“Kredit faizləri nə qədər aşağı olarsa, sahibkarlıq daha çox  investisiya  cəlb  edə bilər”

 

 

Milli Məclisin deputatı Tahir Mirkişili www.yap.org.az saytına müsahibə verib:

 

 

- Tahir müəllim, məlum olduğu kimi, Prezident İlham Əliyev son vaxtlar bir çox sahələrdə islahatlar həyata keçirib və hazırda da bu proses davam etdirilir. Bununla bağlı fikirlərinizi bildirməyi xahiş edirik...

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz sürəti, əhatəsi və nəticəliliyi ilə fərqlənir. Ümumilikdə islahatların uğurlu olması onun qətiyyətli və düşünülmüş aparılmasından və xalq tərəfindən dəstəklənməsindən çox asılıdır. Keçən müddət ərzində dövlət başçısının bütün addımlarının qətiyyətli və uzaqgörən olmasına bütün dünya şahid olmuşdur. Cənab Prezidentin müəllifi olduğu həm daxili, həm də beynəlxalq layihələr daim uğurla başa çatmışdır. 11 aprel 2018-ci il prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük səs çoxluğu ilə Prezident seçilməsi Azərbaycan xalqının məhz Onu dəstəklədiyini bir daha təsdiq etdi. Mart ayında Fransanın “Opinion Way” şirkətinin apardığı sorğu nəticəsində rəyi soruşulan Azərbaycan vətəndaşlarının 90%-nin Prezidentin islahatlarını dəstəkləməsi ölkədə aparılan mühüm iqtisadi və idarəetmə islahatlarına böyük dəstəkdir. Keçən 1 ildə islahatların mühüm nəticələri onu bir daha göstərdi ki, effektiv şəkildə aparılan islahatlar qısa müddətdə öz nəticələrini verir. 2019-cu ilin ilk 3 ayının nəticələrini təhlil etsək, görərik ki, ümumi daxili məhsul 3%, qeyri-neft sənayesi 15% artmış, inflyasiya cəmi 2% olmuşdur. 2018-ci ildə Dünya Bankı Azərbaycanı dünyada ən çox islahat aparan ölkə elan etmişdir. İslahatlar nəticəsində iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat artırmışdır. Dövlətin artan gəlirlərini vətəndaşların sosial müdafiəsinin güclənməsinə yönəldən dövlət başçısı minimum əməkhaqlarını, pensiyaları, sosial müavinətləri, tələbə təqaüdləri və s. artırmaqla bir daha aparılan islahatların əsas məqsədinin Azərbaycan vətəndaşının daha yaxşı yaşaması olduğunu göstərmişdir.

- Problemli kreditlərlə bağlı vətəndaşlar tərəfindən gözlənilən Fərman imzalandı. Bununla bağlı nə deyə bilərsiniz?

- Ümumilikdə iqtisadiyyatda və bank sektorunda həmişə problemli kreditlər məsələsi var və bunun qəbul edilmiş bir həddi mövcuddur. Bu hədd bəzi ölkələrdə 5 faizədəkdir, bəzi ölkələrdə isə 3 faizdir. Azərbaycanda devalvasiyadan əvvəl problemli kreditlərin ümumi kredit portfelində həcmi təxminən 5,5-6 faiz həcmində olub. Bu da dünyada qəbul edilən bir normadır. Ümumiyyətlə, belə hesab olunur ki, riskləri nəzərə almaqla, bank sektoru özü bu həddə olan problemli kreditləri sağlamlaşdıra bilir və hətta bu formada riskləri idarə etməyi bacarır.

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya olub. Bu devalvasiyalardan sonra ölkədə iki mühüm məsələ ortaya çıxıb. Həm xarici valyutada, həm də ümumilikdə manatla götürülən kreditlərin geri qaytarılması ilə bağlı vətəndaşlarda müəyyən çətinlik yaranıb. Ötən dövrdə bu iki istiqamətdə iş aparılıb. Cənab Prezident çıxışlarında hər zaman bank sektoruna ödənilməsində problem olan kreditlərin restrukturizasiyası ilə bağlı çağırışlar edib ki, banklar həm müddətin uzadılması, həm də kredit faizlərinin aşağı salınması ilə bağlı vətəndaşlarla qarşılıqlı razılaşma əldə etsinlər. Bu istiqamətdə bir sıra banklar müəyyən işlər görüb.

