Dəyanət Osmanlı: “Məktəbi
bitirənədək ədəbiyyat müəllimi məni
danışdırmadı”
“O gün geydiyim təzə paltarın qoxusunu hələ
də unutmamışam”
Bu dəfəki müsahibimiz tanınmış
şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin
baş redaktoru Dəyanət Osmanlıdır. Müsahibimlə
uşaqlıq illərinə, keçmişə
qayıtdıq.
- Uşaqlıq illəriniz harda keçib, o illəri
necə xatırlayırsınız?
- Mənim doğma yurdum Borçalının
Saraçlı kəndidir. Gürcüstanın ən
böyük kəndlərindən biridir. Türkiyədə,
Naxçıvanda, Qarabağdakı saraçlıların
hamısı bir tayfanın törəmələridi. Qarabağ xanlığının
qurucusu Pənahəli xan da bu tayfadandır. İndi də
özəllikərini, adət-ənənələri qoruyub
saxlayırlar. Atam Osman, anam Yetərlə 18 yaşımadək
Saraçlıda yaşamışam. Elliklə yaz-yayı
dağlarda, payızı binədə, qışı kənddə
keçirmişik. Bu yaşam tərzi Tərəkəmə həyatının
ənənəvi və doğal kurallarındandı.
Dağdakı yurd yerimiz Yastı qar idi. Mən də 1965-ci
ilin iyun ayının 16-da Yastı qar yaylağında
doğulmuşam. Binə yerimiz Saraçlı meşəsində
olub. Sonralar yavaş-yavaş camaat oturaq həyata
alışdı. Anam meşəyə zoğal
yığmağa gedəndə mütləq binə yerimizə
də dəyərdi. Ora-bura yönələrdi, qocaman
ağaclardan tökülən çır-çırpı
yığar, bir müddət kölgəsində oturub
köksünü ötürərdi. Sanki bununla xatirələrini
diriltməyə çalışardı...
Babam Yunus danışırdı ki, ara
açıq olanda biz bazarlığa Türkiyəyə
gedirdik. Buna 40 günlük bazarlıq deyilirdi. Türkiyəni
o tay adlandırırdılar. Yəni, dağların o
üzü, o tayı. Bir-birindən oğul-qız evləndirirmişlər,
kim harda istəsə, yurd salırmış. Sovetlər gələndən
sonra sərhədlər bağlanır, qohum-qardaş bir-birindən
ayrı düşür. Yarı o tayda, yarı bu tayda. El-oba ayrı düşmüş
doğmalarından çobanlar vasitəsi ilə xəbər
tuturmuşlar. Məsələn, çobanlar bir-birindən
ismarıc göndərirmiş: Filankəsin evində
düyün olub, yaxud filankəs rəhmətə gedib. Uzun və
üzücü ayrılıq beləcə yavaş-yavaş nəsillərin
əlaqəsini unutdurub...
İndi kəndimizdə doğmalarımdan
çox az adam qalıb. Demək olar ki, hər il gedib ata
ocağına baş çəkirəm. Orada böyük
evimiz, torpağımız, əziz keçmişimin diri izləri
var. Dəcəl, dalaşqan uşaq idim, cızığı
keçməmək şərti ilə çox sərbəstlik
verirdilər, Bir gələnəksəl nəzarət
vardı. Bu, insan inkişafı üçün təməl
amillərdəndir. Milli, ailəyə və gələnəklərə
bağlı bir aurada böyümüşəm. Bilirsiniz, hər
tip ayrıca bir mədəniyyət, tərbiyə,
dünyagörüş, səviyyə deməkdir. İnsan
harda olsa, özüylə o mühitin təsirlərini, əxlaqını
təmsil və təqdim edir.
Tanınmış nəsil olmuşuq. Kənddə
sovetlərdən öncə iki hacı olub, Biri Hacı Bayram,
digəri Hacı Hasan. Biri ana, digəri ata tərəfim. İkisi də ağa olublar.
İnqilabdan sonra ana babam ömür boyu çobanlıq edib.
