“Mahnı
ifa edəndə 7-dən 70-ə hər kəsi nəzərə
alıram”
Baloğlan Əşrəfov:
“Elə səsi gözəl olan müğənnilərimiz var
ki, oxuduğu mahnının sözlərində heç qafiyə
tapmaq olmur”
“Uçan quşlar” mahnısını ilk dəfə
Aztv-də oxumuşam, 35 illik mahnıdır. O mahnıdan sonra
on minlərlə məktub gəlib. Mahnıların şeiriyyəti,
musiqisi, bir də Allahın bəxş etdiyi boğaz, ifa tərzi
mükəmməl olanda uzunömürlü olur. Hələ
indinin özündə də o mahnılar səslənəndə
insanlara xoş gəlir, ondan zövq alır, kimlərinsə
maraq dairəsindədir”. Deyir ki, Belə şeylər çox
nadir hallarda olur.
“Üç nöqtə” qəzetinin qonağı
Əməkdar artist, müğənni Baloğlan Əşrəfovdur.
- Sentyabr ay “Mən də varam dünyada” adlı
konsertlə tamaşaçıların qarşısına
çıxdınız. Konsert necə keçdi?
- Konsertə toplaşan tamaşaçıların
qarşısında ansamblımla çox gözəl şəkildə
çıxış etdim. Məni tanıyanlar deyir ki, indiyə
qədər elə çalıb-oxumaq olmayıb. Mənə
aid olan hissədə hər şey qaydasında oldu.
- “Nədəndir” mahnınız çox
tanındı. Türk müğənnisi Sərdar Ortacın
ifasını da bəyəndiyinizi demisiniz.
- O mahnını tək Sərdar Ortac yox, Orta Asiya
Respublikalarının ən tanınmış müğənniləri
oxuyub. Hətta onların kasetləri, videoları da
yayılıb. Türk dilli dünyanın bir çox
ifaçıları bu mahnını səsləndirib.
- Bəs elə mahnılarınız olubmu ki,
yaxşı ifa etməsinlər?
- 99.9 faizi yaxşı ifa etmir.
- Mahnılarını
yaxşı ifa etməyən müğznniyə onları ifa
etməyə icazə verirsiniz?
- Oxuyurlar da, mən nə deyə bilərəm. Amma
Arzu Qarabağlı adlı müğənni mənim
mahnımı çox gözəl ifa edib. Digər müğənnilərə
nisbətən Manaf Ağayev də mahnılarımı
yaxşı oxuyub. Amma Arzu Qarabağlı
düşündüyüm, arzuladığım formada ifa
edib.
- Xalq arasında yetərincə nüfuzunuz var. Bunun
paxıllığını çəkənlər varmı?
- Əgər bir müğənnini Azərbaycan
xalqı sevirsə, yəqin ki onun
paxıllığını çəkən həmin
müğənninin axır nəfəsidir (Gülür).
Əlbəttə dünyada həmişə belə olur.
Əgər birini sevirlərsə, onu sevməyən də
olmalıdır ki, təzad yaransın. Azərbaycan millətindən
dönə-dönə, yerlə göy qədər
razıyam. Ölkəmizin bütün rayonlarda el şənliklərində
oluruq. Mənə qarşı olan münasibəti, hörməti
görürəm, çox sevinirəm. Və bunun
üçün Allaha şükür edirəm. Təbii ki mənə
qarşı ürəyində kin-küdurəti olan insanlar da
var. Ola bilər ki, oxumağımı bəyənməsinlər.
Bütün bunlara normal hal kimi baxıram.
- Müsahibələrin birində demisiniz ki, mən
rus stilində ifa edə bilmərəm. Rus stili dedikdə nələri
nəzərdə tutursunuz?
- Duyğularım, oxumaq tərzim tamam başqa istiqamətə
köklənib. Yəni səsim fərqlidir, daha çox Şərq
koloriti var. O formada oxumaq məndə alınmır. Bu stildə
oxuyanlara da böyük hörmətim var. O da musiqinin bir
janrıdır. Amma mən elə oxuya bilmərəm, gülməli
alınar.
- İllər öncə komaya
düşdünüz, Allah sizə
ikinci dəfə həyat verdi. Bundan sonra həyatınızda
nələr dəyişdi?
- Bundan sonra həyatımda çox şeylər dəyişdi.
İnsanlara olan münasibətimdə, nəzərdə
tutduğum bəzi adamlara qarşı yeni fikrə gəldim. Bəzi
insanlara daha çox inanmışam, onları yüksək
qiymətləndirmişəm, müəyyən qədər
bu insanlara baxışım dəyişdi. Həyat tərzim dəyişdi,
bəzi şeyləri təzələdim. Bundan sonra
ifaçılığım yeni bir forma aldı. Elə
şeylər var ki, etika xətrinə açıb-ağartmaq
olmur. Nəyin yaxşı, nəyin pis olduğunu bilirəm.
Dünyaya baxışımda dəyişikliklər oldu, ola
bilər ki, əvvəllər kiminsə pafoslu
çıxışına, gözəl
danışığına
inanardım. Amma həyat göstərdi ki, bunların
arxasında tamam başqa şeylər dayanır.
İnsanları az-çox saf-çürük etməyi
bacardım.
- Yəni şad gündə yanınızda olanlar,
çətin günlərdə də yanınızda
olmadı...
- Olanlar da oldu, olmayanlar da. İkinci həyatıma
qayıdanda olmayanlar bir müddət orda-burda
başlarını gizlətdilər. Sonra yenidən mənə
doğru meyllənmək istədilər. Artıq həmin
zaman da mənim onlara qarşı münasibətim dəyişdi.
