“Məni Anar Rzayev tənqid
edərsə, bunu ciddi qəbul edərəm”
Bu günlərdə
60 yaşı tamam olan məşhur detektiv yazıçısı,
Azərbaycanın xalq
yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) katibi Çingiz Abdullayev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Çingiz müəllim, Sizi 60 yaşınızın tamam
olması münasibətilə
təbrik edirik. 60 yaşında özünüzü
necə hiss edirsiniz?
- Özümü 60 yaşında deyil, gənc bir yazıçı
kimi hiss edirəm. Bu yaş mənim üçün sadəcə
olaraq iki 30 yaş deməkdir. Ötən həftənin
şənbə günü
650 oxucu mənimlə
görüşmək üçün
bilet alıb. Mən nə müğənni, nə şair, nə də şou-biznes əhliyəm. Heç oynaya da bilmirəm.
Amma 650 adamı 6 saat ərzində qarşılamışam və
onların suallarını
cavablandırmışam. Təsəvvür
edin ki, saat 19:00-dan gecə saat 01:00-a qədər su belə içməmişəm.
Bu müddət ərzində yalnız ayaq üstə oxucularımla söhbətləşmişəm.
Bütün bunlar mənə əsas verir deyim ki,
mən cavanam. Yaşımın 60-ı haqlaması
yalandır (gülür).
- Sağlamlığınız
necədir? Hər hansı xəstəlikdən
şikayətiniz varmı?
- Sizi inandırım
ki, mən hələ indiyə qədər siqaret çəkməmişəm, spirtli
içki və narkotik maddə qəbul etməmişəm.
Ömür boyu idmanla məşğul olmuşam. Siz bilirsiniz ki, mən həm də Neftçi Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədriyəm.
Amma idmanla məşğul olmağım
Şuraya sədrlikdən
əvvəl də olub. Ola bilər
ki, səhhətimdə
problemlərin olmaması
mütəmadi olaraq idmanla məşğul olmağımdan irəli gəlir.
- Yeri gəlmişkən,
Neftçi FK-nın Müşahidə Şurasının
sədri kimi komanda üzvləri ilə tez-tez görüşürsünüzmü?
- Əlbəttə, mən klubun hər oyununda iştirak edirəm. Hətta xaricdə olsam belə özümü mütləq
çatdırıram. Sizə
bir sirr deyim. Elə olub ki, mən
klubun oyununa görə xarici ölkəyə olan səfərimin biletini təcili dəyişməli
olmuşam. Təbii ki, rəhbərliklə də görüşürük.
- Prezident İlham
Əliyevin sizi “Şərəf” ordeni ilə təltif etməsini necə qarşıladınız?
- Təbii ki, bu, gözəl hissdir. Təsəvvür edin ki, gözlənilmədən, xəbəriniz
olmadan bir hadisə ilə qarşılaşırsınız. Mən bu təltifi gözləmirdim.
- Çingiz müəllim, əvvəllər olduğu
kimi, yenə də tez-tez xaricə səfərlər
edirsiniz?
- Əlbəttə. Mən
10 gün bundan əvvəl xaricdən gəlmişəm. Bu axşam
yenə xaricə səfərim var. Ötən
əsrin 90-cı illərində
mən hər gün həftəsonu işdən sonra Rusiyanın paytaxtı Moskvaya gedir və orada iki
gün qalıb yenidən həftənin
ilk gününə Bakıya
qayıdırdım. Yaradıcılıqla məşğul olduğuma
görə səfərlərim
çoxluq təşkil
edir.
- Azərbaycan Yazıçılar
Birliyinin binasında
(AYB) gününüzün nə qədər hissəsini keçirirsiniz?
- Bu ərəfələr demək
olar ki, günümün çox
hissəsini AYB-də keçirirəm. Amma nəzərə almaq lazımdır ki, AYB mənim iş yerimdir və iş yerimdə günümü keçirməyim
normaldır. Bir dəfə olub
ki, iki ay ərzində AYB-yə gəlməmişəm. Çünki xarici ölkədə dünya əhəmiyyətli
tədbirlərin birində
iştirak edirdim.
Amma mən həm AYB-də, həm kitabxanada, həm Neftçi FK-da oluram, həm də oxucularımla görüşürəm.
Bütün bunlarla yanaşı
həm də yazıram.
- Gün ərzində buna vaxtı necə tapırsınız?
- Mən sizə bir məsələni deyim ki, bilməyənlərin
də xəbəri olsun. Mən gün ərzində
cəmi 4 saat yatıram. Bu gün gecə saat 01:30-da yatıb, saat 05:00-da oyanmışam.
- Oxucularınızla görüşdən
danışdınız. Bu cür görüşlər
tez-tezmi olur?
