“Sonsuzluq tək ölkəmizdə
deyil, bütün dünyada artıb”
Vəfa
Hüseynzadə: “Əgər bir il ərzində cütlüklər arasında
cinsi əlaqə varsa
və hamiləlik baş vermirsə, sonsuzluq diaqnozu qoyulur”
Son
12 ildə Azərbaycanda sonsuz qadınların sayı təqribən
iki dəfə artıb. 2005-ci ildə Azərbaycanda
1 117 nəfər qadın ilk dəfə
qadın sonsuzluğu diaqnozu
ilə qeydə alınıb. 2011-ci ildə bu
rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314,
2016-cı ildə 2 208, 2017-ci ildə 2 097 olub. Hər 100 000 nəfər qadın
arasında sonsuzluq diaqnozu
ilə qeydiyyata alınan qadınların
sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər,
2015-ci ildə 48,4, 2016-cı ildə 45,7, 2017-ci ildə 43 nəfər
olub. Səhiyyə Nazirliyi
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, Azərbaycanda son zamanlar süni
mayalanma halları artıb. Bunun səbəbi sonsuzluğun
çoxalması ilə izah edilir.
Qeyd
edək ki, 2011-ci ildə Azərbaycanda 7 368, 2012-ci ildə 7
575, 2013-cü ildə 7 972, 2014-cü ildə 6 840, 2015-ci ildə
6 950, 2016-cı ildə isə 6 146, 2017-ci ildə 6 444
uşağı olmayan ailədə boşanma qeydə
alınıb. Uşağı olmayan ailələrdə boşanmaların
sayı 2000-ci illərin əvvəllərində ümumilikdə
bütün boşanmaların yarıdan çoxunu təşkil edib.
2000-ci ildə ölkədəki 5 478 boşanma
hadisəsinin 3 545-i, 2005-ci ildə 8 895 boşanma
hadisəsinin 5599-u, 2010-cu ildə 9 061 boşanma
hadisəsinin 5527-i uşaqsız ailələrin
payına düşüb. Son
illər ərzində ölkə üzrə boşanma
hadisələrinin sayı həmin dövrlərlə müqayisədə
xeyli artsa da, ümumi
boşanmaların sayında uşaqsız ailələrin
çəkisi azalıb.
Mövzu
ilə bağlı “Üç nöqtə”yə
açıqlama verən tibb üzrə fəlsəfə
doktoru, mama-ginekoloq Vəfa Hüseynzadə bildirdi ki, sonsuzluq
son illərdə tək ölkəmizdə deyil, bütün
dünyada artıb. Deyir ki, ümumiyyətlə götürəndə
bütün xəstəliklərdə və patologiyalarda
artım var, xəstəliklər
cavanlaşıb. Bunun isə çox qlobal səbəbləri
var: “Sonsuzluqdan
danışdıqda ilk öncə sonsuzluğun nə olduğunu
və hansı hallarda bu
diaqnozun qoyulduğunu
bilmək lazımdır. Dünya
protokollarında əvvəllər iki il, indi isə bir il müddət götürülür. Əgər bir il ərzində
cütlüklər arasında cinsi əlaqə
varsa və hamiləlik baş
vermirsə artıq ona bir
ildən sonra sonsuzluq diaqnozu qoyulur”.
Sonsuzluğun
müxtəlif səbəblərinin olduğunu nəzərə
çatdıran V.Hüseynzadənin
sözlərinə görə, sonsuzluğu iki qrupa, kişi və
qadın sonsuzluğuna bölmək lazımdır: “Kişi
sonsuzluğu ilə andrologiya elmi, uroloq-androloqlar məşğul
olurlar. Qadınlarda olan sonsuzluqla isə biz mama-ginekoloqlar məşğul oluruq.
Sonsuzluqda birinci olaraq yayılmasına görə daha çox rast gəlinən hormonal
pozğunluqlardır. Yumurtalıq hormonlarının
pozulması hipofiza-hipotalamus sistemi ilə idarə olunur.
Yumurtalıq hormonlarının miqdarında olan
qandakı səviyyəsində dəyişikliklər bunu təsdiq edir ki, yumurtalıq hormonlarının ifrazı düzgün getmir. Ona görə də yumurtalığın fəaliyyətində
pozulmalar var. Bu da nəticə etibarilə
müxtəlif patologiyalara, ovulyasiya prosesinin
pozulmasına gətirib çıxarır və müəyyən
müalicə tədbirləri tələb edir.
