Rasim Balayev: «Yeni nəsil
arasında bir az cılızlıq görürəm»
«İstəyirdim
ki, qəbr evinə qədər işləyim,
boş-boşuna oturmayım»
Kinomuzun canlı əfsanəsi, xalq artsiti Rasim
Balayev “Şənbə qonağı”mızdır. Hər zaman
aktiv yaradıcılıq həyatı yaşayan xalq artisti
hazırda yaradıcılıq durğunluğunun ona çətin
olduğunu, filmlərdən və seriallardan təklif gəldiyini,
amma ssenari xoşuna gəlmədiyi üçün qəbul
etmədiyini bildirdi. Belə sakit yaradıcılıq tərzi
onun səhhətində də problem yaradıb.
- Rasim müəllim, şəkər xəstəliyinindən
müalicə aldığınızı eşitdik.
Hazırda necəsiniz?
- Şükür Allaha, elə bir problemim
yoxdur, bir az əsəb pozğunluqları vardı, əhval-ruhiyyəm
pis oldu. Buna “depresyon” deyirlər. Bunun da müəyyən səbəbləri
var. Mən həmişə aktiv həyat tərzi
keçirmişəm, filmlərə çəkilmişəm
və müəyyən yerlərdə işləmişəm.
Belə həyat birdən kəsildi və mənə bir az pis
təsir etdi. Hələ ki, bu gün filmlərə çəkilmək
imkanım var və məndən istifadə edə bilərlər.
Bunun bir səbəbkarı yoxdur, kimsə qarşımı
almayıb. Sadəcə, zaman elə gətirdi ki, bunu
yaşamalı olduq. Elə filmlərə dəvət edirlər
ki, orada çəkilmək istəmirəm. Çünki
filmin mənasız ssenarisi olduğunu görürəm, istədiyim
ssenariləri yazan yoxdur. Ona görə də, belə yaşam
tərzi bir az əsəblərimi pozdu. İndi
yavaş-yavaş özümə gəlirəm və belə
demək mümkündürsə, bunlarla barışıram.
Bu, bir-iki adamlıq və özümdən asılı olan
iş deyil. Bu, zamanın diqtəsidir və bununla
barışmaq lazımdır.
- Siz elə bir obrazlar
canlandırmısınız ki, bunlar illərlə kino tarixində
yaşayacaq...
- Hazırda elə bir yaş dövründəyəm
ki, artıq təcrübəm var və geriyə baxıb irəlini
görən adamam. İstəyirdim ki, qəbr evinə qədər
işləyim, boş-boşuna oturmayım. Müəyyən
vaxt bir çox işlərim olub və bu o demək deyil ki,
indi oturum. Yaradıcılıq sakitliyinə görə bir az
narahatlıq keçirdim. Yoxsa, həyatımda
şükür Allaha, hər şey qaydasındadır.
- Bir az depresiya
yaşadığınızı qeyd etdiniz. Depresiyadan
keçmişə nəzər salaraq, yoxsa gələcəyə
ümidlə yanaşaraq çıxırsınız?
- Mən hər bir işə başlayanda sanki
ilk dəfə başlayıram. Gördüyüm işlərlərlə
özümü arxayın edən adam deyiləm. Mənə
rol verilən zaman çəkiliş meydançasına gələndə
sanki ilk dəfədir ki, başlayıram. Bunu özümə
təlqin etmişəm. Əgər bu gün mənim normal
rolum olsa, o obrazı ilk rolum hesab edəcəm və çəkiliş
zamanı gördüyüm işləri unuduram. Əgər
unutmasan, o insanda xudpəsəndlik, arxayınlıq yaradar. «Mən
vaxtında bu işləri görmüşəm» kimi fikirləri
çox düşünmürəm. Artıq o gedib, bu
gündən danışmaq lazımdır. Ümumiyətlə,
keçmiş işlərimlə qürrələnən adam
deyiləm.
- Son
vaxtlar bir neçə film çəkildi, "Nabat",
"Çölçü"… Hətta o filmlər
festivallarda da iştirak etdi. Film sahəsinin
əvvəlki kimi inkişaf etməsinə
inanırsınızmı?
- İnanmalıyam. Bu sənət kollektiv sənətdir və
onun nümayəndələri yetişməlidir. Hər dövrdə kino sənəti var. Müəyyən
vaxt zəifləyə, yaxud da inkişaf edə bilər.
Belə hallar da həmişə olub. Rəssamlıqda da, teatrda da tənəzzül, yaxud
da inkişaf olub. 70-ci illərdə Azərbaycan
kinosunun inkişaf dövrü olub, çoxlu filmlər çəkilib.
Sonra müəyyən hadisələr oldu, ictimaiyyətdə
dəyişikliklər baş verdi. Yeni nələrsə başlayana qədər bir
şeyləri itirdik. Hazırda o
axtarış gedir və inanıram ki, nə vaxtsa zaman öz
sənətkarlarını yetişdirəcək və hər
şey yaxşı olacaq. Mən də o günləri
görmək istəyirəm.
