“Atamın arzusu, bir az da təkidi
ilə aktyor olmuşam”
Əjdər Həmidov: “Xalq Artisti” fəxri
adı illərlə çəkdiyim əziyyətin, zəhmətin
bəhrəsidir”
“Hərbi hissəmizdə tank var idi və
onları mühafizə edirdik. Növbə ilə gözətçi
məntəqəsində dururduq, iki saat mən, iki saat
qardaşım. Bir dəfə də gecə qardaşıma
dedim ki, bu gecə mənim yerimə də sən dayan. Getdim,
tankın birini götürüb sürdüm və şəhərə
çıxdım. Təbii ki, bu, qadağan idi. Gecənin bir
vaxtı Novosibirskini bir-birinə qatdım. Xəbər tutdular
ki, gecənin bu vaxtı şəhərdə tank gəzir”.
Deyir ki, bundan sonra gəlib müsahibimizi tutublar və hərbi
hissəyə qayıtdıqdan sonra 10 sutka həbs cəzası
veriblər.
“Üç nöqtə”nin qonağı
tanınmış aktyor, xalq artisti Əjdər Həmidovdur.
Müsahibimiz artıq 40 ilə yaxındır ki bu sənətdədir,
aldığı fəxri adın heç asan başa gəlmədiyini
bildirdi. Deyir ki, bu fəxri ad 40 ildə çəkdiyi əziyyətin,
zəhmətin bəhrəsidir. Biz də müsahibimizi fəxri
adı münasibətilə təbrik edirik və
uğurlarının bol olmasını arzulayırıq.
Müsahibimizlə uşaqlıq, gənclik illərindən
danışdıq, xatirələrə qayıtdıq.
“Oğlan uşağı bu qədər
fağır olmaz, kişisən sən”
1953-cü il avqust ayının 14-də
Şabran rayonunun Mollakamallı (İndiki Aygünlü) kəndində
anadan olan Ə.Həmidov deyir ki, elə həmin kəndin orta
məktəbində də təhsil alıb: “Dərslərimi
yaxşı oxumuşam, anam müəllimə idi və mənə
də dərs deyirdi. Həm müəllimə kimi, həm də
ana kimi dərslərimlə məşğul olurdu. Uşaq
vaxtı həddindən artıq sakit təbiətli biri
olmuşam. Atam həmişə deyirdi ki, oğlan
uşağı bu qədər fağır, mülayim olmaz,
kişisən sən. Bir iş arxasınca göndərəndə
çox yavaş hərəkət etdiyimi bildirirdi. Dalaşqan
olmadığım üçün elə uşaqlardan həmişə
uzaq durmağa çalışmışam. Lakin
böyüdükcə xasiyyətim dəyişdi, bir az
başqalaşdım. Daha sonra bütün işlərin
öhdəsindən gəlməyi bacardım, necə deyərlər
az aşın duzu olmamışam”.
“Artıq 40 ilə yaxındır ki, sənətdəyəm”
Müsahibimiz uşaqlıqda rəssam olmaq istəyirmiş,
məktəbdə oxuyan zaman çox gözəl rəsmlər,
portretlər çəkirmiş. Deyir ki, Nizaminin, Füzulinin
çəkdiyi portretlərini məktəbin divarına
vurubmuşlar, gəlib-gedənlər də maraqla seyr
edirmiş: “Lakin bütün bunlara baxmayaraq atamın arzusu, bir
az da təkidi ilə aktyor olmuşam. Beləliklə, rəssamlıq
sənətinin arxasınca deyil, aktyorluq sənətinin
arxasınca getdim. Hesab edirəm ki, atam fikrində səhv etməyib,
tamamilə düz fikirləşib. Bəlkə də rəssam
olsaydım bu uğurları qazana bilməzdim, bəlkə də
qazanardım, onu deyə bilmərəm. Reallıq ondan ibarətdir
ki, bu gün Akademik Milli Dram Teatrının aktyoruyam. Artıq 40 ilə
yaxındır ki, sənətdəyəm və bir neçə
ay öncə “Xalq Artisti” fəxri adını almışam.
Bu yol rahat yol deyil, əziyyət çoxdur.
