“Sosial siyasət Azərbaycan dövlətinin
öz vətəndaşına olan diqqət və
qayğısının əyani
nümunəsidir”
Milli Məclisin deputatı Sevinc Hüseynova
www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, məlum olduğu kimi, bu
günlərdə Kürdəxanı qəsəbəsində
810 məcburi köçkün ailəsi üçün
salınan yeni yaşayış kompleksi istifadəyə
verilib. Azərbaycanda qaçqın və məcburi
köçkünlərə dövlət qayğısı
haqqında fikirlərinizi bilmək istərdik...
- Qaçqın və məcburi
köçkünlərə qayğı Azərbaycanda
dövlət siyasətinin prioritetlərindən biridir. Aprelin
5-də Kürdəxanı qəsəbəsində 810 məcburi
köçkün ailəsi üçün salınan yeni
yaşayış kompleksinin istifadəyə verilməsi də
bu qayğının ifadəsidir. Qeyd edim ki, Prezident İlham
Əliyevin müəyyənləşdirdiyi strateji kursa
uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan
bütün vətəndaşlar dövlət tərəfindən
dəstəklənirlər. Bunlar arasında da
qaçqın və məcburi köçkünlər, əhalinin
sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələri
ön sırada dayanırlar. Çünki qaçqın və
məcburi köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli daim dövlətin, şəxsən
Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Ötən illər ərzində ölkəmizdə
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli məqsədilə müxtəlif
proqramlar reallaşdırılıb.
Prezident İlham Əliyev
qaçqınların və məcburi köçkünlərin
problemlərinin həllinə xüsusi qayğı ilə
yanaşır, bu məsələni daim diqqət mərkəzində
saxlayır. Dövlətimizin başçısı
qaçqınların və məcburi köçkünlərin
sosial problemlərinin həllini dövlətin sosial siyasətinin
əsas istiqamətlərindən biri kimi müəyyən
edib. Son illərdə qaçqınlar və məcburi
köçkünlər üçün bütün zəruri
infrastrukturla təchiz olunmuş qəsəbələr
salınıb, çoxmərtəbəli binalar inşa olunub.
Qaçqınların və məcburi
köçkünlərin sağlamlıqlarının təmini,
sosial durumlarının yaxşılaşdırılması,
məşğulluqlarının artırılması və
digər məsələlərlə bağlı da bir
sıra mühüm işlər görülüb. Bu
işlərə Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələr də töhfə verir.
Bilirsiniz ki, bu istiqamətdə
atılan mühüm addımlardan biri də 2017-ci il
martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi
ilə Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr edilən
müşavirənin keçirilməsi oldu. Bu faktlar bir daha
dövlətimizin bu məsələlərə xüsusi diqqətini
göstərir. Xatırladım ki, ötən
il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi
köçkün ailəsi üçün, dekabrın 27-də
isə Sumqayıt şəhərində 1005 qaçqın və
məcburi köçkün ailəsi üçün
salınmış yeni yaşayış kompleksinin istifadəyə
verilməsi də bu sahədə görülən
işlərin uğurlu davamıdır. Bütün
bunlarla yanaşı, Azərbaycan Prezidentinin məcburi
köçkünlər və onlara bərabər tutulan şəxslər
üçün vahid aylıq müavinətlərin
artırılması ilə bağlı Sərəncamına əsasən
məcburi köçkünlərə ödənilən vəsaitin
həcmi 50 faiz artırılıb.
Qaçqın və məcburi
köçkünlər inanırlar ki, Prezident İlham
Əliyevin qətiyyətli siyasəti nəticəsində
torpaqlarımız işğaldan azad olunacaq və bu tipli
quruculuq işləri həmin torpaqlarda aparılacaq.
- Son vaxtlar ölkəmizdə sosial sahədə
çox mühüm addımlar atılmaqdadır. Bu fakt Azərbaycanı
sosial dövlət kimi necə səciyyələndirir?
- Bilirsiniz ki, Azərbaycan ötən
illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi
ilə möhtəşəm nailiyyətlər qazanıb.
Ölkəmizin maliyyə imkanlarının güclənməsi
istər regionların sosial-iqtisadi inkişafı, istərsə
də insanların sosial rifah halının daha da
yaxşılaşdırılması istiqamətində
layihələrin reallaşdırılmasına da imkan verib. Cənab
Prezident İlham Əliyev dəfələrlə bəyan edib
ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində
məhz Azərbaycan vətəndaşları, onların
maraqları dayanır.
Ümumiyyətlə, Azərbaycanın
sosial-iqtisadi cəhətdən inkişafı dinamik xarakter
daşıyır. Davamlı olaraq islahatların həyata
keçirilməsi inkişaf proseslərini daha da gücləndirir.
Fevralın 25-də Azərbaycan Prezidenti
İlham Əliyevin yanında keçirilən iqtisadi və
sosial məsələlərlə bağlı müşavirədə
də qeyd olunduğu kimi, artıq ölkəmizdə 2017-ci
ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı
atılan önəmli addımlar, həmçinin 2018-ci ildə
ardıcıl şəkildə həyata keçirilən
ciddi islahatlar öz müsbət nəticələrini verir.