- Bu gün gənc nəsil
arasında istedadlı aktyorlar yetişirmi?
- İstedadlı aktyorları tapıb yetişdirmək
lazımdır və yetişdirməkdə də müəyyən
problemlər var. Məsələn, bizim vaxtımızda sənətə
qarşı vurğunluq, eşq vardı. Bunlar olmasa sənətdə
inkişaf etmək mümkün deyil. Biz bu
şeyləri görmüşük. Hazırda yeni
yetişən nəsil arasında bir az
cılızlıq görürəm. Bu fikrim
hamısına aid deyil. İçində
yəqin ki, yaxşıları da var. Amma çoxları tez
populyarlaşmağı və yaxşı yaşam tərzinin
olmasını düşünürlər. Vallah, bizim vatımızda belə şeylər
haqqında düşümürdük. “Nəsimi”
filminə çəkiləndə kirayədə
yaşayırdım. Filmə çəkilməyə
gedərkən avtobusda yer də olmurdu və avtobusun pilləkənindən
yapışıb gedirdim. Amma indiki aktyorlar olsaydı, deyərdilər
ki, mənə ev, pul verin. Yəni,
biz bu barədə deyil, yalnız sənətimizi
düşünürdük. Fikirləşirdik
ki, hər şey qabaqdadır və bu, mənim sənətim
və işimdir. Hazırda bunları
görmürəm. Hər zamanın öz adamları və
istedadları var. Deyirlər ki, əvəzolunmaz adam yoxdur. Mənə elə gəlir ki, bu sənətdə
müəyyən səbəblərdən bir az
tənəzzül gedib və düşünürəm ki, bu
nə vaxtsa öz yerini tutacaq.
- Rayon
katibinin oğlu olmusunuz. Həyatda nə vaxtsa
çətinlikləriniz olubmu?
- Elə
də çox imkanlı ailədən olmamışam, ortabab
bir ailədə böyümüşəm. O vaxtlar bir az başqa cür idi. Ailəm mənə
kömək edirdi. Sonra qəflətən
atam rəhmətə getdi və yaşayışım
çətinləşməyə başladı. Mən burada artıq hər şeyi atıb rayona getmək
istəyirdim. Bakıda ev və
işim olmadı. Həyatın bu kimi
sınaqlarından keçdim, əziyyətlər
yaşadım. Məni sənətdə “Nəsimi” filminə
çəkilməyim saxladı. Yoxsa, mən
artıq hazırlaşırdım ki, rayona gedib, orada mədəniyyət
evində işləyəm və dərnək yaradam. Amma müəyyən təsadüflər nəticəsində
elə oldu ki, “Nəsimi” filminə çəkildim və o
film məni sənətdə saxladı. Onu
da deyim ki, mən atəşfəşanlı həyat
keçirməmişəm, amma pis də
yaşamamışam. “Nəsimi” filminə görə mənə
ev verdilər və bundan sonra
yaradıcılıq həyatım başladı. Amma ona qədər çox əziyyət çəkmişəm.
- “Nəsimi” filmi sizin
yaradıcılığınızın uğuru oldu. Canlandırdığınız
bütün obrazlar ürəyinizcədirmi?
- Mən
öz işimə həmişə tənqidi yanaşan
insanam. Bəzi filmlərə baxarkən
yaxşı olduğunu, bəzilərində isə «bu
kadrı başqa cür oynasaydım daha yaxşı
olardı» deyə düşünürəm. Amma kino elədir ki, artıq çəkildi və
getdi. Onu düzəltmək olmur.
-
Müsahibənizdə qeyd etmisiniz ki, dostunuz Səməndər
Rzayev aktyor sənətinin çətinlikləri haqqında
sizi əvvəlcədən xəbərdar edib. Bu xəbərdarlıqdan
sonra müəyyən qədər tədbirli ola
bildinizmi, yoxsa sənətin çətinlikləri siz də
yaşadınızmı?
- Təbii
ki, mən də yaşadım. O qədər olub ki,
kinostudiyaya getmişəm və məni filmlərdə yoxlasalar da,
çəkməyiblər. Buna görə
halım çox pərişan olub, hətta elə vaxt olub ki,
ağlamışam. Uzun müddət məni
filmlərə yoxlayırdılar, amma çəkmirdilər.
Özü də adımı
çıxarmışdılar ki, yaxşıdır, amma
“fotogeniçni” deyil. Amma bir dəfə
kinokluba çıxdım və ondan sonra həyatımda
Allahın köməyi ilə hər şey yaxşı oldu.
Elə vaxtlar olurdu ki, heç nə
alınmırdı və buna görə çox
üzücü bir həyat tərzi keçirmişəm.
