"Diplomla
psixoloq olmur, bu insanın ruhunda olmalıdır"
Fərqanə Mehmanqızı:
“Uşaqlardan çox, onların valideynləri ilə işləmək
çətindir”
“Uşaqlıqdan həkim olmaq istəyirdim, lakin atam icazə vermədi. Əslində psixologiya da həkimliyə bənzəyir, insanların ruhunu müalicə edir. Ona görə də psixoloq olmaq qərarına gəldim. Amma bu qərarı verərkən narazı qalanlar oldu, “dəli həkimi”, “acından öləcəksən, heç bir işi bacarmayacaqsan” - kimi fikirlər səsləndirildi. Necə deyərlər, gözüm dönmüşdü, ancaq insanları müalicə edib sağaltmaq düşüncəsində idim, sanki belə bir öhdəliyim var idi”. Həmsöhbətim deyir ki, bütün narazılıqlara baxmayaraq öz istəyini həyata keçirib və bu gün artıq sayılıb-seçilən psixoloqlardan biridir. “Üç nöqtə” qəzetinin qonağı psixoloq Fərqanə Memanqızıdır.
- Əvvəllər psixoloq yanına gedənə “dəli” deyirdilər. Artıq bu yanaşma aradan götürülüb.
- Bəli, əvvəllər bu sahədə vəziyyət ürəkaçan deyildi. Bizim təhsil aldığımız dövr, keçid dövrü idi. Çünki psixologiya elmi daha geniş mənada Azərbaycana yenicə ayaq açırdı. Az da olsa bu gün psixoloq yanına gedənə “dəli” kimi baxanlar var. Qadın uşaqları ilə bizim yanımıza gəlir, amma onun həyat yoldaşı düşünür ki, psixoloqa gedənlər dəlidir və ər özü ailə terapiyasına gəlmir. Əvvəlkinə baxanda az olsa da, bu cür düşünənlər hələ də var.
- Psixologiya ixtisasını seçməyiniz nə ilə bağlı idi?
- Uşaqlıqdan həkim olmaq istəyirdim, lakin atam icazə vermədi. Əslində psixoloq da həkim kimi insanların sağlamlığına öz töhvəsini verir, onların ruhunu müalicə edir. Ona görə də psixoloq olmaq qərarına gəldim. Amma bu qərarı verərkən narazı qalanlar oldu. “Dəli həkimi”, “acından öləcəksən, heç bir işi bacarmayacaqsan” - kimi fikirlər səsləndirildi. O anda valideynlərimin və ətrafımdakı yaxınlarımın məsələyə hansı prizmadan baxdıqlarını bu gün çox yaxşı anlayıram. Çünki o dövrdə insanlarıb baxışları, dünyagörüşü fərqli idi. Amma heç kimi dinləmədim, insanları müalicə edib sağaltmaq düşüncəsində idim, sanki belə bir öhdəliyim vardı. Valideynlərim qızlarının müəllimə olmasını istəyirdilər. Bu peşənin daha yaxşı və qıza yaraşan olduğunu düşünürdülər. Amma mən qəti şəkildə müəllim olmaq istəmirdim, çünki artıq öz yolumu seçmişdim.
- Bu gün psixoloqlara müraciət edənlərin sayı çoxalıb. Sizcə bu artımın səbəbi nədir?
- Ümumiyyətlə, bu gün istər uşaq, istərsə də böyük psixoloquna güvən artıb. Çünki insanların doğrudan da dəyişilməyə, öz üzərində işləməyə ehtiyacı var. Kor-koranə yaşamağın gərginliyini hiss edirlər. Əgər uşaqda problem varsa, bu o deməkdir ki, böyükdə də var. Bu, faktdır. Uşağını psixoloqa aparan valideynlər bunu inkar etsələr də, mütləq psixoloqa müraciət etməlidirlər. Çünki özləri psixoloqa getməsələr, övladlarına olan davranışlarını və həyata baxışlarını dəyişməyəcəklər. Həyat duruşlarını dəyişsələr ətrafındakılar da ona qarşı dəyişəcək.
-
Psixoloqların da sayında artım var. Bu ixtisas üzrə təhsil
aıan hər kəs özünə “psixoloq” deyir. Bəs əsl psixoloq necə olmalıdır?
