yayımlandı. Bu ölkəmizin uğurudur.
Hər iki konsertdə solist kimi iştirak
etdim. Məşhur İtalyan bəstəkarı
Coakkino Rossininin “Sevilya bərbəri” operasından uverturanı ifa etdim. İtalyan əsərini italyanların
qarşısında tarla
ifa etdikdən sonra Azərbaycan tarını və ifaçısını ayaq
üstə alqışladılar.
Mənim
üçün də
çox xoş oldu.
- Qeyd etdiniz ki,
üç qitədə
olmusunuz. Daha sonra hansı
ölkələrdə konsertlərdə
iştirak etdiniz?
- İtaliyadakı səfərim
bitikdən sonra Bakıya qayıtmadım. Oktyabrın 14-də İtaliyadan birbaşa Argentinaya yola düşdüm. Oktyabrın
16-da Azərbaycanın Argentinadakı
səfirliyinin və Azərbaycan Mədəniyyət
Nazirliyinin və
TÜRKSOYUN dəstəyi ilə
“TÜRKSOYun yaranmasının
25 illiyi”nə həsr
olunmuş maraqlı bir konsert proqramı
oldu. Sözügedən konsertdə rəhbərliyik
etdiyim üçlük,
əməkdar artistlər
Nigar Şabanova və Toğrul Əsədullayev ilə birlikdə ölkəmizi təmsil etdik. Orda həm solist, həm də müşahidəçi qismində
iştirak edirdim.
Eyni zamanda Qazaxıstandan iki, Türkiyədən isə bir ifaçı
var idi. Bir neçə əsəri hamımız birlikdə ifa etdik. Azərbaycanın muğamı, təsnifləri,
mahnıları səsləndi.
Həmin
konsertdə eksklüziv
olaraq məşhur
Argentina bəstəkarı Astor Piazzolanın “Adios Nonino” əsərini (Tanqo) ifa etdim. Bu ifanı argentinalılar
çox bəyəndilər
və gurultu ilə alqışladılar.
Və Azərbaycan tarını bir daha səhnəyə
qaytardılar. Oradakı nümayəndələr
Azərbaycan tarının
böyük uğurlara
imza atdığını
bildirdilər. Argentinadan sonra
isə Nigeriyaya getdim.
- Nigeriyada insanlar sizi necə
qarşıladılar?
- Ümumiyyətlə, bu ilin iyun ayında
Azərbaycan musiqisi tarixində ilk dəfə
olaraq Nigeriyada Azərbaycan musiqisi səslənmişdi. Azərbaycan Dostları
Cəmiyyətinin sədri
Billurə Bayramovanın
dəvəti və təşkilatçılığı ilə Azərbaycan Respublikasının 100 illiyinə
həsr olunmuş konsert təşkil olunmuşdu. Konsert o qədər
xoşlarına gəlmişdi
ki, bizi yenidən XXII Muson festivalına dəvət etdilər. Həmin konsert Nigeriyanın
Lagos şəhərində Məşhur Muson Centre və Azərbaycan Dostları Cəmiyyətinin
təşkilatçılığı ilə baş tutdu. Azərbaycandan mən, Parisdən
isə Azərbaycanlı
pianoçu Səidə
Zülfüqarova iştirak
etdik. Həmin festivalda oktyabr
ayının 22-də Azərbaycana
aid bir gün oldu, birinci hissədə
Səidə Zülfüqarova
dünya klassiklərinin
və Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət konsert proqramı ilə çıxış etdi.
İkinci hissədə isə
mən solo konsertimlə
çıxış etdim.
Nigeriya tamaşaçıları da yenə
ayaq üstə alqışladılar.
- Konsertin əsas dinləyiciləri kimlər
idi?
- Konsertin dinləyiciləri
30-a yaxın ölkənin
- İtaliyanın,
Albaniyanın, Nigeriyanın
və digərlərinin
konsul və səfirlik nümayəndələri,
yerli media nümayəndələri,
yerli musiqişünaslar
və musiqi dinləyiciləri idi. Çünki XXII Muson festivalı
çox məşhurdur
və ildə iki dəfə keçirilir. Klassik,
opera, caz musiqiləri
səsləndirilirdi, amma
bu dəfə Azərbaycan musiqisi də səsləndi. Billurə xanımın təşkilatçılığı
ilə Nigeriyanın Dövlət Televiziyası
olan Vazobia kanalında 20 dəqiqəlik
bir proqramla çıxış etdik.
Həmin
proqramda Azərbaycan tarı və muğamı haqqında məlumat verdik.
- Vətənə döndükdə
hansı hissləri keçirirdiniz?
- Böyük bir uğurla vətənə
döndük. 15 gün davam edən bir səfərdən
çox böyük fəxr və qürur hissi ilə qayıtmışam.
Özümü çox xoşbəxt
hesab edirəm ki, bu festivalda
iştirak etdim.
- Bu tip festivallar, konsertlər ifaçılara nələr
qazandırır?
- Festival musiqiçinin püxtələşməsində,
kamilləşməsində böyük rol oynayır. Dünyanın 50-dən çox ölkəsində həm
solist, həm də kollektiv üzvü kimi tədbirlərdə iştirak
etmişəm. Əlbəttə ki, bu çox
böyük bir təcrübə bazasıdır.
Təsəvvür edin ki, dünyanın müxtəlif
ölkələrində olan
musiqiçiləri dinləyirsiniz,
hər birindən nələrisə öyrənirsiniz.
Bütün bunlar hamısı
bir yerə cəm olanda böyük bir baza yaranır.
Beynəlxalq festivallar ifaçının
gələcəyi üçün
yaşıl işıqdır,
dünyaya açılan
bir qapıdır.
- Dünyanın 50-dən çox
ölkəsində beynəlxalq
tədbirlərdə, konsertlərdə
və festivallarda iştirak edən bir ifaçı olaraq başqa millətlərin bizim tara olan
münasibətini necə
dəyərləndirirsiniz?
- Türkdilli dövlətlər,
MDB ölkələri Azərbaycan
tarı haqda daha çox xəbərdardırlar. Onlar
hər çıxışda
tara olan
vurğunluqlarını, heyrətlərini
bildirirlər. Tar haqqında
məlumatı olmayan ölkələrdə insanlara
bu alətin imkanlarından, səs tembrindən danışır
və məlumat verirəm. Hansı ki, ustad sənətkarlarımız bunun
tarixi haqqında mənə danışıblar
və mən də bunu həmin
şəkildə əcnəbi
vətəndaşlara ötürməyə
çalışıram. Ustadlarımızdan öyrəndiklərimizi gələcək nəslə
çatdırmaq və
mədəniyyətimizi dünyada
tanıtdırmaq vacib
şərtdir.
Könül Oruc
Üç
nöqtə.- 2018.- 15 noyabr.- S.12.