Aldığım bu fəxri ad illərlə çəkdiyim əziyyətin,
zəhmətin bəhrəsidir ”.
“İki
il müddətində Sumqayıtda zavodda fəhlə işləmişəm”
Ə.Həmidov
deyir ki, orta məktəbi bitirdikdən sonra sənədlərini
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə
versə də, qəbul olunmayıb: “Bundan sonra iki il müddətində
Sumqayıtda zavodda fəhlə işləmişəm. Daha sonra isə hərbi xidmətə yola
düşmüşəm. Rusiyanın
Novosibirski şəhərində qardaşımla birlikdə xidmət
etmişəm. Mən qardaşımdan iki yaş
böyük idim, lakin bir az gec getdiyim
üçün eyni vaxtda hərbi xidmət keçdik. Bizim düşdüyümüz hərbi hissədə
xidmət çox çətin idi, tank hərbi hissəsi idi.
Qardaşımla ikimiz də tank
sürücüsü olmuşuq. Mən 548,
qardaşım isə 549 nömrəli tankı
sürürdü. Novosibirskidə hava
qışda çox soyuq keçirdi, 45 dərəcə
şaxtada hərbi təlimlərə gedirdik. Bu çətin həyatı başa vurduqdan sonra vətənimizə
qayıtdıq”.
“O tələbələr
artıq mənim aktyorlarımdır, onları imtahandan kəsmək
olmaz”
Hərbi xidmətdən döndükdən sonra yenidən
sənədlərini Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə
verən müsahibimiz elə həmin ixtisasa da qəbul olub. Qardaşı isə sənədlərini
Bakı Dövlət Universitetinə verib və hər ikisi də
ali məktəbəqəbul olublar:
“Böyük sənətkarlarımız Ədil İsgəndərov,
Rza Təhmasib imtahan götürdülər və məni bəyəndilər.
İxtisas fənnindən qiymət yazdılar, hələ
qarşıda üç imtahan- ədəbiyyat yazılı,
şifahi və tarix imtahanı qalırdı. İkinci imtahandan da keçdim. İnstitutun
rektoru rəhmətlik Rahim Hüseynov imtahan götürəcək
müəllimləri çağırıb dedi ki, o tələbələr
artıq mənim aktyorlarımdır, bunları imtahandan kəsmək
olmaz. Qalan iki imtahandan bizə qiymətlər
yazdılar, beləcə İncəsənət İnstitutuna
daxil oldum”.
“Günorta
da kartof qızartması yeyirdik, axşam da...”
Tələbəlik
illərində İnstitutun Yasamalda olan yataqxanasında qalan
Ə.Həmidova vəzifə də veriblər: “Tələbələr
şurasının sədri idim. O yataqxanada dörd institutun tələbələri
qalırdı. Otaqda isə dörd nəfər
qalırdıq. Öz aramızda həftəlik
pul yığırdıq. Belə ki, həftədə
hər birimiz 5 manatdan verib 20 manat toplayırdıq və onunla
bir həftə dolanmalı idik. Tələbənin
də yeməyi nə olur? Ancaq kartof qızartması... (Gülür). Günorta da kartof
qızartması yeyirdik, axşam da. Yaxşı
kartof qızartmağı da elə tələbəlik illərindən
öyrənmişəm. Çox dadlı
kartof qızardıram. Bir qarnı ac, bir qarnı tox
yaşamışıq, dörd il belə
dolanmışıq. Bu gün Allahıma
şükür edirəm, bütün arzularıma
çatmışam”.
“Kinoda
Solmaza qarşı keçirdiyim hissləri həyatda da
yaşamışam”
Müsahibimizi çoxlarımız “Kişi
sözü”ndə Qasım obrazı ilə
tanıyırıq. Filmin əsas qəhrəmanı Qasım
sürücü olsa da, yalnız sevdiyi qıza görə iki
illik baytarlıq məktəbinə oxumağa gedir.
