«Sənətimin dəlisiyəm,
məni pul maraqlandırmır»
Gülyanaq Məmmədova:
«Tükənməyən arzularım və edə bilmədiyim
işlər var»
«Həyatın enişli-yoxuşlu yollarından
keçə-keçə gəlirik»
Tanınmış müğənni, muğam
ifaçısı, xalq artisti Gülyanaq Məmmədova “Şənbə
qonağı”mızdır. Xalq artisti
yaradıcılığından, səhnəyə gəlişindən,
bu günə qədər yaşadıqlarından və ailəsindən
danışdı.
- Bir sənətkar kimi istədiyiniz kimi sənətinizin
zirvəsindəsinizmi?
- Əlbəttə ki, bir sənətçi
üçün fəxri adlardan gözəl heç nə
ola bilməz. Xalq artisti fəxri adına görə dövlət
başçımıza təşəkkürümü
bildirirəm. Təbii ki, sənətə ilk addım atanda ən
böyük arzum fəxri ad almaq idi. Kəndimizdən oxumaq
üçün gələndə bir əhdim olub ki, təmiz
adımla, ləyaqətimlə bu zirvəyə çatım.
Vaxtında bəyənmədiyim kəndimizi hazırda o qədər
dəyərləndirirəm ki. Bəli, mən o torpaqda
böyümüşəm. Mən oradan çıxanda əhd
eləmişdim ki, kəndimizdə xalq artisti kimi konsert verəcəm.
Əlbəttə ki, sənətin ən yüksək zirvəsində
durmuşuq. Bizə dövlətimiz ad verib. Bizi
xalqımız, millətimiz bu qədər sevirsə,
ixtiyarım yoxdur deyim ki, sənətimin zirvəsinə gəlib
çıxmamışam. Bu qədər sevgini, əməyi
itirə bilmərəm. Amma özüm özlüyümdə
düşünürəm ki, mən hələ o zirvəyə
gedirəm. Hələ tükənməyən arzularım və
edə bilmədiyim işlər var, qəlbim doludur.
Düzdür, biz illərlə sənətimiz üzərində
çalışmışıq, zəhmət çəkmişik.
Hərdən baxırdıq ki, bizdən sonra sənətə
gələnlər fəxri ad aldılar. Onda bəzən qəlbən
sınırdıq. Amma yenə düşünürdük ki,
biz öz işimizdə olaq, onsuz da insanın çəkdiyi əmək
gec-tez qiymətləndirilir. Şükür Allaha, hər
şeyə nail olduq. Amma dediyim kimi, arzularım bitmir, tükənmir.
Xalq artisti adını aldıqdan sonra “Leyli və Məcnun”
operasında “Leyli” obrazını oynadım. Bu yaşa qədər
öyrənmişəm, amma hazırda oxuduğum bir ifaya
ürək qoymağı hiss edir və həyatı dərk
edə bilirəm. Həyatın enişli-yoxuşlu
yollarından keçə-keçə gəlirik. Hələ
bundan sonra bizi nələr gözləyir, onu bilmirik.
- Bu səviyyəyə gəlmək
üçün bir çox çətinliklərdən
keçmisiniz. İstərdik ki, bir az da o haqda
danışasınız…
- Zəhmətkeş kənd qızı
olmuşuq. Rayonlara ustad sənətkarlarımız gəlirdi
və istedadlı uşaqları seçirdilər. Biz də
ifamızla, istedadımızla o uşaqların içindən
seçilən ifaçılar olmuşuq. Valideynlərimiz
düşünürdülər ki, «uşağımız
şəhərə gedər, nə olar, nə olmaz. Təmiz
ad qalsın, ləyaqətimiz itməsin». Azərbaycanımızın
milli mentaliteti var və bütün ailələrdə azərbaycançılığımızı
qoruyub saxlanmalıyıq. Atam və anam bizim bu sənətə
gəlməyimizi istəyirdililər, amma bir tərəfdən
də qorxurdular. Tək qız uşağı şəhərdə
necə olacaq? Amma qohumlarımdan Bakıda yaşayanlar
olduğuna görə bir az rahat olurdular.