- Bəzi ekspertlərin fikrincə, Azərbaycan iqtisadiyyatı əlavə dəyər vergisindən (ƏDV) tədricən xilas olmalıdır və bu vergi digər vergilərlə əvəz edilməlidir. ƏDV-dən imtina etmək mümkündürmü?

- ƏDV ilk dəfə 1950-ci illərdə Fransada tətbiq olunmağa başlayıb. Bu gün Avropa İttifaqına üzv olmaq üçün istənilən halda hər bir ölkə ƏDV-ni tətbiq etmək mexanizminə sahib olmalıdır və bu, məcburidir. Bir çox dövlətlərin, məsələn, Fransanın dövlət büdcəsinin vergi gəlirlərində ƏDV-nin payı 45 faizə yaxındır. Bəzi ölkələrdə isə bu rəqəm azdır. Məsələn, Niderlandda bu göstərici 25 faizə yaxındır. Amma bütövlükdə ƏDV bu gün büdcənin gəlirlərinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Azərbaycanda ƏDV vergi yığımlarının təxminən 50 faizindən bir az çoxdur. Yəni bu gün həm gömrük, həm vergi sahəsində ƏDV-nin yığım həcminə fikir versək, bu, bütövlükdə büdcə gəlirlərinin təxminən 30 faizinə yaxındır. Bu, kifayət qədər böyük məbləğdir. Bu gün ƏDV bir tərəfdən iqtisadi funksiyaya sahibdirsə, digər tərəfdən onun mühüm bir sosial istiqaməti var. ƏDV olmayanda, bu qədər vergi yığılmayanda son nəticədə əhalinin sosial qayğı ilə əhatə olunmasında ciddi şəkildə problemlər yarana bilər. Yığılan vergilərin böyük hissəsi son nəticədə pensiyaya, sosial təminata, sosial müavinətə və bütövlükdə əhalinin maddi rifahının artırılmasına yönəlir. Yəni verginin əsas funksiyalarından da biri bundan ibarətdir.

Amma mən düşünürəm ki, istənilən halda ƏDV mexanizminin təkmilləşdirilməsi ilə bağlı işlər görmək mümkündür. Bu gün dünyada ƏDV-nin tətbiqi mexanizmi ilə bağlı diskussiyalar aparılır. Bir çox ölkələrdə ƏDV tətbiq olunmur. Məsələn, ABŞ, Kanada, Avstraliyada ƏDV yoxdur və bunun əvəzində başqa tipli vergilər var. Milli Məclisdə müzakirələr zamanı bir çox hallarda ƏDV-nin müxtəlif dərəcələrinin tətbiqi ilə bağlı təkliflər də vermişdik. Biz də düşünürdük ki, bəzi sahələrdə, məsələn, tibb, təhsil və digər sahələrdə ƏDV-nin dərəcəsinin aşağı salınması mümkündür.

Azərbaycanda bir çox məhsullar ƏDV-dən azad olunub. Məsələn, buğda və taxıl məhsulları idxalda ƏDV-dən azaddır. Bir çox hallarda bu azadolmalar əhalinin ilkin ehtiyacını ödəyən məhsulların qiymətinin aşağı olmasına səbəb olub. Amma təhlillər göstərir ki, ƏDV-nin dərəcələrində müxtəliflik tətbiq edən zaman iqtisadi cinayətlərin sayının səviyyəsi getdikcə artır. Çünki ƏDV elə bir vergidir ki, burada istənilən halda mexanizmin təkmil olması çox mühümdür. Mexanizm təkmil olmasa, yəni uçot düzgün qurulmasa, bu zaman ƏDV-nin toplanmasında kifayət qədər boşluqlar mövcud olur. Bu boşluqlarda inzibatçılığın səviyyəsinin aşağı olması bir çox hallarda bu verginin ödənilməməsinə, vergidən qaçmaya səbəb olur.

Digər bir yanaşma ƏDV-də müxtəlif dərəcələrin tətbiqi yox, bunun bütövlükdə aşağı salınması, amma azadolmaların aradan qaldırılmasından ibarətdir. Çünki burada əsas məqsəd inzibatçılığın daha şəffaf qurulmasıdır. Şəffaflığın artması son nəticədə ƏDV-nin bir çox məsələlər üzrə dərəcələrinin aşağı enməsinə səbəb ola biləcək. Bunun üçün əslində sistem hazır olmalıdır və sistemin hazır olması üçün şəffaflıq artmalıdır. Ölkəmizdə uçotluğun səviyyəsinin daha çox artması son nəticədə ƏDV sistemində islahatlar aparmağa şərait yaradacaq.

