“Suriya müftisi Nəsiminin qətlinə
görə xalqımızdan üzr istədi”
Mahir
Əliyev: "Nəsiminin məzarı yerləşən ərazidə
Azərbaycanın Mədəniyyət Mərkəzi
açılacaqdı”
"Suriyanın xanım mədəniyyət
naziri "təhlükə olarsa, Nəsiminin qəbrinin Azərbaycana
köçürülməsini həyata keçirə bilərik”
demişdi”
Prezident İlham Əliyevin sərəncamı
ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan
dili və ədəbiyyatının inkişafında müstəsna
xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə
2019-cu il "Nəsimi ili” elan olunub. Bu il dahi mütəfəkkirin
650 illik yubileyi qeyd olunacaq. Məlum olduğu kimi, Nəsiminin məzarı
Suriyanın Hələb şəhərində yerləşir.
Müharibə bölgəsi olan Hələb şəhərindəki
məzarın taleyi Azərbaycanda da narahatlıq doğrur. Azərbaycanın
hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir.
Amma 2008-2015-ci illərdə Suriyada səfirliyimiz vardı. O
zaman Dəməşqdəki diplomatik missiyaya hazırda Azərbaycanın
Birləşmiş Ərəb Əmirliklərindəki
fövqəladə və səlahiyyətli səfiri Mahir
Əliyev rəhbərlik edirdi.
Modern.az saytının əməkdaşı səfir
Mahir Əliyevlə "Nəsimi mövzu”sunda söhbətləşib.
Onunla müsahibəni təqdim edirik.
Mahir Əliyev 2008-2015-ci illərdə
Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub.
2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki
fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə
təyin edilib. 2019-cu ilin əvvəlindən ölkəmizin
Birləşmiş Ərəb Əmirliklərindəki
diplomatik korpusuna rəhbərlik edir.
- Cənab səfir, 2019-cu il Azərbaycanda
"Nəsimi ili” elan olduğundan
belə qərara gəldik ki, söhbətimizi bu istiqamətdə
aparaq. Bir qədər əvvələ qayıtmaq istərdik.
Suriyanın sakit dönəmlərində adıçəkilən
ölkədə ilk dəfə səfirliyimiz
açıldı və siz səfir təyin olundunuz. Həmin
günləri necə xatırlayırsınız?
- 2008-ci ilin fevralında cənab prezident
İlham Əliyevin sərəncamı ilə Suriyaya səfir
təyin olundum. Hər bir dövlət
başçısının səfir təyin etdiyi ölkə
ilə bağlı
tapşırıqlarının, tövsiyələrinin
olması mütləqdir. Səfir göndərilən şəxsin
həmin ölkədə hansı işləri görməsi,
diplomatik əlaqələrdə nələrə diqqət etməsi
çox önəmlidir. Bu formada cənab prezident gələcək
səfirə tövsiyələr verir. Həmin vaxt cənab
prezident İlham Əliyevlə söhbət edərkən ilk
başladığı cümlə belə oldu: "Suriyada hər şeydən
öncə dahi Nəsiminin qəbri var. Bunu sənə
prezident kimi yox, Azərbaycan vətəndaşı kimi deyirəm.
Çox arzu edərdim ki, Nəsiminin qəbri Azərbaycana gətirilsin.
Birinci tapşırığım ondan ibarətdir ki, Nəsiminin
qəbri ilə məşğul ol. Maraqlan, gör biz nə edə,
hansı işləri görə bilərik”. Bu, çox ciddi
tapşırıq idi.
- Belə çıxır ki, Suriyada səfirlik
açılmazdan öncə Nəsimi məsələsi cənab
prezidentin nəzərində olub.
- Əlbəttə. Prezident İlham Əliyevin
söhbətə Nəsimi barədə başlaması
böyük diqqət idi. Bu o deməkdir ki, səfirlik
açılmazdan öncə də Nəsimi məsələsi
cənab prezidentin nəzərində olub. İlk olaraq Azərbaycanın
Suriyadakı səfirliyini də biz açdıq. 5-6 nəfərlik
komanda ilə Suriyaya yollandıq.