Vətəndaşların
rifahının daha da yüksəldilməsi, qayğıya
ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi
daim dövlətin diqqət mərkəzindədir. Ölkə
Prezidenti İlham Əliyevin verdiyi qərarlar vətəndaşların
maraqlarına xidmət edir. Respublikamızda
inklüzivliyin təmin olunması, əhaliyə göstərilən
xidmətlərin əlçatanlığının və
keyfiyyətinin artırılması və beləliklə də,
vətəndaş məmnunluğunun təmin olunması
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha
böyük həcmlərdə maliyyə vəsaiti
yönəldilir. Ölkəmizdə 2019-cu ilin əvvəlindən
sosial sahədə bilavasitə insanların rifah halının
yaxşılaşmasına hədəflənən tədbirlərin
reallaşdırılması daha da intensivləşib. Bu sahədə
atılacaq addımlar cənab Prezident tərəfindən hələ
ötən il müxtəlif tədbirlərdə anons edilib və
hazırda vaxtilə verilən vədlərin uğurla
reallaşdırılması prosesi gedir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin
sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən
il olacaq. Bu və digər faktlar Azərbaycan
dövlətinin sosial siyasətinin davamlı səciyyə
daşıdığı barədə konkret təsəvvür
yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin
sosial sahədə atdığı addımlar öz
miqyasına, təsir dairəsinə, əhəmiyyətinə
görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə,
müharibə veteranlarına, əlillərinə,
qaçqın və məcburi köçkünlərə
qayğı, minimum əməkhaqqının, minimum
pensiyanın və sosial müavinətlərin
artırılması istiqamətində görülən
işlər, problemli kreditlərin həll olunması dövlətin
öz vətəndaşlarına olan qayğısının
təzahürüdür. Bütövlükdə, 3 milyona
yaxın insan dövlətin sosial təşəbbüslərinin
icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan
dövlətinin yürütdüyü dərinməzmunlu
sosial siyasət, həqiqətən də, inqilabi xarakter
daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin,
Azərbaycan dövlətinin öz vətəndaşına
olan diqqət və qayğısının əyani nümunəsidir.
- Sevinc xanım, siz parlamentin Gənclər və
idman komitəsinin üzvüsünüz. Bu yaxınlarda “Gənclər
siyasəti haqqında” qanuna edilən dəyişikliklərin əhəmiyyəti
nədən ibarətdir?
- Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu dövlət gənclər siyasəti hazırda Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bu gün Azərbaycan gəncliyi cəmiyyətin
aparıcı qüvvəsidir. Ölkəmizdə gəncliyin
inkişafı üçün sistemli olaraq tədbirlər
görülür, o cümlədən qanunvericilik aktları təkmilləşdirilir.
Bilirsiniz ki, bu yaxınlarda Milli Məclisdə
“Gənclər siyasəti haqqında” qanuna önəmli dəyişikliklər
edilib. Qəbul olunmuş yeni sənəddə mühüm məsələlər
əksini tapır. Sənəddə gənclər
siyasətinin məqsəd və prinsipləri, gənclərin
mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda
iştirakı, onların sağlamlığının
qorunması və fiziki inkişafı, məşğulluğunun
təmin edilməsi, gənc ailələrə, gənclər
təşkilatlarına dövlət yardımı, gənclər
siyasətinin həyata keçirilməsinin maddi və maliyyə
təminatı ilə bağlı maddələrə bir
sıra vacib əlavələr edilib. Eyni zamanda,
aztəminatlı gənc ailələrin sosial müdafiəsi,
onların mənzil təminatının
yaxşılaşdırılması və bu məqsədlə
güzəştlərin tətbiq olunması, gənc alim və
tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi,
sosial müdafiəyə ehtiyacı olan aztəminatlı
gənclərin təhsil problemlərinin həlli və asudə
vaxtlarının səmərəli keçirilməsinə
yönəlmiş tədbirlərin həyata keçirilməsi
məsələləri qanunda əks olunub. Digər vacib bir məqam
isə gənc ailələrin mənzil təminatı ilə
bağlı müddəadır.
Gənclərimiz bu gün milli mənəvi dəyərlərimizin
qorunması və təbliğində vacib rol oynayırlar. Bu
məsələ də sənəddə əks olunub. Belə ki, 18 yaşınadək gənclərin mənəvi-əxlaqi
tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin
formalaşdırılması məqsədilə onlara
tütün məmulatlarının, spirtli və energetik
içkilərin satışına yol verilməyəcək.
Bütün bunlarla yanaşı,
qanunda edilən mühüm yeniliklərdən biri risk qrupunda
olan gənclərin sosial adaptasiyası üçün tədbirlərin
həyata keçirilməsi, risk qrupunda olan gənclərlə
könüllülər arasında qarşılıqlı
yardım qruplarının təşkil edilməsidir. Eləcə
də sahibkar gənclərə də dövlət dəstəyinin
gücləndirilməsi sənəddə öz əksini
tapır. Bütövlükdə yeni qəbul olunmuş sənəd
dövlət gənclər siyasətinin hüquqi
bazasını daha da təkmilləşdirir. “Gənclər
siyasəti haqqında” qanuna edilən dəyişikliklər Azərbaycan
gəncliyinin hərtərəfli inkişafına yeni töhfələr
verəcək.
Üç nöqtə.-
2019.-16 aprel.- S.6.