“Xoşbəxt
ailə həyatımızın
belə tez qırılmasını hec vaxt düşünməzdim”
Hacıbaba dünyasını dəyişdikdən sonra mənəvi cəhətdən çox böyük stress yaşadım. Hacının xəstələnməsi
ilə dünyasını dəyişməsi çox tez oldu. Buna hazır
deyildim. Hacı ilə aramızda yaş fərqi
vardı, amma xoşbəxt ailə həyatımızın
belə tez qırılmasını heç vaxt
düşünməzdim. Hacıgilin ailəsi
tərəf uzunömürlü idi, hətta anası Hacı
dünyasını dəyişəndən sonra 95
yaşında vəfat etdi. Düzdür,
ölüm insan üçün nə vaxtsa olmalıdır.
Ancaq qeyd etdiyim kimi Hacının bu qədər
tez dünyasını dəyişəcəyini gözləmirdim.
O, dünyasını dəyişəndə qızım
Şölə iki yaş üç aylıq idi. Hacı məni hər zaman bütün problemlərdən
uzaq saxlamışdı və onu itirdikdən sonra həyat həm
maddi, həm də mənəvi cəhətdən çox
çətin oldu. Bir anda özümü yalnız bir səhrada
hiss etdim. Onu da deyim ki, Hacının qırxından beş gün sonra Gülşən
dünyasını dəyişdi. İnandırım
ki, onun ölümü Hacıdan sonra ikinci zərbə oldu və
çox üzüldüm. Gülşən
ilə çox yaxın rəfiqə olmuşduq.
Hacıdan iki il əvvəl 30
yaşında cavan qardaşımı itirmişdim. Bu faciə və stressləri dalbadal yaşadım.
Sanki, yaxınlarımın üstünə
günü-gündən ildırım çaxdı. Bu günə qədər bir çox
yaxınlarımı itirmişəm. Onların
arasında atam və başqa əzizlərim də var. Həyatımda
qardaşım, Hacı və atam ən böyük itkilərim
oldu. Hacıdan söhbət gedirsə, o,
dünyasını dəyişdikdən sonra mənə ana,
qadın kimi də çətin oldu. Övladımın
qarşısında da illərlə aciz qaldım. Xüsusilə diqqətə, sevgiyə,
qayğıya öyrəşən qadın üçün
yoldaşını itirmək çox çətin olur.
Bəzi qadınların həyat yoldaşları
sərxoşluq, əyyaşlıq, avaraçılıq edir
və onlar həyat yoldaşlarını itirdikdə heç
bir şey dəyişmir. Amma mən bir
anda diqqətimi, qayğımı, sevgimi və hər şeyi
itirdim. Düşünürəm ki,
Hacını itirməklə övladıma pislik etdim. İki yaş üç aylıq uşaq
üçün çətin idi. Uşaq
yeni dil açırdı, hər dəfə qapı
döyüləndə deyirdi ki, atam gəldi. Bu, mənə bir ana kimi çox təsir edirdi.
Hərdən düşünürdüm ki,
övladımı öz həyatıma qurban verdim. Amma bu gün fikirləşirəm ki, nə
yaxşı belə güclü insanla ailə qurdum və dahi
şəxsiyyət və gözəl bir insandan dünyaya
uşaq gətirdim. İnsan həyatında
genlərin çox böyük rol oynadığına
inanıram. Hacını itirdikdən sonra
övladımda ondan keçən xüsusiyyətləri,
xasiyyəti, hərəkətləri görürəm.
O, çox kövrək və təmiz qəlbi insan idi. Hətta Hacının o xasiyyəti də Şöləyə
keçib. Yaşının az
olmasına baxmayaraq savadlı qızdır. Deyirlər
yaşlı insanların uşaqları daha ağıllı və
zəkalı olurlar. Allah peşman eləməsin,
ən əsası heç bir anaların zəhməti yerdə
qalmasın. Hacıdan sonra imkanım
daxilində özümə qıymadığımı
övladım üçün edirəm. Deməsinlər
ki, atasızdır və eləcə də kiminsə
yanında boynubükük dayanmasını imkan verməmişəm.
