ARDNF vəsaitlərin idarə
olunmasında əsasən
daxildə idarəetməyə
üstünlük verir”
Şahmar
Mövsümov: “ARDNF-nin daşınmaz əmlaka
yatırdığı investisiyalar özünü
doğruldur”
Bakı. 20 noyabr. REPORT.AZ Azərbaycan
Respublikası Dövlət Neft Fondunun İcraçı
direktoru Şahmar Mövsümovun "Report"a müsahibəsi:
- ARDNF-nin daşınmaz əmlaka
yatırdığı investisiyalar özünü
doğruldurmu və bu investisiyalar ilə bağlı gəlirlilik
gözləntiləriniz necədir?
- Məlum olduğu kimi, Azərbaycan
Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka
investisiya çərçivəsində Avropa, Asiya və
Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Milan,
Tokio, Seul kimi şəhərlərdə daşınmaz əmlaka
birbaşa investisiyalar həyata keçirib. Digər tərəfdən, ARDNF 2015-ci ildən etibarən
inkişaf etmiş bazarlarda fəaliyyət göstərən,
müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak
sektorlarına yatırım edən dünyanın qabaqcıl
daşınmaz əmlak fondlarına investisiyalar həyata
keçirməyə başlayıb. Ümumilikdə
daşınmaz əmlak yatırımlarına
başlanılandan keçən ilin sonuna qədər orta
illik gəlirlilik təxminən 7,2% olub ki, bunun əsasında
da ARDNF-nin daşınmaz əmlaka yatırdığı
investisiyaların özünü doğrultduğunu demək
mümkündür.
Ümumiyyətlə dünyanın qabaqcıl
araşdırma institutlarının hesabatlarına əsasən
növbəti ildə dünyanın əsas daşınmaz əmlak
bazarlarında inkişaf gözləntiləri var. ARDNF-nin
investisiyalarının mövcud olduğu ölkələr də
inkişaf proqnozları verilən ölkələr siyahısındadır.
- İnvestisiya portfelinin neçə faizi daxildə idarə
olunur?
- ARDNF vəsaitlərin
idarə olunmasında əsasən daxildə idarəetməyə
üstünlük verir. 30 sentyabr 2018-ci il
tarixinə ARDNF-nin investisiya portfelinin 90%-i daxildə idarə
olunur. Bununla belə, ARDNF-nin vəsaitlərinin
idarə olunmasında xarici menecerlərin xidmətlərindən
də istifadə olunur ki, bu da əsasən onların
müvafiq sahələrdəki bilik və bacarıqlarından
faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin
daxili idarəetmədə olan portfelə tətbiqi
nöqteyi-nəzərindən mühüm əhəmiyyət
kəsb edir.
- ARDNF-nin
aktivlərini idarə edən maliyyə təşkilatlarının
sayı nə qədərdir və hansı təşkilatlardır?
Fond idarəedicilərdən hər hansı biri
ilə əməkdaşlıqdan imtina edə bilərmi?
- Məlum
olduğu kimi ARDNF investisiya portfelinin idarə edilməsində
bu sahədə ən böyük, təcrübəli menecerlərlə
əməkdaşlıq edir. Belə ki, əsasən səhm
yatırımlarının idarə edilməsində bu kimi
şirkətlərin xidmətlərindən istifadə olunsa
da ARDNF-nin hal-hazırda sabit gəlirli qiymətli
kağızlar portfelinin də kiçik bir hissəsi xarici
menecerlər tərəfindən idarə olunur və
onların ümumi sayı 7-yə bərabərdir. Bunlar
Dünya Bankı, “Deutsche Bank Advisors”, “UBS Asset Management”, “State
Street Global Advisors”, “Mellon Capital Management”, “BlackRock Investment
Management” və “Sumitomo Mitsui Trust İnternational Limited”
şirkətləridir. Bununla yanaşı,
ARDNF-nin özəl səhmlər və daşınmaz əmlaka
yatırımları zamanı əməkdaşlıq etdiyi
qurumların sayı 20-dən çoxdur. İstər
səhm və sabit gəlirli qiymətli kağızlar
portfelinin müəyyən hissəsinin idarə edilməsi
üçün cəlb edilən menecerlərin, istərsə
də özəl səhm və daşınmaz əmlak
yatırımları üçün istifadə olunan fond
menecerlərinin seçilməsi prosesi qabaqcıl təcrübəyə
və ARDNF-nin investisiya strategiyasına uyğun şəkildə
həyata keçirilir. Bu sahədə hər
hansı bir qurumla əməkdaşlığa xitam verilməsi
və ya davam edilməməsi ya investisiya strategiyasında hər
hansı bir dəyişiklikdən, ya da tərəfdaş
qurumla imzalanmış müqavilə çərçivəsində
mandata uyğunsuzluq və ya onun şərtlərinin
pozulması halında baş verə bilər. Bu gün etibarilə belə bir halın baş verməməsi
səbəbindən hər hansı bir menecerlə əməkdaşlığa
xitam verilməsi də nəzərdə tutulmur.
