Nizami Cəfərov:
Varisin "Sonuncu mogikan"ı
Azərbaycan
yazıçısı Varis Yolçuyev, deyəsən,
yavaş-yavaş dünyanı fəth etməyə
başlayır. Və bu, bir istedad (və işıq!)
fütuhatıdır ki, vaxtilə onun dahi babalarına da qismət
olmuşdu... Dədə Qorqud, Nizami, Nəsimi, Füzuli... Hansı
biri "son mogikan" deyildi?..Ancaq hər dövrün, gəlin
razılaşaq ki, özünün "son mogikan"ı var.
Və onu da qəbul edək ki, mogikanlığın nə əvvəli
olur, nə də ortası... Di gəl ki, nə qədər
paradoksal olsa da, həyat hər dəfə bu "son
mogikan"dan başlayır...Varisin "Sonuncu mogikan"ı
həm ideya- məzmunu, həm də ekzistensial təəssüratı
ilə bir-birinin davamı olan iki epiqrafla başlayır;
birincisi odur ki, "həyatınızın hansısa bir
guşəsində hər hansı bir hadisəylə, hər
hansı bir insanla rastlaşmağınız yalnız ona
görə baş verir ki, siz əvvəlcədən orada
onların rəsmlərini çəkmisiniz. Onlarla nə etmək
istəyirsiniz - bu artıq sizin sonrakı seçiminizdir"
(Riçard Bax); ikincisi isə "dünyanı xilas etməyə
başlamaq üçün öncə bir-bir insanları xilas
etmək lazımdır" (Çarlz Bukovski) mülahizəsindən
ibarətdir. Və hər iki epiqrafda deyilənlər, əslində,
həyatın mənasını dərk etmək
baxımından nə qədər maraqlı görünsə
də, elə həmin həyatın özünə tətbiq
etmək nöqteyi-nəzərindən tamamilə mücərrəd,
hətta demək olar ki, gəlişigözəl səslənir...
Ancaq kim zəmanət verə bilər ki, bu dünyanın
özünün "zat"ında da belə bir mücərrədlik
və ya gəlişigözəllik yoxdur?Varis hekayədə
çox zaman qəribə bir laqeydliklə "həyat"
adlandırdığımız, bəsit olduğu qədər
də çoxşaxəli hadisələr bolluğunda elə
məqamları seçib bir-birinə hörür ki, mücərrədlik
(və gəlişigözəllik!) içərisində qəhrəmanını
yalnız uydurmasın, eyni zamanda oxucunu inandırsın ki, onu
yazıçı yox, həyatın özü uydurub. Və
"insanlar ya qocalıb ölürlər, ya da xəstəlikdən,
bədbəxt hadisələrdən. Amma o, yorulub öləcək"...
Niyə?.. Çünki "həyat"
adlandırdığımız bəsit olduğu qədər
də çoxşaxəli hadisələr bolluğu nəzarətdən
çıxanda, doğrudan da, adamı yorur... Hekayənin qəhrəmanı
- əyalət şəhərlərindən birindəki
universitetin tələbəsi hara gedirsə, qırmızı
cildli kitabı özü ilə aparır. Amerika
hindu-mogikanlarının tarixindən bəhs edən bu kitabda
yazılanlarla hekayənin qəhrəmanının tərcümeyi-halı
(və taleyi!) arasında nə isə elə bir əlaqə
var ki, tələbə (əslində, onun tələbəliyi
də hər cəhətdən şərtidir: təhsil
almalı olduğu universitet xırda məişət
maraqları içərisində öz
varlığını çoxdan itirib) təhtəlşüur
şəkildə hiss edir ki, o da sonuncu mogikanlardandır... Həyat
bütün vulqar, hərcayı, bayağı hökmləri
ilə onun üzərinə yeriyir: evində kirayə
qaldığı qadın canını boğazına
yığıb; kənddəki ailəsi becərdikləri
tütünü sata bilmir ki, ona xərclik göndərsinlər;
tələbə yoldaşları oxumaq əvəzinə
yüz oyundan çıxırlar; televiziyanın "Səhər
proqramı"ndakı əttökən söhbətlər də
bir tərəfdən ovqatını təlx edir... O ki
qaldı tələbə yoldaşı Zivərin günbəgün
artan "məhəbbət"inə, heç dözüləsi
iş deyil... Həyat bundan ibarətdirsə, adam yorular da,
ölər də...