- Bəli olur. Yeri gəlmişkən, bu yaxınlarda akademik Rafael Hüseynovla birlikdə Kürdəmirdə oxucularımla
görüşə getmişdim.
Kürdəmir rayon İcra
Hakimiyyətinin başçısı
nə bizimlə görüşə gəldi,
nə də bizim onunla görüşməyimizə
imkan verdi.
Hətta
müavininə bizimlə
görüşməyi qadağan
etdi. Mən Azərbaycanın beş xalq yazıçısından biriyəm.
Biz Bakıdan sizin rəhbərlik etdiyiniz rayona qonaq gəlmişik. Başa düşürəm ki, siz icra başçısısınız
və qəbullarınız,
görüşləriniz olur.
Amma heç olmasa rəhbərlik etdiyin rayonun sakinlərinə hörmət etməyi özünə borc bil. Təsəvvür edin ki, mənim görüşümə
yüzlərlə oxucu
gəldiyi halda icra başçısı
hətta müavinini belə bizim yanımıza buraxmadı.
İcra başçısı sadəcə
bunu unutmamalıdır
ki, o, mənə deyil, mən ona lazımlı adamam. Sizi inandırım ki,
Kürdəmir camaatı
qayıdandan sonra mənə dəfələrlə
zəng edib icra başçısının
bu hərəkətlərinə
görə üzr istədilər.
- Hazırda hansı əsər üzərində
işləyirsiz?
- İndi əcnəbilər üçün ssenari yazıram. Bununla yanaşı, iki
kitab da yazıram.
Amma adlarını və motivləri hələlik açıqlamayım.
- Çingiz müəllim, kitab yazarkən köməkçilərdən istifadə edirsinizmi?
- Mən çətin olsa da, əsərlərimin
hamısını özüm
yazıram. Hətta tərcümələri də özüm yazıram. Bir zamanlar bir xanım köməkçi
götürmüşdüm. O, mənə yazmaqda kömək edirdi. Çünki kompüter yox
idi, əl ilə yazırdıq.
- Əvvəllər olduğu
kimi, yenə də dövlət qulluğunda çalışmaq
istəyərsinizmi?
- Bəli, mən əvvəllər dövlət
qulluğunda işləmişəm.
Amma bu iş
bir az
məsuliyyət tələb
edir, çünki çətindir. Təbii ki, dövlətimiz,
xalqımız üçün
hər zaman işləməyə hazıram.
Yəni,
belə bir təklif olarsa, razılıq verərəm.
- Çingiz müəllim, bir dəfə müsahibənizdə əsərlərinizi
hüquq-mühafizə orqanlarından
əldə etdiyiniz cinayət arxivlərinin
real motivləri əsasında
yazdığınızı demişdiniz. Yenə də belə
bir cinayət arxivlərinin motivləri əsasında yazırsınızmı?
- Təbii ki, olub. Mən cinayət arxivlərini
götürüb onların
əsasında bir çox əsərlər
yazmışam. Amma daha
həmin arxivlər ötən əsrin
90-cı illərində bitib.
- Bəs, hazırda Azərbaycanda baş verən cinayətlərin
real motivləri əsasında
əsər yazmağı
düşünürsünüzmü?
- Bu günə qədər Azərbaycanda baş verən cinayət hadisələri üzərindən
xeyli sayda əsərlər yazmışam.
Bir müddət əvvəl hüquq-mühafizə orqanlarından
mənə Hacı Məmmədov və onun dəstəsinin törətdiyi cinayətlərin
əsasında əsər
yazmağı təklif
etdilər. Hətta bununla
bağlı bütün
arxiv materiallarını
mənə verəcəklərini
dedilər. Amma mən
razı olmadım.
- Çingiz müəllim, bəzi ədəbi tənqidçilər sizin
yaradıcılığınızı dəfələrlə tənqid
ediblər. Hətta sizi ciddi yazıçı kimi qəbul etmədiklərini
deyirlər. Buna münasibətiniz necədir?
- Bu bilirsiniz necədir? Sanki bir milçək
qolunu sancıb qaçır. Mən isə
onlara cavab vermirəm. Mənim onlara cavabım
dünyanın 32 dilində
nəşr olunan kitablarımdır. Mənim yaradıcılığımı
tənqid edənlər
bircə misra yazıb 10 ölkədə
çap edərlərsə,
onları özümə
bərabər saya bilərəm. Təbii ki,
məni Anar Rzayevin tənqid edərsə, bunu ciddi qəbul edərəm. Amma
bəzilərinin tənqidi
mənim üçün
əhəmiyyətli deyil.
Üç nöqtə.-
2019.- 13 aprel.- S.13