Həm də necə, kolxozun ailədən müsadirə
etdiyi qoyun sürüsünü otarıb. Saysız
mal-qarası, dağda və aranda göz işlədikcə
uzanan otlaq sahələri olan nəsilə ən yaxşı
halda əllərindən alınan qoyun sürülərini
otarmağı güzəşt etmişdilər. Ana nənəm nəinki Borçalı çökəkliyində,
bütün Gəncəbasarda tanınmış, çox da
hörmət göstərilən molla olub. 7 il İstanbuldan gələn
üləmadan din dərsi almışdı. Amma ondan sonra bizim qohum-əqraba arasında
bu işi heç kim davam etdirməyib. Övladları Quranı,
dini ayin və mərasim qaydalarını kifayət dərəcədə
bilsələr də, dinlə məşğul olmayıblar. Yəqin
buna təsir də göstərilməyib. Sərbəst
düşüncəyə imkan vermək kor bulağın
gözünü təmizləməyə bənzəyir ki, bu
da təfəkkürünün formalaşmasında bir həyat amilidir. Bunu tərz olaraq mənimsəmək
genetik məsələdir. Kiçik yaşlarımdan
özgür, sərbəst düşüncəyə meyilli
olmuşam. Sözsüz, buna valideyinlərim imkanı yaradıblar.
Böyüdüyüm mühit sonralar həm
yaradıcılıq, həm də yaşam etibarilə
formalaşmağımda həlledici rol oynayıb. Həmişə
insanın düşüncə azadlığını, məntiqi
arzularını əsas tutan bir çevrədə olmağa
üstünlük verirəm. Uşaqlar üçün də
bu şəraiti yaratmağa çalışıram. Adam təkcə
özüylə baş-başa qalanda, fikrini ifadə etməyə
çəkinəndə qərar zamanı tərəddüdlər
önə keçir. Beləliklə, həyat və ictimai fəaliyyət
üçün lazımi müstəqil düşüncənin
əsas missiyası oriyentirini itirir.
Uşaqlığımdan yadım da çox
şeylər qalıb. Əsasən kədərli xatirələr
çoxdur. Yaş ardıqca bu
xatirələr də çoxalır, kölgədə qalan məqamlar,
olaylar üzə çıxır. Yəni elə anılar
var ki, 3-5 il bundan öncə yuxumda belə görməzdim.
Ancaq bir də görürsən, hansısa olay, yuxu,
münasibət keçmişdə uyuyan xatirənin
açarı olur. Atam 80 yaşında olanda 4-5 yaşında itirdiyi
anası və bacısı ilə keçirdiyi günlər
haqqında elə aydın, təfərrüatı ilə
danışırdı ki, o təsirdən günlərlə
çıxa bilmirdim. Məncə, adam yaş üstə
yaş gəldikcə keçmişi, kimliyi, həyatın,
dünyanın sirləri barədə daha aydın
düşünə bilir. Ruhsal həqiqətləri dərk
etməyə yol açılır. Bəsirət
gözünün açılması budur. Təbii ki,
bütün sirləri anlatmaq haqqında tam fürsət
heç kimə verilməyib.
- Məktəbdə necə şagird olmusuz?
- 1972-ci ildə Saraçlı orta məktəbinə
getmişəm. İlk dərs gününü yaxşı
xatırlayıram. Atamın müharibədə
aldığı bir neçə orden-medalı ağ köynəyin altından
yaxama taxmışdım. Maraqla
uşaqlara göstərirdim. O gün geydiyim təzə
paltarın qoxusunu hələ də unutmamışam.
Oğlumu hər yeni dərs ilində məktəbə yola
salanda o günü, o paltarın qoxusunu burnmun ucunda xəfif
bir göynərti kimi duyuram.
Birinci sinifə gedəndə ilk vaxtlar xəttim pis idi. Qardaşım qonşu
oğlanı nümunə çəkib deyirdi: Görürsənmi,
nətəhər muncuq kimi yazır, dəftəri də
qaralamır. Çoxlu yaz xəttin düzəlsin,
birinci ol. Sonralar xəttim də
düzəldi, öz sevimli fənnimə meylimi müəyyənləşdirə
bildim.
O vaxtlar ali məktəbə qəbul olunanlar tətillərdə
gəlib məktəbimizin ətrafında söhbət edə-edə
gəzişirdilər. Böyük
qardaşımı da onların arasında görəndə
bir-bir hamıya tanıdırdım.
