Elşən
Zeynallı: “Azərbaycanda çəkilən serialların 97
faizi çox bərbad haldadır”
“Mən əsasən kinorejissoram. Nə
vaxt ki film çəkə bilmirəm, dörd
divarımıza (teatrı nəzərdə tutur) müraciət
edirəm. Yəni maliyyə
çatışmazlığı olan zaman çətinliklər
yaranır. Belə olan halda isə teatrımızın
dörd divarı arasında özümüzü ifadə etməyə
çalışırıq. Yaradıcı insanam, dəftər-qələmimi
əlimdən alsalar, içimdəki təlatümü ifadə
etmək üçün başqa bir vasitə tapacağam,
daşla divara çəkəcəyəm”. Deyir ki, teatr da
yaradıcılığı üçün bir vasitədir.
Onun barəsində deyirlər ki, kino və teatr sahəsində, yaşıdları arasında yeganə
adamdır ki, bu iş onda alınır və
tamaşaçılar tərəfindən də bəyənilir.
Müsahibimiz “Üç nöqtə”nin qonağı rejissor,
ssenarist Elşən Zeynallıdır.
- Təzə kino çəkirsiniz,
vəziyyət necədir?
- Vəziyyət yaxşıdır,
həm də çox yaxşı. Lakin sonra necə
olacağı bilinmir (Gülür).
- Ötən mövsümün sonu
“Bakı Uşaq Teatrında “Kimdir müqəssir?”
tamaşasını səhnələşdirdiniz. Ancaq bu birmənalı
qarşılanmadı...
- Mənim üçün birmənalı
qarşılandı. Mətbuatda bir nəfər o haqda mənfi
yazı yazmışdı. Daha sonra həmin adamla
görüşdük. O dedi ki, bir nəfər dostunun
xahişi ilə bu yazını yazıb. Burda qeyri-peşəkar
adamlar fikirlər söyləmişdilər. Lakin peşəkar
teatrşünasların yazdığı yazılar
hamısı müsbət istiqamətdə və daha uyğun
idi. Yəni orda hər şey göstərilirdi.
- Planda başqa tamaşalar varmı?
- Bəli, yeni tamaşanın
quruluşuna hazırlaşırıq. Böyük bir
proyektdir, “Şah Abbas” haqqında tarixi bir tamaşadır.
Ölkənin ən böyük teatrlarından birində həyata
keçiriləcəyi planlaşdırılır.
- “Təhminə və Zaur” kimi
köhnə filmlərimizin seriala köçürülməsini
necə qiymətləndirirsiniz? Necə
düşünürsünüz, bu həmin filmlərin
hesabına qazanılan reytinqdirmi?
- Bu maraqsız bir şeydir. Hər
bir cəmiyyətdə olduğu kimi pis və anormal hallar olub,
olacaq da...
- Siz həm teatr, həm də kino rejissorusunuz,
bunların hər ikisi arasında bir ortaq nöqtə tutmaq
çətin deyil ki?
- Çox gözəl sualdır.
Xeyr, mən əsasən kinorejissoram. Nə vaxt ki film çəkə
bilmirəm, dörd divarımıza (teatrı nəzərdə
tutur) müraciət edirəm. Yəni maliyyə
çatışmazlığı olanda bir sıra çətinliklər
yaranır. Belə halda isə teatrımızın dörd
divarı arasında özümüzü ifadə etməyə
çalışırıq. Yaradıcı insanam, dəftər-qələmimi
əlimdən alsalar, içimdəki təlatümü ifadə
etmək üçün başqa bir vasitə tapacağam,
daşla divara çəkəcəyəm. Teatr da
yaradıcılığım üçün bir vasitədir.
Mən teatr rejissoru deyiləm, ancaq bu iki sahə çox ciddi
və fərqli estetik peşələrdir. Mənə deyirlər
ki, kino və teatr sahəsində, yaşıdlarınız, əhatəniz
arasında yeganə adamsınız ki, bu iş sizdə
alınır və tamaşaçılar tərəfindən
bəyənilir.
- Sizcə niyə serialları adətən
gənclər çəkir?
- Mən
deməzdim ki, gənclər çəkir. Deyərdim ki,
serialları qeyri-peşəkarlar çəkir. Bu bilirsiniz nəyə
bənzəyir? Təsəvvür edin ki, plovu çox dərin
və uzun boğazı dar bir qaba töküb bir nəfərə
veririk ki, yesin. Hansı ki bu qaba nə qaşıq, nə də
çəngəl girmir. Bunu necə yemək, necə qəbul
etmək olar? Qəbul olunmuş qayda var ki, plovu geniş
boşqabda yeyərlər. Qeyri-peşəkar adamlar da elədir,
onlar üçün fərqi yoxdur, tərəkəməni
toyda oynasın, yaxud yasda. Onlar bunun fərqində ola bilmirlər.
Peşəkar adamlar isə hər bir şəraitə
uyğun öz sənətlərinə hörmət etdiklərinə
görə, bir çox şeylərə
razılaşmırlar. Hansı ki, həmin məsələlər
həqiqətən də razılaşmalı məsələlər
olmur.
- Bizdəki serialların mövzuları
adətən xaricilərdən, türklərdən
götürülüb çəkilir. Bu barədə nə
deyə bilərsiniz?
