Kaş bu gediş belə olmayaydı...
Getdi. Gec-tez, hamımızın gedəcəyi
yerə əbədi köçdü. Amma... Amma gərək bu gediş belə olmayaydı...
Neyləyəsən
ki, yazılan yazıları pozmağa, pozub təzədən yazmağa Allah bəndəsinin imkanı yetmir. Təkcə alın yazısına yox, bəzən bilərəkdən, ya bilməyərəkdən, öz
əlimizlə özümüzə
yazdığımız yazını
da silməkdə, dəyişməkdə gücsüzük...
Zərnigar xanım
səhnəyə bir qədər gec gəlmişdi. 27-28 yaşında.
Əslində bizim anladığımız klassik
teatr bərqərar olandan bu sirli
aləmin yazılmamış
qaydası var: aktrisa, aktyor 30-35 yaşınadək özünü
tanıdıb səs salan rolunu oynamadısa,
sonra şöhrət
zirvəsini fəth etmək çətin olur. Yaxşı ki, istisnalar var imiş. Nə yaxşı ki, 1974-cü ildə Akademik Milli Dram Teatrında
ştata qəbul olunan Zərnigar Ağakişiyevanın özünü
aktrisa kimi təsdiq edib tanıtması, sevdirməsi
üçün zamanı
keçməyibmiş...
Teatrda Cəfər
Cabbarlının “Sevil”ində
Dilbər, Mirzə İbrahimovun “Közərən
ocaqlar”ında Maral, Səməd Vurğunun “Vaqif”ində Xuraman obrazları, televiziyada İlyas Əfəndiyevin
“Atayevlər ailəsi”ndə
Dilşad xanım, Anarın “Ötən ilin son gecəsi”ndə
Həmidə, Karlo Qoldoninin “Mehmanxana sahibəsi”ndə Mirandolina,
“Dantenin yubileyi” bədii televiziya filmində Həcər surətləri Zərnigar
Ağakişiyevanı bir
neçə ilin içində xalqın sevimli aktrisasına çevirdi. Bu, orta və daha
yaşlı qadın rolları Zərnigarı tanıdanda aktrisanın hələ 35 yaşı olmamışdı...
Sadəcə,
tale elə gətirdi ki, Zərnigar tamaşaçıların
gözü qarşısında
böyümədi. Yəni, bütün
aktrisalar kimi əvvəlcə yeniyetmə
qızları, dünya
dramaturgiyasının şah
əsərlərində eşqdən
başını itirən
gənc xanımları
səhnədə canlandırmadı.
Bəlkə o dövrün
gənc aktrisaları da, hələ cavan qız rolları oynamaqda israrlı olan yaşıd aktrisalar da rahat idilər ki, iri ala gözlərinin
canalan baxışları
ilə tərəfdaşlarını
da, tamaşaçıları
da tərk-silah etməyə qabil, gözəl səsli, boy-buxunu, plastikası ilə səhnəni tam dolduran Zərnigar
onlara rəqib deyil. Yəni əslində rol bölgüsü aparan rejissorlar Zərnigarı onlara rəqib görmədilər. Amma özündən
qat-qat yaşlı qadın rolları yaradacaq Zərnigar səhnəyə o vaxt çıxdı ki, bu teatrın, belə deyək ki, böyük yaş qrupuna daxil görkəmli aktrisaları - Hökumə
Qurbanova, Leyla Bədirbəyli, Nəcibə
Məlikova, Ətayə
Əliyeva kimi görkəmli sənətkarları
səhnədə
idilər və teatrın
repertuarındakı bütün
sanballı qadın obrazları da onların idi. Əslində Zərnigar xanım heç bir müsahibəsində,
ya da dəfələrlə
etdiyimiz söhbətlərin
efirə, mətbuata getməyən bölümlərində
bu barədə heç nə deməyib...
* * *
Allah ona
təkcə teatral aktrisaya gərək olan istedad verməmişdi.
Gözəl əl qabiliyyəti
də var idi. İlk təhsilini
aldığı Bakı
Kooperativ Texnikumundan sonra Moskvada ticarət reklamı üzrə ikiillik xüsusi kurs keçmişdi. Kompüter qrafikası
nədir, heç kompüterin özünün
olmadığı zamanlarda
belə kurslarda təhsil almaq üçün ən azı, yüngülvarı
rəsmxət və rəssamlıq bacarığın
olmalıydı. Bu bacarıq
da var idi! Kim bilir, dizayner, qrafist peşələri heç olmasa, on-on beş il
əvvəl qiymətə
minsəydi, bəlkə
də Zərnigar xanım nə vaxtsa öyrəndiyi bilikləri təzələyər,
özünü bu işdə sınayardı.
Tanrı ona gözəl
səs də vermişdi. Özü də bizim iqlim üçün nadir
olan metso-soprano səsi. Hələ uşaq ikən
Zərnigar xanımın
ona həsr olunmuş televiziya verilişində Jorj Bizenin “Karmen” operasından parçanı
qrimdə və səhnə geyimində necə oxuduğu da yadımdadır, həmin ifanın təəssüratı
da. Deməzdim ki, o, opera səhnəsinə
gəlsəydi, ən
gözəl Karmenlərdən
olardı. İllər sonra
həmin səsin diapazonu barədə qəti fikir söyləmək çətindir.
Amma bunu dəqiq bilirəm ki, Zərnigar xanım canı ilə bağlandığı teatra
bəslədiyi sevginin
heç olmasa, üçdəbirini musiqiyə
yönəltsəydi, bir
kamera müğənnisi
kimi romans və mahnılardan, ariyalardan ibarət konsert proqramı ilə öz dinləyicisini mütləq tapardı.
