Qanunçuluq prokurorluğun fəaliyyətinin əsas
prinsiplərinsən biridir
Hüquqi dövlət - yalnız ciddi ədalət,
azadlıq, bərabərlik və qardaşlıq ideyaları əsasında
yaradılmış hüquq
normalarını mənimsəmiş dövlət təşkilatı
formasıdır ki, burada
vətəndaşlar, dövlət orqanları və səlahiyyətli
şəxslər ümumdövlət maraqlarının
təmin edilməsi şərti ilə fərdin hüquq və azadlıqlarının
reallaşması üçün fəaliyyət
göstərir. Hüquqi dövlətin məqsədi
cəmiyyətin, o cümlədən də
onun bir
parçası olan fərdin
ehtiyaclarını bütünlüklə ödəməkdir.
Bu vəzifənin həyata keçirilməsində prokurorluq yaxından iştirak edir. 1999-cu ildə qəbul edilən "Prokurorluq haqqında" Qanunla prokurorluğun məhkəmələr üzərində nəzarəti və bazar iqtisadiyyatı münasibətlərinin inkişafına mane olan ümumi nəzarət funksiyaları ləğv olunur, onun mülki və kommersiya işlərinə müdaxilə etməsi məhdudlaşdırılır. Hazırda prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması, siyasi bitərəflik.
Qeyd
edək ki, hər hansı şəxs tərəfindən, hər
hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla
prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət
qoyulması, təsir, hədə, qanunsuz müdaxilə edilməsi,
habelə prokurorluğa hörmətsizlik göstərilməsi
yolverilməzdir və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə
səbəb olur.
Mülki
mühakimə icraatında prokurorun iştirakı məhdudlaşdırılaraq
yalnız xüsusi icraat işləri üzrə nəzərdə
tutulub. Belə ki, Azərbaycan
Respublikası Mülki Prosessual
Məcəlləsinin 306.3-cü maddəsinə görə,
dövlət idarə və təşkilatlarının və
ya təsisçiləri dövlət və
ya dövlət idarələri, yaxud təşkilatları olan
hüquqi şəxslərin müvafiq müraciəti olduğu
halda dövlət mənafeyinin
müdafiəsi üçün prokuror mülkiyyət hüququ
üzrə əmlaka sahiblik, ondan istifadə və onun
barəsində sərəncam vermək haqqında işlər
üzrə və daşınar əşyanın sahibsiz hesab edilməsi və
daşınmaz əşya üzərində dövlət
mülkiyyəti hüququnun tanınması
haqqında işlər üzrə ərizə verə bilər.
Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Bu maddənin 3-cü bəndində qeyd edilib ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.
Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.
Prokuror yuxarıda göstərilən
hallarda məhkəmə
baxışında iddiaçı və ya
ərizəçi olarsa məhkəmə
aktlarından protest verə bilər. Mülki Prosessual Məcəllənin
357.2-cü maddəsində bildirilir ki, həmin hüquqa (apellyasiya
şikayəti vermək) , işdə iştirak
etməyə cəlb edilməyən, lakin
qəbul edilən qətnamə onların hüquq
və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində
göstərilən hallarda məhkəmə
baxışında iddiaçı və ya
ərizəçi olarsa, məhkəmə
aktlarından protest verə bilər. Mülki Prosessual Məcəllənin 357.3-cü maddəsinə
müvafiq olaraq, prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən
apellyasiya instansiyası məhkəməsinə
verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi
nəticələrinə görə apellyasiya
şikayətinə bərabər tutulur.
Cinayət
Prosessual Məcəllənin 383.2-ci maddəsinə əsasən
isə apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin
və təkliflərin nəzərə
alınmadığı hissədə birinci instansiya məhkəməsində
işə baxılmasında iştirak etmiş dövlət
ittihamçısı malikdir.