"Akvariumda
balıq, dibçəkdə gül, qəfəsdə
quş. Bir də həbsxanada insan...
Bayaq
yarımçıq qalmış fikrini tamamlamağa can
atdı.
Sənin
hərəkətliliyin akvariumun, dibçəyin, qəfəsin,
kameranın ölçüləri həddindədir. Hərəkətsizliyin
isə çəmənlər, səmalar, ümmanlar və
ucsuz-bucaqsız torpaqlar qədərdir...
Düşüncələrini
yazmamaq fikrində hələ ki qəti idi. Haçansa bu fikri
korrektə etməyəcəyinə əmin deyildi həm də".
Varisin qəhrəmanı
özünəməxsus bir "lakmus
kağızı"dır. Hadisələrin mənəvi-əxlaqi
mahiyyəti ilə rənglənir, spektrləşir, ancaq yenidən
öz təbii halına qayıdır ki, növbəti
reaksiyanı əks etdirsin. Lakin günümüzün sonuncu
mogikanı elə də passiv deyil, onu müşayiət edən
ən müxtəlif sıxıntılara nəinki yetərincə
müqavimət göstərir, bəzən həddini
aşmağı da bacarır. Uşaq yaşlarından belədir...
Atasının bağladığı arxın
qarşısını açmışdı ki, qonşuya da
su getsin. Qırxılmış başına qapaz dəyəndə
isə qiyam qaldıraraq qaçıb qaraçılara
qoşulmuşdu...
Və
indi də köhnə xasiyyətindən əl çəkmir...
"Ağır
deyil sizə burda işləmək?", - deyə soruşdu.
Satıcı təəccübündən
şaşırıb "Niyə ki" sualını verəndə
əllərini geniş açıb dükan dolu
gül-çiçəyə işarə elədi:
- Gövdəsindən
zorla ayrılan bu qədər çiçəyin ah-naləsi
arasında duruş gətirdiyiniz üçün.
Satıcı
sualı bir dəfə də təkrarladıb əvvəlkindən
də artıq təəccüblənmiş halda cavab
tuşladı:
-
Qaqaş, çiçək üçün yəni fərqi
var ki, gövdəsi olsun, yaxud güldan? Onsuz da solacaq da.
Dedi, yox,
yanılırsız. Fərqi var, özü də çox
böyük fərqi var ki, canını evində,
doğmalarının arasında tapşırasan, yaxud evindən
kənarda, yadların əhatəsində".
Zahirən
mənasız höcətləşmədir, ancaq məsələnin
mahiyyətinə (xüsusilə, o mahiyyətə ki, bununla ədəbiyyat
məşğul olur) varanda görürsən ki,
günümüzün sonuncu mogikanı haradasa
haqlıdır. Ən azı ona görə ki, həm
mogikandır, həm də sonuncudur.
Məşhur
müğənniyə zəng edib onu Ahıllar evində
pulsuz konsert verməyə dəvət eləyir... Doğrudur,
artıq-əskik sözlər də eşidir, ancaq nə edəsən,
dünyadı...
Varis
"məzmun"dan "forma"ya, "forma"dan "məzmun"a
ustalıqla, peşəkar stilist-üslubçu məharəti
ilə keçir...
"Bütün
avtovağzallar öz aralarında, dəmiryolu vağzalları
öz aralarında, liman və aeroportlar da eləcə öz
aralarında məktublaşırlar. Avtobus bir
avtovağzalın digərinə, qatar bir dəmiryolu
vağzalının digərinə, gəmi bir limanın, təyyarə
isə bir aeroportun digərinə göndərdiyi məktublardır.
Sərnişinlər isə bu məktubların məzmunudur..."