Həmçinin prolaktin hormonunun
dəyişməsi sonsuzluğa səbəb
ola bilir. Böyrəküstü
vəzin və qalxanvarı vəzin hormonları da müəyyən hormonal
disbalanslara səbəb olur
ki, dolayısı ilə bunlar
da sonsuzluğa gətirib
çıxara bilirlər”.
Mama-ginekoloq
qeyd etdi ki, boru-peritoneal faktorlar da sonsuzluğa gətirib
çıxarır: “Boru-peritoneal faktorlar boru xəstəlikləridir.
Boruda müəyyən iltihabı
proseslər, bitişmələr və istənilən səbəbdən
boru keçiciyinin
pozulması ola bilər. Bir
sıra infeksion xəstəliklər
keçirən qadınlarda bunlar daha çox
yayılır. Məsələn, cinsi yolla ötürülən qonoreya,
siflis, xlamidiya kimi xəstəliklər bir
müddətdən sonra boruda
da salpenkit-oferit kimi kiçik çanaqda görünən iltihabı xəstəliklərə
səbəb ola bilir. Bunlar da nəticə etibarilə
sonsuzluğun səbəbidir”.
V.
Hüseynzadə deyir ki, uşaqlıq orqanının
özündə mütləq sonsuzluq deyə anlayış
var: “Belə ki, qız uşağı dünyaya gəlib və
yetkinlik yaşına çatıb, vizual olaraq hər şey
yerindədir. Lakin ultrasəs
müayinəsi zamanı görünür
ki, ya rudimentaldır, ya da
uşaqlığı heç yoxdur. Sözsüz ki, bu anadangəlmə qüsur və mütləq sonsuzluq
hesab olunur. Bir də var ki, uşaqlığın özündə sonradan qazanılma patologiyalar
olur. Bunların özü
də hormonal pozğunluqların nəticəsində
yaranır. Misal üçün,
uşaqlıqda mioma düyünü
var və hər hansı bir
hormonal prosesin
pozulması fonunda yaranıb. Ya endometriyanın tərkibində yaranıb, ya polip şəklindədir,
ya da mematoz
düyündür. Bəzi hallarda hamilə qalmağa
çətinlik törədir, bəzən isə hamilə
qalır, lakin uşaqsalmalar
ilə nəticələnir. Nəticə etibarilə yenə
övladsızlığa gətirib çıxarır.
Qazanılmada digər bir faktoru
da qeyd edim.
Tutaq ki, hər
hansı bir iltihabı proseslər keçirib, yaxud da bəzi qadınlar kariyerasını
düşünərək deyir ki, işimi qurub sonra uşaq
dünyaya gətirəcəyəm. Hətta
bəzən hamilə qaldıqdan sonra bir neçə dəfə abortlar
edirlər ki, mən hələ istəmirəm.
Sivil ölkələrdə ailə
planlanması deyilən anlayış var, buna riayət etmək lazımdır. Əgər
uşaq istəmirlərsə, abort etmək çarə deyil.
Hamilə qalmamaq üçün
müəyyən vasitələrdən istifadə etmək
lazımdır. Dəfələrlə abort
etdikdən sonra bəzən həmin abort yerində, uşaqlığın daxilində
müəyyən bitişmələr əmələ gəlir.
Bunlar özü də
sonrakı mərhələlərdə artıq hamiləliyin yolunu kəskin şəkildə kəsir. Bu cür səbəblər
çoxdur. İki-üç
kursda nəticə əldə olunmursa, biz həmin xəstələri
reproduktoloqlora yönəltməliyik ki, süni mayalanma
prosesləri başlanılsın”.
Mama-ginekoloq
vurğuladı ki, qadınlarda anti-müller hormonu mütləq
yoxlanılmalıdır: “Süni mayalanma yaxud təbii yolla hamilə
qalmağa çalışmalarına baxmayaraq bu hormon mütləq
yoxlanılmalıdır. Bu ovarian rezervin göstəricisidir.
