Kim sevirsə idmanı...

 

Son illərdə ölkəmizdə onlarla irili-xırdalı idman yarışları keçirilib. Azərbaycan ilk Avropa oyunlarına ev sahibliyi edib. İdmanın bütün sahələri diqqət mərkəzindədir. Ancaq hərdən belə bir irad da eşidilir: məktəblərdə fiziki tərbiyə dərsləri lazımdırmı?

Dünyanın aparıcı dövlətlərinin təhsil sistemlərinə nəzər yetirsək, görərik ki, məktəbdə fiziki tərbiyə dərslərinə əlahiddə bir yanaşma var. Sadəcə “fiziki tərbiyə” demək kifayət etmir. Avropada, Yaponiyada, ABŞ-da təhsil ocaqlarında idman milli ideyanın bir hissəsidir. Mübarizə ruhu, dözümlülük, fiziki güc və mədəniyyət, sağlam vətəndaş. Fiziki tərbiyə dərslərinin son məqsədi budur. Yaponiyada müəllim sağlamlığında kiçik problem olan uşağı məktəbi bitirənədək müşayiət edir. Britaniyada fiziki tərbiyə ingilis dili və riyaziyyatla eyni statusa malikdir. ABŞ-da kolleclər idmançı məktəb məzunu uğrunda amansız mübarizə aparırlar. Danimarkada məktəblərdə su idman növlərinə aid 3 fərqli fiziki tərbiyə dərsləri keçilir.Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində, əsasən də inkişaf etmiş dövlətlərin məktəblərində fiziki tərbiyə dərsləri necə təşkil olunur? Məktəbdə idmanın yeri nədən ibarətdir?

 Dua ilə başlayan idmanABŞ-da idman milli ideyanın bir parçası kimi səciyyələndirilir, məktəblər isə müxtəlif idman növlərinin milli komandaları üçün baza rolunu oynayır. Ona görə də burada fiziki tərbiyə dərsləri sadəcə dərs deyil, demək olar ki, bütün şagirdlərin cəlb olunduğu miqyaslı sistemdir. Hər bir məktəbin idman üçün bütün lazımi şəraiti var: beysbol, basketbol, voleybol, futbol (Amerika və Avropa) sahələri. Əksər təhsil ocaqlarında hovuzlar fəaliyyət göstərir. Bütün məktəblər məktəblərarası və regional yarışlarda iştirak edirlər. Bu yarışlar yerli televiziyalarla canlı yayımlanır. Hər bir amerikalıya uşaq yaşlarından idman və sağlamlıq ideyaları təlqin olunur. Teleyayımlar zamanı idmançı məktəblilərin adları ekranda əks olunur. Yəni necə peşəkar futbolda Messi və Ronaldonun adlarını görür, statistikaları ilə tanış oluruq, eynilə məktəbli uşaqlar barədə də yerli TV-lər məlumat verirlər.

İdmançıların sinif və məktəb yoldaşları, qohumları və ailə üzvləri onlara stadionlarda və ya ekran qarşısında azarkeşlik edirlər.Yeniyetmələr və məktəb mövzusunda istənilən ABŞ filmini yadınıza salın, ən azı  bir dəfə də olsa idman yarışlarını əks etdirən səhnəni xatırlayacaqsınız. Həmin filmdə mütləq hansısa məktəb komandası, yaxud idmançı məktəbli barədə bir süjet var. ABŞ-da fiziki tərbiyə dərslərinin böyük bir hissəsi yarış və komanda oyunu üzərində qurulub. Birinci sinifdən uşaqların məktəbdaxili və məktəblərarası yarışlara qatılmaq imkanları var. Uşaq idman növünü özü seçir.Ayrı-ayrı ştatlarda idman kütləvi şəkildə dua oxunması ilə başlayır. Dərsin əvvəlinə təsadüf edən isinmə hərəkətləri kifayət qədər uzun çəkir. Uşaqları qaçmağa məcbur edirlər, sonra sıra topla komanda hərəkətlərinə gəlir. Amerikalı pedaqoqların fikrincə bu, ən azı 3 məqsədə nail olmağa köməklik göstərir: əzələlər isinir, əvvəlki dərslərdə yığılmış enerji istifadə olunur, uşaqlar komanda halında qərar qəbul edib işləməyə öyrənirlər.Dərsin ikinci hissəsi fitnesə həsr olunur. Uşaqlar iki qrupa bölünürlər və müxtəlif hərəkətlər edirlər: kimisi topla oynayır, kimisi isə qaçır. Müəllimlərin fikrincə, uşaq özü hansı hərəkətlərin onun ürəyincə olduğunu, hansına orqanizminin tab gətirdiyini müəyyən edir.Dərsin sonuncu hissəsi isə oyuna həsr olunur. Amerikada söhbət əsas etibarilə basketbol və voleyboldan gedir