- Rasim
müəllim, Sizin istedadınızla yanaşı boyunuz, xarici
görünüşünüz var. Bunun sizin
yaradıcılığınlıza təsiri oldumu?
- Təbii
ki, mən o görünüşdə olmasaydım, “Nəsimi”yə
çəkməzdilər axı. Görünür,
mənim üz cizgilərim, boyum rejissoru qane edib. Amma əsas üz
cizgiləri, boydur. Aktyorun
görünüşü rola uyğun olmasa çəkməzlər.
Aktyorluq sənətində
görünüş də rol oynayır.
- “Babək”,
“Nəsimi” və “Dədə Qorqud” kimi filmlərdə
böyük obrazlar canlandırmaqla yanaşı, həm də
“Xoşbəxtlik səhnəsi”, “Mən hələ
qayıdacağam” kimi filmlərdə kiçik obrazlar da
canlandırmısınız. Necə
düşünürsünüz, kiçik, yoxsa böyük
rolları canlandırmaq çətindir?
- Hər
obrazın öz çətinliyi var. Kiçik obrazı da elə
oynamalısan ki, yadda qala biləsən. Düzdür, belə
bir söz var: “Obrazın böyük-kiçiyi yoxdu, aktyorun
böyük-kiçiyi var”. Bəzən
baxırsan ki, aktyorlar kiçik obrazlar oynayırlar və yadda
qalırlar. Amma mən bu fikirlə həm
razıyam, həm də razı deyiləm. Böyük rol həm də böyük insandır,
obrazdır, bir şansdır, öz sənətinlə diqqət
cəlb etmək üçün böyük bir şeydir.
Amma kiçik epizod oynayan aktyorda elə bir obraz
canlandırmalıdır ki, orada hansısa fikir və məqsəd
olsun. Yoxsa elə-belə obraz olanda
heç yadda da qalmır. Epizodun mənası
olmalıdır. O epizod uğurlu alınır ki, orada
düzgün fikir, məqsəd var. Hətta kiçik
olmasına baxmayaraq, onun o filmdə müəyyən bir əhəmiyyəti
olur və aktyor onu gözəl oyanyırsa, yadda qalır. Hər ikisi də lazımdır. Hamı
baş rol oynasa, bəs kiçik epizodları kim
oynayacaq? Filmdə oynamaq üçün bir məqsəd
olmalıdır. Yoxsa, «filmə çəkildim,
vəssalam» desən, yaddan çıxıb gedir.
-
Xarakeriniz necədir? İnsanlarla tez ünsiyyət
qurmağı bacarırsınızmı?
- Mənim
özüməməxsus müəyyən xarakerim var,
heç vaxt pislik haqqında düşünmürəm. Amma mənim haqqımda özüm deyil, tanıyan
insanlar fikir bildirsələr, daha obyektiv olar. Adam özü haqqında danışa bilmir. Düzdür, müəyyən hərəkətlərimi,
davranışımı gözləyən adamam və mənə
elə gəlir ki, düz edirəm. Amma bəlkə
də başqası belə düşünmür.
- Boş
vaxtlarınız necə keçirisiniz? Mütaliə
etməyi sevirsinizmi?
- Əlbəttə ki, müatilə edirəm. Bizim nəsil
nümayəndələri kitab oxumaqla formalaşıb.
Bu gün çox təəssüf ki, gənc nəsil
çox bədii ədəbiyyat oxumur, az
mütaliə edir. Bu da onların düzgün
formalaşmasında problem yaradır. Bədii
kitablar insanı maarifləndirir. Daim
mütailə insanın formalaşmasına,
dünyagörüşünə, həyata
baxışına yaxşı təsir edir. Kitab oxuyarkən insan çatışmayan cəhəti
varsa, ondan imtina edir, özünü o obraza bənzətməyə
çalışır, ədalətli, vicdanlı olmağa
çalışır. Yəni insanın
formalaşmasında qiraətin, oxumağın çox
böyük əhəmiyyəti var.
-
Övladlarınız arasında sənətinizin
davamçıları varmı?
- Yox. Övladlarım bu sənətə gəlmək
üçün cəhd də etmədilər. Əgər görsəydim ki, istedadı var, ona yox
deməzdim. Övladımın biri Tibb Universitetini, biri
isə Bakı Dövlət Universitetini bitirib və işləyirlər.
- Son
olaraq nə demək istərdiniz?
-
Arzulayıram ki, hər yerdə yaşayan azərbaycanlı azərbaycanlı
olması ilə fəxr etsin, bir-birinə yaxşı
münasibətdə olsunlar. Bütün insanlar uğura can
atmalıdır. Yersiz təkəbbürə,
lovğalığa, yekəxanalığa yol verməsinlər.
Onlar insanı məhvə aparır.
Rəqsanə
Üç
nöqtə.- 2018.- 25 yanvar.- S.12.