Hamballıqdan zirvəyə
qalxan adam
Canlandırdığı obrazlarla kino tarixində
əvəzsiz xidmətləri olan aktyorlardan biri də Xalq
artisti Möhsün Sənanidir. Sənani onun təxəllüsüdür,
əsl soyadı Cəfərovdur. Tiflisdə anadan olan, gənc
ikən valideynlərini itirən Möhsün Sənani həyatın
bir çox çətinliklərindən keçib.
“Arşın mal alan”da Qoçu, “O olmasın, bu olsun”da
Qoçu Əsgər, “Fətəli Xan”da Məlikməmməd
Xan və başqa bir çox obrazları ilə kino və
teatr sahəsində böyük uğur qazanıb.
Qeyd edək ki, Möhsün Sadıq oğlu Cəfərov
(Sənani) 19 iyun, 1900, Tiflisdə dünyaya gəlib. 12 fevral,
1981-ci ildə Bakıda vəfat edib.
Həyatının 60 ilini Azərbaycan teatr sənətinə
həsr edən Möhsün Sənani səhnəmizin görkəmli
və məşhur artistlərindən biridir. Möhsün Sənaninin
adı gələndə hər kəsin üzündə
sevinc duyulur, təbəssüm görünür. Onun
repertuarı zəngin və murəkkəbdir. Sənanini xalqa
sevdirən onun bənzərsiz sənətkarlığı,
fitri istedadı, gənc nəslə daim qayğı ilə
yanaşması olub. Sənani aktyora çox vacib olan hər
cür qabiliyyətə: oxumaq, oynamaq, çalmaq
bacarığına malik idi.
Sənani onun təxəllüsüdür. Onun
əsl familiyası Cəfərovdur. O, 4-5 yaşında ikən
ata-anasını itirmiş, nənəsinin himayəsində
qalmışdır. 1906-cı ildə nənəsi
Möhsünü mədrəsəyə qoyur. Nənəsinin
məqsədi Möhsünü mollalığa hazırlamaq və
gələcəkdə onu atası kimi mərsiyəxan eləmək
idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa
çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə
yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla
Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət,
respublikanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla
Zinyət Möhsünü öz uşaqlarından çox
istəyir. O, Sənaninin oxuması ilə şəxsən
özu məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti
yaxşı deyildi. Onun özünün ailə üzvləri
də çox idi. Buna baxmayaraq, Zinyət ana Möhsünü
da, onun bacısını da doğma övladı kimi
saxlayır. Kiçik yaşlı Möhsün
özünün və bacısının xalasına bir
yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu
ildən işləməli olur. O, Şeytanbazarda hər
cür əzab-əziyyətə və böyük zəhmətə
qatlaşır.
Yuxarıda qeyd etdiyimiz kimi, bu gün onun
doğum günüdür.
Onun qızı, Bakı Dövlət
Universitetinin rus dili müəlliməsi Gülər
Möhsünqızı “Üç nöqtə”yə
müsahibəsində atası haqqında xatirlərini
bölüşüb.
Publika.az
müsahibəni təqdim edir:
-
Möhsün Sənaninin vəfatından 34 il
keçir. Onu ata kimi necə
xatırlayırsınız?
- Bu
gün çox təəssüf ki, atam həyatda yoxdur. Həmişə atam haqqında
düşünürəm, o, atalar atası idi. Çox gözəl, misilsiz insan, incəqəlbli
baba, əvəzolumaz sənətkar olub. Ata
kimi mənim bir sözümü iki etməyib. Məni adımla çağırmırdı.
atam-anam deyə müraciət edərdi. Ailədə tək uşaq omuşam, amma məni ərköyün
də böyütməyiblər. Atam həmişə
zəhmətə qiymət verib və mən də zəhmətkeş
olmuşam. Atamın soyadından heç
vaxt istifadə etməmişəm. Çalışmışam
ki, özüm hörmət qazanım. Bunu
mənə atam öyrədib. Xeyirxah, əliaçıq
olmağı, başqasını dinləməyi
bacarmağı, kiməsə kömək əli
uzatmağı atam öyrədib və bunları ailədə
görmüşəm. Bu gün ölkəmiz
inkişaf edib. Heyfsilənirəm ki, bunları atam
görmədi, çünki o xalqını çox sevən adam idi.