İnsan çətinliklə
qarşılaşanda öz ayaqları üzərində
durmağa çalışır. Beləliklə, kəndən
gəldim və təhsil aldım, professional səhnəyə
üz tutdum. Tələbəlik illərimiz
torpaqlarımızın işğalı vaxtına
düşdü. Acılı günlər idi. Çörək
növbəsinə dururduq, pul tapmırdıq. Təhsilimlə
yanaşı, ailəmin də qayğısına qalmağa
çalışırdım, ata-anamı unutmurdum. Həmişə
onlar üçün ürəyim əsirdi. Həyatda
kövrək anlarım, zəhmətim çox olub. Amma nə
qədər əziyyət çəksəm də, işimdən
zövq ala-ala inamla addımlamışam.
- Görünür, Sizi bu gün sənətkar
edən də məhz o zəhmətləriniz olub…
- Bəli. Zəhmət çəkməklə
nəyəsə nail olmaq çox gözəl olur və onun qədir-qiymətini
bilirsən. İnsan hər hansı bir şeyi zəhmət
çəkib alırsa, onun qiymətini bilir. Asan olanda
heç nəyin qədrini bilmirsən. Həyatıma nəzər
salan zaman çətin anlarımı xatırlayanda Allahıma,
o günümüzə də, bu günümüzə də
şükr edirəm. Allah məni həmişə çətinliklərdən
qurtarıb. Yaxşı insanlara, kirayə yaşayanda
yaxşı ev sahibəsinə, yaxşı ustad,
qayğıkeş sənətkarlara rast gətirib. Mühit də
insanı dəyişdirə bilər. Bir pis adam əlinə
düşə bilərsən, sənə yaxşı yol
göstərməzlər. Bəzən gənclərimiz
yollarını azırlar, bu yolda büdrəyirlər.
- Sizin həyatda və sənətdə ən
böyük dəstəkçiniz kim olub?
- Rayondan şəhərə və professional səhnəyə
gəlişimdə qardaşım Ataş kömək edib. O
qarmon ifaçısı olub. Uşaqlıq illərimdə
müəllimlərimin əməyi olub. Bizim ailəmiz digər
ailələrə nisbətən müasir idi, qardaşım
müasirliyi gözəl qəbul edirdi. Bakıya gələndən
sonra Gülyazın dəstəyi çox olub. Nəriman
Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov kimi muğam
ustadlarımız olub.
- Qeyd etdiniz ki, bizdən sonra sənətə gələnlər
fəxri ad alanda inciyirdiniz. …
- Bəli. Amma bu haqda heç kimə heç nə
demədik. Amma düşünürdük ki, axı, biz əziyyət
çəkirik, niyə unudulmuşuq? Hara deyiblər,
getmişik. Uman yerdən küsərlər kimi, təbii ki,
pis mənada deyil.
- Hər iki
bacı - Gülyaz xanım və Siz bir-birinizə dəstək
olurdunuzmu?
- Əlbəttə. Bəzən elə tədbirlərdə
iştirak etməli idik ki, tədbirin baş tutmasına
iki-üç gün qalmış bizi oradan
çıxarıb başqalarını dəvət edirdilər.
Eləcə də, xarici ölkələrə səfər
etməli olurduq, təxirə salınırdı. Hər zaman
biz səhnəni önəmli tuturduq. Madiyyatımız toydan
çıxır, amma biz onlardan imtina edirdik. Birinci arzumuz səhnədə
parlamaq olub. Pul da önəmlidir, beş-üç manat
qazanırsan ki, göz qabağındasan, özünü təmin
edə biləsən, nəyəsə görə utanmayasan. O
baxımdan, haqsızlıqlarla üzləşəndə
sınırdıq. Amma yenə də Gülyazla bir-birimizə
dəstək olurduq. Deyirdik ki, bəlkə Allah bizi
sınağa çəkir. Şükr olsun, mənə elə
gəlir ki, sənətimizə dəyər də, qiymət də
vaxtında verildi.
- Necə düşünürsünüz,
xaraktercə Gülyaz xanım daha güclüdür, yoxsa Siz?
- Mən deyərdim ki, Gülyaz.
- Amma kənardan
Siz güclü görsənirsiniz…
- Hə, elə deyirlər. Amma Gülyazı həmişə
özümə müəllim hesab etmişəm. Mənim
muğam müəllimim Nəriman Əliyev səhnədə
cəngavər deyildi. Amma muğam ustadı kimi əməkdar
müəllim idi, Azərbaycanda 90 faiz xanəndələr
ondan dərs alıb, ustad sənətkarlar ondan qaynaqlanıb.
