“Tez - tez bu otağa gələr,
çəkilmiş lövhələrə heyranlıqla
tamaşa edərdim”
İmran Verdiyev: “Bu fırçanın sehri də,
gücü də onun sahibinin Vətənə, onun
daşına, torpağına və bu torpağın
üstündə yaşayan Vətən övladlarına olan
sonsuz məhəbbətdədir”
Əşrəf İbrahimov (Əşrəf Səid
İbrahim) 1941-ci ildə keçmiş Vartaşen (indiki
Oğuz) rayonunun Yaqublu kəndində anadan olmuşdur.
Atası Məmmədvəli müharibədə həlak
olduğuna görə əmisi Qurban kişinin himayəsində
böyümüşdür. Orta təhsilini
Yaqublu kənd və Oğuz şəhər məktəblərində
başa vuran Əşrəf 1964-cü ildə Bakı şəhərindəki
Ə.Əzimzadə adına Rəssamlıq məktəbini
bitirmişdir. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının
üzvü seçilən Ə. İbrahimov öz rəsmləri
ilə müxtəlif sərgilərdə iştirak
etmiş və uğur qazanmışdır. Onun çəkdiyi
rəsmlər indi də rəsm qaleriyalarında nümayiş
etdirilir, şəxsi malikanələrdə qorunaraq
saxlanılır. O həmçinin bir sıra
filmlərin və teatr tamaşalarının rəssamı
olmuşdur. 1971-ci ildə qısa bir müddət Oğuz rayon
Xalq teatrında rəssam işləmiş, 1976-cı ildə
İ.Əfəndiyevin hekayəsi əsasında çəkilmiş
və geoloqların fəaliyyətindən bəhs edən
“Bizi dağlarda axtarın” filminin rəssamı
olmuşdur. Oçerklərinin birində özünün də
etiraf etdiyi kimi, çəkdiyi rəsm əsərləri onun
sözlə ifadə edə bilmədiyi hissləri idi. Deyirlər
ki, ilk təəssürat, uşaqlıq təəssüratı
həm güclü, həm də pak və təmiz olur. 40-45
il bundan əvvəlin söhbətidir. Ə. İbrahimov kənddə
kolxozun sifarişi ilə rəsm tabloları şəkirdi.
Onun üçün kolxoz malikanəsində kiçik bir otaq
ayırmışdılar. Tez - tez bu otağa gələr,
çəkilmiş lövhələrə heyranlıqla
tamaşa edərdim. O vaxt Əşrəfin
fırçasını sehirli sanardım. Sonralar
başa düşdüm ki, bu fırçanın sehri də,
gücü də onun sahibinin Vətənə, onun
daşına, torpağına və bu torpağın
üstündə yaşayan Vətən övladlarına olan
sonsuz məhəbbətdədir. Ə.İbrahimov Azərbaycan
Yazışılar Birliyinin də üzvü idi.
Yaradıcılığının əsas ilham qaynağı
isə Azərbaycan, onun dilbər guşələrindən
biri olan Oğuz və buranın mərdlik və müdriklik
mücəssəməsi olan övladları idi. Doğma torpağa bağlılıq və təəssübkeşlik
Əşrəfin bədii yaradıcılığının
da ana xəttini təşkil edir.1971-ci ildə çap
olunmuş “Talelər” adlı kitabda toplanmış oçerklərdə
də bunu aydın görmək mümkündür.
Kitaba daxil olan “Layihələr, arzular...”, “Bizim balaca Zabitə”,
“”Gözəl qızlar haqqında hekayə”, “Dənizin nəğməsi”
və “Emalatxanada söhbət” oçerklərində Vətənə
və xalqa qəlbən bağlı olan yaradıcı
insanların fədakar əməyindən söhbət
açılır. Bu qəhrəmanlar müəllifin şəxsən
tanıdığı, üzbəüz oturub saatlarla söhbət
etdiyi insanlardır. “Yolda” oçerkində müharibənin
insanlara gətirdiyi fəlakətlər çox
inandırıcı təsvir olunur. “Qumral
qızunun əfsanəsi” oçerkində isə çoban həyatının
bütün romantikasını duyan, yamyaşıl
yamacların, diş göynədən bulaqların
zümzüməsini canında yaşadan müəllif bu həyatdan
real lövhələr təqdim edir. Oçerklərdəki
hadisə və əhvalatların xarakterinə uyğun olaraq təsvirlərdə
daxili bir lirizm, nağıl şirinliyi də vardır.