Özü çox gözəl bilir ki, bu iki il
mənasız keçib. O, bunu yalnız sevdiyi qıza görə
edib. Qətiyyən həkimlik sevdasında da
deyil, onu yalnız Solmaz maraqlandırır. Müsahibimiz
deyir ki, filmdəki kimi həyatda da böyük və dərin
sevgi yaşayıb: “Elə böyük bir sevgi mənim həyatımda
da olub. Amma kinodakı kimi, həyatdakı sevgimdə
də uğursuzluqla qarşılaşdım. Məhəbbətimiz filmdəki kimi nakam qurtardı.
Çox gözəl bir xanımı 10 ilə
yaxın sevdim. Amma bəxtimiz gətirmədi,
evlənə bilmədik. Ona görə də
mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda
oxşarlıq çoxdur. Kinoda Solmaza
qarşı keçirdiyim hissləri həyatda da
yaşamışam”.
“Başımı
nəvələrimlə qatıram”
Xalq
artisti deyir ki, institutu başa vurduqdan sonra təyinatla onu
Sumqayıt Dövlət Dram Teatrına göndəriblər və orda işləməyə
başlayıb: “Sumqayıt Dövlət Dram Teatrında 11 il
tamaşalarda oynadım, müxtəlif xarakterli obrazlar
yaratdım. Sonra isə Akademik Milli Dram
Teatrında işləməyə başladım. Ailə həyatı qurmağım isə
Sumqayıt Dram teatrında işlədiyim 80-ci illərə
düşdü. Hazırda iki qız
övladım var və hər ikisi ailə həyatı qurub.
Hər ikisi müəllimə işləyir.
İki gözəl nəvəm var,
başımı onlarla qatıram. Hamıya
qismət olsun, nəvə çox şirin şeydir”.
“Tankın
birini sürüb şəhərə çıxdım və
hər kəs xəbər tutdu”
Ə.Həmidov
deyir ki, hərbi xidmətdə gecə növbəsində
dayanırmışlar: “Biz qardaşımla birlikdə qarovul
çəkirdik. Dediyim kimi hərbi hissəmizdə
tanklar var idi və onları mühafizə edirdik. Gözətçi məntəqəsində dururduq,
iki saat mən, iki saat qardaşım, belə əvəzləyirdik.
Bir dəfə də gecə bizim növbəmiz
çatdı, qardaşıma dedim ki, bu gecə mənim yerimə
də sən dayan. Getdim,
tankın birini götürüb sürdüm və şəhərə
çıxdım. Təbii ki bu qadağan
idi. Gecənin bir vaxtı Novosibirskini
bir-birinə qatdım. Xəbər tutdular
ki, gecənin bu vaxtı şəhərdə tank gəzir.
Gəlib məni tutdular, hərbi hissəyə
qayıtdıq, tankı yerinə qoyduq və mənə cəza
verdilər. 10 sutka həbs etdilər,
içəridə yatıb çıxmışam
(Gülür). Əvvəldən əgər
tutularsam həbs olunacağımı bilirdim, amma risk etdim”.
“Yoldaş
general, onlar qardaşdırlar, birinin adı Əjdər, o
birininki isə...”
Qardaşı
ilə birlikdə hərbi xidmətə getmələrinin
yaxşı olduğunu deyən müsahibimiz bildirdi ki, yad və
uzaq yerdə bir-birilərinə həmdəm olublar: “Birlikdə
çox yaxşı qulluq edirdik. Hərbi hissədə
yaxşı xidmət edən əsgərlərin cədvəli
vurulmuşdu. Orda qardaşımla mənim
adım alt-alta yazılmışdı. İkimizin
də adı “Ə” hərfi ilə başladığı
üçün iki dəfə eyni formada Həmidov Ə.Q (Yəni
Həmidov Əjdər Qüdrət oğlu, Həmidov Ənvər
Qüdrət oğlu) yazılmışdı. General gəlib cədvələ baxanda kapitana dedi ki,
yazanda baxın görün nə yazırsınız, səhv
yazmısınız, bir adamın adını iki dəfə
yazmısınız. Kapitan da dedi ki, yoldaş general, səhv
yazmamışıq, onlar qardaşdırlar, birinin adı
Əjdər, o birininki isə Ənvərdir”.
Könül Oruc
Üç
nöqtə.- 2019.- 28 sentyabr.- S.12