Bəzi məktəblərdə fiziki tərbiyə dərslərini xüsusi bölmələr əvəzləyir. Uşaq özü müəyyən edir hansı bölməyə və günün hansı saatına yazılsın. Əksəriyyət dərs gününün tən ortasına yazılır ki, “oturaq dərs”lərdən istirahət edə bilsin.

1986-cı ildən etibarən ABŞ məktəblərində “Prezident çağırışı” adlı xüsusi proqram fəaliyyət göstərir. Proqrama 6-17 yaşlı uşaqlar cəlb olunur. Proqrama 5 növ idman çalışması daxildir: 1 mil məsafəsinə qaçış, 4*39 futluq xırda qaçış, turnikdə sallanma və çəkinmə, uzanıqlı formada bədənin əyilməsi, qabağa əyilmə.Amerika məktəblərində hər iki cinsi təmsil edən uşaqların iştirak etdikləri komandalar fəaliyyət göstərir. Qızlar üçün yalnız amerikan futbolu komandası olmur. Fiziki tərbiyədən yüksək qiyməti olan məktəbli üçün kollecə daxil olma prosesində ciddi güzəştlər mövcuddur. Hər bir kollec istəyir ki, yaxşı idmançısı olsun. Ona görə də bu təhsil ocaqları arasında məktəbi yenicə bitirmiş idmançı gənc uğrunda ciddi mübarizə gedir. Sanki komandalar Messini və ya Neymarı transfer etmək istəyirlər.Amerikada həmçinin çəkisi artıq olan uşaqlar və böyüklər üçün xüsusi qruplar fəaliyyət göstərir. Bu klublara yalnız çəkisi artıq olan şəxslər daxil ola bilərlər. Məsələn, Çikaqoda tətbiq edilən standartlara görə, “ağırçəkililər” klublarına normadan 23 kq artıq çəkisi olan uşaqlar və böyüklər daxil ola bilirlər. Belə klubların yaradıcıları hesab edirlər ki, kök uşaqlar üçün hamının getdiyi su hovuzu, yaxud məşq zalına getmək o qədər də asan deyil və bir çox halda psixoloji maneədir. Ona görə də xüsusi missiyalı klublar çox populyardır.Bir məktəbdə 10 fiziki tərbiyə müəllimYaponiyada sağlam vətəndaş formalaşdırmaq dövlətin ən öndə gələn vəzifələrindəndir və milli ideyanın bir hissəsidir. Ona görə də bu ölkədə uşaqların sağlamlığına hələ məktəb illərindən diqqət yetirməyə başlayırlar. Oxucu inanmaya bilər, ancaq Yaponiyada fiziki tərbiyə müəlliminin aylıq məvacibi bir zavod direktorunun əməkhaqqına bərabərdir. Məktəbdə 8-10 idman növündən dərs keçilir, hər növün öz müəllimi var. İdman müəllimi tək fiziki tərbiyə üzrə rəhbər deyil, onun tibbi təhsili və savadı da olmalıdır. Güman ki, dünyanın heç bir yerində Yaponiyada olduğu qədər uşağın fiziki sağlamlığına