-
Möhsün müəllim Tiflisdə anadan olub və uşaqkən
valideynlərini itirib. Çox çətin həyat tərzi
keçirib…
- Bəli,
atam uşaq olanda valideynlərini itirib və xalası Zeynəb
saxlayıb. Atam 15 yaşına qədər
Tiflisdə yaşayıb, hamballıq edib, konduktor olub və
«Şeytan bazarı»nda işləyib. O zirvəyə
çatana qədər min əzabdan keçib. İndi
baxırsınız, biri bir mahnı oxudu, iki aydan sonra əməkdar
artist adını alır. Atam 20 ildən
sonra əməkdar artist adını alıb. Beləliklə, atam Bakıya gəlib və gəlməsində
Mustafa Mərdənovun çox köməyi olub. Onunla dostluq edərdi. Burada Mirzəğağa
Əliyev kimi aktyorlar atamı imtahanla teatra qəbul edirlər
və teatrda fəaliyyət göstərməyə
başlayır. Daima sənətində
qabağa gedir, həmişə atama baş rolları verirlər.
Səs diapazonu da çox geniş olur. Komik və tragik rolların öhdəsindən eyni
peşəkarlıqla gələrdi. Səhnəyə
çıxmazdan əvvəl sözünü səhnə
arxasından deməyə başlayardı. Atamın səsi heç kimə
oxşamırdı, seçilirdi. Artıq
səsindən tanıyırdılar və əl
çalmağa başlayırdılar. Sonra
səhnəyə çıxırdı. Anamdan
çox atamı çox sevirdim. Hər
yerə atamla gedirdim və ona görə də dərslərimi
maşının içində oxuyurdum. Təki
atamın yanında olum. Hər
tamaşasına məni aparırdı. Rolun
öhdəsindən elə gəlirdi ki, ağlamışam.
İnanmamışam, bu obrazı oynayan
atamdır. Xaraktecə ciddi adam idi,
amma zarafat etməyi xoşlayardı.
- Hər
dəfə tamaşalara gedirdiniz?
- Bəli,
bütün tamşalarına gedirdim. Atam
yaşından çox bilirdi və inkişaf etmişdi.
Tamaşaya baxış olanda nazir, direktor,
aktyorlar da gəlirdilər. Hansı
sözün səhnədə deyilməli olduğu müəyyənləşirdi.
O zaman güclü senzura vardı. Odur ki, məni
teatra aparırdı və mənim tapdığım
qüsurları tənqidçilər və mədəniyyət
naziri qeyd edirdi.
- Beləliklə,
atanızın ən böyük tənqidçisi siz
olmusunuz...
- Hər
zaman mənimlə məsləhətləşərdi,
çünki mən düzünü deyirdim. «Filan
hissədə gülüşünə inanmadım», «filan hərəkəti
etmə», «paltarı geyinmə» və bu kimi halları atama
bildirirdim. O da mənim sözlərimi nəzərə
alırdı. Rollarına çox ciddi
hazırlaşırdı. Saat 12-də biz
yatdıqdan sonra atam rolunu oynayardı. Səhər
tez oyanardı, əvvəl gedib evə bazarlıq edərdi,
pul qoyardı, sonra işə gedərdi. Atamı
bütün insanlar çox sevərdi. İndiki
zəmanədə kiməsə tutduğu vəzifəsinə
görə, savadına, özünü aparmasına görə
hörmət edirlər, amma həmin insana sevgi olmur. Amma atama həm hörmət edirdilər, həm də
sevirdilər. Hər kəs atamı
tanıyırdı. Maşınla harasa gedən
zaman hər kəs hörmət edərdi, yol verərdi, polislər
atama yol verərdi. Atam da polisə
«çest» verərdi. Həm hörmət,
həm də sevgi hər adama nəsib olan hal deyil. Atamı nazir də, fəhlə də
tanıyırdı.
- Atanızın
daha çox hansı obrazını sevirsiniz?
