“Oynadığım
bütün rollar mənim balalarımdır”
Möylə Mirzəliyev: “Tamaşada
aktyor 5 dəqiqəlik çıxışı ilə elə
bir obraz yarada bilər ki, böyük rollarda oynayan adamları
kölgədə qoyar”
Uşaqlıqdan aktyorluğu sevib və “Böyüyəndə
mütləq aktyor olacam”- deyib. Atası isə onun
riyaziyyat müəllimi olmağını istəyirmiş.
Lakin buna baxmayaraq o, öz istəyindən
dönməyib və İncəsənət İnstitutunun
(indiki Mədəniyyət və İncəsənət
Universiteti) “Musiqili Komediya Aktyorluğu” fakültəsinə qəbul
olub. Və artıq 30 ildən çoxdur
ki, bu sahədə fəaliyyət göstərir. Deyir
ki, öz işini, peşəsini çox sevir və
oynadığı bütün rollar onun üçün
doğma və əzizdir:
“Aktyorun bütün rolları,
xırdalı-böyüklü hamısı özü
üçün doğmadır. Rollarım mənim
balalarımdır. Birinə yaxşı
desən, o biri səndən küsəcək. Tamaşanı oynayanda həmin rol sənə xor
baxacaq. Ona görə rollar arasında fərq
qoymaq olmaz. Oynadığımız rollar
bizim həyatımızdır. Səhnəyə
çıxdınsa deməli o rolu yaratmalısan. Bu, sənin birinci növbədə peşə
borcundur. İkincisi də rolu sevməlisən.
Oynadığın obrazı sevməsən, ürəklə
yanaşmasan xalq tərəfindən həmin obraz sevilməyəcək”. Bu sözləri bizimlə
söhbətində “Üç nöqtə” qəzetinin
qonağı Akademik Musiqili Teatrın istedadlı və
çox sevilən aktyoru Möylə Mirzəliyev dedi.
- 30 ildən
çoxdur, sənətdəsiniz. Bu, elə də az müddət deyil. Möylə
Mirzəliyev bu illəri daha çox necə xatırlayır?
- Hər
bir aktyorun keçmiş xatirələri onun üçün
doğma və əzizdir. O illərdən mənə çox
xoş xatirələr qalıb. Çünki
teatr elə bir məbəd, ocaqdır ki,
ağrılı-incikli günlər belə insan
üçün əzizdir, xoşdur. Öz
işimi, peşəmi çox sevirəm.
- İlk dəfə aktyor olmaq istəyi ailədə necə
qarşılanıb?
-
Uşaqlıqdan bu sənəti sevmişəm. Hər
zaman deyirdim ki, böyüyəndə mütləq aktyor
olacam. İndi bəzi həmkarlarımız
deyir ki, mən təsadüfən bu sənətə gəlmişəm.
Amma məndə elə olmayıb. Uşaqlıqdan bu sənəti istəmişəm və
gəlmişəm.
Atam istəmirdi, amma anam razı idi. Atam həmişə
riyaziyyat müəllimi olmağımı istəyirdi. Çünki bizim dövrümüzdə müəllimə
böyük şəxsiyyət kimi baxırdılar. Düzdür, indi də elədir. Amma müəllimin hörməti sanki cavanlara
aşılanmır. Amma o dövrlə bu
dövr arasında fərq var. İndi dövlətimiz
şükür müəllimlərə hər cür
qayğı göstərir. Uşaq
vaxtı yay aylarında düşərgələr düzəldirdik.
Bu düşərgələrdə sənəti
sevən sinif yoldaşlarımızla səhnələr
göstərirdik, insanlar maraqla izləyirdi.
- Teatra gəlişiniz
necə olub?
-
Universiteti bitirəndən sonra ilk dəfə təyinatımı
Opera və Balet Teatrına almışam. Bir
müddət burda işləmişəm. Vokal
müəllimim SSRİ xalq artisti rəhmətlik Lütfəli
İmanov olub. Məni bura məsləhət
gördü, dedi, bir az xor artisti kimi
işlə, sonra səni solist keçirəcəm. Orda artıq xırda rollar da oynamağa
başlamışdım. Məni ştata
keçirmək istəyirdilər. Daha sonra
isə Akademik Musiqili Teatra gəldim.
- Bu il Akademik Musiqili Teatrın 110 illik yubileyi olacaq.
Bu yubileyə nələr
hazırlamısınız?
- Repertuar
çox zəngindir. Yubileylə əlaqədar
inşallah bir çox tamaşalar qoyulacaq.