- Müasir dövrün ifaçıları sizi qane
edirmi? Peşəkarlıq nə dərəcədədir?
- Azərbaycanda istedadlı balalarımız,
oxuyanlarımız çoxdur. İnsan gərək nankor ola
ki, onları qiymətləndirməyə. O qədər
gözəl, musiqini duya bilən, onun daxilinə nüfuz edərək
oxuyanlarımız var ki, onlar haqqında bədgüman
danışmaq, pisləmək olmaz. Amma indi elə dövrdə
yaşayırıq ki, texnika inkişaf edib, səsi olmayana da səs
düzəltmək mümkündür. Mahnını xaric
oxuyan zaman avtomatik düzəltmək də olur. Amma bizim
dövrümüzdə tamam başqa cür idi. Bütün
bunlarla yanaşı yaxşı səsi, ifası olan
müğənnilərimiz də az deyil.
- Planda hansı yeniliklər gözlənilir?
- Uzun müddət eyni yerdə dayanmağı sevmirəm.
Yeni mahnılar, qəzəllər, şeirlər oxumasam, mənə
qarşı marağın azalmasına şübhə ola bilməz.
Amma çalışıram ki, elə yeni-yeni ifalar edim ki, ilk
olaraq tamaşaçılar məndən eşitsinlər, məndən
sonra kimsə oxuyanda yada düşüm. Bu həyat
amalımdır. Ədəbiyyata, şeiriyyətə
marağım var. Çalışıram ki, mükəmməl
şeirlərə mahnılar, qəzəllər oxuyum. Elə
səsi gözəl olan müğənnilərimiz var ki,
oxuduğu mahnının sözlərinə qulaq asanda
heç qafiyə tapmaq olmur. Ona görə də belə
mahnıların ömrü 15 gündür.
- 66 yaşınız olsa da, cavan qalmısınız,
sənətinizin bu işdə payı nə qədərdir?
- Evdə də mənə yaxşı baxırlar,
eyni zamanda özüm də özümdə yaxşı
baxıram. Çalışıram ki, oxuduğum
mahnılarda, qəzəllərdə və şeirlərdə
həyat eşqi olsun, məni daha da həvəsə gətirsin.
Həm də mən heç kimin paxıllığını
çəkmirəm. Çünki insan kiminsə paxıllığını
çəkdikdə, arxasınca danışdıqda həmin
adam tez qocalacaq. Onun bədii şüuru da zəifləyəcək,
oxuduğu mahnılar da sevilməyəcək.
Çalışıram ki, heç kimin xətrinə dəyməyim.
Elə mahnılar ifa edim ki, daha çox sevsinlər.
- Mahnılarınız arasında “Uçan quşlar”ı
daha çox sevirsiniz deyəsən...
- Bəli, 35 illik mahnıdır. Onun özünəməxsus
oxunuş tərzi var... İlk dəfə o mahnını
Aztv-də oxumuşam. O mahnıdan sonra yüz minlərlə məktub
gəlib. Mahnıların şeiriyyəti, musiqisi, bir də
Allahın bəxş etdiyi boğaz, ifa tərzi mükəmməl
olanda uzunömürlü olur. Hələ indinin özündə
də o mahnılar səslənəndə insanlara xoş gəlir,
ondan zövq alır, kimlərinsə maraq dairəsindədir.
Belə şeylər çox nadir hallarda olur.
- Toylara gedirsiniz?
- Əlbəttə, gedirəm. Həmçinin Azərbaycanın
hüdudlarından da kənara toy məclislərinə gedirəm.
- Sosial şəbəkələrdən istifadə
edirsinizmi? Sizcə bir müğənni üçün nə
dərəcədə əhəmiyyətlidir?
- Bu məsələ mənim bir az yaralı yerimdir
(Gülür). Amma yavaş-yavaş öyrənməyə
çalışıram. Artıq internetə girib saytlarda
haqqımda nə yazılırsa oxuya bilirəm. “Facebook”-a,
“Youtube”-a da daxil oluram, amma hələ ki paylaşmalar edə
bilmirəm. Bu, əvvəla insanın
dünyagörüşünü artırır. İnsanlar
haqqında nə yazır, nə düşünürsə
bunu bilmək olur. Saytların olması da çox yaxşı
bir haldır. Əvvəllər gedib qəzet alıb
oxuyurduqsa, indi yerimdə oturub qısa müddət ərzində
bütün məlumatları oxuyuram. Sevənlərim adıma
səhifə açaraq 1976-cı ildən bəri olan çəkilişlərimi,
konsertlərimi ora yerləşdiriblər. Allah onların
canını sağ etsin.
- Həm muğam, həm də estrada janrında
mahnılar ifa edirsiniz. Bəs hansını özünüzə
daha doğma hesab edirsiniz?
- Məni sevənlər haqqımda belə bir söz
işlədirlər ki, çoxşaxəli bir adamdır.
Ancaq milli və xalq mahnıları oxusam, təbii ki cavanlar məndən
inciyə bilər. Yaxud estrada oxusam yaşlı nəsil inciyər.
Ona görə “Sən özgəni, mən özgəni”, “Sən
o deyilsən”, “Çıx qatar yoluna” mahnılarını
oxumuşam. Mahnı ifa edəndə 7-dən 70-ə olan hər
kəsi nəzərə alıram. Bunu bütün müğənnilər
edə bilmir, çünki onlarda alınmır. Muğam dəsgahı
oxuyan xanəndə deyiləm, ancaq lazım gəlsə onu da
oxuyaram. Çalışıram ki,
tamaşaçılarım məndən bəhrələnsin.
Könül Oruc
Üç nöqtə.-
2019.- 22 avqust. S. 7.