diqqət yetirilmir. Artıq birinci sinifdə uşaq tibbi müayinədən keçir, onun anatomik xüsusiyyətləri, hansı növ fiziki yükün öhdəsindən gələ biləcəyi öyrənilir. Əgər uşağın sağlamlığı ilə bağlı hər hansı qüsur aşkarlanarsa, fiziki tərbiyə müəllimi məktəb başa çatanadək həmin şagirdi nəzarətdə saxlayır. Müəllim bu uşaq üçün xüsusi növ idman hərəkətləri və qida proqramı hazırlayır. Əsas məqsəd öz orqanizmini tanıyan, hərəkət və qida mədəniyyətinə sahib vətəndaş hazırlamaqdır.Yaponlar da komanda oyunlarını sevirlər, ən aşağı siniflərdə ciu-citsu, sumo, karate, cüdo qrupları fəaliyyət göstərir. Yaponlar arasında idman klubları mədəniyyəti çox inkişaf edib. Bir çoxları ömürləri boyu yalnız bir kluba sadiq qalırlar. Belə məktəb klublarına yaponlar “bukatsu” deyirlər. Hər bir klubun daxili ierarxiyası və mərasimləri var. Klubun başında duran şəxs strukturu formalaşdırır. Məsələn, təsərrüfat məsələlərinə baxan şəxs topların, bayraqların, bitaların vəziyyətinə cavabdehdir. Mühasibatlığa cavabdeh şəxs aydındır ki, pul məsələləri ilə məşğul olur. Soruşa bilərsiniz ki, söhbət hansı puldan gedir? Məsələ burasındadır ki, Yaponiyada valideynlər həmin idman klublarına könüllü ianələr köçürür, sponsorluq edirlər. Bu yolla məktəblilər cəmiyyətin sosiallaşması və strukturlaşması prosesinə qoşulmuş olurlar. “Bukatsu”da sərt nizam-intizam hökm sürür. Məsələn, pinq-ponq qrupunda birinci il uşaqlar yalnız zalın təmizliyinə cavabdeh olur, kənara uçan topları daşıyır və heç bir idmanla məşğul olmurlar.Yaponiyada “undokay” adlı idman yarışları çox populyardır. Bizim dilə tərcümədə bu, “idman görüşü” mənasını verir. “Undokay” uzun sürən yarışlardan ibarətdir: kimisi müxtəlif məsafələrə qaçır, kimisi torbanın içinə girib tullanır, estafetlər, hərəkətli yarışlar və s. Tamaşaçılar 5-6 saat ərzində yarışları izləməlidirlər. Bu yarışlar uşaq bağçasından başlayır, sonra məktəbdə, sonda isə universitetlərdə keçirilir. Həmin 5-6 saat ərzində valideynlər bir-birləri ilə tanış olur, müxtəlif mövzularda söhbətlər aparır, uşaqlarına azarkeşlik edirlər. Bütün bunlar kiçik yaponu mürəkkəb və rəqabətli Yaponiya reallığına hazırlayan sistemin bir parçasıdır: nizam-intizam, zəhmətsevərlik, komanda və nəticə.