- Suriyaya yollanan nümayəndə heyətimizi
Dəməşq hökuməti və prezident Bəşər
Əsəd necə
qarşılamışdı?
- Təbii ki, çox normal və yüksək
səviyyədə qarşılanma oldu. Elə ilk
tanışlıq zamanı cənab prezident İlham
Əliyevin
tapşırığını yerinə yetirmək istədim.
Prezident Bəşər Əsədə bildirdim ki, Nəsiminin
Hələbdəki qəbrinin, məqbərəsinin hansı
vəziyyətdə olduğunu öyrənmək
üçün səfir kimi ora getmək istərdim.
Bəşər Əsəd məsələyə dərhal
reaksiya verdi. Administrasiya rəhbərinə tapşırıq
verdi ki, mədəniyyət naziri və Hələbin
qubernatoru ilə əlaqə saxlasın, Azərbaycan səfirinin
bir-iki günə ora getməsi təmin olunsun. Nəsə
problem yaranarsa, birbaşa administrasiya rəhbəri ilə əlaqə
saxlamağımı məsləhət gördü.
Görüş bitəndən sonra evə gəldim.
2 saatdan sonra Suriyanın mədəniyyət naziri mənə
zəng etdi. "Xoş gəlmisiz, cənab səfir! Nə
vaxt Nəsiminin qəbrini ziyarət etmək istəyirsizsə,
biz hazırıq” söylədi. Sabah da olmasa, birisi gün getməyə
hazır olduğumu bildirdim. Bir az keçdi. Axşam
olardı. Hələbin qubernatorunun köməkçisi zəng
etdi. Xəbərin necə ildırım sürəti ilə
çatdırıldığını təsəvvür
edin. Bu qədər diqqətdən sonra fikirləşdim ki, məsələni
uzatmaq olmaz. Səhəri cənab prezident İlham Əliyevin
köməkçiləri ilə danışıb məsələni
izah etdim. Getmək istədiyimi söylədim. O zamanlar səfirliyin
birinci katibi Elnur Məmmədzadə idi (Hazırda Xarici İşlər
Nazirliyində şöbə müdiridir), çox savadlı
və bacarıqlı diplomatdır. Onunla Hələbə getdik.
- O zaman Nəsiminin qəbrini ziyarət edərkən
hansı mənzərə ilə
qarşılaşdınız?
- Öncə Hələbin qubernatoru ilə
görüşüb danışdıq. Daha sonra qubernatorun
müavini, vitse-qubernator Məhəmməd Qudi ilə
görüşdük. Vitse-qubernator
sufi alim olmaqla yanaşı, Nəsimini də
gözəl anlayan şəxs idi. Uzun
sözün qısası, Nəsiminin qəbri olan yerə
getdik. O yerlər bizim İçərişəhər
kimi bir ərazidir. Ərazidə Hələb qalası da var.
Bir versiya var ki, Nəsiminin dərisini soyandan sonra Hələb qalasından həmin
yerə atıblar. Nəsiminin qəbri, məqbərəsi
Hələb qalasına baxır. Təmirsiz
və normal görkəmdə olan orta həcmdə türbədir.
Türbənin içinə daxil olduq.
Qubernatorun müavini Şeyx Məhəmməd Nəsimi
adlı şəxsi çağırdı. O, İmadəddin Nəsiminin
mənsub olduğu təriqətin ağsaqqalı, təkyənin
qoruyucusu idi. Tanış olduq. İnsanlar da ora toplaşdı. Çünki
Azərbaycan dövlətinin təyin etdiyi səfirin ora getməsi
görünməmiş hadisə idi. Çoxlu
şəkillər çəkdik. Çünki
məsələləri ətraflı formada cənab prezident
İlham Əliyevə məruzə edəcəkdik. Ərazi çox böyük idi. Sanki orta əsrlər dövrünə səyahət
etmisən təsiri bağışlayırdı. Həmin ərazidə tarixilik hökm
sürürdü. Azərbaycan dövlətinə
layiq şəkildə Nəsiminin qəbrinin formaya
salınmasını müzakirə etdik.