Bacardığım qədər tərbiyə,
təhsil verməyə çalışıram. Fransız liseyində oxuyur, əlaçıdır.
İngilis və fransız dilini mükəmməl
bilir. Bacarıqlıdır və çox
gözəl rəsm əsərləri var. Övladımdan
çox razıyam və buna görə də Allahıma
şükür edirəm. Bundan sonra da həyatımı,
bütün sevgimi övladıma və anama vermişəm və
verəcəm.
- Arzu
xanım, xaraktercə güclü xanımsınızmı?
- Yəqin
ki güclüyəm ki, bu qədər hadisələrin
öhdəsindən gələ bilirəm. Həm
qadınam, anayam, həm də övladam. Deyilənlərə
görə, hər üçünün öhdəsindən
gələ bilirəm. Amma güclü
olmaq istəmirəm, yorulmuşam. Güclü
olmaqdansa, qadının zəif deyil, zərif olmasına üstünlük
verirəm, qadın qadın olmalıdır. Hər ailədə
kişi, ailə başçısı
lazımdır. Həyatımda güclü bir
ailə başçısı, gözəl bir insan olub.
Xoşbəxt olduğum illəri
xatırlayıram. Artıq 45 yaşım
var və bu 45 ildə ən xoşbəxt olduğum anlar
Hacı ilə yaşadığım illər olub. İnanmıram ki, bundan sonra yaşadığım
xoşbəxtliyi, səadəti mənə kimsə verə
bilsin, anamı və övladımı çıxmaq şərtilə.
Həyatımdan razıyam, deyim ki, narazıyam,
bu yalan olar. Hər yaşadığım
günə görə Allaha şükür edirəm.
Şükür edirəm ki, səhər açılanda anam,
övladım yanımdadır, xəstəxanalarda deyilik, yeməyə
bir tikə çörəyimiz var. Ondan böyük həyatda
nə ola bilər ki. Həyatda
problemsiz insan yoxdur və düşünürəm ki,
problemsiz insan anormal insandır. Hər insanın
özünə görə qayğıları var. Bəlkə
mənim bəzilərindən çox, bəzilərindən
isə az problemim var. Allahdan arzum odur ki,
övladıma çəkdiyim əziyyəti yerdə
qoymasın, onun xoş günlərini qismət etsin. Bir də Allah anama nəvə toyu qismət eləsin.
Hər zaman mənə sual verirlər ki, yenə
dünyaya gəlsəydiniz Hacı ilə evlənərdinizmi?
Bəli, yenə də evlənərdim, hətta
əlimdə imkanım olsaydı, 18 yaşım olanda Hacı
ilə evlənərdim. Həyatda
Hacıya gec rast gəldiyimə və bir qadın kimi gec
xoşbəxt olmağıma görə peşmanam. Bu gün Hacı həyatımızda yoxdur,
Allahın yazısıdır, qismətidir. Amma yenə də hər yaşadığım
günə şükür edirəm. Allah mənə
anamı, övladımı çox görməsin.- Hacıbaba Bağırov tanınmış
bir aktyor olub. Elə bir insanın həyat
yoldaşı olmaq sizin üçün nə dərəcədə
asan və ya çətin oldu?
- Həm
asan, həm də çətin oldu. Ona görə
çətin idi ki, o, böyük sənətkar idi və məni
onun sənətinə, Hacıya görə tanıyıblar.
Hər zaman fikirləşirəm ki, Hacının adına uyğun hərəkət etməliyəm.
Bu gün o həyatda olmasa da, onun
insanlığına, şəxsiyyətinə uyğun
addım atıram. Hətta övladıma
da demişəm ki, məktəbdə 10 qız
özünü pis apara bilər, onları tanımırlar.
Məktəbi bitirdikdən sonra onların hərəkəti
heç kimin yadına düşməyəcək. Amma həmişə deyəcəklər ki, bu məktəbdə
Hacıbabanın qızı oxuyub necə də tərbiyəli
qız idi. Sən Hacınının
qızısan və atanın adını
daşıyırsan. Ona görə də
hər hərəkətinə fikir verməlisən.