Hekayənin
(və onun qəhrəmanının) yaddaşında otuzuncu
illərin hadisələri də var...
"Qələmlə
yazmasa da yaddaşla yazırdı, üst-üstə
qalaqlayırdı cildləri. İçində
toplaşmış sevinc və fərəhlərdən
ara-sıra sevinirdi, fərəhlənirdi, amma daha çox
iniltiləri, ah-ufları sezirdi, damcılayan göz
yaşlarına diksinirdi.
Adi
boş kağızlarla məna kəsb edən yazılı
kağızlar eyni cür yanmırlarmış, əmin idi;
birincilər dərhal alovlanıb çırtıltıyla yanır,
bir göz qırpımında kül olurlarmış.
İkincilər isə uzun-uzadı: hərfbəhərf,
cümləbəcümlə, fikirbəfikir
yanırlarmış. Heç külləri də ələ
gəlmirmiş..."
Otuzuncu
illərin insan-düşüncə faciələrinə bu
mövqedən də təhlil vermək olarmı? Məncə,
çox mümkündür... Və hətta mənalıdır.
Varisin gənc
qəhrəmanı könlünü açmaq, gözəl
Fraydanın rəqsinə baxmaq üçün sirk
tamaşasına gedir...
"Aman
Allah, bu qədər incəlik, elastiklik, ahəngdarlıq və
bunlardan doğan bu qədər sehrkar gözəllikmi
olardı? Fraydanın hər bir hərəkətinə, jestinə,
mimikasına acgözlüklə tamaşa edirdi".
Ancaq bu da
uzun çəkmir...
"Qırmanclı
atlı çıxışa başlayanda səsgücləndiricili
mərdimazarlar yenidən, özü də daha inamla, özlərinə
güvənlə arenada peyda oldular, qanını bir daha
qaraltdılar, Kələntərli ilə görüşdə
iştirak edən hər bir kəsə həm Kələntərlinin
nəfis tərtib olunmuş fəaliyyət proqramı, həm
də əlli manat məbləğində əskinas hədiyyə
olunacağı xəbərini qapqara ləkə kimi bu al-əlvan
gözəlliyə pərçim elədilər. Bir anda zalda
uğultu qopdu, onu gördü ki, adamlar durub
çıxışa doğru getməyə başlayır. Səsgücləndiricinin
"Tələsin, yerlər məhduddur!" elanı
eşidildikdə isə giriş qapısı önündə
əsl tünlük yarandı"...
Müəllif
"dərin"ə getmir, daha doğrusu, təfsilata
varmır, ancaq onun nə dediyini anlamaq üçün bir-iki
ştrix də kifayət eləyir. Çünki bizim bir
sıra qələm adamlarından fərqli olaraq Varis oxucusunun
həssaslığına, bu dünyanın, bu cəmiyyətin
üzvi tərkib hissəsi olmasına inanır. Və hətta
oxucusu ilə polemikaya girməkdən, səmimi həmsöhbət
olmaqdan da çəkinmir.
...Arena
boşalır. Bir o qalır, bir də "kağız pula
allergiyası olan" Cumalı kişi. Tamaşa isə davam
edir... Sən demə, bu Cumalı kişi də az aşın
duzu deyilmiş... Arenanı tərk etməmiş
tamaşaçılara bağışlanan büllur vazanı
ələ keçirməsi bir yana, "şərik"ini təhqir
də edir... Özü də həyasızlıqla...
"Kərpicsifət
xanım Qodyavir Mixalıça söz verərkən televizor
azacıq xırıldadı, görüntü itdi, dərhal
da hər şey düzəldi. Qodyavir Mixalıç
dünyanı, doğrudan da, mədəniyyətin xilas edəcəyini
söyləyib bu şüara sübut olaraq dünənki
"çp" zamanı (aparıcının him-cimlərinə
məhəl qoymayaraq o, "çp"-nin mahiyyətini
açıqladı) pul dalınca qaçmayan, arenada
Cumalı kişi ilə birgə qalan gənc bir oğlanın
da mövcudluğunu bildirəndə hiss etdi, içinə hədsiz
sevinc dolur, kövrəldi, gözləri yaşardı. Di gəl,
Cumali kişi kobud tərzdə mikrofonu qaparaq söylədiyi
sözlərlə dünyanı tam zülmətə qərq
etdi:
- O gənc
mənimlə yanaşı oturmuşdu. Onun əlli manatın
dalınca getməməsi mədəniyyətə sevgisi səbəbindən
deyildi. Özü mənə etiraf etdi ki, sadəcə,
kağız pula allergiyası var, toxunanda bütün bədəni
qaşınır, köppə-köppə səpir...