1985-ci ildə çap olunmuş povest və
hekayələrdən ibarət “Bəyli kəndinin evləri”
kitabı Ə.İbrahimovun bədii
yaradıcılığında xüsusi yer tutur. Kitaba daxil olan “Bəyli kəndinin evləri” povesti
Əşrəfin yaradıcılığında məna
dolğunluğu ilə seçilr. Əslində bu povest
müəllifin öz doğma kəndi haqqında, onun
keçmişi və bir-birinə bənzəməyən
adamları barədə yaddaşa köçmüş xatirəsinin
əksidir. Burada o, hadisələrin təsvirçisi
yox, iştirakçısıdır. Əsərdə təsvir
olunan Bəyli kəndi dünyanın kiçicik bir parçasıdır,
amma öz gözəlliyi ilə bu dünyaya meydan oxuyur. Bəylilər
isə andına, inamına sədaqətli
adamlardır.Qonşu baglı-bagatlı kəndlərin
adamlarının dilində bu kəndin camaatının
güzaranı, işi-gücü həmişə
nağıla, zərb-məsələ
dönmüşdür. Bütün əsər boyu kənd inkişafda
təsvir edilir. İllər keçdikcə Bəyli
abadlaşır, öz simasını dəyişir. Dəyişməyən Vətən, hər şəraitdə
milli-mənəvi simasını qoruyub saxlayan vətən
övladları və müəllifin onlara olan sonsuz məhəbbətidir.Povestdə
yaradılmış usta Abbas obrazı ilə Ə.İbrahimov
doğma el-obasında yaşayanların xarakterini ümumiləşdirmişdir.
Usta Abbasın yaşadığı hisslər, onun daxili aləmi
bütün bəylilərə xasdır. Bəylilərin su həsrəti
usta Abbasın şəxsində belə ümumiləşdirilmişdir:
“Usta kəndin lap yuxarı başında – evinin
qabağındakı torpaqla bərabər sal qayanı
ömrü boyu oyub ki, su çıxarsın. Üç
arşın çapıb, amma suya çata bilməyib.
Ömrünün axırına kimi həyətdəki
şabalıd ağacının dibindən qulağına su
şırıltısı gəlirmiş. Özündən başqa heç kim eşitməyib bu səsi.”
Təsirli və gözəl ümumiləşdirmədir.
Çünki bəylilər ömür boyu su həsrəti
ilə yaşamışlar, su burada kənd bina olandan bir
nömrəli problem olmuşdur. Əsərdəki
obrazların xarakterində ümumi cizgilərlə
yanaşı onları fərqləndirən fərdi
keyfiyyətlər də vardır. Buna görə
də əsərdəki mühasib Ağbaş Müslüm,
briqadir Səməd, dəllək Nəsir, çayçı
Cəlil, Süleyman, Yetər, Səbinə və digər surətlər
öz fərdi xüsusiyyətləri ilə bir-birindən
seçilir, bitkin obrazlar kimi yadda qalırlar.Bu mənada kitaba
daxil olan ikinci povestin – “Qan pulu” povestinin qəhrəmanları
da müstəsnalıq təşkil etmirlər. Əsərdə
qeyrətli həmyerlilərimizin prototipləri
yaradılmışdır. Povestin qəhrəmanı
Kərəm müharibəyə gedən
oğlanlarının da ailəsinə baxan qoca və xəstə
Qurban kişinin ömrü boyu ilmələrinə tamaşa
etməkdən doymadığı xalçanı ehtiyac
ucbatından bazarda dəyər-dəyməzə dəlallara
satmasına dözmür. O, müharibəyə gedən
“həmin iki şümal oğlanın” gülüşlərinin
hopub qaldığı bu xalçanı öz pulu ilə geri
alıb dünyasını dəyişmiş Qurban kişinin
ailəsinə qaytarır. Bu epizod M.Cəlalın “Bir gəncin
manifesti” romanındakı məlum epizodu xatırladır. Burada əsgər ailəsinə diqqət və
qayğının, milli mədəniyyət nümunələrimizin
təəssübünü çəkməyin gözəl
nümunəsi ilə rastlaşırıq.Ə.İbrahimov “Bəyli kəndinin
evləri” kitabına daxil olan hekayələrdə də
obrazların daxili aləmini psixoloji cəhətdən dolğunluğu
ilə açmağa çalışır və buna nail
olur. Bunu “Gecikmiş məhəbbət” və “Dəyirman
yolunda” hekayələrində də aydın görmək
mümkündür. Hekayələrin baş qəhrəmanları
Rəhilə və İbrahim kişi gözümüz
qarşısında bütöv xarakterə malik obrazlar kimi
canlanırlar. Oxucu qəhrəmanların keçirdiyi hisslərin
səmimiliyinə inanır , onların hərəkətlərinə
bəraət qazandırır.