- Azərbaycanda çəkilən
serialların 97 faizi çox bərbad haldadır.
Çünki işə dəxlisi olmayan adamlar bu işlə
məşğul olurlar. Birincisi bu janrın ilkin dövrünə
aid olan ssenari dövründə dünyada və ədəbi
ssenari növündə qəbul olunmuş qanunlara riayət
olunmur. İkincisi, onun istehsal dövründə serialları
konver formasında istehsal edirlər. Bunlar da əsasən
qeyri-peşəkarlar tərəfindən həyata
keçirilir. Eşitdiyimə görə, Azərbaycanda
bir-iki serial var ki, tamaşaçılar tərəfindən
çox yüksək qiymətləndirilmiş və
marağa səbəb olmuşdu. Özüm baxmamışam,
amma təəssürata görə “Vicdan haqqı”, “Ata
ocağı” serialları tamaşaçıların rəğbətini
qazanmışdı.
- Bəs bu gün adi bir ssenarini
yaxşı çəkib ortalığa çıxara bilməyənlər,
tarixi mövzularda işləsələr necə?
- Bizdə bu məsələləri
tənzimləyən qanun yoxdur. Amma mən deyərdim ki, bu bir
cinayət olar. Buna görə həmin şəxsləri məsuliyyətə
cəlb etmək lazımdır. Azərbaycan tarixi bu dövlətin,
millətin dünənidir, bu günüdür,
sabahıdır. Bunlar çox həssas məsələlərdir.
Mənə elə gəlir ki, bu işlərlə
bağlı həm ictmai qınaq olmalı, həm də
dövlət strukturları, Mədəniyyət Nazirliyi, Milli
Televiziya və Radio şurasında oturan məsul şəxslər
diqqət göstərməlidir.
- Elşən bəy rejissor olaraq
seriallarımızdan hansıları sınaq və yaxud da
maraq üçün izləyib?
- Tam səmimi deyim ki, izləməmişəm.
Birinisi, vaxt edə bilmirəm, çox məşğul oluram.
Vaxtım olanda ölkəmizin teatrlarında zövqümü
oxşayan, gözəl, mənə təsir edən,
yaşımın bu çağında məni
düşündürmək qabiliyyətində olan
tamaşalara baxıram. Yaxud povest, roman, hekayələr
oxuyuram. Ancaq çoxseriyalı bədii televiziya filmlərinə
baxıram. Bunlara qarşı çox ciddi yanaşıram.
Davamlı olaraq izləmirəm, lakin rastıma çıxanda
marağımı çəkir, baxıram. Azərbaycanda hələ
diqqətimi çəkən elə serial olmayıb ki, ona
baxam. “Vicdan haqqı” serialının ikinci sezonunda həmin
ssenari qrupunda çalışmışam. Filmin ssenari
yazılışında iştirak etmişəm. Səmimi
olaraq deyim ki, o seriala belə baxmağa vaxt tapmırdım.
Serialın müzakirəsi gedəndə həmişə məni
üzrlü sayırdılar. Bilirdilər ki, vaxt edib baxa bilməmişəm.
Həm də gərək insanın maraq dairəsinə
uyğun, diqqətini çəkən nəsə olsun.
- Elşən Zeynallı bir rejissor
olaraq seriallarımızda nələri görmək istəyir?
- Fikrimcə, seriallarımızda
birinci olaraq mənəviyyat məsələsininin olmasına
çox ehtiyac var. Milli ruh, xalqımızın
etnoqrafiyası, dövlətçilik tariximizlə
bağlı olan məsələləri görmək istəyirəm.
Türkiyənin adını çəkirəm, bizə ruh və
dövlət olaraq daha yaxındır. Niyə bizdə
Türkiyənin “Diriliş: Ertuğrul” kimi serialı
olmasın? Niyə bizdə dövlətin tarixi ilə
bağlı seriallar olmasın? Niyə biz Şah
İsmayıl Xətaidən, Şah Abbasdan, Atabəylər və
Şirvanşahlar dövlətinin tarixindən 50 seriyalıq
bir televiziya filmi görməyək? Niyə biz Mikayıl
Müşfiqin həyatından bəhs edən bir film ərsəyə
gətirməyək? Ruslar Sergeydən 16-17 seriyalıq bədii
televiziya filmi çəkdi. Bütün Rusiya ictimaiyyəti
çalxalanmışdı, sanki bu mövzu ilə
yaşayırdılar. Bizdə isə nə qədər eyni
şeylərə baxmaq olar axı? Məmməd Səkinəni
sevib atdı, Rauf gəlib onu qaçırtdı, qız
Türkiyədə, yaxud Dubayda gizləndi və s. bu cür
primitiv seriallar var. Mən seriallara baxmıram, sadəcə evdə
oturanda ailə üzvləri baxan zaman yarım, yaxud bir
seriyasına baxmışam. Həmin serialın birinci
seriyasında demişəm ki, bunun ən azından ictimai fikir
yükü var. Çox heyf ki, Azərbaycan mədəniyyətinə
yaraşmayan, tamaşaçısının
zövqünü zorlayan seriallar efirlərdədir.
Könül
Oruc
Üç
nöqtə.- 2018.- 26 oktyabr.- S.12.