 

 1-6-cı siniflərdə uşaqlar həftədə ən azı 3 saat fiziki tərbiyə dərslərində olmalıdırlar. İbtidai siniflərdə keçilən fiziki tərbiyə dərsləri bunlardır: ümumi fiziki hazırlıq, gimnastika, üzgüçülük, yüngül atletika, toplu oyunlar, rəqs. Yuxarı siniflərdə məktəblilərin 40%-i həftədə 9 saat idmanla məşğul olur. Qalan 60% isə ən azı 3 saat. Bu, məcburi minimumdur.

Beysbol üzrə Məktəb Liqası yerli telekanallar vasitəsilə yayımlanır. Region qalibləri ölkənin ən iri stadionu - “Kosien”də bir neçə gün ölkə birinciliyi uğrunda mübarizə aparırlar. “Kosien” hər bir məktəblinin ən böyük arzusudur.

Məktəbdə reqbiBöyük Britaniyada 3 fənn məcburi xarakter daşıyır: ingilis dili, riyaziyyat və fiziki tərbiyə. Ənənəvi fiziki tərbiyədən əlavə, hər uşağa fərqli idman növlərindən məşğələlər təklif olunur. Bütün məktəblərdə hovuz, futbol, basketbol, kriket və qolf sahələri fəaliyyət göstərir. Məktəbli istədiyi halda iki və daha çox idman növü ilə məşğul ola bilər. Bəzi məktəblərdə qızlar üçün balet dərsləri məcburidir.Orta məktəblərdə “Fiziki tərbiyə həyata hazırlıq kimi” adlı proqram fəaliyyət göstərir. ABŞ-da olduğu kimi Britaniyada da dərsdənkənar və məktəblərarası yarışlara, təbiət səfərlərinə ciddi diqqət yetirilir. Təşkilati işlərə dair məsuliyyət xüsusi orqan - “Məktəb idmanı Milli Şura”sının üzərinə düşür.Britaniya məktəblərində futbol və reqbi ən sevimli idman növləridir. Ancaq yoqa, atçılıq, su idman növlərinə də maraq böyükdür. Elə məktəblər var ki, öz atlarına malikdir. Məktəblərdə idman dərsi proqramı fərdidir. Fiziki tərbiyə dərsləri əsas etibarilə gündüz, həftədə 2-3 dəfə saat yarım davam edir. Şənbə-bazar günlərində məktəblər arasında yarışlar keçirilir. Velosipedlə məktəbəAvropanın müxtəlif ölkələrinin təhsil sistemində fiziki tərbiyə dərslərinə münasibət demək olar eynidir. Həftə ərzində orta hesabla 2-4 saat fiziki tərbiyə dərslərinə ayrılır. Ancaq işin təşkili və bəzi detallarda fərqlər var. Məsələn, Fransada dərslər arasında iki saatlıq fasilə olur. Bu müddət ərzində məktəblilər müxtəlif idman növləri ilə məşğul olurlar. Bundan əlavə, məcburi fiziki tərbiyə dərsləri var. Fiziki mədəniyyət uşaq bağçalarından başlayır. Həftə ərzində ən azı 4-6 saat! Uşaqlar 4 yaşından qaçmağı, tullanmağı, suda dayanmağı öyrənirlər. Fransada stadion və idman zalları çoxdur. Ancaq onların bəziləri çox vaxt boş olur və istifadəsiz qalır. Hər şey şəhərdən, qəsəbədən və nəhayət, məktəbin özündən asılıdır. Harda ki idman bölmələri var, dərsdənkənar idman yarışları keçirilir, orada idman qurğuları tam gücü ilə fəaliyyətdədir. Ancaq bütün  məktəblərdə tədris proqramına uyğun olaraq fiziki tərbiyə dərsləri məcburidir.

Almaniyada müxtəlif idman klublarına üzvlük çox populyardır. Məktəbdə hər hansı idman növü ilə məşğul olan uşağın yerli komandaya üzv olması dəstəklənir. Belə klublarda üzvlük pulludur, ancaq qiymət o qədər də yüksək deyil. Almaniyada elə məktəblər var ki, hər gün fiziki tərbiyə dərsi olur. Orta hesabla isə həftə ərzində 3-4 saat idman dərslərinə ayrılır. Burada da yerli dəstək proqramı fəaliyyət göstərir: “Gənclik Olimpiada üçün məşq edir”. Yarışlar 12 idman növü üzrə şəhər və rayon səviyyəsində keçirilir. İdman klublarının nümayəndələri tez-tez belə yarışlara gəlib idmançı məktəbliləri diqqətdə saxlayırlar.İtaliyada məhəllə və küçə futbolu çox populyardır. Uşaqlar və valideynlər tez-tez məhəllələr arasında yarışlar təşkil edirlər və bu oyunlar barədə məlumatlar yerli mətbuatda dərc olunur. 13 illik təhsil prosesində fiziki tərbiyə dərsləri italyanlar üçün çox vacibdir. Bu dərslərdə fiziki cəhətdən məhdud imkanlı uşaqlar da iştirak edirlər. Onlar üçün fərdi məşğələlər təşkil olunur. Hollandiya, Fransa, Belçika, Finlandiyada uşaqların məktəbə velosipedlə gəlmələri adi haldır. Buna görə də veloidman bu ölkələrdə çox məşhurdur.

 

 

 

Rüstəm QARAXANLI

 

Üç nöqtə.- 2019.- 1 avqust.- S.5