- “Göz həkimi” tamaşasında sürücü Həsənağa
rolunu çox sevirəm. Tragik obrazı isə Nodar Dumbadzeninin
“Darıxma ana” tamaşasındakı obrazı idi. O zaman
yaşlı idi və gözü görmə qabiliyyətini
itirirdi. Səhnədə ayağının altını
görmürdü, amma səhnəni çox gözəl
tanıdığı üçün səhnəyə
çıxırdı. O tamaşanın bir hissəsində
«sevinirəm ki, sağam, nəfəs alıram, görürəm»
deyəndə, gözlərindən yaş gedirdi. Çünki atamın gözü
görmürdü. Tamaşaçılar
elə bilirdilər ki, tamaşada bu, olmalıdır. Mən bilirdim ki, atam gözünə görə
ağlayır. O rol mənə çox təsir edirdi. Axırıncı rolu o tamaşada oldu və bir dəfə
ayağı büdrədikdən sonra teatra getmədi.
-
Teatrsız günləri necə keçirdi? Evdə
darıxırdı?
-
Çox çətin keçirdi. Uzanardı,
fikrə dalardı. Hər dəfə deyirdim ki, ay «papa»,
qurban olum, yarım saatlıq bulvara get, təmiz havada hərəkət
elə. Bu sözü hər dəfə deyirdim.
Bir dəfə dedi ki, qızım, gəl qarşımda otur. Oturmusan, amma mən səni görmürəm. Sən məni hara göndərirsən,
ayağımın altını görmürəm. Ondan sonra bir daha o sözü demədim. Bir dəfə
dedi ki, mən elə-belə uzanmıram. Uzanan
zaman həyat kitabımı bir-bir vərəqləyirəm.
- Bəs,
həyat kitabından razı idimi?
- Bəli,
çox razı idi. Yetim qalanda onu saxlamağa adam
tapıldı, bir parça çörək
üçün iş tapıldı. Sonra
teatrda fəaliyyət göstərməyə başladı.
İstedadı vardı və sənətində
irəliləməyə başladı. Qarşısına
çəpər qoymurdular. İstedadlı
olduğu üçün kömək edirdilər. Pillə-pillə yuxarı qalxırdı və
qalxdıqca da daha da sadələşirdi. Çox
sadə bir insan idi. Hər insana kömək
edərdi. Kimin hansısa problemi olurdusa təmənnasız
həll edərdi. Xeyirxah işləri
çox olurdu, amma biz onları bilmirdik. Nə
etdiyini gəlib bizə danışmazdı.
-
Tanınmış aktyor olub. İncəsənət
aləmindən kimlərlə dostluq edirdi?
-
Yalnız Mustafa Mərdanovla dostluq edərdi, amma evə dost gətirməzdi.
Ailəmizə ancaq atam və anamın tərəflərindən
qohumlarımız gələrdi. Onu da deyim
ki, bir çox məşhurlarla dostluq edirdi, amma onlar xüsusi
günlərdə evimizdə olurdular. Atamın
60 illik yubileyi idi. Atama dedim ki, gül mağazasına gedək,
gül almaq istəyirəm. Balaca bir gül
aldım və bu, heç vaxt yadımdan çıxmır.
Atamın ad gününə Mirzə İbrahimov, Sabit Rəhman,
Maestro Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Şövkət
Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və
nazirlər, professorlar gəlmişdi. O vaxt Bakıda bir
nömrəkli «İntuist» restoranı vardı və
ofissiantlar, yeməklər oradan gətirilmişdi. Stolda nələr yox idi? Atam
qastrollar təşkil edərdi, gələndən sonra necə
qarşlandıqlarını danışardı. Türkiyədə, Moskvada da qastrol səfərlərdə
olmuşdu.
- Bir az ailəniz haqqında danışardıq. Ananız da incəsənət aləmindən olub?
- Əvvəlcə onu deyim ki, anam Bakı milyonçusu
Nəcəf Əmiraslanovun qızı, Bakı milyonçusu
Haci Aslan Aşurovun nəvəsi olub. Atam neçə dəfə
anama elçi gedib, amma anamı atama vermirlərmiş. Üç dəfədən sonra razı olublar.
Çünki atamla-anam bir-birilərini çox
sevirlərmiş. Anamın çox gözəl
səsi vardı. Üzeyir Hacıbəyovun
tələbəsi olub və sonra Filormoniyada solist işləyib.
Anam deyərdi ki, konsertlərimdə zal dolurdu.