Eyni zamanda bildirmək istərdim ki, ARDNF-nin tərəfdaşları
barədə məlumatlar Fondun illik hesabatlarında öz əksini
tapır və ARDNF-nin www.oilfund.az rəsmi internet səhifəsində
yerləşdirilir.
- Azərbaycan
Respublikasının 2019-cu il üzrə
dövlət büdcəsi layihəsində neftin 1 barelinin
qiymətinin 60 dollardan götürülməsi nəzərdə
tutulur. Gələn il üçün
proqnozlar nədən ibarətdir?
- ARDNF-nin
2019-cu il üzrə büdcəsində xam neftin baza qiyməti
dövlət büdcəsi ilə eyni 60 ABŞ dolları səviyyəsində
götürülüb ki, bu qiymətlə 2019-cu ildə
ARDNF-nin icmal büdcə layihəsinə daxil olan gəlirlərinin
9 164,2 milyon ABŞ dolları və yaxud 15
579,2 milyon manat, xərclərinin isə 6 684,9 milyon ABŞ
dolları və yaxud 11 364,3 milyon manat, büdcə profisitinin
həcminin 4 214,9 milyon manat olması
proqnozlaşdırılır. Eyni zamanda, xam
neftin yüksək qiymətləri şəraitində Fondun gəlirlərinin
proqnozdan daha çox olması gözlənilir.
- 2019-cu il büdcəsinin əsas xüsusiyyəti nədən
ibarət olacaq?
- 2019-cu
büdcə ilindən başlayaraq icmal büdcə xərclərinin
orta və uzunmüddətli idarə edilməsi üzrə
yeni fiskal büdcə qaydasının tətbiqinə
başlanılıb. Bununla əlaqədar dövlət və
icmal büdcə xərcləri, o cümlədən Dövlət
Neft Fondunun 2019-cu il üçün
büdcə xərclərinin parametrləri yeni büdcə
qaydasının tələblərinə uyğun
formalaşdırılıb. Yeni fiskal
qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin
dəyişkənliyindən asılılığının
azaldılmasına, büdcə intizamının möhkəmləndirilməsinə
şərait yaradacaq. Büdcə qaydası ölkənin
xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən
neft gəlirlərinin və icmal büdcə xərclərinin
yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən
edir. Burada əsas məqsəd xam neft qiymətlərinin
yüksək olduğu illərdə büdcə xərclərinin
kəskin artımının qarşısının
alınması və büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır.
Yeni qayda iqtisadiyyatın neft amilindən
asılılığının azaldılmasına yönəlmiş
islahatların tərkib hissəsidir.
- Maliyyə
Sabitliyi Şurasında təmsil olunduğunuz üçün
bilmək istərdik: Maliyyə sisteminin
dayanıqlığının təmin edilməsi yeni fiskal
qaydaların hazırlanması gözlənilirmi?