- Tahir müəllim, “Diqlas” Ticarət Mərkəzindəki məlum yanğından sonra cənab Prezidentin Sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə dövlət başçısı sığorta sahəsində boşluqların olduğunu bildirdi. Sizcə, bu boşluğu necə və hansı hallarda aradan qaldırmaq mümkün ola bilər?

- Azərbaycanda “İcbari sığortalar haqqında” qanun var. Bu qanunun müddəalarına görə, hər bir fiziki və hüquqi şəxs öz əmlakını məcburi şəkildə sığorta etdirməlidir. Yəni bu, könüllü deyil, icbaridir. Eyni zamanda, qanunda ikinci müddəa var ki, üçüncü şəxslərə dəyən zərərlə bağlı istənilən halda fiziki və yaxud hüquqi şəxslər öz əmlakını 50 min manat risk həddində sığorta etdirməlidirlər. Biz buna mülki məsuliyyət deyirik. Burada müəyyən məhdudiyyətlər olsa da, amma bütövlükdə bu tipli hadisələrin qarşısını almaq üçün qanunda müvafiq müddəalar mövcud idi.

Problem ondan ibarətdir ki, Azərbaycanda sığorta sahəsində əmlakın və yaxud da daşınmaz əmlakın sığortalanması ilə bağlı müəyyən dərəcədə boşluqlar mövcuddur. Bunun da bir çox səbəbi var. Səbəblərdən biri əhalinin və yaxud da sahibkarların bəzilərinin iqtisadi savadlılığının arzuolunan səviyyədə olmamasıdır. Bir çox hallarda isə baş verən hadisə zamanı sığorta məbləğinin alınması ilə bağlı bir çox şikayətlərin olması, əhali ilə sığorta şirkətləri arasında inamın arzuolunan səviyyədə olmaması Azərbaycanda sığorta mədəniyyətinin formalaşmasına zərər göstərib.

Amma bu, o demək deyil ki, Azərbaycanda əmlak və yaxud daşınmaz əmlak sığorta olunmur. Mən bir fakt deyim. 2018-ci ildə Azərbaycanda könüllü şəkildə daşınar və daşınmaz əmlakın sığorta etdirildiyi riskin həcmi 32 milyard manat olub. Yəni sığorta şirkətləri yalnız 2018-ci ildə könüllü olaraq sahibkar və vətəndaşlardan 57 milyon manat həcmində sığorta haqqı toplayıb. Bu da müəyyən bir sayda vətəndaş və yaxud sahibkarın sığorta mexanizmlərindən istifadə etdiyini deməyə əsas verir. Amma istənilən halda bu, arzuolunan hədd deyil.

Bizim də istəyimiz odur ki, özəl sektorda vətəndaşların və sahibkarların əmlakının sığortası lazımi səviyyədə olsun. Çünki baş verən son hadisələrdə biz bunun şahidi olduq. Bu gün bazar iqtisadiyyatının mühüm elementlərindən biri sığortadır. Sığorta şirkətləri çox da böyük olmayan məbləğ həddində vətəndaşa dəyə biləcək ziyanı tam ödəmək kimi mexanizmlərə sahibdir. Mən sizə bir fakt deyim, bu gün hər hansı sahibkar mağazada 30 min manat dəyərində olan malını sığortalamaq istəsə, bunun illik dəyəri təxminən 90 manat həcmindədir. Bu, əslində çox kiçik bir məbləğdir.

Təsəvvür edin ki, bu gün sahibkar hər ay 200-300 manat icarə haqqı ödəməyə hazırdır, amma ay ərzində təxminən 7,5 manat ödəməklə bütövlükdə daşınar əmlakını sığorta etdirmək mexanizmindən istifadə etmir. Bu, o deməkdir ki, burada söhbət məbləğdən getmir, çünki məbləğ kifayət qədər kiçikdir. Burada əsas məsələ odur ki, sahibkar-sığorta münasibətlərində yeni mexanizmlərin tətbiqini zəruri edən qaydalara ehtiyac var. Düşünürəm ki, bu qaydalar sahibkarlar ilə sığorta şirkətləri arasındakı münasibətlərdə etibar yaradacaq, eyni zamanda, sahibkarlarda sığorta mədəniyyətinin səviyyəsini daha da yüksəldəcək.