- Bəs
qəbrin yenidən bərpasının
mümkünlüyü barədə hansı nəticə
hasil olundu?
- Qədim
şəhər qoruğunun rəisi ilə danışdıq
və o, orada daşı daş üstünə qoymaq
ixtiyarlarının olmadığını bildirdi. "Bunun
üçün mütləq YUNESKO ilə razılığa
gəlinməlidir” dedi. Çünki qəbirin yerləşdiyi ərazi
YUNESKO-nun maddi-mədəniyyət irsinə daxil edilib. Ərazi tarixi abidə kimi qorunur. Ancaq onların razılığı ilə bu məsələyə
baxmaq olardı. Bu zaman biz təkliflərimizi
bildirdik. Çəkdiyimiz şəkilləri
Bakıya göndərdik. Biz şəkillərdə
hər yeri ayrı-ayrılıqda dəqiqliyinə qədər
təsvir etmişdik.
Aradan bir müddət keçəndən sonra bir də
Hələbə qayıtdım. Qubernatorun humanitar məsələlər
üzrə müavini Məhəmməd Qudi ilə
görüşərkən belə qərara gəldik ki, Hələbdə
Suriya və Azərbaycan olmaqla müştərək Nəsimi
elmi-bədii konfransı keçirək. Biz 2008-ci ilin iyununda Suriyaya
getmişdik. Oktyabrda isə konfrans keçirildi. O zaman rəhmətlik akademik Bəkir
Nəbiyev başda olmaqla bir qrup alim, Mədəniyyət
Nazirliyindən və Arxitektura Komitəsindən nümayəndə
heyəti Suriyaya gəldi. Konfransımız
çox möhtəşəm keçdi. Yerli türkmanlar dediyimiz
azərbaycanlılar da, Hələbin müftisi də konfransa qatıldı. Və bu ənənənin bünövrəsini
qoyduq.
-
Sonrakı görüşlərdə qəbrin bərpası
ilə bağlı sizə nə deyildi?
- Yerli -
suriyalı arxitektorlar məsələni öz aralarında
müzakirə etdilər. Təxminən belə
bir plan cızıldı. Məqbərəni
dəyişdirmək olar, ancaq çox hündürə
qaldırmaq olmaz. Çünki məqbərənin
YUNESKO tərəfindən qəbul edilmiş
ölçüləri var. Memarlıq abidələrini ortaya
incəsənət əsərləri kimi çıxartmaq
olmaz. Azərbaycan Mədəniyyət
Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev administrativ qrupun
rəhbəri idi. Bir az keçəndən
sonra cənab prezidentin məsələ ilə bağlı sərəncam
imzaladığı və qəbrin bərpası
üçün maliyyə vəsaiti ayırdığı xəbəri
verildi. Ardınca ikinci konfransı Azərbaycanda
keçirtdik. Eyni formada Suriyadan rəsmi
şəxslər, Suriya müftisi Azərbaycana gəldi.
Konfrans Azərbaycanda keçiriləndə mən
qatıla bilməmişdim. Mənə
dedilər ki, müfti konfransda çox maraqlı
çıxış edib. Müftinin dediyi o söz hələ
də yadımdadır: "Nəsimi Suriya ərazisində
öldürüldüyünə görə 500 ildən sonra Azərbaycan
xalqından üzr istəyirəm. Nəsimini
suriyalılar öldürməyib. Heç
istəməzdim ki, Nəsiminin ölümündə
suriyalılar günahkar hesab edilsin. Çünki
suriyalılar günahkar olsaydı, 500 il ərzində onun qəbrini qoruyub
saxlamazdılar. Nəsimini onun
paxıllığını çəkənlər
öldürüb”.