-
Bildiyiniz kimi, ölkənin makroiqtisadi sabitliyinin möhkəmləndirilməsi,
maliyyə dayanıqlılığının təmin edilməsi,
bu sahədə koordinasiya olunmuş siyasətin həyata
keçirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli Fərmanı
ilə Maliyyə Sabitliyi Şurası yaradılıb ki, Azərbaycan
Respublikasının Baş nazirinin sədri olduğu bu
Şuraya Prezident Administrasiyasının, habelə fiskal,
monetar və maliyyə siyasətinə məsul olan
qurumların rəhbərləri ilə yanaşı ARDNF-nin rəhbəri
olaraq mənim də adım daxil edilib. Şuranın
fəaliyyət göstərdiyi dövr ərzində fiskal və
monetar sektorlarında islahatlara dair, habelə bank sektorunun
sağlamlaşdırılması ilə bağlı tədbirlər
planları hazırlanmış və bu tədbirlərin
icrası təmin edilib. Bu dövr ərzində
bu tədbirlər sırasında eyni zamanda neft gəlirlərinin
istifadəsini, habelə icmal büdcə xərclərinin
yuxarı həddini tənzimləyən yeni büdcə
(fiskal) qaydasının hazırlanması təmin edilib. Qaydanın hazırlanmasında Maliyyə Nazirliyi, Mərkəzi
Bank və Dövlət Neft Fondunun ekspertləri yaxından
iştirak ediblər.
Büdcə
qaydasına dair qanun Azərbaycan Respublikası Milli Məclisi
tərəfindən 29 iyun 2018-ci il tarixində
qəbul olunub və Azərbaycan Respublikası Prezidentinin 24
avqust 2018-ci il tarixli Fərmanı ilə bu qanun qüvvəyə
minib.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət
Neft Fondu, Mərkəzi Bank ilə birlikdə "Büdcə
qaydalarına uyğun icmal büdcənin xərclərinin
yuxarı həddinin hesablanması üzrə Təlimat"ın
Layihəsi hazırlanıb. Layihə əsasında Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi tərəfindən
hazırlanmış "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanunu və həmin Qanunun tətbiqi
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman layihələri
və "Büdcə qaydalarına uyğun icmal büdcənin
xərclərinin yuxarı həddinin hesablanması üzrə
Təlimatı" və bu təlimatın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman layihələri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
olunub.
“Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə 24 avqust 2018-ci il
tarixli Azərbaycan Respublikasının Qanunu ilə 2019-cu
büdcə ilindən başlayaraq yeni fiskal (büdcə)
qaydasının tətbiqinə başlanıb. Fiskal
qayda icmal büdcə xərclərinin, o cümlədən
ölkənin xalis maliyyə aktivlərinə əsasən
müəyyən edilən neft gəlirlərinin istifadəsinin
yuxarı həddini, habelə qeyri-neft kəsirinin
azaldılması üçün şərtlər müəyyən
edir. Qaydaya əsasən icmal büdcə xərclərinin
növbəti ilə nisbətən artımı 3%-dən
çox ola bilməz.
- 2018-ci
ildə Suveren Fondların Beynəlxalq Forumunun (SFBF)
yaranmasının 10 illiyi ilə əlaqədar xüsusi tədbirlər
nəzərdə tutulubmu? Və SFBF-nin növbəti
illik iclası harada və nə zaman keçiriləcək?
- Suveren
Fondların Beynəlxalq Forumunun (SFBF) yaranmasının 10
illiyi cari ilə təsadüf edib. SFBF-nin 10-cu
illik görüşü Mərakeş Krallığının
suveren fondu olan İthmar Kapital Fondunun dəstəyi ilə cari
ilin sentyabr ayında Mərakeş şəhərində təşkil
olunub və ARDNF də SFBF-nin üzvü olaraq bu tədbirdə
iştirak edib. Bu tədbir ARDNF
üçün də əlamətdar olub. Belə ki, yığıncaq zamanı SFBF-nin 5 nəfərdən
ibarət İdarə Heyətinin yeni tərkibinə
seçkilər keçirilib və ARDNF-nin İcraçı
direktoru olaraq mən İdarə Heyətinə üzv
seçilmişəm. Eyni zamanda, tədbir
zamanı SFBF-nin 2020-ci ildə 12-ci illik
yığıncağının ARDNF-nin təşkilatçılığı
ilə Bakıda keçirilməsi qərara alınıb.
SFBF-nin növbəti 11-ci illik görüşünün
ABŞ-ın suveren fondu olan Alyaska Daimi Fondunun təşkilatçılığı
ilə 10-13 sentyabr 2019-cu il tarixlərində Alyaska
ştatının paytaxtı olan Cuno şəhərində
keçirilməsi nəzərdə tutulub.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə,
səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini
sıxın.
Üç
nöqtə.- 2018.- 20 noyabr.- S.10.