“Ordan-burdan” teletamaşasının lent yazısını
tapıb tamaşa edin və Salman bəyin bacısı Pərinin qız bəyənməyə gəldiyi
epizodda Firuzə xanımın oxuduğu mahnını dinləyin. Həmin mahnını Zərnigar xanım özü ifa edib.
* * *
Zərnigar xanımın sənət taleyinə yazılan iki obraz var ki,
onları başqa kiminsə həmin təsir gücündə
yaradacağına adamın
inanmağı gəlmir...
“Kökdən düşmüş piano” televiziya
tamaşasında Qayınana,
bir də “Təhminə” filmində Zaurun anası Zivər. Bu obrazları
həm xarakter, həm sənətkarlıq
baxımından uzun-uzun
təsvir etmək də olar. Məncə,
bu obrazların incələnməsi aktyor
olmağı arzulayanlar
üçün əsl
müntəxəbatdır. Bizə isə yalnız buna sevinmək qalır ki, nə yaxşı, bunlar lentə alınıb. Biz də Zərnigar xanımın bütün
hislərini öz üz cizgilərinə köçürmək, baxışları
ilə ifadə etmək bacarığına
illərlə şahidlik
edəcəyik.
* * *
Onunla iş başında son görüşüm 2006-cı ildə oldu. Şəkər onun həyatını
zəhərə döndərmişdi
deyə, teatrdan uzaqlaşmışdı, filmlərə
də çəkilmirdi.
İctimai Radionun “Antrakt” teatr proqramına onu dəvət edəndə bir az duruxdu: “Qızım, xəstəyəm. Səhərlər
evdən çıxmaq
mənim üçün
çətin olur... Deyirsən ki, canlı verilişdir, hə?”. Onu sakitləşdirdim
ki, proqram saat 15.30-da efirə çıxır, elə dördə işləmiş
studiyaya gəlsə, kifayətdir. Gəldi. Qarşıladıq. İllərin əzizi kimi
görüşdük. Canlı efir studiyasına keçib yerimizi rahatladıq və başladıq...
O zaman gərək ki, proqram redaksiyasında çalışan gənc
həmkarım Müşfiq
işlə bağlı
hansısa məsələni
həll etmək üçün efir operatorunun yanına gəldi. Oğlan başını çevirib iri pəncərədən Zərnigar
xanımı görəndə
yerində donub qaldı. Növbəti musiqi fasiləsində
dözməyib yanımıza
keçdi. Zərnigar xanımın
əlindən öpüb
ona öz tamaşaçı heyranlığını
bildirdi. Onun gözlərindəki məhəbbəti,
üzündəki xoşbəxtliyi
görmək lazım
idi... Artıq səhnədən uzaqlaşmış,
amma özü demişkən, cəmiyyət
arasına hər çıxanda tanındığından
məmnun qalan Zərnigar xanımın onu ilk dəfə yaxından görən gənc pərəstişkarının
sevgi izharından gənc aktrisa kimi utandığını,
yanaqlarının allandığını
da görmək lazım
idi...
Mən də Zərnigar xanımdan, Müşfiqdən
heç də az xoşbəxt
deyildim həmin məqamda. Bilirdim ki, neçə-neçə
insan üçün
Zərnigar xanımla yaratdığım bu görüş fürsətinə
görə, artıq kölgəyə çəkilmiş,
ömrünün sonuna
kimi tənha qadın rolunu oynamağı seçmiş
insanın həyatına
bir xoş çalar qatdığıma
görə savab qazandım.
Onu son dəfə, deyəsən,
keçən il Teatr Xadimləri İttifaqında
keçirilən bir tədbirdə gördüm.
Bəmbəyaz saçlarının əhatələdiyi gözəl
üzü də, ala gözlərinin parıltısı da əvvəlki
deyildi. Yaşdan çox, xroniki
xəstəlik öz diktəsini yeritmişdi.
Tədbirdən sonra ittifaqın
üzügülər xanımları
Zərnigar xanıma dönə-dönə “ürəyiniz
istəyəndə gəlin,
bura sizin evinizdir” desələr də, aktrisa nəcib təbəssümü
ilə “qorxuram ki, gəlib sizi işdən ayıraram, vaxtınızı
alaram. Elə tədbirlərə gəlsəm,
yaxşıdır” cavabını
verdi. Və sözünü
tutmadı. Daha gəlmədi.
Bizimlə, ona qəlbən bağlanan jurnalist xanımlarla görüşdən də,
telefon söhbətlərindən
də qaçdı...
* * *
Bürc, ulduz falı
deyilən nəsnələrə
o qədər də inanmıram. Amma Zərnigar
xanım inanırdı.
Yazını tamamlayanda
yadıma düşdü
ki, Zərnigar xanım Əqrəb bürcündən idi... Astroloqlar deyirlər ki, Əqrəb hamıdan çox, özünü daha ağır sancır. Nə bilim, bəlkə də, aktrisanın ömrünü tənha,
kimlərisə narahat
etməkdən çəkinərək,
öz dünyası ilə baş-başa qalaraq keçirmək istəyi ömrünün
sonunu tezləşdirdi...
Hər nədənsə, bu son gedişin belə olması ilə barışmaq çətindir...
Doğma yurdun torpağında rahat uyu, qəbrin
nurla dolsun, Zərnigar xanım!
Gülcahan Mirməmməd
Üç
nöqtə.- 2018.- 13 sentyabr.- S.12