Xalqın yaddaşında əbədiyaşarlıq
haqqı qazanan böyük yazıçı
Böyük pedaqoq, alim,
istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan
olmasından 111 il ötür
O
insan xoşbəxtdir ki, həyatın keşməkeşli,
yaradıcılığın ucsuz-bucaqsız yollarında
qoyduğu izlər özündən sonra gələn nəsillər
üçün örnək olur. O insan xoşbəxtdir
ki, kamilliyə aparan yolun bütün sınaqlarından
üzüağ çıxır və özündən
sonra işıqlı xatirələr qoyur. O xalq, o millət əbədi
xoşbəxtdir ki, belə keyfiyyətlərə malik şəxsiyyətlər
yetişdirib. Azərbaycan xalqının da Nizami
Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli
Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid... kimi bütün nəsillərin müasiri
olan mütəfəkkir sənətkarları ilə fəxr
etməyə haqqı vardır.
XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş
görkəmli yazıçı, böyük alim, xeyirxah
insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən
biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq
haqqı qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli
yazıçı Mir Cəlal Paşayevin anadan olmasından
111 il ötür.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il
aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində
yoxsul kəndli ailəsində dünyaya göz açıb.
Kiçik yaşlarında atası Gəncəyə
köçdüyündən uşaqlığını
burada keçirib. 1918-ci ildə - Mir Cəlal 10 yaşında
ikən atası vəfat edib, o, böyük
qardaşının himayəsində yaşayıb.
Əzablı ömür qisməti
dünyaya gəldiyi ilk illərdən onu izləməyə
başlasa da, Ulu Tanrının mərhəməti sayəsində
Mir Cəlal Paşayev çox çətinliklərə sinə
gərərək, öz yolu ilə inadla, inamla irəliləyib.
O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi
ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil
olub. Tələbə təşkilatının, sonra isə
şəhər tələbə həmkarlar təşkilatının
sədri seçilib.
Mir Cəlal Paşayev Kazan Şərq
Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində,
Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında
təhsilini davam etdirməklə yanaşı, müəllimlik
etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını,
mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir.
Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan
elminin, ədəbiyyatının, təhsilinin
inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata
gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat
əsərini yazıb. Sözün gücünə
güvənib, onun böyüklüyünə baş əyən
sənətkarın könüllərə yanğı
salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin
güzgüsü olan hekayələri klassik bədii nümunələr
kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə
əbədiyaşarlıq qazandırıb. Onun
böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”,
“XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi
məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın
əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq
elminin qiymətli mənbələrindəndir.
Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli
müəllimi, nüfuzlu professoru kimi xatirələrdə
daim yaşayan Mir Cəlal Paşayev həqiqət,
düzlük, səmimiyyət aşiqi, ailəsini,
övladlarını sevən, qoruyan şəxsiyyət olub.
Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda
yaratdığım ən böyük əsər ailəmdir”.
XX əsrin 20-30-cu illərində ədəbi
aləmdə əvvəlcə şeir, sonra isə oçerk
və hekayələri ilə görünən Mir Cəlal az
sonra istedadlı və orijinal yaradıcılıq üslubu
olan yazıçı kimi tanınıb. Səməd
Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi
Hüseyn kimi tanınmış söz ustadları ilə bir
dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə
həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına
yeni nəfəs gətirib. XX əsr Azərbaycan
ədəbiyyatının bir sıra nailiyyətləri
bilavasitə Mir Cəlal Paşayevin adı ilə
bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti
dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı
tarixində öz layiqli və şərəfli yerini tutub.
Əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin
manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar
sırasında dayanmaq haqqını qazanıb. Bu əsər
çapdan çıxanda onun heç 30 yaşı yox idi.
1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”,
“Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o,
bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr
yazıb. O dövrün “Şərq
qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”,
“Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində
“Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”,
“Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”,
“Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini
çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə
“Boy” adlı ilk oçerklər və novellalar kitabları
işıq üzü görüb.
Mir Cəlalın
bütövlükdə yaradıcılıq dünyası ilə
tanışlıqdan sonra belə qənaətə gəlmək
olur ki, onu düşündürən həyati məsələləri,
milli folklorun, xalq təfəkkürünün
işığını, milli-mənəvi dəyərlərin
klassik ənənələrə uyğun
inkişafını və bu istiqamətdə yaranan problemləri,
xalq həyatının real görüntüsünü nəsr
dilində aydın, qabarıq şəkildə vermək
mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə
Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir
Cəlal hekayələrini oxuyanda da eyni hissləri
keçirirsən.
Mir Cəlalın ilk irihəcmli əsəri –
“Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr
olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd
Arif yazırdı: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir
realist yazıçı olduğunu göstərmişdir”.