Suriya müftisi ölkəsində Azərbaycanda
şeyxülislam olduğu kimi böyük nüfuza malik din
xadimidir. Nəsiminin ölümündən sonra hakimiyyət
dəyişiklik nəticəsində idarətmənib
başına ağıllı sultan gəlib və şairin
basdırıldığı yerdə məqbərə, təkyə
tikdirib.
-
Restavrasiyadan sonra növbəti dəfə Nəsiminin qəbrinə
baş çəkdinizmi?
- Hələ
restavrasiya olmamışdı. Proyekt
hazırlanırdı. Nəsiminin qəbrinin
yenidən bərpası elə şairin öz taleyi kimi qəliz
oldu. Səfir olduğum müddətdə
tez-tez ora gedib baş çəkir, qubernatorla
görüşürdüm. Orada turistlər
üçün marşrutlar vardı. Hələb
qalasını ziyarət edib Nəsiminin qəbrinə də
baş çəkirdilər. Ancaq Suriya
hökumətinin qərarına əsasən, həmin
marşrut xətti dəyişdi. Turistlər marşrut xətti
ilə Nəsiminin qəbrindən start götürüb sonra Hələb
qalasına yol alırdılar. Bu, böyük bir iş idi. Ölkəyə səyahət edən turist Nəsimini
ziyarət edib onu tanıyandan sonra qalaya tərəf gedirdi.
Suriya dövləti turistlərdən gəlir də
əldə edirdi. Bir məqamı da qeyd
edim. Həmin ərazidə birmərtəbəli
binalar, kafelər də vardı. Suriya hökuməti bizə
dedi ki, "bu evlər, kafelər
sökülür və bu ərazilər Azərbaycan hökumətinə
bağışlanır. Bundan sonra bura siz
cavabdehsiz”.
- Eyni
zamanda, Suriyada "Azərbaycan Mədəniyyət Mərkəzi”nin
açılacağı da gözlənilirdi. Bu
barədə nə deyə bilərsiiniz?
- Belə
bir məsələ vardı. 2009-cu ildə prezident
Bəşər Əsəd Azərbaycana səfər
etmişdi. Suriya prezidenti Bakıya səfər
edərkən cənab prezident İlham Əliyevin belə bir təklifi
oldu. Hələbdə
"Azərbaycan Mədəniyyət Mərkəzi”
açılsın. O Mədəniyyət
Mərkəzi ki, Nəsiminin məqbərəsinə yaxın
yerdə olacaqdı. O ərazidəki tikililər
götürüləcək, məqbərənin ətrafındakı
məscid yenidən bərpa olunacaq, məqbərənin həyəti
abadlaşdırılacaqdı. Çünki
binalar söküləndən sonra "Azərbaycanın Mədəniyyət
Mərkəzi” açılacaqdı. Azərbaycanın
üçrəngli bayrağı dalğalanacaqdı. Bildiyiniz kimi, Hələbdə güclü erməni
diasporu da fəaliyyət göstərir. Məhz bu
işlərin sonunda erməni diasporuna qarşı dura biləcək Azərbaycan
bayrağı dalğalanacaqdı.
- Qeyd
etdiyiniz kimi, Suriya
ermənilərin sıx yaşadığı
ölkələrdən biridir. Azərbaycanın
bu cür işlər həyata keçirməsinə necə
reaksiya verirdilər?
- Onlar bu
işlərin həyata keçirilməsinə paxıllıq
edirdilər. Onlar indi də aktivdirlər. O
zamanlar başladığımız işlər həm də
erməni təbliğatının qarşısını almaq və
Azərbaycanı tanıtmaq üçün vacib məsələ
idi. Nə isə...
Bütün işlər görülür və proyektlər
hazırlanırdı. Cənab prezident İlham Əliyev 2011-ci
ilin 12 aprelində Suriyaya rəsmi səfər etməli idi.