Bu dəfə
qanadlarını üz-gözünə çırpan
quşcuğazı necə də canlı hiss etdi..."
Bu
quşcuğaz, nə az, nə çox, ölüm mələyi
imiş...
Və bu
da mogikanlardan bəhs edən qırmızı cildli kitabın
sonu:
"...Amma
müharibəni qalibiyyətlə bitirib ABŞ-ın müstəqilliyini
elan edən hökumət mogikanların şücaətini
qiymətləndirmək əvəzinə onların
torpaqlarında zorən öz ağdərili vətəndaşlarını
yerləşdirdi. Get-gedə sıxışdırılan
sonuncu mogikanlar məyus halda Viskonsin ştatında irokezlərin
verdiyi sığınacağa üz tutdular. Orda da yerli
tayfaların içində əriyərək yox oldular..."
...Kitabın
postskriptumunu professorgilə gedərkən avtobusda oxuya bildi:
"... The
Last of the Mohicans - Sonuncu mogikan hazırda hansısa sosial qrupun
son nümayəndəsinə, öz dövrünü başa
çatdırmış hansısa insan fəaliyyətinin,
hansısa ideyanın, köhnəlmiş qaydaların tərəfdarına
deyilir..."
Sən
demə, televiziya (cəmiyyət) heç də həmişə
yalan danışmır. Yeniyetmə bir oğlanın on beş
manatlıq mobil telefon arzusu həqiqət imiş. Və bu
arzusunu yeniyetmənin ürəyində qoymaq insafdan
deyilmiş...
"Tələsmək
lazım idi, birdən, Bazar meydanında köhnə-külüş
alıb-satan alverçi köşkünü bağlayıb
gedərdi. Ona saatını on beş manata təklif etmək qərarına
gəlmişdi".
Əlbəttə,
belə-belə şeylər bir son mogikanın ağlına gələ
bilər, bir də Don Kixotun... Nə Don Kixot, nə də
sonuncu mogikan ağlına sığışdıra bilməz
ki, nə vaxtsa bu dünyanın gözəlliyi azala, xeyirxahlığı
tükənə, son işığı sönə bilər...
"Professor
nəsə danışırdı, fikrini cəmləyəndə
nə dediyindən agah oldu. Deyirdi, dədə-babalar illərdir
bizlərçün işıq, istilik rəmzi olaraq
şamlar yandırıb qoyublar, amma indi hərə həmin
şamların birini söndürməkdədir. Gün gələcək,
ən son şamı da söndürəcəklər,
işıqsız, istiliksiz qalacağıq. Və sual edəndə
ki, bundan qorxmursan, gözünü saatından ayırıb
udqunaraq "yox" - dedi.
Professor dərin
heyrət içində sualını təkrarladı:
- Necə?!
Sən ən son şamı söndürmələrindən,
işıqsız, istiliksiz qalacağımızdan qorxmursan?!
Eyni qətiyyətlə
yenidən "yox" - dedi.
- Niyə?!
-
Çünki günəşi ki söndürə bilməyəcəklər?!"
Hər
iki qəhrəman haqlıdır: Don Kixot da, sonuncu mogikan da...
Və
Varisin "Son mogikan" hekayəsində bir romana bəs edəcək
qədər bol ümid işığı var.
Görünür, yazıçını şöhrətləndirən
də məhz bu işıq (və istedad!)dır...
Üç
nöqtə.- 2018.- 19 oktyabr.- S.12.