-
Neçə illərdir, bu peşə üzrə
ixtisaslaşmışam. Düşünürəm
ki, təcrübəm bu barədə danışmağa imkan
verir. Diplomla psixoloq olmur, psixoloq
doğulmalısan. Diplomun vacibliyi var. Bu,
bir üstünlükdür və terapiyalarda kömək edir.
Ümumiyyətlə, bu gün kimi
danışdırırsan özünə psixoloq deyir. Psixoloq insan tanımaqla bitmir. Oturub söhbətlə
adam sakitləşdirmirik. Bu
güzəran psixologiyasıdır. Bunu
çöldə adi skamyada oturan qadınlar da bacarır.
Əsas olan insanın xarakterinin, həyata
baxışının üzərində işləməkdir.
Bu gün əsəbiləşdi, gəlib
söhbət edib getdi- belə olmamalıdır. İşimiz göründüyündən də
çox çətindir. Söhbəti elə-belə
etmirik. Protokol əsasında danışırıq, hər
sualımızın, hər kəliməmizin öz mənası, səbəbi
var. Amma qarşı tərəf bunu bilmir. İnsanların
psixologiyası müxtəlif olduğu üçün
psixoloq o qədər hazırcavab və hər an işləyən
saat kimi olmalıdır. Pasiyentinin hər an
nə edəcəyini bilməlidir. Pasiyent
hər nə desə də, psixoloq elə reaksiya verməlidir
ki, o, “Mənim nə qədər problemim var, nə gündəyəm”
kimi fikirləşməsin.
- Təəssüf
ki, bir neçə ay kursa, seminara qatılaraq sertifikat alıb
fəaliyyət göstərənlər də var.
-
Psixoloqda psixoloq ruhu olmalıdır, elm mütləq
lazımdır. Amma üç aylıq sertifikat
almaqla bu işin dərinliklərinə varmaq mümkün
deyil. Psixoloqluq kitabları oxuduqca,
araşdırmalar apardıqca, onun öz xasiyyətində də
dəyişiklik baş verir. Və
artıq hadisələr səni dəhşətə
salmır, heç nə səni təəccübləndirmir.
İlk vaxtlar bəzi incikliklər olur, qəlbin
qırılır, reallıq sanki səni həyatdan soyudur.
Bəzi insanların ciddi problemlərinin
olması psixoloqa pis təsir edir. Dənizin
dərinliklərinə girdikcə soyuq qaranlıq doğrudan
da insanı üşüdür. Sonradan
anlayırsan ki, həyat və həqiqət budur, hər
şey göründüyü kimi deyil. Bunu
anlayana qədər psixoloq çox böyük
sarsıntılardan keçir.
Normalda insanlar gün ərzində sosial şəbəkələrdə
çoxsayda xoşagəlməz xəbərlərlə
rastlaşırlar və bu onlara təsir edir. Bəli, biz bu
hadisələri canlı insanların özləri ilə
yaşayırıq - haqlı və nahaq. Bəzən
danışan pasiyent haqsız olur, amma bunu ona birbaşa demək
olmaz. Psixoloq söhbəti elə bir duruma
gətirməlidir ki, pasiyent ədalətsizliyini özü
görməli və dərk etməlidir. Psixoloq
pasiyentin baxışını elə dəyişməli,
üçüncü pəncərəni onun
üçün elə açmalıdır ki, o pəncərəni
özü tapsın. Hər zaman deyirəm
ki, psixoloqun məsləhət verməyə ixtiyarı yoxdur.
Bunu çox adam başa düşmür. Psixoloq hadisəyə, insanın özünə olan
baxışına yeni pəncərə açır. Əgər insanın dünənə qədər
iki variantı vardısa, psixoloqdan sonra dörd variantı olur.
Daha ağlı sakit, baxışı müxtəlif
şəkildə o variantlardan daha düzgün olanına
üstünlük verir.
- Ailəniz
işinizlə bağlı sizə dəstək göstərirmi?