Açılışımız Üzeyir Hacıbəylinin əsərləri
- “Arşın mal alan”, “O olmasın, bu
olsun”, “Ər və arvad” tamaşaları ilə
açılacaq və davamı gedəcək. Repertuarda da
bizim bu il premyera tamaşalarımız
olacaq.
-
Prezidentin mart ayında imzaladığı fərmanla Akademik
statuslu teatr oldunuz. Bu nəyi dəyişdirdi?
- Dövlət
başçımıza çox minnətdaram. Bu
fərman çox şeyi dəyişdirdi. Köklü dəyişikliklər oldu. Bizim teatrımıza, mədəniyyət və incəsənətə
çox böyük köməyi oldu. Bilirsiniz,
mədəniyyət sahəsində hər zaman çətinliklər
olub. Amma dövlətimiz bizə yardım
göstərdi. Tamaşaçıların
alqışı, sevgisi birinci növbədədir. Amma eyni zamanda aktyorun məişət
qayğıları olmayanda yaxşı olur, özünü
işə verə bilirsən. Teatrda olanda
başımız qarışır, ordan çıxanda yada
düşür ki, evdə kartof, soğan yoxdur və s.
(Gülür). Amma indi şükür Allaha hər
şey əladır, yəni artıq qayğımız yoxdur.
Ona görə də bizim əsas işimiz
yaradıcılıqla məşğul olmaqdır.
- Rəhbərlik
sizə necə şərait yaradır?
- Rəhbərimiz
Əliqismət müəllim çox sağ
olsun, həqiqətən bizə hər cür şərait
yaradır. O, çox böyük dəyişikliklər edib. Teatrda yüksək səviyyədə canlanma var,
istedadlı gənc aktyor və aktrisalarımızın irəli
getməsi üçün şərait yaradılır.
Repertuarlarımız zənginləşir.
Repertuarımızda dünya ədəbiyyatının,
dünya teatrının əsərləri oynanılır.
Bizim teatrın aktyorları bir çox xarici
ölkələrə gedib və ordan çox gözəl
mükafatla qayıdıblar. Bütün
bunlar hamısı yeni rəhbərliyin nailiyyətidir. Heç bir narazılığımız yoxdur,
doğrudan da hər şey yaxşıdır.
- İllərin təcrübəli aktyoru kimi bu
günün gənc aktyor və aktrisalarını bəyənirsinizmi?
-
İstedadlı aktyor və aktrisalarımız var. Eyni zamanda
orta və bir az aşağı səviyyəlisi
də var. Aktyor və aktrisalar ələkdən keçirilərək
ələnirlər. Orda teatrı sevən,
teatrın hər əziyyətinə qatlanan, nazını
çəkən, həqiqətən sevən adamlar
dözür və qalır. Özünü
teatrda görməyən adamlar isə artıq
yavaş-yavaş sıradan çıxır. Teatrı gərək ürəkdən sevəsən.
Dövlətimiz bizə çox gözəl
şərait yaradıb. Teatrımızın
binası çox gözəldir, yaxşı yerdədir,
maaşlar yaxşıdır. 90-cı illərdə
bizim teatrların vəziyyəti çox çətin idi. O vaxtı gedənlər, getdi,
qalanlar qaldı. Qalanlar yaşlı aktyorlar da
indi əziyyətlərinin bəhrəsini görürlər.
İnşallah biz də görəcəyik, yəqin
ki, bizi də qiymətləndirərlər.
-
Rollarınıza nəzər saldıqda çox məhsuldar
bir aktyor olduğunuzu görürük. Amma
dövlət tərəfindən sizə hər hansı bir fəxri
ad verilməyib. Fikrinizcə,
ömrünün yarıdan çoxunu sənətə həsr
etmiş aktyora bu ad niyə verilməyib?
- Bu, əksər
yaşlı aktyorların yaralı yeridir. Şikayət
etmirəm, sadəcə gözləyirəm. İnşallah məni də yada salarlar.
-
Teatrın 110 illik yubileyində sizə fəxri ad arzu edirik...
-
Çox sağ olun, təşəkkür
edirəm.
- Bu
günə qədər bir çox rolları ifa etmisiniz. Bəs bu rollardan özünüzə ən
yaxın, doğma hiss etdiyiniz hansı rolunuz olub?
- Aktyorun
bütün rolları, xırdalı-böyüklü
hamısı özü üçün doğmadır. Rollarım mənim balalarımdır. Birinə yaxşı desən, o biri səndən
küsəcək. Tamaşanı oynayanda həmin
rol mənə xor baxacaq. Ona görə
rollar arasında fərq qoymaq olmaz.
Oynadığımız rollar bizim həyatımızdır. Səhnəyə
çıxdınsa deməli o rolu yaratmalısan. Bu, sənin birinci növbədə peşə
borcundur. İkincisi də rolu sevməlisən.