Yəni həmin yumurtalığın və yumurta
hüceyrənin imkanlarının rezervi
hamilə qalmaq üçün
nə qədər şans olduğunu
göstərir. Bəzi hallarda elə olur ki, müalicəyə tabe
olmayacaq dərəcədə çox kiçik şans olur. Burda qadının yaş faktoru, alkoqoldan istifadə
etməsi, siqaret çəkməsi var. Hər hansı ciddi infeksion xəstəliyin anti-müllerian
hormonu çox
aşağı səviyyədədir. Belə olan
halda süni mayalanma ilə məşğul olan reproduktoloqlar üçün belə qadınlara donor yumurta hüceyrəsi
təklif edirlər. Başqa bir qadından donor yumurta hüceyrəsi götürülüb,
mayalandırılıb həmin qadının bətninə transfer olunur. Bunlar da süni
mayalanmaya müraciət edən
qadınların sayının artmasına səbəb olur”.
V.
Hüseynzadə deyir ki, iki il əvvəl olan məlumata
görə hər il ölkədə təxminən minə
yaxın qadın sonsuzluq münasibəti ilə süni
mayalanma mərkəzlərinə müraciət edirdilər:
“Ümumiyyətlə, Azərbaycanda 2004-cü ildən etibarən
süni mayalanmaya başlanılıb. Dünyada
artıq 2 milyondan çox
insan süni mayalanma ilə doğulub.
Əslində bunun pis
tərəfi yoxdur. Onu
da deyim ki, ucqar bölgələrdən
gələn pasientlərin içində maarifləndirmə çox zəifdir, məlumatsızlıq və
informasiya kasadlığı var. Hətta, bunu süni uşaq hesab edənlər də, yox
mən qətiyyən süni mayalanma istəmirəm deyənlər də var. Burda isə əsas məqsəd
ondan ibarətdir ki,
ailə uşaqsız qalmasın”.
V. Hüseynzadənin
sözlərinə görə, süni mayalanma zamanı hamiləliyin
aparılması taktikasının bir sıra xüsusiyyətlər
var: “Burada daha ciddi nəzarət olmalıdır. Bu hamiləlik üçün
bir tərəfdən ciddi
maliyyə xərcləri çəkilir, digər tərəfdən
isə hormonal müalicələri çox alırlar. Bilinir ki, bunlar asanlıqla hamilə
qalmayan qadınlardır. Ona
görə onlarda tez-tez
uşaq salmalar
müşahidə olunur. Bəzən elə
olur ki, stasionar şəraitdə yatmaqla
onların hamiləliyini mümkün qədər
gətirib vaxtında doğulmuş səviyyəsinə,
yəni 37-ci həftəsinə çıxarmağa
çalışırıq”.
V.Hüseynzadə
sonda onu məsləhət gördü ki, qadınlar
arasında yaranmış sonsuzluğun qarşısını
almaq üçün yaxşı olar ki, qız anaları evlənməmişdən
əvvəl, hətta həddi-buluq yaşına
çatdıqda övladlarını müayinə etdirsinlər:
“Hər hansı problem varsa məlumatları olsun və vaxtında müalicə
etdirsinlər. Elə xəstəliklər var ki, yenicə
başlayırsa konservativ müalicə və
bir neçə antibiotik
təyin etməklə onun
qarşısını almaq mümkündür. Nəinki o
hər hansı ciddi bir
fəsad verdikdən sonra... Bunlar olmasın deyə vaxtında müayinə
və həkimə müraciət olunmalıdır”.
Mama-ginekoloq deyir ki, sonsuzluğun bir növü də var ki insanlar bu haqda çox az məlumata malikdirlər: “Bu, vərəm mənşəli sonsuzluq adlanır. İndi bilmirəm, amma əvvəllər məktəblərdə uşaqları yoxlatdırırdılar. Onların vərəm keçirib-keçirmədiyini bilmək üçün mantular aparılırdı. Bu vərəm mənşəli sonsuzluqlar da olur. Genital vərəmlər sonsuzluğa səbəb olur, bəzən boruların vərəmi olur, bəzən isə tam simptomsuz gedir. Biz bir neçə dəfə məktəblərdə yoxlamalar aparmışıq və bunun şahidi olmuşuq. Ona görə də analar mütləq şəkildə məktəbin son siniflərindən qızlarını müayinə etdirməlidirlər”.
Könül Oruc
Üç nöqtə.- 2018.- 10
oktyabr.- S.14.