İlk dəfə 1937-1939-cu illərdə
hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr
olunan “Bir gəncin manifesti” əsəri isə
yazıçının həyatında böyük bir
dönüş yaradıb, ədəbi zirvəyə aparan
yoluna cığır açıb və müəllifə
böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə
“Uşaqgəncnəşr”də kitab halında kütləvi
tirajla buraxılan bu əsər oxucu tələbatına
görə sonrakı illərdə də təkrar çap
edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə
gətirir. Doqquz dəfə müxtəlif illərdə
ayrıca kitab halında nəşr olunan bu əsər Azərbaycanın
hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın “Dirilən adam”,
“Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında
keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə
şəhər” romanlarında isə müasir həyat
lövhələrinin bədii təsviri ustalıqla qələmə
alınıb. Yazıçının
“İnsanlıq fəlsəfəsi” (1961) kitabında
toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi
əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”,
“Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət
qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”,
“Hesab dostları”, “Təsadüf, ya zərurət”,
“Qocaların uşaq söhbəti” və digər hekayələrində
isə real həyat lövhələri, fəlsəfi
düşüncələr əks olunub.
Mir Cəlalın bədii yaradıcılıq
nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə,
1956-57), “Seçilmiş əsərləri” (4 cilddə,
1967-68), “Seçilmiş əsərləri” (2 cilddə,
1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən
qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət “Bostan oğrusu” (1937),
“Gözün aydın” (1939), “Vətən”
(1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr”
(1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən
qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları
bu qəbildəndir. Ümumiyyətlə, indiyədək
yazıçının 70-dən çox kitabı çap
edilib.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən
sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan
tarixində ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutub. Filologiya təhsili alan tələbələrin birinci
kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın
əsasları" dərsliyi sonralar da mütəxəssislərin
masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev
1936-cı ildən ömrünün sonunadək dərs dediyi
universitetin auditoriyalarında bu fəndən mühazirələr
oxuyub.
Mir Cəlal Paşayev 1940-cı ildə
“Füzulinin poetik xüsusiyyətləri” əsərinə
görə filologiya elmləri namizədi, 1947-ci ildə isə
“Azərbaycanda ədəbi məktəblər” əsərinə
görə filologiya elmləri doktoru alimlik dərəcələrini
alıb. Füzuli poeziyasının qüdrətinə heyran
olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən
bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya
yenidən müraciət edərək “Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara
Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı”
monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək,
mənimsəmək və dərk etmək üçün
elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr
olunub.
“Azərbaycanda ədəbi məktəblər
(1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin
əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar
baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda
realizm, romantizm ədəbi məktəbləri,
maarifçi-didaktik yazıçılar və xırda məişət
dramları haqqında müfəssəl tədqiqatlar
aparmış, əhatəli elmi nəticələr əldə
etmişdir.
Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı
Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan
ədəbiyyatı” əsəri uzun illərdir ki, ali məktəblərin
dərs vəsaitidir. Bu dərslikdə XX əsrin
böyük ədəbi şəxsiyyətləri, onların
yaradıcılığı, ədəbi mühitə gətirdikləri
yeniliklər haqqında əhatəli elmi fikirlər əks
olunub. Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat,
ədəbiyyatşünaslıq tarixində elə bir iz qoyub
ki, bu, çağdaş təfəkkürümüzün
də əsas sütunu olaraq qalacaqdır.
1978-ci il sentyabrın 28-də əbədiyyətə
qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş,
gözəl müəllim, görkəmli yazıçı,
istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin
xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın əbədi
mövzusu olaraq qalacaq.
Kamil insan, alim, yazıçı dünyanı
təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir,
insanların şüuruna, baxışlarına təsir
göstərə bilir. Bu mənada Mir Cəlal Paşayevin
çoxşaxəli yaradıcılığı nəinki
müasirlərinə, özündən sonra gələn nəsillərə
də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə
Azərbaycanda deyil, onun sərhədlərindən kənarda
da görkəmli ədibin həyat və
yaradıcılığı geniş şəkildə
öyrənilir və əsərləri çap olunaraq maraqla
oxunur.
“UNESCO-nun 2008-2009-cu illərdə
görkəmli şəxsiyyətlərin və əlamətdar
hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla
bağlı daxil olmuş yubileylərin keçirilməsi
haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli
Sərəncamına əsasən, yazıçı Mir Cəlal
Paşayevin yubiley mərasimi təntənə ilə
qeyd edilib. UNESCO-nun Parisdə yerləşən iqamətgahında
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100
illiyinə həsr olunmuş mərasim keçirilib. Bu, həm
də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən dəyərin təzahürüdür.
İllər ötdükcə Mir
Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm
də xeyirxahlığı, böyük və əlçatmaz
müəllimliyi, bəşəriliyi heyranlıqla
qarşılanır və sevilə-sevilə qəlblərdə
özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki
yeri daim qalacaq və onun mərhəmət sevgisi
dünya durduqca yaşayacaqdır.
Üç nöqtə.-
2019.- 27 aprel.- S.12