Qeyd olunmalıdır ki, qanunverici prokurorluq orqanlarının fəaliyyətini ifadə etmək üçün “prokuror nəzarəti” terminindən istifadə edilir, Prokuror nəzarətinin mahiyyəti və hədləri konkret olaraq sahəvi qanunvericilik aktlarında, baxılan məsələ ilə bağlı isə İnzibati Xətalar Məcəlləsində müəyyən edilib.
Prosessual qanunvericilik, bir
qayda olaraq, məhkəmə
aktlarından şikayətin və ya protestin verilməsini şəxsin prosesdə tərəf
olmasından asılı edib. İnzibati xətalara dair
işlər üzrə prokurorun protest vermək hüququ
digər prosessual qanunvericiliklərdə olduğu kimi onun həmin prosesdə iştirakı ilə əlaqələndirilib.
Göründüyü kimi, inzibati
xətalar, mülki və cinayət prosessual qanunvericiliyin, eləcə
də “Prokurorluq haqqında” Qanunun normaları prokurorun
məhkəmə qərarlarından protest
vermək hüququnu yalnız onun məhkəmədə konkret
işin baxılmasında iştirakı
ilə şərtləndirir.
Bununla
yanaşı qeyd olunmalıdır ki, 1 sentyabr 2000-ci ildən
qüvvəyə minmiş Cinayət Prosessual Məcəlləyə
xüsusi icraatlar qaydasında “Məhkəmə nəzarətinin
həyata keçirilməsi” adlı LII fəsil əlavə
edilib. Cinayət Prosessual
Məcəllənin 442.1-ci maddəsinə əsasən, məhkəmə
nəzarəti istintaq hərəkətlərinin
məcburi aparıldığı, prosessual
məcburiyyət tədbirinin tətbiq edildiyi,
əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın
aparıldığı yer üzrə səlahiyyəti
daxilində müvafiq birinci
instansiya məhkəməsi tərəfindən
həyata keçirilir. Məhkəmə nəzarətinin
həyata keçirilməsi qaydasında məhkəmə
aşağıdakılara baxır: hər kəsin azadlıq,
mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq ,
mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən
ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa
məlumatların) saxlanılması hüququnu
məhdudlaşdıran, habelə dövlət, peşə və
ya kommersiya sirrini özündə əks etdirən məlumatları
ilə bağlı istintaq hərəkətlərinin
məcburi aparılmasına, prosessual məcburiyyət
tədbirlərinin tətbiq edilməsinə, və ya əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət
və təqdimatlara, cinayət prosesini həyata
keçirən orqanın prosessual hərəkətlərinə
və ya qərarlarına dair
şikayətlərə (442.2). Bu Məcəllənin 442.2-ci maddəsində göstərilən
vəsatət, təqdimat və şikayətlərə məhkəmə
nəzarəti funksiyasını həyata keçirən məhkəmənin
hakimi tərəfindən təkbaşına
baxılır. 442.2-ci maddədə göstərilmiş məsələlər üzrə hakimin
çıxardığı qərarlara apellyasiya
instansiyası məhkəməsi tərəfindən
aşağıdakı hallarda yenidən
baxıla bilər: hüquq və
azadlıqları məhdudlaşdırılan şəxsin
şikayəti üzrə, ibtidai
araşdırmaya prosessual rəhbərliyi
və ya əməliyyat-axtarış fəaliyyəti
üzərində nəzarəti həyata keçirən
prokurorun protesti
üzrə.
Məhkəmə
nəzarəti, eyni zamanda, “Prokurorluq haqqında” Qanunun 45-ci
maddəsində də əksini tapıb Həmin maddəyə
əsasən, Azərbaycan Respublikasının
Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını məhdudlaşdıran
prosessual hərəkətlərin prokurorluq tərəfindən
həyata keçirilməsinə qanunla müəyyən
edilmiş qaydada və hallarda məhkəmənin qərarına
əsasən yol verilir.
Üç nöqtə.- 2018.- 10
oktyabr.- S.9.