Tay-tuşlarımızla onlara həsəd aparır, gələcək
barədə bir-birimizi sorğu-suala tutur, xəyal və təsəvvürümüzü
götür-qoy edirdik. Yuxarı siniflərdə
bəzən müəllimlə mübahisəyə də
girişirdim. Bir dəfə yeni qohum
olduğumuz ədəbiyyat müəllimi ilə Mirzə Cəlilin
“Danabaş kəndinin əhvalatları”nda eşşəyin
itməyi, yaxud oğurlanması məsələsində ciddi
mübahisə elədim. Axırda məktəb
direktoru işə qarışdı. Hətta
arada əsərə də haqlı irad tutulurdu ki, adında, o
cümlədən sahibinin əlindən eşşəyin
alınması, itməsi, yaxud oğurlanması məsələsində
ziddiyət var. Məktəbi bitirənədək o müəllim
məni danışdırmadı. Dil, ədəbiyyat
fənlərini xüsusilə yaxşı bilirdim. “Ədəbiyyat bülleteni” adlı divar qəzetini
çıxarırdım, şeirlər yazırdım. Rayon qəzetində məqalələrim gedirdi, qəzetin
ədəbiyyat icmallarında adım çəkilirdi. Müəllimlər məni görəndə öz
aralarında yavaşdan barəmdə həsədlə
danışırdılqlarını duyurdum. Bu mənə
ayrıca qürur verirdi...
- Hərbi
xidmətdə olmusunuzmu? Harada keçirmisiz?
- Orta məktəbi
bitirəndə qardaşım tətilə gəlmişdi. Sinif yoldaşlarımla bizim həyətə
yığılmışdıq. Bizi
çağırıb bir-bir hansı məktəbə gedəcəyimiz
barədə soruşdu. Mənə
sıra çatanda jurnalistikaya gedəcəyimi söylədim.
Ona da qəribə təsir
bağışladı. Çünki bu barədə heç kimə
deməmişdim. Elə bilirdilər, ədəbiyyata, ya da
politexnikə gedəcəm...
Birinci il qəbul ola bilmədim. Sumqayıtda
işləyib, yaşım çatanda əsgərliyə
çağrıldım. İlk aylar
Brejnevin doğulduğu Dneprodzerjinskdə xidmət keçdim.
Sonra Volqoqrada serjant məktəbinə göndərildim.
Elə iki ilin tamamını da o şəhərdə
keçirdim, dili öyrəndim. Hərbi
hissənin divar qəzetinin redaktoru oldum. Evimizə
göndərilən təşəkkür məktubları hələ
də kənddə qalır. O dönəm həqiqətən
mənim üçün bir məktəb, üzücü də
olsa, dəyərləndirə bilmədiyim, bəlkə də
həyatımı dəyişəcək bir şans idi. Hərbi dairə
üzrə Leninqrad Hərbi ali məktəbinin
jurnalistika fakültəsinə iki nəfərlik yer
ayrılmışdı. Onlardan biri də mən
idim. Vaxtında düzgün bir məsləhət,
dəstək olmadığından bu şansı itirdim.
Böyüklər, xüsusən də ortancıl qardaşım qarşı
çıxmışdı. Gedib oralarda avara qalacaqsan,
deyirdi... Və beləliklə, bu və ya digər
təkliflərdən imtina etməyə məcbur olmuşdum.
Gələndən sonra Bakıda universitetə qəbul
oldum. Bununla da həyatın istiqaməti
tamam dəyişdi. Deməli, doğrudan
da, yazıya pozu yoxmuş.
Bəzən həlledici məqamlarda qərar və
düşüncəmizə yurda, doğma insanlara
bağlılıq hissləri tam hakimlik edir. Və bu hiss əksərən
daha gərəkli perspektiv məqsədlərdən
yayındırmağa da təsir göstərir. Bu mənada, hisslərin insan düşüncəsində
ön plana çıxması heç də həmişə
arzuolunan və faydalı nəticə vermir.
- Gənclik
ömrün ən qaynar, isti dövrüdür. O dövrlərdən
əsas nəyi xatırlayırsız?
- Gəncliyimin
ilk ən əhəmiyyətli hissəsi uşaqlıq, yeniyetməlik
dövrüdü. Ən xoş günlərim
doğma kəndimdə keçib. Məhz bu illərdə
anlamışam: dost kim, doğma kim,
düşmən kim, vətən, millət, torpağın
müqəddəsliyi nə deməkdir. Sonra əsgərlik, tələbəlik
illəri... Borçalının
dağlarında, qayalıqlarında, meşəliklərin
adamkeçməz çığırlarında izlərim
qalıb. Hələ də o izlərin təsəvvürümdə
yerini, ölçüsünü, quruluşunu canlandıra
bilirəm. Hər gəzintini, dostlarla qurduğumuz məclisləri,
hər addımımı, hansı təpədəki qaratikan kolunun dibindən
neçə cüt qulançar, bənövşə dərdiyimi belə xatırlayıram. Bəzən könlümdən keçir, gedib o izlərimin
üstünə ayaqlarımı qoyum. İtirdiyim doğma insanların sevərək
əkib-becərdiyi, bizi gözütox böyütdüyü
və canını tapşırdığı torpaqlara
üzümü sürtüm...