-
Qızınız Şölənin gələcəkdə
aktrisa kimi fəaliyyət göstərməsini istərdinizmi?
- Yox. Qızımın aktrisa olmasını istəyirəm
desəm, yalan olar. Aktyorluq sənətinə
pis baxmıram. Sənət, istedad olan yerdə
istədin-istəmədin o, bir gün özünü biruzə
verəcək. Amma heç vaxt aktrisa
olmasını istəmərəm. Azərbaycan incəsənətində,
teatr aləmində Hacının adı qızıl hərflərlə
yazılıb və əgər onun kimi sənətkar ola biləcəksə, əlbəttə, istəyərəm.
Amma sıradan bir aktrisa olacaqsa, yox. Həm də Hacının arzusu var idi ki,
qızı həkim olsun. Mən də
qızımı həkim kimi görmək istəyirəm,
amma bunu yalnız Allah bilir. Hansı sənətdə
olur-olsun, adı hər zaman gözəl insanlar içində
çəkilsin inşallah.
- Qeyd
etdiniz ki, Hacıbaba müəllimin vəfatından sonra bir
sıra çətinliklər yaşadınız. Bu çətinliklərin öhdəsindən necə
gəldiniz?
- Problemlərin
öhdəsindən gəlmək üçün çox
çətinliklər çəkdim. Ətrafdan
hər şey insanlara asan gələ bilər. Valideyn, övlad, ana olmaq çox çətin bir
şeydir. Bu gün analarının
sözünü dinləməyən övladlar da var. Mən
bu gün də evimə nəsə alanda anamla məsləhətləşirəm,
çünki anamın sözü mənim üçün
çox önəmlidir. Yaxşı ana
olmaq, övladına yaxşı tərbiyə vermək asan
deyil. Bir övladım var və
qızımı pula görə dünyaya gec gətirmişəm.
Çünki övladımın hər istəyini
təmin etmək istəyirdim. Onu da deyim
ki, ailə başçısız ailə saxlamaq çox
çətindir.
-
Hacıbaba müəllim dünyasını dəyişdikdən
sonra dostluq etdiyi insanlardan münasibətini saxlayanlar, yaxud da
itirənlər oldu?
-
Münasibəti kəsənlər oldu, amma davam etdirənlər
daha çoxdur və gözəl ailə münasibətlərimiz
var. Hər zaman mənə söyləyirlər ki,
Hacıya və gözəl xasiyyətinə görə səni
çox istəyirik. Hər zaman onlardan və bütün
insanlardan hörmət, diqqət görmüşəm.
Hörmət o deyil ki, kimsə gəlib nəsə verməlidir,
xeyr. "Allah atasına rəhmət etsin!" deməkləri
mənim üçün çox önəmlidir. Bu sözlər
hədiyyələrdən, yalan sözlərdən, diqqətdən
daha vacibdir.
Bu gün hər insan üçün rəhmət
oxunmur.
- Yoldaşınızın vaxtilə rəhbər
olduğu Musiqili Teatrın tamaşalarına gedirsinizmi?
- Teatra yaxın günlərə üç dəfə
"Bankir adaxlı", "Məşədi İbad",
"Toy" tamaşalarına baxmağa getmişəm.
Musiqili Teatrın direktoru Əliqismət Lalayev mənə və
övladıma çox diqqət göstərir. Hətta
tamaşaya gedəndə gəlib bizi qarşılayıb və
diqqətlə də yola salıb. Artıq problemlərdən
çıxmışam və yavaş-yavaş bayıra və
müəyyən yerlərə getməyə
çalışıram.
- Arzu xanım, ixtisasınız nədir?
- İxtisasca rejissoram. Onu da deyim ki, Hacıdan
sonra yaralarım yeni-yeni sağalmağa başlayır. Teatra
gedəndə hər şey mənə Hacını xatırladır
və çox pis oluram. Əvvəllər Hacı ilə
bütün tamaşalara gedirdim, hətta o qrim otağına
belə mənsiz getmirdi.
Üç
nöqtə.- 2018.- 10 yanvar.- S.12.