Əşrəfin
yaradıcılığına xas olan əsas xüsusiyyətlərdən
biri də onun yaratdığı qəhrəmanların
çoxunun peşə etibarı ilə rəssam, memar və
heykəltaraş olmasıdır. Bu Ə.İbrahimovun ilk və
sevimli peşəsi olan rəssamlığa və incəsənətin
bu növlərinə qəlbən bağlılığı
ilə əlaqədardır. “Keçmişdən
gəlmiş qoca”, “Pirosman”, “Şamaxının qonağı”
hekayələrinin baş qəhrəmanlarının rəssam,
“Bəyli kəndinin evləri” povestinin və “Layihələr,
arzular...” oçerkinin qəhrəmanları Süleyman, Səbinə
və Məmmədin memar, “Emalatxanada söhbət”
oçerkinin qəhrəmanı Hamletin heykəltaraş olması da incəsənətə olan
sevginin nəticəsirdir.Bu sevgini biz Ə.İbrahimovun
1990-cı ildə çap olunmuş dünyanın görkəmli
rəssamlarının həyatından bəhs edən “Qəribə
talelər” adlı sənədli hekayələr kitabında da
görə bilərik. Görkəmli alim
A.Məmmədov kitaba yazdığı ön sözdə
deyir: “Əşrəf öz hekayələrində bu və ya
başqa bir sənətkar ömrünün oxunaqlı,
illüstrativ və publisistik izahından, təsvirindən daha
çox həmin ömrün sənət özülünə,
mənəvi qida mənbəyinə can
atır.... Ən başlıcası bu hekayələrin hər
birində bütün güc və enerjisini insanlara təmənnasız
xidmətə sərf edən dahi sənətkarların
ömrünə də, yaradıcılığına da əbədi
hörmət və minnətdarlıq hissi aparıcı rol
oynayır...”1992-ci ildə Əşrəfin “Əşrəf
Səid İbrahim” imzası ilə Təbriz miniatür məktəbinin
yaradıcısı Sultan Məhəmmədə həsr
olunmuş “Sultan Məhəmməd” romanı çap
olunmuşdur. Bu roman uzun illər Yaqublu məktəbinə
direktorluq etmiş, kəndin və rayonun ictimai-siyasi həyatında
fəal rol oynamış müəllim H. Qurbanova ithaf
olunmuşdu. Birinci kitab iki hissədən ibarətdir. Birinci hissədə XVI əsrin ilk illərində Azərbaycanda
baş vermiş siyasi hadisələr fonunda rəssamın
uşaqlıq və gənclik illərindən,
yaradıcıl mühitə gəlişindən, ikinci hissədə
isə onun Təhmasib sarayının aparıcı sənətkarlarından
biri kimi formalaşmasından bəhs olunur.Romanda
Sultan Məhəmmədin simasında yeni Təbriz miniatür
məktəbinin yaranmasından, inkişafından və Şərq
sənəti konteksində böyük tarixi hadisəyə
çevrilməsindən də söhbət
açılır.BDU-nun jurnalistika fakültəsinin məzunu
(1971) olan Ə.İbrahimov həm də tanınmış
jurnalist və naşir idi. (Azərbaycan Jurnalistlər
İttifaqının da üzvü olmuşdur.) Bir müddət
Azərbaycan radiosunun “Gənclər” redaksiyasında, “Ədəbiyyat
və incəsənət” qəzetində müxbir vəzifələrində
işləmişdir. 1990-ci ildən nəşr olunan “İncəsənət”
qəzetinin naşiri və redaktoru olmuşdur. Onun
yaradıcılığında publisistika da geniş yer tutur.
Ə.İbrahimovun publisistikası öz istiqaməti, ideya, dil
və üslub özünəməxsusluğu ilə diqqəti
çəkir. Burada düşüncə tərzi, uslub,
dünyabaxışı, həyata, insanlara münasibət son
dərəcə orjinaldır. Həmin əsərlərdə
aparıcı mövzular azərbaycançılıq,
müstəqillik və Qarabağ hadisələridir. Bu
baxımdan Əşrəfin sənədlərə, şahidlərin
ifadələrinə əsasən qələmə
alınmış digər məqalələri ilə
yanaşı, “Şahid şəhidlər haqqında”
yazısı maraqlıdır . Burada oxuyuruq: “Qarabağ
uğrunda mübarizənin əsas faktoru kimi verdiyimiz şəhidlərin,
bütünlükdə imperiya qurbanlarının qanı hədər
getməyəcək. Bunlar zaman-zaman xalqımızın silinməz
yaddaşına çevriləcək, həmişə Azərbaycanın
müstəqillik rəmzi kimi yaşayacaq”. Bu yazı gələcək
nəsillər üçün yaddaş, yaşanan tarix
haqqında məlumat qoyub getmək istəyi ilə qələmə
alınmışdır.
Ə.İbrahimovun
ayrı-ayrı sənət adamları və onların əsərləri,
respublikamızın içtimai-siyasi və mədəni həyatı,
Oğuz rayonunun sosial-iqtisadi və mədəni həyatındakı
yeniliklərdən bəhs edən məqalələri də
xüsusi maraq doğurur.
İmran Verdiyev
Oğuz rayonundakı T.Babayev
adına tam orta məktəbin direktoru, əməkdar müəllim
Üç
nöqtə.- 2018.- 20 sentyabr.- S.12.