Anam məktəbdə, ya da institutda oxuyan vaxt, dəqiq
yadımda deyil, deyirdi ki, qızlar Möhsün Sənani
üçün ölürdülər. Zəng
edib, onun nömrəsini öyrənmişdilər. Ancaq zəng edib telefon trupkasını mənə
verərdilər və mən də mahnı oxuyardım.
Anam “Durna” mahnısını çox gözəl
oxuyardı. Təsadüfən atam bir dəfə
Filarmoniyaya konsertə gedir və bu zaman anam bu mahnını
oxuyur. Atam anamın səsindən
tanıyır ki, mənə zəng edən bu qızdır.
Konsertin sonunda anama yaxınlaşır və belə tanış olurlar. Ondan sonra sevgi
münasibətləri başlayıb. Atam çox
centlimen kişi olub. Anam solist olsa da, atamla tanış olduqdan sonra sənətindən
uzaqlaşıb.
-
Ananız atanızı qısqanırdımı?
- Onu dəqiq
bilmirəm. Amma atam anamı çox sevirdi.
Anam atamın tacı idi. Anamın
hər sözünə əməl edərdi, hara istəyirdi
aparardı, nə istəyərədi alardı. Teatrda tamaşaların premyerasında birinci yer
anamın olurdu. Anam yox, gərək atam
anamı qısqanardı. Çünki
anam atamdan 20 yaş kiçik idi. Atamın
evlənəndə 40 yaşı, anamın isə 20
yaşı olub.
- Niyə
gec evlənib?
- Atam
anamdan əvvəl ailəli olub. Sonra nə
olub-olmayıb onları bilmirəm, atam ayrılıb.
Ayrıldıqdan bir il sonra anamla
tanış olub və evlənib.
- Teatrdan
ayrıldıqdan sonra həyatının son vaxtları idi və
bu vaxt nəyin həsrətində idi?
- Teatrdan
ayrıldıqdan sonra az-az harasa gedərdi, daim evdə olurdu. Maşını çox sevirdi və tez-tez dəyişdirərdi.
Gözü görmə qabiliyyətini itirdikdən
sonra çölə çıxmadı, hərəkət
etmədi. Atam özünə çox baxan insan olub, yeməyi
az yeyərdi, eyni çəkidə
qalardı. Amma evdə oturduqdan sonra kökəlməyə
və ağırlaşamağa, səhhəti dəyişməyə,
təzyiqi qalxmağa başladı. Yadıma
düşür ki, axırıncı dəfə xəstəxanaya
yüksək təzyiqlə apardıq. Teatrdan,
yoldaşlarından ayrı düşdüyünə görə
çox həyəcan keçirirdi. Xəstəxanada
iki dəfə infarkt keçirmişdi. Həkim mənə
dedi ki, ürək parçalınıb. Bilirdim
ki, artıq atamın son günləridir. Hər
dəqiqə xəstəxanada atamın yanında olurdum.
Xəstəxanada olan adamın gözü həmişə
yolda olur. Yanına çox adam gəlirdi.
Teatrda bu qədər əziyyət çəkmişdi,
xeyir vermişdi. Amma teatrın direktoru atamın yanına gəlmədi.
Atam bir ay yarım xəstəxanada qaldı.
O zaman xəsətəxanaya mədəniyyət naziri Zakir
Bağırov da düşmüşdü. Atam
yatdığı otağın yanında qalmışdı.
Dedim, ata, Zakir müəllim də xəstəxanadır. Soruşdu ki, xəstəliyi nədir? Dedim
bilmirəm. Zakir müəllim bir həftə
qaldı. Onun xəstəxanadan
çıxdığını atama deyəndə dedi ki,
yanıma gəlmədi? Atamın yanına gəlmədiyinə
görə çox pis oldu. Amma atam rəhmətə
gedən gün axşamı teatrın direktoru ilə nazir gəldi.
Dedim ki, sizin bura gəlməyinizin nə mənası var və
sağ ikən gəlsəydiniz, atam da sevinərdi.
- Nəvələrdən aktyor olan varmı?
- Yox, oğlum rəssam, qızım isə həkimdir.
Rəqsanə
Üç
nöqtə.- 2018.- 11 yanvar.- S.12.