Oynadığın obrazı sevməsən,
ürəklə yanaşmasan xalq tərəfindən həmin
obraz sevilməyəcək. Rəhmətlik
Süleyman Ələsgərovla, İsi Məlikzadənin
“Subaylarınızdan görəsən”, “Hərənin öz
ulduzu” tamaşaları bizdə gedirdi. Rəhmətlik
Xanım Qafarova ilə baş rolu oynamışıq.
“Hərənin
öz ulduzu” tamaşası bizim teatrın repertuarında
düz 17 il getdi. Çünki
tamaşaçılar tərəfindən çox sevilirdi.
Hər tamaşa Musiqili Teatrda bu qədər uzun
müddət getmir.
- Ürəyinizdə
qalan hər hansı bir nisgilli obraz qalıbmı?
- Bu
sualı çox yerində verdiniz, gözləyirdim
(gülür). Əlbəttə, var. Hər
zaman o rolu ürəyimdə sevmişəm. Amma elə qoy ürəyimdə də qalsın.
Demək bir az yaxşı
çıxmır. Həmin rolu oynamağı
çox istəyərdim, amma alınmayandan sonra nə etmək
olar. İnşallah şərait yaranar, həmin
rol mənə verilər. Hazırda
oynadığım bütün rollardan razıyam,
repertuarım zəngindir.
- Bu
günə qədər sizə verilən rollardan eləsi
olubmu ki, oynamaq istəməyəsiniz?
- Xeyr, elə
bir şey olmayıb. Mənə nə rol
verilibsə, ürəklə oynamışam. Bəzi aktyorlarda bir xüsusiyyət var ki, xırda
rol veriləndə narazılıq edirlər, oynamaq istəmirlər.
Belə şeylər mənə çox təəccüblü
gəlir. Aktyor özünü hər rolda
sınamalıdır. Balaca rolu yaxşı
yarat, görəcəklər ki, öhdəsindən
yaxşı gəlirsən, başqa rolları da sənə
etibar edəcəklər. Tamaşada aktyor
5 dəqiqəlik çıxışı ilə elə bir
obraz yarada bilər ki, böyük rollarda oynayan adamları
kölgədə qoyar.
- Sizi
serial və reklam roliklərində də görürük. Hazırda hər hansı seriala dəvət
varmı?
- Bəli,
əvvəllər seriallara çəkilmişəm. Daha sonra bir neçə serialdan təklif gəlmişdi,
bəzi səbəblərdən dolayı qəbul etməmişəm.
Əvvəllər seriallarımızın
keyfiyyəti lap pis idi, indi bir qədər irəliləyiş
var. Seriallarda bəzi rejissorlar özünün qonşusunu,
qohumunu gətirir. Seriala gərək
barmaqarası baxılmasın, professional adamlar
çağırsınlar. Türklər
seriallarla çox irəli getdi. Çünki
onlar yaxşı maddi vəsait ayırırlar və peşəkar
aktyorlarla işləyirlər. Bizimkilər
kimi sözü deyib kadrdan çıxmırlar. Sifətə baxırsan nə mimika var, gözə
baxırsan heç nə oxuya bilmirsən. Serial sahəsində nöqsanlar çoxdur.
-
Serialların qonorarı bir aktyor kimi sizi razı
salırmı?
- Xeyr,
razı salmır. Bəzi rejissorlar teatrda işləyən
peşəkar aktyorları seriallara az dəvət
edirlər. Çünki peşəkar aktyor
oynadığı rolun əsasında haqq tələb edir.
Amma elə cavan adamları
çağırırlar ki, heç qonorar da istəmirlər.
Deyirlər ki, əsas odur ki, biz rol oynayıb kameraya
düşək. Belə şey etmək olmaz,
düzgün deyil. Amma onu da deyim ki,
içində yaxşı rejissorlarımız da var. Onlar da hələ
barmaqla sayılacaq qədərdir. Hamısına
uğurlar arzulayıram.
- Möylə Mirzəliyevin ürəyində demək
istədiyi nələr var?
- Peşəmiz çətindir,
acılıdır, şirindir. Sənətkar ömrü
çətindir. Aktyor qəlbi çox kövrəkdir,
çox yuxadır. Onlar gərək birinci özlərini
gözləsinlər, pis adamlardan uzaq dursunlar, yoldaşlıq
etməsinlər. Çünki könül görüb, qəlb
bulananda adama pis təsir edir. Ona görə də gərək
aktyorun könlünü sındırmayalar.
Könül Oruc.
Üç nöqtə.- 2019.- 17 avqust. S. 7.