Cənab Prezidentin keçirdiyi müşavirədə verdiyi tapşırıqlar Azərbaycanda sosial dövlətin funksiyasının və dövlət başçısının humanizm siyasətinin bariz nümunəsi idi. Baxmayaraq ki, “Diqlas” ticarət mərkəzində baş verən hadisədə dövlət heç bir məsuliyyət daşımırdı. Ölkə Prezidentinin zərər çəkmiş sahibkarlara dövlət yardımının edilməsi ilə bağlı verdiyi tapşırıq çox mühüm əhəmiyyət kəsb etdi. Düşünürəm ki, böyük itkilərlə üzləşən sahibkarların ilkin mərhələdə bu vəziyyətdən çıxması yolunda önəmli bir addım idi.

- Bankların verdikləri kreditlərin faizləri yüksəkdir. Bunu tənzimləmək mümkündürmü və faizləri aşağı salmaq olarmı?

- Bu gün Azərbaycanda kredit faizlərinin, xüsusən sahibkarlıq üçün kredit faizlərinin yuxarı olması sahibkarlığın inkişafı üçün müəyyən qədər maneələr yaradır. Kredit faizləri nə qədər aşağı olarsa, sahibkarlıq daha çox investisiya cəlb edə bilər və yaxud daha çox iş görə bilər.

Bu gün Avropa ölkələrində kredit faizləri bir neçə faizdirsə, bizdə bir çox hallarda 15 faizin üzərindədir. Böyük həcmdə fərqin olması bizim sahibkarların rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan sahibkarları ixrac zamanı bazarlarda Avropa şirkətləri ilə üzləşirlər. Sahibkarlarımızın ucuz pul kütləsinə asan çıxışının olmaması rəqabətdə ciddi problemlər yarada bilir.

Amma məsələnin ikinci tərəfi var ki, hansı formada kredit faizlərini aşağı salmaq mümkündür. Çünki banklar özəldir və onlar da sahibkarlığın bir formasıdır. Bu gün bankların hər hansı bir formada kredit faizlərini aşağı salması iki istiqamətdə mümkündür. Bir istiqamət ondan ibarətdir ki, istənilən halda bankların daha çox ucuz pul kütləsinə çıxışı olmalıdır. Bu gün bankların kredit cəlb etməsində iki mühüm mənbə var. Birincisi əhalinin əmanətləridir, ikincisi isə bankların beynəlxalq bazardan cəlb etdiyi pul kütləsidir. Kredit faizlərinin yuxarı olmasının bir səbəbi də əhalinin qəbul olunan əmanətlərinin faizlərinin yuxarı olmasıdır. Belə çıxır ki, biz kredit faizlərini aşağı salmağa çalışsaq, istənilən halda əhalinin əmanət faizləri də aşağı düşməlidir. Bu, bir tərəfdən əhalinin gəlirlərinə təsir edəcək.

Amma digər tərəfdən bunun iqtisadi üsulları da var. Bir çox ölkələrdə müəyyən dərəcədə məhdudiyyətlər tətbiq edirlər ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən sərf etməsin. Məsələn, əgər banklar yuxarı faizli kredit verirsə, bu kreditlərin qaytarılması üçün banklar daha çox özlərində ehtiyat yaratmalıdır. Bankın daha çox ehtiyat yaratması bir çox hallarda ona sərf etmir. Ona görə də bank daha az ehtiyat yaratmaq üçün aşağı faizlə kredit verməkdə maraqlı olur. Bu, məsələnin mühüm bir hissəsidir.

Biz də düşünürük ki, bu gün ölkəmizdə iqtisadi alətlərlə banklara kredit faizlərinin aşağı salınması ilə bağlı təsir etmək mümkündür. Amma eyni zamanda, daha ucuz kreditə və yaxud da pul kütləsinə çıxışı təmin etmək üçün banklara köməklik göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin aşağı düşməsində hamımız maraqlıyıq. Çünki kredit faizlərinin yuxarı həddə olması sahibkarlıq fəaliyyətinin inkişafı üçün maneədir.

 

Üç nöqtə.- 2019.- 18 aprel.- S.6.