Rəsmi protokollar
razılaşdırılmışdı. Təəssüf
ki, həmin ilin fevralında Suriyada vəziyyət dəyişdi,
ölkədə qarışıqlıq baş verdi, vətəndaş müharibəsi
başladı. Martda bu hadisələrin
miqyası daha da genişləndi və təhlükə
yarandı. Ona görə də cənab
prezidentin səfəri təxirə salındı.
- Cənab
səfir, bir məsələyə də aydınlıq gətirmənizi
istərdik. Nəsiminin qohumlarının
olduğunu insanlar qəbul edə bilmir. "650
ildən sonra qohum qala bilərmi? deyə
kinayə edirlər. Siz bu barədə nə deyə
bilərsiniz?
- Təbii
ki, "Nəsiminin qohumları” dediyiniz müasir insanların
qanında Nəsimiyə aid nəsə qalmayıb. Ancaq onun dahiliyini dərk edirlər. Ona görə də məqbərəni daha
yaxşı mühafizə edirlər. 2012-ci
ildə Suriyadan Livana səfir təyin oldum. Bu müddət ərzində ayda bir dəfə Hələbin
qubernatoru və rəhmətlik təkyə ağsaqqalı
Şeyx Məhəmməd Nəsimi ilə
danışırdım. Şeyx Məhəmməd
Nəsimi Bəşşar Nəsiminin böyük
qardaşıdır. Onların vasitəsilə
məqbərənin durumunu xəbər alırdım. Onlar mənə deyirdilər ki, İŞİD terror
qruplaşması heç bir qəbri tanımaq fikrində
deyil. Bu məsələlərdə
çox aqressiv idilər. Suriyanın hər
yerində müharibə gedirdi. Hazırda
məqbərənin bərpası işləri
dayandırılıb. Suriyanın daha
yaxşı günlərinin gəlməsini gözləyirik.
2018-ci ilin sonlarında Azərbaycanda "Nəsimi
festivalı” keçirildi. Festivaldan öncə Nəsiminin
qohumları ilə əlaqə saxlamaq mənə
tapşırılmışdı. Çünki
onları çoxdan tanıyıram və əlaqələrim
də sıxdır. Festivalın
keçirilməsi böyük hadisə idi. Nəsiminin nəslinin davamçılarından da
kimlərinsə iştirak etməsi böyük əhəmiyyət
kəsb edirdi. Biz bu görüşü təşkil
etdik. Şeyx Məhəmməd Nəsimi və
anası Bakıya gəldi. Məhəmməd
Nəsiminin anası elə Bakıda dünyasını dəyişdi.
Onu da deyim ki, Azərbaycan hökuməti onun
bütün dəfn xərclərini qarşıladı.
Bu səfər Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilmişdi. Hətta
Şeyx Məhəmmədə anasının
Şamaxıdakı Şeyx Xəndan qəbiristanlığında
dəfn edilməsi təklif olundu. Aydın
məsələdir ki, onlar buna razı olmazdı.
Şeyx Məhəmməd
Nəsimi belə bir cümlə işlətdi: "Mən
öləndə gətirib burada dəfn edərsiniz”. 2019-cu ilin yanvarında mənə Şeyx Məhəmməd
Nəsiminin telefonundan zəng gəldi. Açanda bacısının səsini
eşitdim. Ağlaya-ağlaya "Şeyx Məhəmməd Nəsimi rəhmətə
gedib” dedi. Sonra Bəşşar Nəsimi mənə
zəng etdi. "Artıq ailə yığılıb və
Nəsiminin məqbərəsinə mənim nəzarət etməyim
rəsmiləşdirilib” dedi. Təkyənin hazırkı
qoruyucusu Bəşşar Nəsimidir.
1973-cü ildə Nəsiminin 4 günlük yubileyi
keçiriləndə YUNESKO tərəfindən təşəbbüskar
mərhum ümumilli lider Heydər Əliyev olub. SSRİ
zamanında bunu etmək çox çətin idi. Azərbaycan müstəqil dövlət deyildi ki, sərbəst
formada YUNESKO-ya çıxa bilsin. O zaman Nəsimiyə
heykəl qoyuldu. Tale elə gətirdi ki, Hələbdə Nəsiminin
adına küçə verildi. Bu işləri SSRİ zamanında ancaq dahi Heydər
Əliyev edə bilərdi.