O, çox gözəl müəllim olub. Gülyaz da elə
bir müəllimdir. Mən də müəllimə kimi fəaliyyət
göstərirəm, amma Gülyaz kimi deyiləm. Sənətə
gəlişimdən bu günə qədər Gülyazdan
öyrənmişəm. Amma səhnədə
danışmaqda, oxumaqda, tamaşaçını tez ələ
almaqda mən daha fəalam. Onlarla da Gülyaz həmişə
fəxr edir. İkimizdə eyni xarakterdə ola bilmərik.
Gülyaz da səhnədə güclüdür, zərifdir,
çox incədir, danışanda çəkinir, amma mən,
yox. Mənə hər zaman səhnədə Gülyazın
fikirləri önəmli olub. Başqası məni tərif edə
bilər, amma o tərifdə bir uçurum ola bilər. Bilirdim
ki, Gülyaz acı da olsa düzünü deyir. Əvvəl
iradını bildirəndə bir az hirslənirdim, amma sonra
düşünürdüm ki, Gülyaz düz deyir və həmin
şeyi düzəltməyə çalışırdım.
- Hər ikiniz sənətdə eyni səviyyədəsiniz.
Sənət aləmində zamanla sizin aranızı vurmağa
çalışanlar olubmu?
- Biz heç vaxt elə insanları
yaxınımıza buraxmamışıq. Düzdür,
özümüzün aramız dəyir də,
barışırıq da. İndiyə qədər də elədir,
amma küsülü qalmırıq. Yaxşı mənada
bir-birimizə iradlar tuturuq, yaxud da danlayırıq. Ailəmizdə
nəinki Gülyazla, ümumiyyətlə bacı-qardaş
arasında mehribanlıq var. Ailədə 10 övladıq.
Hamımız bir-birimizi çox sevirik. Nə qədər sənət
yoldaşımız, dostlarımız var. Hamısı ilə
hörmətlə əlaqə yaratmışıq, amma hər
zaman pərdə saxlamışıq. Dost bir yerə qədər
var, özü də indiki zəmanədə..
- Sizin sənətinizi
yoldaşınız da dəstəkləyir. Belə bir həyat
yoldaşınızın olmasına özünüz qərar
verdiniz?
- Mən
bilmirdim ki, yoldaşım belə insandır. Yoldaşımın
sənət aləmi ilə əlaqəsi yoxdur. Biz
Türkiyədə konsert zamanı tanış
olmuşuq. Məni səhnədə sevib. Türkiyədə Polad Bülbüloğlu ilə
gözəl bir tədbirimiz, 1500 nəfərlik salonda möhtəşəm
bir konsert proqramımız vardı. Onlar da
tamaşaçı kimi konsertə gəlmişdilər.
Həmyerli qəribçilkdə daha şirin olur.
Səhəri gün evlərinə dəvət
etdilər, onlarda qonaq olduq. Beləcə, mənə
vurulubmuş. Mənsə
açığını deyim ki, sənətdən başqa
heç nə görmürdüm, ancaq qarşıma məqsəd
qoymuşdum ki, sənətimdə irəliyəcəm.
- Yoldaşınız
Azərbaycana Sizə görə gəldi?
-
Yoldaşımın ailəsi Türkiyədə
yaşayır. Ona görə, hamı elə bilir ki, mənim həyat
yoldaşım türkdür. Bu günə qədər
də demişəm ki, azərbaycanlıdırlar, Zəngilan
rayonundandırlar. Bakıda doğulub və
90-cı illərdə Türkiyəyə gediblər. Qaynanam həkimdir. Amma onu deyim ki, yoldaşıma
çox naz elədim, beş il «yox»
demişəm. Sonda o öz sevgisi ilə qalib gəldi.
Mən də düşündüm ki, bir insan məni
bu qədər sevirsə, dəyər verirsə, niyə də
ailə qurmayım? O dedi ki, mənə sənin təmiz
qəlbin və inamın lazımdır. Amma
aramızda yalan olmasın. Beləkilə,
nişanlı olduqdan sonra Bakıya gəldi. O Vətənə bağlı insandır.
Əvvəl bir az fərqli idi,
qısqanclığı vardı. Yavaş-yavaş
mən onun, o da mənim inamımı qazandı və bizdə
yalan olmadı. Bir yalan belə olsaydı bəlkə
də mənə inamı, etibarı itərdi. Mən də qarşıma məqsəd qoydum ki,
bizim ailəmizdə yalan olmasın. Nə
qədər acı olsa belə, həqiqəti deyəcəyik.
Şükürlər olsun, indi hər şey
yaxşıdır, inamı, güvəni, dəstəyi var.