Gənclik elə bir mərhələdir ki, özündə
cəmlədiyi enerjinin gücü ilə insan kimliyini anlamaq səviyyəsinə
o dövrdə çatır. Həyat yolunun konturlarını dəqiqləşdirmə
prosesinə başlayır. Ya ömürlük səhv edir, ya
da məntiqi onu düz yola yönəldir...
Gəncliyimdə
formalaşan və sonralar həyatımın əsas istiqamətinə
çevrilən bir sıra cəhətlər var. Onların
yaratdığı tərzi, sistemi dəyişmək
mümkün deyil. Hər şeyə səbir,
soyuqqanlılıq göstərə bilirəm. Dostlar mənə, ilan kimi soyuqqanlıdır, deyirlər.
Bəlkədə ilan ilindən olduğuma
görədir. Amma ədalətsizliyə,
haqsızlığa qarşı demək olar ki, səbrim
yoxdur. Kim olursa olsun, haqsız
sözünü götürən deyiləm. Elə bilirəm, nəyinsə cavabını
vaxtında verməsəm, yaxud yerində olmayan nəyisə
görəndə yerinə qoymasam, unudulmuş bir əşyanı
sahibinə qaytarmasam həmişəlik gec qalacam. Kənddə bizim evdə hər əşyanın
daimi yeri olub. Yəni evin idarəçiliyində
bir qayda, sistem olub və mən də o sistemin yetirməsiyəm.
Tələblikdən bir əvalat danışım. Hələ
birinci kursada oxuyurdum. Müasir Azərbaycan
dilindən mühazirə və seminarı xanım-professor
Ziynət Əlizadə aparırdı. Tələbələrdə
onun bir əzazil xofu vardı. Danışırdılar
ki, adamı gözdən saldımı, mütləq
universitetdən qovdurasıdı. Xoşlamadığı
yazıçılar, şairlər vardı ki, onlardan misal gətirmək
olmazdı. Günlərin biri, onun dərsində
parta yoldaşım Nizami cibimdəki təsbehi alıb
çıqqıldatmağa başladı. Müəllim elə bildi, mənəm.
Ayağa qaldırıb: sinifi tərk elə, bir də səni
görməyim! və bu kimi sözlər
dedi. Mənim də tərsliyim tutdu. Dedim, çıxmayacam. O
qışqırdı, mən inad eləyib
çıxmadım. Axır, hədləyici tonda:
yaxşı, - deyib, başını yellətdi və daha dillənmədi.
Sinifə vahimə sükut
çökmüşdü. Uşaqlar, təəssüflə
mənə baxırdılar. Sanki hamının gözləri “heyf,
sən də getdin” - deyirdi. Bundan sonra sinifə
girən kimi, birinci məndən dərs soruşurdu. Hər
dəfə də dərsə hazır deyilsən, -deyib, 2 qiymət
yazırdı. Bilirdim ki, bununla məni ruhdan
salmağa çalışır. Amma nə
dərsdən, nə də yaxşı hazırlaşmaqdan
qalmırdım. Həm də gələcək
fəaliyyətimin əsas genaeratoru dil faktoru idi. İlin tamamı gəldi. İmtahanda
gərginlik olacağını yəqin eləmişdim. Amma gözləmədiyim nəticəylə
rastlaşdım. İmtahan başlayan kimi
yenə birinci məni çağırdı. Bilet çəkib hazırlaşmadan
danışmağa başladım. Misal dəftərimi
vərəqləyib hərdən başını
bulayırdı. Birdən sözümü kəsib,
assistentinə baxıb dedi: -İsmayıl müəllimi, istəyirəm,
bu oğlana “əla” yazım, cünki çox
vicdanlıdır. Özümün də
inamağım gəlmədi. Onun belə təəcübdoğuran
mərdliyi varmış.
(ardı var)
Üç
nöqtə.- 2018.- 11 yanvar.- S.10.