- Cənab
səfir, Nəsiminin qəbrinin Azərbaycana
köçürülməsi barədə bir çox fikirlər
səsləndirilib. Alimlər, din xadimləri
bunun qeyri-mümkün olduğunu düşünür. Siz necə fikirləşirsiniz?
- Nəsiminin
qəbrinin Azərbaycana köçürülməsi
çox həssas məsələdir. Bu barədə
konkret nəsə söyləyə bilmərəm. Bir haşiyə çıxım. "Ərəb baharı” adlandırılan hadisələr
başlayanda Suriyanın xanım mədəniyyət naziri ilə
görüşdüm. O, belə bir cümlə işlətdi.
"Məqbərə dövlətin nəzarətindədir.
Əgər nəsə təhlükə olarsa,
Nəsiminin qəbrinin Azərbaycana köçürülməsini
həyata keçirə bilərik. Çünki
qəbrin mühafizəsi bizim üçün də çox
önəmlidir”.
- "Ərəb baharı” başlayana qədər
Suriyada azərbaycanlılar da yaşayırdı. Onların aqibəti
necə oldu?
- Suriyada
iki kateqoriyalı azərbaycanlılar vardı. Türkman
deyilən yerli kökənli azərbaycanlılar - yəni Atabəylər
dövlətindən qabaq Kərkükdən gələnlər.
Onlar Azərbaycandan gəldiklərini deyirlər.
Hamısı öz dillərində
danışırlar. Azərbaycan dilinin
ağır ləhcəsində danışsalar da,
başadüşüləndir. Onların
mahnılarına, bayatılarına, şeirlərinə qulaq
asanda Azərbaycan dilindən fərqlənmədiyinin
şahidi olursan.
İkinci
kateqoriyaya daxil
olan azərbaycanlıların sayı isə az idi. Mədəniyyət
sahəsində çalışanlar, suriyalı ilə ailə
qurmuş qadınlarımız və s. Konsul uçotunda olub
Azərbaycan vətəndaşı kimi orada yaşayan 100-dən
artıq adam var idi. Aralarında
tələbələr də vardı.
- "Ərəb baharı” başlamazdan öncə
Suriyaya oxumağa gedən tələbələrin əsasən
dini təhsil aldıqları deyilirdi. Bu doğrudurmu?
- Tələbələr də iki kateqoriyaya
bölünmüşdü. Suriyada qeyri-ərəblər
üçün ərəb dili institutu vardı. Orada azərbaycanlı
tələbələr oxuyurdu. Hamısı ağıllı
gənclər idi. Digərləri isə özəl xətlərlə
gedib dini təhsil alırdılar. Onların dövlətə
aidiyyatı yox idi. Buna baxmayaraq müharibə başlayanda
bütün azərbaycanlıları oradan
çıxartdıq. Müharibə başlayanda bir
qadının itməsi ilə bağlı mənə zəng
gəldi. Vəziyyət elə həddə idi ki, Suriyaya daxil
olmaq qeyri-mümkün idi. Cənab prezidentin göstərişi
belə idi ki, Suriyada bir nəfər də olsun Azərbaycan vətəndaşı
qalmamalıdır. Suriya ərazisində qalan qadının nə
adı, nə də soyadı bəlli idi. Qadın insult
olmuşdu. Uzun axtarışlardan sonra o, xarabalıqların
içərisində yatmış vəziyyətdə
tapılmışdı. Sonra həmin qadını xəstəxanaya
yerləşdirdik. Sağalandan sonra Azərbaycana
qayıtmasını təmin etdik.
Bingöl Namidə
Üç nöqtə.-
2019.- 25 aprel.- S.12