Çox xoşbəxtəm ki, belə bir insanla ailəli
qurmuşam. Dəfələrlə şayiələr
çıxır ki, ayrılıblar. Mən
ailəmlə xoşbəxtəm. Allah ayırmasın, bizi yalnız
ölüm ayıra bilər ki, o da Allahın qismətidir.
- Yoldaşınız hansı sahədə
çalışır?
- Şəxsi bizneslə məşğul olur. Əvvəl
idmançı olub, ayağından zədə
aldığına görə idmanı tərk edib. Ürəyi, qəlbi ancaq idmanla bağlıdır.
Bizim evdə yalnız idman proqramlarına
baxılır. Şükr Allaha, gözəl ailəmiz,
üç övladımız var. Qızımın 8
yaşı, oğlumun 7, kiçik oğlumun isə 3
yaşı var. Əvvəllər arzum olub ki, 4 övladım,
iki qız, iki oğlum olsun. Allahın qismətidir.
Mən uşaqlarıma çox zaman ayıra
bilmirəm, bacılarım dəstək olurlar. Çox sağ olsunlar. Qapıdan içəri
daxil olan kimi uşaqlarım boynuma sarılırlar, məni
öpürlər. Hər gün bu hal bizim ailədə beş dəfə baş verir. Bütöv
ailə olanda uşaq da xoşbəxt olur. İşimə
də, ailəmə də vaxt ayırmağa
çalşıram. Xarici səfərlərim
də çox olur. Bu yaxınlarda Amerikada
konsert proqramı ilə çıxış etdik. Hər şeyə səsimlə, sənətimlə
nail olmuşam. Ailəm və sənətim
mənim üçün əzizdir və heç birini digərindən
üstün tuta bilmərəm. Ailəmə də bu səslə
nail olmuşam. Səhnədə oxuyanda məni
sevib bəyəniblər.
-
Gülyanaq xanım, Sizi bir çox nüfuzlu tədbirlərdə
görürük. Hətta Türkmənistan prezidentinin
doğum günündə də iştirak etdiniz…
-
Türkmənistana dəvət aldım və Azərbaycan
musiqisinin möhtəşəmliyi ilə hörmət
qazandım. Türkmənistanın ölkə
başçısı məni qızıl medalla təltif
etdi. Mən səhnədə, sənətdə
məbləği önəmli tutmuram. Məgər
prezidentin mənə olan sevgisi, diqqəti, hədiyyə etdiyi
qızıl medalın qiyməti var? Mən
Amerikaya səfərə getdim, amma bir qəpiksiz iştirak
etdim. Çünki sənətimi daha
önəmli tuturam. Pulu toy ilə
qazanmışıq, o da ehtiyacımız olduğu
üçün. Sənətimin dəlisiyəm,
məni pul maraqlandırmır. Pul sadəcə
geyimimi, səs yazılarımı əhatə etsin, bəsimdir.
Pul yığmaq kimi halalları
xoşlamıram. Sabah toy olmayan kimi ac qalan
müğənnilərdən biri mən olacam.
Düzdür, şükürlər olsun, işləyirik, maaş alırıq. Amma onunla
dolanmaq çətindir.
- Toylara
bir neçə saatlığa gedirsiniz?
- Yox. Bütöv toylara gedirik. Amma
çətindir. Mən toyu da səhnə
kimi bilirəm və orada da həmin
tamaşaçıdır. Yalnız fərqi odur ki, toy
repertuarı bir az fərqlidir. Toyu da hər
adam apara bilmir. Müğənillər
var, deyirlər ki, toya ancaq yarım saatlıq gedə bilirik.
Çünki, bötöv toy aparmaq çox
çətindir. Mən toyda fonoqram
oxumuram, 6 saat canlı toy aparıram. Orada
da əmək sərf edib, halal pul qazanmaq istəyirəm.
- Şou-biznes nümayəndələrindən kiminlə
dostluq edirisiniz?
-
Hamısı ilə münasibətim yaxşıdır, amma yaxın
deyilik.
- Daha
hansı ölkələrdə konsert proqramı ilə
çıxış edəcəksiniz?
- Nyu-York,
Los-Anceles şəhərlərində, Türkiyədə
konsert nəzərdə tutulub. Çünki
konsertim çox bəyənilib. Amerikada
çox gözəl konsertimiz oldu. Onlara
xalq musiqilərimizi, klassik musiqilərimizi və bəstəkar
əsərlərini səsləndirdim.
Rəqsanə
Üç
nöqtə.- 2017.- 12 yanvar.- S.12.