- Bu
ixtisası seçəndə heç bir dəstək
görmədim, məni psixoloji cəhətdən geri
salırdılar. Bu gün mənimlə necə
qürur duyduqlarını görəndə daha güclü
oluram və haqlı olduğuma əmin oluram. Və bu peşəni seçməklə
düzgün qərar verdiyimi anlayıram. İşimi
həqiqətən çox sevirəm. İnsanlarla
işləmək mənə xoşdur. Qəbuluma gələn
pasiyentin psixoloji durumu ilə, yardım aldıqdan sonrakı
psixoloji durumunu müqayisə etdikdə rahatlıq tapıram. Çünki müsbətə
doğru dəyişikliyi görmək işimə olan sevgimi
və marağımı daha da artırır. Daha
da əmin oluram ki, insan özü dəyişəndə ətraf
da ona qarşı dəyişir.
- Bu
gün ən çox hansı problemlərlə sizə
müraciət edirlər?
- Şəxsiyyətin özündə problemlər,
özgüvənsizlik, çatışmazlıq, ətrafa
qarşı aqressiya var. Bu gün insanlar ailədə və
işdə olan problemlərlə bağlı bizə
müraciət edəndə, ilk öncə şəxsiyyətin
üzərində işləyirik. Şəxsiyyətin
daxilində olan problemləri həll etmədən pasiyenti cəmiyyətə
ata bilmərik. Təsəvvür edin,
soyuducudan pis qoxu gəlir. Bunu təmizləmək
üçün təbii ki bütün ərzaqları
çıxarırıq, hamısına bir-bir baxırıq,
təmizləyib yerinə qoyuruq. Pis qoxu verən
xarab ərzaqları isə çölə atırıq.
Biz də beyinlə bunu edirik. İnsanın psixikası, ruhu ilə işləmək
doğrudan da çox çətindir. Psixoloq
ona görə vicdanlı olmalıdır. Bəzi
psixoloqlar maddiyyata görə, pasiyenti özündən
asılı hala salır və həmin pasiyent illərlə
onun yanına gəlib-gedir, hətta səyahətə gedəcəyi
yeri belə psixoloqla məsləhət edir. Bu asılılığı yaratmaq ədalətsizlikdir.
- Bu
gün psixologiya elmi inkişaf edir. Bu sahədə
hansı çatışmazlıq var?
-
Özünə peşəkar psixoloq deyən şəxs kitab
oxumalıdır. Bəzi şəxslər elmə
səthi yanaşırlar. Bu gün
psixoloqların çatışmayan cəhətlərindən
biri “Mən psixoloqam, hər nə istəyirəm deyə bilərəm”
- kimi fikirlər səsləndirmələridir. Psixoloqun qarşı tərəfə aqressiyası
olmamalıdır. Bu gün efirlərə
baxıram, bəzi psixoloqları verilişə dəvət
edib, fikirlərini öyrənmək istəyirlər, amma
psixoloq məsələyə şəxsi münasibət
bildirir. Psixoloq əzilən tərəfə
aqressiyasını göstərməməli, obyektiv
olmalıdır. Psixoloqun ittiham etməyə
ixtiyarı yoxdur. Hər iki tərəfin
psixoloji durumunu danışmalı, hadisənin mənfi və
müsbət tərəfini açmalıdır. Bu sahədə çatışmayan cəhətlərdən
biri də, insanların məlumatsız olduğu psixoloq
haqqında “Bu, pis psixoloqdur” – ifadəsini işlətmələridir.
Hansısa psixoloqun pis, yaxud yaxşı
olduğunu bilmək üçün onun yanına getməli və
saytlarda olan fikirlərini oxuduqdan sonra qərar verməlidir.
Psixoloqun standart fikri olmamalıdır,
istedadından dolayı özünəməxsus baxış
bucağı olmalıdır.
-
Uşaqlarla işləməyin çətinlikləri nələrdir?
- Fikrimcə, uşaqlardan çox, onların valideynləri ilə işləmək çətindir. Uşaqlardan aldığımız müsbət enerji çox gözəldir. Valideynlərin bəziləri psixoloqu başa düşmür, ona övladı haqqında deyilən nöqsanları qəbul etmir. Çünki özünün günahkar olduğunu bilir. Dəfələrlə rastlaşmışam ki, uşağın durumunu valideynə deyirsən, evə gedəndə uşağı döyür ki, sən niyə belə edirsən ki, psixoloq mənə bu sözü deyir. Bu valideyn özü psixoloqa getməlidir.
Könül Oruc
Üç
nöqtə.- 2019.- 22 avqust. S. 6.